Kulis.Az Cəfər Cabbarlının həyat yoldaşı Sona xanım Cabbarlının “Onu kim unudar” (Gənclik. Bakı 1979) adlı kitabında yer alan bəzi xatirələri təqdim edir.
Cəfər 1899-cu ildə mart ayının 20-də, Novruz bayramı axşamı Xızıda anadan olub. 1901-ci ildə ailəmizlə birlikdə iki yaşlı Cəfər də Bakıya gətirilib.
Cəfər uşaqlıqda çox arıq, cılız idi. O bir müddət mollaxanada, indiki yuxarı Dağlıq küçəsindəki məsciddə Molla Ümnisənin yanında oxudu. Elə ki, Quranı başa vurdu mollaxanadan çıxdı. Bir qədərdən sonra isə Bədəl bəyin məktəbinə girdi. Burada Cəfərin müəllimi o vaxtın görkəmli ziyalılarından biri sayılan həmyerlimiz Mirzə Qədir İsmayılzadə - məşhur şairimiz Mikayıl Müşfiqin atası olub.
***
Cəfər şuluqluq üstündə həmin məktəbdən qovuldu. Sonra o, rus-tatar məktəbinə daxil oldu. Burada Süleyman Sani Axundov, Abdulla Şaiq və başqa müəllimlər ona dərs deyirdilər. Rus-tatar məktəbində Cəfər yaxşı oxuyurdu. Amma, yenə də nadinclik edirdi, xüsusilə tez-tez müəllimlərlə mübahisəyə girişirdi. Bir dəfə məktəb direktoru Cəfərin böyük qardaşı Hüseynquluya demişdi: “Biz onun əlindən zara gəlmişik. Ancaq, yaxşı oxuduğu üçün məktəbdən qovmuruq. Evdə ona bir az qulaqburması verginən.” Əlbəttə, Hüseynqulu Cəfəri danlayırdı; ancaq o, öz bildiyindən əl çəkmirdi.
Məncə Cəfər ilk şeir təcrübələrinə də elə bu vaxtdan başlamışdır.
1911-ci ilin son günləri idi. Cəfər rus-tatar məktəbinin üçüncü sinfində oxuyurdu. Biz o zaman 4-cü Təzəpir küçəsində yaşayırdıq. Cəfərin Məşədi İbrahim adlı bir əmisi var idi. Bizimlə bir həyətdə olur və mişarçılıq edirdi. Bir gün o, evə gələrkən, nədənsə arvadı Şərabanı ilə savaşır və süfrəyə qoyulmuş dolmanı kasası ilə birlikdə çardağa atır. Bu hadisəni görən Cəfər ordaca bir şeir qoşur:
“Məşədi İbrahim əmi çəkdi mişar, gəldi havar,
Ərsəmi dedi: kişi, ot yerində, sənlik nə var?
Quş ki pərvaz eləsə, pər vurar, ovlağa gedər,
Sındırıb kasasını dolması ardağa gedər”.
***
Cəfər o vaxtlar təzə papiros çəkməyə başlamışdı. Lakin bunu özündən böyük olan bütün ailə üzvlərindən gizlədirdi. Onun papiros çəkməsini yalnız mənimlə Törə bilirdik. Mən Törə ilə onları gizlədir, ev xəlvət olanda Cəfər üçün papiros qayırırdıq. O da bunun müqabilində bizə müxtəlif şeylər danışır, gülməli şeirlər deyirdi. Dönə-dönə bizə tapşırırdı ki, onun papiros çəkməsini heç kimə bildirməyəcək.
Cəfər kitab oxuyanda, xüsusi ilə yazı yazanda çox papiros çəkirdi. Bir dəfə evdə oturub nə isə yazırdı. Həmişəki kimi yenə də papiros damağında idi. Birdən Hüseynqulu içəri girdi. Cəfər bunu hiss etmədi. Törə ilə mən təşviş içində bir-birimizə baxdıq. Biz Cəfərdən çox özümüz üçün qorxurduq ki, bu sirri gizli saxladığımıza görə döyüləcəyik.
Cəfər Hüseynqulunu görən kimi papirosu yerə atıb ondan üzr istədi. Hüseynqulu dedi:
- Daha niyə pərt olursan? Gərək əvvəldən çəkməyəydin. İndi ki, başlamısan, gizlində çəkməyin mənası yoxdur. Əvvəl-axır bilinəcək, mən sənə icazə verirəm.
***
Cəfərin şeir və hekayə yazmaqdan başqa rəsm çəkmək qabiliyyəti də var idi. “Molla Nəsrəddin” jurnalındakı şəkillərə baxaraq onların üzünü köçürür, bəzən qabağına bir əşya qoyaraq onun şəklini çəkirdi. Bir dəfə mis məcməyinin rəsmini elə ustalıqla çəkmişdi ki, indi də həmin şəkil gözlərimin qarşısındadır. Ona gözəl naxışlar vurmuşdu. Cəfər bu adətini sonralar da davam etdirərək öz əsərlərindəki surətlərin rəsmlərini çəkirdi.
***
Məhəllə ağsaqqalları Cəfərdən xahiş etmişdilər ki, Məhərrəmlik vaxtı məsciddə oxumaq üçün bir mərsiyə yazsın. Böyük qardaşları da təkid etdiklərindən Cəfər boyun qaçıra bilməyib yazdı. Ancaq həmin mərsiyə adi mərsiyələrdən deyildi və onun məsciddə oxunması gözləndiyinin tamam əks təsirini verdi. Cəfərin yazdığı mərsiyə belə idi:
Gülzari-vətən soldu,
Millət xari-zar oldu,
Hamı payimal oldu,
Dur, ey xar olan millət!
Pullarımız qafil,
Alimlərimiz cahil,
Oldu elimiz zayil,
Dur, ey xar olan millət!
Bir yandan ədu cəllad,
Bir yan naləvü fəryad,
Ol bu zülümdən azad,
Dur, ey xar olan millət!
Əl çək bu həqarətdən,
Qurtar bu əsarətdən,
Xar ol bu xəcalətdən,
Dur, ey xar olan millət!
O zaman məscidlərə məhəllə adamları dəstə-dəstə gedirdilər. Bir gün bizim məhəllənin dəstəsi indiki Yuxarı Dağlıq küçəsində olan Hacıbaba məscidində Cəfərin bu mərsiyəsini oxuyar. Mərsiyəni eşidən axundlar, mollalar, qoçular, dövlətlilər, hətta bəzi ziyalılar qeyzə gələrək Dağlı məhəlləsinin dəstəsi ilə vuruşmağa başlayırlar. Onlar mərsiyə yazanı tələb edirlər. Bizim məhəllənin adamları mərsiyənin Cəfər tərəfindən yazıldığını demirlər. Azı on beş-iyirmi gün bu mərsiyənin üstündə böyü mübahisə getdi. Nəhayət, həmin mərsiyənin oxunması qadağan olundu.
***
Azərbaycan səhnəsinin parlaq ulduzu Hüseyn Ərəblinskinin öldürülməsi xəbəri Cəfərə çox ağır təsir göstərmişdi. Hətta Cəfər onun ölümü münasibətilə bir şeir yazmış və Ərəblinskinin dəfni günü şeir mərhumun məzarı üstündə oxunmuşdu. Sonra həmin şeir “Azərbaycan” qəzetində dərc edilmişdi.
***
Evimizdə Cəfər üçün bir otaq ayırmışdılar, orada yatır, orada işləyirdi. Onun bütün ev işlərini görməyə mənə həvalə etmişdilər. Mən də Cəfərin tapşırıqlarını bacardığım qədər kobud surətdə qarşılayırdım. Hətta bir dəfə mənə sifariş etmişdi ki, onun üçün bir yun köynək toxuyum. Mən bilə-bilə köynəyin toxunulmasını 8 ay uzatdım. O bundan bərk hirsləndi, hətta köynəyi yarımçıq almaq istədi.
Sanki mənim bütün bu hərəkətlərim Cəfəri yormuşdu. Bir gün məni otağına çağırıb dedi:
- Otur, Sona, səninlə vacib bir məsələ barədə söhbət etmək istəyirəm.
Əyləşdim.
- Sona, bilirsən ki, səni uşaqlıqdan mənə ad eləyiblər, - dedi. –Evimizdə hamı istəyir ki, mən səni alım. Mən razıyam. Sən necə, razılıq verirsənmi?
Mən də fikirləşmədən: “Yox, razılıq vermirəm” – deyə cavab verdim.
Cəfər dedi:
- Çox gözəl... Bir də mənim otağıma gəlib getmə.
Beləliklə küsdük.
Bir qədərdən sonra mən özüm Cəfər üçün darıxmağa başladım. Lakin öz qürurumu sındırmayaraq nəinki onuna danışmadım, hətta otağına da ayağımı basmadım. Düz iki ay küsülü qaldıq. Elə bu vaxt, biz küsülü ola-ola, bizim üçün şirni içdilər. Şirni zamanı Cəfər evdə yox idi, 3 günlüyə harasa getmişdi. O evə qayıdanda küçə qapısından həyətə girən kimi, qohumlarımız qabağına yüyürüb təbrik etdilər. Bibimiz nəvəsi Sara onu öpüb təbrik edəndə o dedi:
- Nə olub ki, niyə təbrik edirsiniz?
Cəfər həqiqəti təəccüblə qarşıladı və ona kimi aldıqlarını soruşdu.
Sonanı almışıq-cavabından sonra dedi:
- O ki mənə gəlmir.
- Qələt edir, uşaqdır, ağlı kəsmir.
Həmin gün biz barışdıq. Üç aydan sonra toyumuz oldu. Toyumuz çox kasıbyana keçdi. Yüngülvarı bir bazarlıq etdik. Beləliklə, 1922-ci ildə biz Cəfərlə evləndik.
***
1924-cü ildə ailəmizə bədbəxtlik üz verdi. Cəfərin böyük qardaşı Hüseynqulu vəfat etdi. Bu ölüm Cəfəri çox sarsıtdı. Çünki o böyük qardaşını çox istəyirdi, axı Hüseynqulu ona təkcə qardaşlıq yox həm də atalıq etmişdi.
***
Cəfərin ömrünün çoxu teatrda, səhnədə keçmişdir desəm səhv etmərəm xüsusən o 1928-ci ildə Azərbaycan Dövlət Bədaye dram Teatrında ədəbi hissə müdiri vəzifəsinə keçəndən sonra, demək olar ki, evdə onu görmürdük. Hətta bəzi vaxtlar yeməyi də onun üçün teatra göndərməli olurduq. Bir dəfə Cəfər evə zəng etdi ki, mənim üçün teatra xörək göndər. mən xörəklə bərabər oa belə bir məktub da göndərdim: “Cəfər, elə ki, evə gəldin, deyirsən: oram ağrıyır, buram ağrıyır. Elə ki, teatra getdin, diriləşirsən. İstəyirsən, yorğan-döşəyini də göndərim teatra.”
Cəfər evə gətirdiyi qab-qacaqla bərabər cavabında yazmışdı: “Sona, bu neçə vaxtda xasiyyətimə bələdsən. Mən teatrsız yaşaya bilmərəm. O barədə mənə söz demə.”
***
“Sevil” pyesi tamaşaya qoyulanda çadra əleyhinə böyük kampaniya aparılırdı. Cəfər mənə deyirdi ki, çadranı atmaq lazımdır. Mən isə deyirdim ki, yox atmaram məhəllədə hərə bir söz deyər.
- Əvvəl-axır çadranı atacaqsan. Ancaq sonradan atınca, məhəlləmizdə hamıdan əvvəl atsan yaxşıdır, - deyə hər gün mənimlə bu haqda mübahisə edərdi.
Bizə qəzet gətirən poçtalyon bir gün mənə dedi.
- Sona bacı, sənin şəklin qəzetdə çıxıb.
Mən bərk təəccübləndim:
- Ola bilməz!
- Ay ona bacı, məgər mən səni tanımıram, nə düşüb mənə ki, yalan danışam?
Qıraqda duran Cəfər söhbətimizə qarışıb dedi:
- Balam, kişi düz deyir də. Çadranı atmısan bu haqda da qəzetdə yazın gedib. Hələ özündən başqa qonşu arvadları da çadralarını atmağa çağırmısan. Daha kişi ilə höcət niyə edirsən?
Əllərim əsə-əsə qəzeti açdım. Gördüm poçtalyon düz deyirmiş.
Kişi gedəndən sonra Cəfərlə davaya başladım ki, nə üçün mənim şəklimi qəzetə verib, adımdan məqalə yazıb. Axı mən nə vaxt çadramı atmışam? Hətta ağladım da.
Cəfər məni sakitləşdirib dedi:
- Sonası, çadranı atmırsan atma, daha ağlamaq nəyə lazım? Ancaq sənin üçün yaxşı deyil. Xalq deyər ki, özü məqalə yazıb, hay-küy qaldırıb ki, çadramı atıram; amma yenə də çadrada gəzir. Bir də mənim özüm üçün də yaxşı deyil. Axı başa düş ki, yaxşı olmaz, mən çadra əleyhinə əsər yazım, sən çadra örtəsən? Yaramaz, axı!
Beləliklə, mən və Cəfərin qardaşı qızları Mələk və Törə Dağlı məhəlləsində birinci olaraq çadranı atmalı olduq.
***
1927-ci ilin əvvəllərində birdən Cəfərin səhhəti pozuldu, ürəyi sancmağa başladı. Birlikdə həkimə getdik. Həkim ona diqqətlə baxandan sonra dərman yazıb dedi:
- Qardaş, sənə papiros çəkmək, içki içmək olmaz özünü çox yormusan.
Papirosu tərgitmək Cəfər üçün çox çətin idi. Buna baxmayaraq o, cibindən içi dolu papiros qutusunu çıxarıb küçəyə tulladı:
- Daha səni çəkməyəcəyəm! – dedi.
İçkini də atdı. 1930-cu ilə kimi nə içki içdi, nə papiros çəkdi. Həmin vaxtda o, təzə əsər yazmayıb, bir neçə pyesi Azərbaycan dilinə tərcümə etdi. Nəhayət, bir gün dedi:
- Ay Sonası, ha istəyirəm əyləşib işləyim, fikrimi bir yerə cəm eləyə bilmirəm. Deyəsən, yenə papiros çəkməli olacağam.
Mən qəti etiraz etdim. Papirosun havasını yadından çıxarmaq üçün onun cibini ləbləbi, kişmiş, günəbaxan toxumu ilə doldurdum. Bir dəfə o, bunları cibindən çıxarıb stolun üstünə atdı:
- Məni lap zara gətirdin – dedi. – Bunlar uşaq-muşaq işidir. Siz olasız allah, qoyun işləyək.
Beləliklə, 1930-cu ilin əvvəllərində yenidən papiros çəkməyə başladı. Amma bu dəfə papiros çəkməyini məndən gizlədirdi. Bir dəfə onun ciblərində tütün qırıntısını görüb deyinməyə başladım:
- Cəfər, bu tütün qırıntısı hardandır? Yoxa yenə papiros çəkirsən?
O güldü:
- Ay Sonası, sən mənim canım, üstünü vurma, bir əsər yazmağa başlamışam. Papiros çəkməsəm, içlərim düz getməyəcək, qoy onu yazıb qurtarım, sonra yenə tərgidərəm.
***
“Dönüş”dən sonra Cəfər “Yaşar”ı yazdı. Daha doğrusu bu pyes onun son dram əsəridir. Cəfər bu pyes üzərində çox inadla işləyirdi. O, “Yaşar”ı bir həftəyə yazmışdı. Səhər tedən gecə yarıyadək otağa çəkilib çölə çıxmrdı. Çay-çörəyini də işləyə-işləyə yeyib içirdi.
Bir dəfə o işlərkən mən nə üçünsə otağına girdim. Cəfər otaqda gəzişib, əlləri alnında nə isə fikirləşir, bəzən ayrı-ayrı cümlələri bərkdən təkrar edirdi. Məni görüb incidi; dedi ki, niyə otağa gəldin, fikrimi dağıtdın, daha işləyə bilmərəm. Həqiqətən o gün Cəfər yazmadı. Bir az bizimlə söhbət etdikdən sonra qalxıb işə getdi. Evə gələndən sonra yenidən yazmağa başladı.
***
Cəfərin son əsəri “Firuzə” hekayəsidir ki, “Pravda” qəzeti üçün rusca yazmışdır.
...Həmin gün nahara qədər Cəfərin halı yaxşı idi. Nahardan sonra özünü zəif hiss etməyə başladı. Bir az əvvəlki nikbin söhbətlərini, heç gözləmədiyimiz halda birdən ümidsizlik bürüdü.
- Sonası- dedi. – Bizim nəsil çox yaşamır və bir də, adam bilsə ki, düz min ildən sonra öləcək, indidən bağrı çatlar. Ancaq nə vaxt öləcəyini bilmədiyindən ümidlə yaşayır.
Dərhal söhbəti dəyişdim. Ancaq o, çox fikirli idi. Nə qədər təsəlli verirdiksə, ürəyi açılmırdı. Həkim çağırmaq istədim. “Eh, qaya uçan günü toz qopacaq”, - deyə razı olmadı.
Axşamçağı bizim təkidimizlə uzanıb yatdı və saat doqquzda onu oyatmağımı tapşırdı. Saat doqquzda otağına girdim. O isə artıq oyanmışdı. Qalxdı geyindi, həyətə çıxıb bir az gəzindi. Haraya isə getmək fikrində idi. İçəri girib bir neçə damcı dərman istədi. Törə də bizdə idi. Cəfər çarpayının kənarında oturub bir qədər fikrə getdi və birdən dilləndi:
- Bilirsiniz nə var: indicə yatmışdım, yuxuda gördüm ki, ölmüşəm, məni aparırlar, özüm də ayığam. Siz ağlayırsınız, mən isə sizə: “Ağlamayın” demək istəyirəm, amma deyə bilmirəm. Axırda bütün qüvvəmi yığıb sizə dedim: “Ağlamayın, ölməmişəm!” bir an susub əlavə etdi: - əgər işdir ölüb eləsəm, uşaqlardan muğayat olun....
Mən zarafata salıb dedim:
- Yuxuda ölmək ölməməkdir, ağlamaq da gülmək.
Bu sözümə özü də güldü.
Onun razı olmamasına baxmayaraq, mən həkimə zəng vurdum. Evdə yox idi. Saat on olardı. Cəfər soyunub yatağına girdi və üstünü bərk örtdürüb yatdı. Saat on ikidə, ailə yatarkən o da sakit-sakit yuxulayırdı.
Gecənin bir vaxtı sanki məni yuxudan oyatdılar. Bir az yerimin içində oyaq qaldım. Birdən, elə bil, evin qaranlığı məni vahiməyə saldı. Tez Cəfəri çağırmağa başladım. Ondan cavab almadım. Cəfər çox sayıq yatırdı və həmişə belə hallarda səsimə səs verirdi. Bir az da bərkdən çağırdım, yenə cavab almadım. Onun zarafat etdiyini və məni qorxutmaq istədiyini düşünüb ayağa qalxdım və təzədən çağırdım. Yenə də ondan səs çıxmadı.
İşığı yandırdım, onun yatağı üzərinə əyildim. Sanki, bərk yatmışdı. Üzü gülümsər bir vəziyyətdə idi, gözləri yumuldu və hər gözünün kənarında bir damla yaş parıldayırdı. Gözlərimə inanmadım. Onu diksindirib oyatmamaq üçün yavaşca gedib anamı çağırdım. Zeynəb tələsik gəlib Cəfərin biləyini əlinə aldı və arvadın rəngi sapsarı saraldı. O, ağlar gözlərini üzümə dikəndə birdən mən fəlakəti dərk edərək, qeyri-iradı həyətə atıldım, çovğun içində təlaşla qışqırdım:
- Ey vayyy!
Və öz səsimdən qulaqlarım tutuldu, gözlərim yumuldu. Sonra nələr olduğu yadıma gəlmir. Guya, dəhşətli bir yuxu içində idi.
O məşum gecə-1934-cü ilin dekabrın 30-dan 31-ə keçən gecə idi.
Cəfər 35, mən 29 il yaşamışdım. Oğlumuz Aydının 10, qızımız Gülarənin 4 yaşı var idi o vaxtı.
Cəfərin mənim üçün qoyub getdiyi xəzinə bu iki uşaq idi.
Öz xalqı üçün də o, qiymətli dəfinə qoyub getmişdi-əsərlərini.