İsveçrədə gəncəli qız

İsveçrədə gəncəli qız
9 dekabr 2014
# 13:29

Səfər gərgin başladı

Səfərim əsəblə başladı. Bakıda əvvəlcədən bir taksiylə danışmışdım, amma “yaxşı oğlana oxşayırsan, 20 manata apararam” deyən taksi sürücüsü axşam düşəndə tası 30 manata qaldırdı. Hirsləndim, tez-tez müştərisi olduğum bu adamın necə fürsətcil olduğunu görəndə çox məyus oldum, ona 1 manat belə verməyə heyifim gəldi. Yaxşı ki, atam artıq məndən xəbərsiz adam tapmışdı. Nə isə, getdik...

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı indiyə kimi gördüyüm hava limanları içərisində ən səliqəlisi, ən yaxşısıdır (içəridə xidmətlərin bizə görə baha olmasını saymasaq). Hətta böyük Atatürk Limanı belə öz xaosu, izdihamı ilə məni narazı saldı. Siqaret çəkənlər üçün terras olmasaydı, yəqin ki, bu aeroportda havalanardım.

Bazel Mulhauz Aeroportu “şərikli mal”dır. Əslində Fransa ərazisində yerləşir, amma İsveçrə də istifadə edir. Və bir aeroportda hər iki ölkənin gömrük xidməti, “French-side”, “Swiss-side” adlanan mağaza cərgələri var. Aeroportun Fransa tərəfi İsveçrə tərəfindən xeyli ucuzdur, elə ona görə də, bu mağazalar müştəriylə qaynayır, amma İsveçrə mağazalarından sadəcə bu ölkəyə aid nəsə almaq istəyənlər bazarlıq edir.

“Çerez-İstanbul” uçmağımın bir faydası da oldu: solumda oturan türk xanımın Bazeldə gözəllik salonu var idi və onu qarşılayan qızı məni maşınla otelimə apardı, şəhər barədə ilk təəssüratımın yaranmasına yardımçı oldu. Sağımda oturan sərnişin isə Səudiyyə Ərəbistanından olan Əhməd adlı iş adamı idi. Həmin axşam özü mənim otelimin qarşısına gəlib bahalı restorana apardı. Yəni ki, ilk qədəmdə yaxşı dostlar qazana bildim... Amma səmimi desəm, normal ünsiyyət qurduğum, dostlaşdığım adamlar arasında bircə şveytz (İsveçrədə vahid millət olmasa da onlar özlərini “shweitz” adlandırırlar) də olmadı. Bəlkə də, vaxtım az oldu, ya da mən yerlilərlə ünsiyyət qura bilmədim. Həm də necə edəydim ki? Hər kəs harasa tələsirdi, yoldan kiməsə görə ayaq saxlayıb vaxtını sərf edən adamlara az rast gələrsiniz. Həmçinin, qolboyun olub gedənlər də azdır. Di gəl ki, kafelərdə bəzi cütlüklərin “özlərini buraxmağını” gördüm, amma onlara məndən başqa fikir verən bir nəfər də yox idi...

Dahilərindən bixəbər böyük xalq

Qonaq olduğum Bazel şəhəri Basel-Stadt kantonunun mərkəzidi. Bu kantonun öz hökuməti var. Bilməyənlər üçün azacıq məlumat verim: İsveçrə 26 kantondan ibarət konfederasiyadır. Kantonların əksəriyyətində almanca, digərlərində isə fransızca, italyanca və rotormanca (rotormanish) danışılır. Bu dillərin dördü də İsçevrənin dövlət dilləridir, bütün sənədlərdə məlumatlar 4 dildə qeyd olunur. Ümumilikdə İsveçrədə 8 milyondan çox adam yaşayır, onların da yarım milyona yaxını da Türkiyədən, MDB ölkələrindən, Pakistandan, Ərəb ölkələrindən, Afrikadan olan müsəlmanlardır. Başqa millətlər, o cümlədən çinlilər və hindililər də az deyil.

Desəm ki, İsveçrənin öz mədəniyyəti və ədəbiyyatı yoxdur, yalançı olaram. Amma onlara “Sizdə kim var?” deyə soruşsanız, ya sizə Almaniya və Fransa ədəbiyyatından danışacaqlar, ya da dərin fikrə gedəndən sonra “Google”a baxmaq üçün icazə istəyəcəklər. Şveytzlərin çoxu öz milli valyutaları olan frank üzərindəki şəxsiyyətlərin adını bilmir (Le Korbusye, Artur Honegger, Sofi Tauber-Arp və s.). Yəni, biz azərbaycanlılar öz ölkəmizi, öz xalqımızı nə qədər bəyənməsək də, şveytzlərə baxanda baza savadımız daha yaxşıdır. Azərbaycanda hər adam Nizamini, Füzulini, Nəsimini tanıyır. Amma həmsöhbət olduğum şveytz gənclərin çoxu Konrad Gessnerin kim olduğundan xəbərsizdir...

Başqa ölkəyə bazarlığa gedənlər, teatrda diskoteka

İsveçrəli gənclər arasında ali təhsilə maraq elə də çox deyil. Çünki orta-babat yaşamaq üçün dövlətdən müavinət alırlar, orda yaxşı iş və ya pis iş anlayışı da yoxdur...

Yerli sakinlər adətən həftədə 1-2 dəfə cəmi 5-10 kilometr yaxınlıqda olan Almaniyanın Vayl-am-Rayn şəhərinə gedir, ordan bazarlıq edib gəlirlər. Çünki İsveçrədə qiymətlər çox bahadır.

Yeməklərinə öyrəşmək çətindir. Şəxsən, orda ancaq türk restoranı tapandan sonra rahatlaşdım. Türk restoranları da olmasaydı, o günləri adi peçenye və su ilə yola verəcəkdim.

Maşını olan çoxdur, amma yolda tıxaca rast gəlməzsən. İnsanlar şəhər içində əsasən tramvay və velosipedlərdən istifadə edir. Maşını isə şəhərxarici gəzintilər üçün saxlayıblar. Adətən pulu çox olanlar maşından gündəlik istifadə edir, çünki yanacaq bahadır və şəhər içində ona artıq pul verməyi hər kəs gözə almır.

“Kuntsmuseum” (İncəsənət muzeyi) çox məşhurdur, amma təəssüf ki, ora baş çəkməyə vaxtım olmadı. Bir də “Theater Basel” var, orda teatr tamaşalarıyla yanaşı ziyafətlər də təşkil olunur. Bir gecə o səmtdən keçərkən, həmin teatrın qarşısında açıq hava diskotekası təşkil edildiyini gördüm. Qışın ortasında zövq ala bilirlər... Həm də teatrın qarşısında diskoteka.

Xariciləri elə də sevmirlər

Bir şveytzdən küçədə ingiliscə hansısa ünvanı soruşmaq böyük problemdir. Ya danışıb başa sala bilməyəcək, ya da üzünü çevirib gedəcək. Soyuqqanlı xalqdır. Almaniya almanları Bazelin yerli adamlarından daha mehriban, daha istiqanlıdır – bunu İsveçrədə yaşayan xaricilər deyir. Orda ali məktəbə girmək çətindir.

Xüsusilə də tibb təhsilinə isveçrəli gənclər az maraq göstərir. Amma bir çox kəndlərdə həkim çatışmazlığı var ki, o boşluğu da Almaniyadan gələn gənc həkimlər doldurur. Bir də keçmiş Yuqoslaviya ölkələrindən olan miqrantlar burda çoxdur, onlarla da ünsiyyət mənə rahat oldu. Polyak, rus və ukraynca bilməyim bir neçə serb və xorvatla dostlaşmağıma kömək etdi. Yerli sakinlər sakit həyat sürür, beynəlxalq tədbirlər və xarici qonaqlar isə sanki onların bu sakit həyatını pozur.

Zarafat deyil, dünyanın ən neytral və yüzillərlə müharibə görməyən ölkəsinin əhalisi dünyanın qaynar nöqtələrindən gəlmiş insanlara necə yanaşmalıdır?

İsveçrəli qadının Azərbaycan polisindən razı qalması

Azərbaycan adı çoxuna tanış deyil, amma birinci gün tramvayda yaşlı bir qadından Bazel Sərgi Mərkəzini (Messeplatz 1) soruşarkən, üzü güldü. “Azerbaydzan, I love your country” deyə vəcdə gəldi. İngiliscə qırıq-qırıq bu sevgisini başa saldı: 2012-ci ildə nəvəsi ilə “Eurovision”a gəlibmiş. Bir gecə gəzərkən qadının halı pisləşmiş, nəvəsiylə şəhərin küçələrində azıb qalıbmış. Bizim polislər əvvəlcə onları xəstəxanaya, ordan da elə polis maşınındaca otelə aparıbmışlar. Qadın “your police is good” deyə-deyə gülümsəyirdi...

Onun danışdığını adi hal kimi qarşıladım, çünki buna bənzər bir-iki hadisənin şahidi olmuşam. Amma o qadının nə demək istədiyini Bazeldəki üçüncü günümün axşamı anladım. Küçə nümayişlərinin qızğın vaxtında yıxılıb əzilmişdim, ayağım da burxulmuşdu. Hər küçənin ağzında bir post quran İsveçrə polislərindən biri də demədi ki, bu adam dövlətin qonağıdır, aparıb otelinə buraxaq. Əksinə, “pulun varsa, taksi tut” dedilər... Taksi də babat qiymətə – ən az 30-40 avro. Mitinq olan gecə cibimdə cəmi 10 frank (9 avro) pul var idi, ona da bir qutu ucuzvarı siqaret aldım ki, otelə gəzə-gəzə gedənə qədər “yanacaq” olsun.

Əslində problem bizik

Yox, bu yazı ilə İsveçrəni pisləmək istəmirdim. Amma deyəsən, belə alındı. Əlbəttə, sakit həyat sürəndə özün də bilmədən soyuq və laqeyd insana dönürsən. Bahaçılıq olsa da, maaşlar yüksəkdir, müəyyən tələbatları ödəyirlər, səyahətlərə də pul qalır. Hər səhər küçələrdə xüsusi yerlərdə pulsuz qəzetlər yığılır. Yarım saat içində də sakinlər bu qəzetləri götürüb oxuyur. Ən azından, yerə qəzet və ya buklet atan bir adam görmədim. Zibil qutusu azdır, amma küçələr təmizdir. Şəhərləri qədimdir, muzeyləri çoxdur, amma tez bağlanır və yerli əhali də az maraqlanır. Onlar şəhəri qoruyur, sevir, bununla pul qazanırlar, lakin hər addımbaşında bir kababxana açıb əhvalı korlamırlar. Hər bina səliqə ilə, sadə ölçülərlə tikilib. Kənardan baxanda “filankəsin obyektidir” deyə düşünə bilməzsən.

Qızları da sadədir, amma çox kobuddurlar, soyuqdurlar... Məsələn, bir şveytz qızdan hansısa oteli soruşanda tələm-tələsik yola verib uzaqlaşacaq. Çünki burda belə bir düşüncə formalaşıb: müsəlmanlarla bir az danışan, ünsiyyət qurandan sonra otelə dəvət edə bilərlər...

Halbuki onların qızları əxlaqsız deyil. Bakirəlik kimi dəyərləri olmasa belə, özlərinə görə dəyərləri var. Məsələn, sarışın və qaradinməz, ciddi və kədərli... Nə qədər desən.

Yaxşı, problem nədədir? Bəlkə də, elə əsl problem bizdədir? Ya da elə problemin özüyük biz? Axı biz azərbaycanlılar, elə əksər “qara millətlər” elə bilirik ki, getdiyimiz yerdə hamı bizə qucaq açmalıdır...

Heyhat! “Avtostayanka”sından sərhəd xətti keçən bir ölkə üçün biz tamam yad məxluqlarıq.

P.S.: İsveçrədə yaşayan və təhsil alan bir xanım həmyerlimiz mənə çox kömək etdi. 15 ildən çoxdur ki, İsveçrədə yaşasa da hələ də şirin Gəncə ləhcəsiylə danışır... Baxın, bu da dəyərdir.

# 1553 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #