“Əhmədinejat mənə 15 min evro verdi” MÜSAHİBƏ

“Əhmədinejat mənə 15 min evro verdi” MÜSAHİBƏ
19 aprel 2013
# 14:00

Yanis Eşots Latviya Dövlət Universitetinin ərəb-fars ədəbiyyatı kafedrasının professoru, London İsmailizm Təhqiqatları İnstitutunun əməkdaşıdır. Kulis.Az Yanis Eşotsla müsahibəni təqdim edir.

Etimad BAŞKEÇİD

Mirmehdi AĞAOĞLU

- Yanis, internetdə axtarış mexanizmlərinin nəticələrinə görə sən Avropada irfan və təsəvvüflə bağlı ən önəmli araşdırmaçılardan biri hesab olunursan. Azərbaycan oxucusuna maraqlıdır, sənin kimi bir qərblidə islamşünaslığa, şərqşünaslığa maraq haradan yarandı?

- Yəqin ona görə ki, başqa bir şey bacarmırdım. Misal üçün, pinəçilik edə və ya bazarda ayaqqabı sata bilmədim. Ona görə bu işlə məşğul olmağa başladım.

- Deməli, sən alverlə irfan araşdırmaçılığını eyniləşdirirsən?

- Yox mən eyniləşdirmirəm. Sadəcə, tutalım ayaqqabı satmaqdan başım çıxmır. Yəni mənim bacardığım başqa sahə yox idi.

- Azərbaycana səfərinizin məqsədi nədir?

- Bakı Slavyan Universitetində keçirilən beynəlxalq forumda iştirak edirdim.

- Sufizmə, təsəvvüfə marağınız ilk dəfə nə zaman yarandı?

- Bu çoxdan olub, mən onda Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyurdum. İnstitut hələ o vaxt SSRİ Yazıçılar İttifaqının himayəsi altında idi. Mən sufizmlə maraqlanmağa başladım, amma deyəsən ondan əvvəl də sufizm haqqında bəzi elmi əsərlər oxumuşdum. Universitetdə Bertels və başqa alimlərin əsərlərini mütaliə etdim. Daha sonra fars ədəbiyyatı nümunələrini, Hafizi, Nizamini, Rumini oxudum. Hiss edirdim ki, bu əsərlərin həm də başqa qatı var. Rus şərqşünaslarının əsərləri ilə maraqlanmağa, daha sonra fars dilini öyrənməyə başladım. Nizaminin “Xəmsə”si farsca oxuduğum ilk əsər idi. Namizədlik dissertasiyam da “Xəmsə”nin ruscaya tərcüməsi barədə oldu. Sonra başa düşdüm ki, nəsə başqa işlə də məşğul olmaq olarmış, amma artıq gec idi, mən alim idim.

- Azərbaycanda sufi təkyələrində, xanəgahlarda olmusuzmu?

- Bakıda bəzi məntəqələr var ki, sufizm tarixi ilə bağlıdır. Rayonlara gəldikdə isə daha çox İranla həmsərhəd bölgələrdə-Cəlilabad, Masallı, Astarada olmuşam. Ölkənin başqa rayonlarına gəldikdə isə bu yerlərdə olmasam da televiziyada pirlərdən, ziyarətgahlardan veriliş aparan dostum Həmid Herisçi mənə Azərbaycandakı ziyarətgah, pirlər haqqında az şey danışmayıb. Mən İranın bir çox ziyarətgahlarında olmuşam.

- Ziyarətgahlar yox, sufi təkyələrindən danışırıq.

- Onlar aşağı-yuxarı eyni şeydirlər.

- Yox, cənub bölgələri daha çox irfanla bağlıdırlar, amma Qazax, Tovuz bölgəsində, şimal zonalarında isə sufi təkyələri, təsəvvüf daha geniş yayılıb. Bəzi alimlər irfanla təsəvvüfü eyniləşdirilər, digər qisim isə fərqləndirir. İrfan və təsəvvüf arasında fərlilik varmı?

- Hansısa səviyyədə irfan şiəlikdən qaynaqlanır. Şah İsmayıl, Səfəviləri müəyyən siyasi səbəblərdən şiələşdirildikdən sonra, İranda şiəlik geniş şəkildə yayılmağa başladı. İranın şiələşdirilməsi isə Osmanlı dövlətinə qarşı durma üçün vacib idi. Məlum olduğu kimi o dövrdə Osmanlı imperiyası böyük bir sufi lojası rolunu oynayırdı. Osmanlıda başqa təriqətlər də geniş yayılsa da sufilik daha geniş təşəkkül tapmışdı. Bu barədə Mahmut Kılıçın da məqalələrində yazılıb. Mustafa Kamal Atatürk bu ordenlərin, təkyələrin fəaliyyətini qadağan eləsə də onlar gizli şəkildə fəaliyyət göstərməyə başladılar. Hazırda isə yarı leqal fəaliyyət göstərirlər.

Bəzilərinin fikrinə görə irfan elə nəzəri sufizmdir. İrfan İbn Arabinin bəzi fikirlərindən qaynaqlanan, daha doğrusu onun “vəhdəti-vücud” fikri üzərində qurulmuş spekulyativ təlimdir. Düzdür, mən nəzəri sufizm ilə nəzəri irfanın bir-birindən ayrı olmaları fikri ilə şərik deyiləm. Məncə fərqlər daha çox praktiki səviyyədədir, daha doğrusu sufiliklə irfanın fərqləri “əxlaq”dakı, dərviş mədəniyyətindəki xüsusiyyətləridir.

- Təsəvvüfün spekulyativliyi nədədir?

- İranda siz elə adamlara rast gələ bilərsiz ki, onlar sizin üçün asanlıqla İbn-Arabinin, Sədrəddin Konəvinin təlimlərini izah edə bilərlər. Düzdür, bu adamlar əsasən dini dünyagörüşlü, mədrəsə, hafizi-elmiyyə təhsilli adamlardırlar. Məncə sufizm, dərvişizim, irfan adlanan bu təzahürün mahiyyəti ondadır ki, insanı dəyişdirsin, ucaltsın. Elə bu cür mənəvi tərəflərinə görə sufizm, irfan bir vaxtlar bütün şərq dünyasını əhatə eləmişdi və izləri bu gün də qalmaqdadır.

- Özünüzü dərviş hesab edirsizmi, yoxsa bu maraq sadəcə nəzəri səviyyədədir?

- Xeyr, mən bu təlimlə məşğul olmuram, necə ki, mənim xristianlığım da təkcə adımda hiss olunur. Amma mənim dostlarım var ki, sufizmi həyatlarında tətbiq edirlər.

- Təsəvvüf, sufizm kimi Şərq təlimləri təkcə kulturoloji tərəfdən maraqlıdır, yoxsa onlar hələ də öz aktuallıqlarını qoruyub saxlayıblar? Müasir dünyada onların rolları nədən ibarətdir? Ötən əsrin 60-70-ci illərdə dünyada buddizm təlimlərinə, yoqaya ciddi maraq yaranmışdı. Son dövrlərdə Qərbdə Elif Şafakın məşhurlaşması, İran sufi müğənnilərinin populyarlığı ondan xəbər vermir ki, Qərb artıq sufizmlə maraqlanır?

- Bayaq dediyim kimi bir neçə qərbli dostlarım var ki, sufizmlə yaxından maraqlanır, necə deyərlər vadiyi-irfana daxil olmaq istəyirlər. Amma mənə görə bu həvəskar səviyyəsindədir. Çünki irfanla dərindən maraqlanmaq üçün sən gərək fars dilini öyrənəsən. Hansısa şərq dilini öyrənmək müəyyən müddətdən sonra bir səviyyədə sənin mentalitetini dəyişir, nəticədə özünü hansısa situasiyalarda iranlı kimi aparmağa başlayırsan (gülür). Doğrusunu desəm, Qərbdə sufizmin populyarlığı və ya yayılmamağı məni o qədər də maraqlandırmır.

- İranda təşəkkül tapmış nemətullahilər təriqətinin Nyu-York, Londonla yanaşı artıq səhv etmirəmsə Moskvada da xanəgahları qurulub.

- Nemətullahilər əvvəlki rəhbər, onların öz dili ilə qütb Cavid Nurbəxşin dövründə Qərbdə geniş yayılmağa başladı, xanəgahlar quruldu. Yanılmıramsa, doktor Nurbəxş iki il əvvəl vəfat etdi. İndi onun yerinə oğlu keçib. Amma məncə oğlu onun qədər xarizmatik şəxsiyyət deyil. Bəli, bu orden təkcə Qərbdə deyil, Rusiyada da yayılıb, orda da şöbələri-xanəgahları var. Bizdə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun bir aspirantı bu təriqətin banisi, qütbü Şah Nemətullah Vəli haqqında dissertasiya yazır.

- Azərbaycana dəfələrlə səfər etmiş, bu ölkəni içindən və kənardan izləyən bir adam kimi sizcə Azərbaycanda radikal islam təhlükəsi varmı?

- Azərbaycan daha çox dünyəvi dövlətdir, baxmayaraq ki, müxtəlif dini mərasimlər də keçirilir. Ola bilər ki, coğrafi mövqeyinə görə İran və ya Dağıstandan olan radikal qruplaşmalar bura can atmağa çalışsın. Amma bu mənim araşdırma sahəm olmadığına görə dəqiq cavab verə bilməyəcəyəm. Şəhərdə bir neçə uzun saqqallı adam gördüyümə görə məncə radikal islamçılar burda var (gülür).

- Radikal islamçılar sufiliyi dindən çıxma kimi qiymətləndirirlər.

- Onları daha çox sələfilər adlandırmaq doğru olardı. Əgər biz onların nümayəndəsi ilə söhbət etsək görərik ki, onların islam tarixi barədə bilikləri məhduddu, səthidi, daha çox hüquqi məsələlərlə məhdudlaşır. Onların fikrinə görə yalnız onlar doğrudurlar, qalanlarını məhv etmək lazımdır.

- İranda dəfələrlə olmusuz. Orda təriqətlərə münasibət necədir?

- Bayaq sözünün etdiyimizi nemətullahilərlə dövlət arasında bəzi problemlər var. Amma zəhəbiyə təriqəti var, onların hökumətlə heç bir problemləri yoxdu, İranın bir sıra şəhərlərində xanəgahları var və onların camaatları çox rahat şəkildə yığışa bilir. Rəşt şəhərində kudrəvilər var, onların rəhbəri Məhəmməd Hacəvi dekabr ayında rəhmətə getdi, mənim yaxın dostum idi. Mən dəfələrlə onun xanəgahında gecələmişəm.

- Əhmədi Nejatla da görüşmüsüz.

- 2012-ci ilin fevralında bir qrup rus iranistlərinə Cəlaləddin Ruminin məsnəvilərinin ruscaya tərcüməsinə görə mükafat təqdim olundu. Onların çoxu yaşlı adamlar olduğuna görə İrana getmək mənim boynuma düşdü. Mən orda İranın prezidenti ilə görüşdüm, söhbət etdim. O bizə pul mükafatı verdi. Bizə 50 qızıl sikkə, təqribən 15000 avro dəyərində mükafat verildi. Biz də beş nəfər olduğumuza görə elə də böyük

məbləğ olmadı, hərəyə 3000 avro düşdü, yəqin növbəti dəfə mükafatın hamısını yalnız mənə verərlər (gülür).

- “Britanikka” və başqa qərb ədəbiyyatlarında Nizami fars şairi kimi təqdim olunur, niyə?

- Qərbdə Azərbaycan, o cümlədən Şirvan tarixi İranın bir hissəsi hesab olunur. Hər halda Səfəvilərin süqutuna qədər bu ərazilər vahid idi. Türkmənçay müqaviləsindən sonra Şimali Azərbaycan Rusiya İmperiyasının bir hissəsinə çevrilib. Azərbaycan və İranın tarix və mədəniyyətlərinin çox yaxın olmasını heç cür danmaq olmaz.

- Bəlkə İran və Azərbaycan mədəniyyətlərinin oxşarlığı barədə razılaşmaq olar, amma qəbul edək ki, fars və Azərbaycan mədəniyyəti

tamamilə fərlidir. Mədəni göstəricilərin xüsusiyyətlərindən biri kimi Azərbaycanın öz dili formalaşmışdı.

- Orta Əsrlərdə bu mədəniyyətin nümayəndələri bir neçə dildə sərbəst danışırdılar. Bunlardan biri də fars dili idi. Məlumdur ki, Xətai daha çox azərbaycanca yazırdı, onun farsca şeirləri olduqca zəifdir. Xətainin şeirlərini Sultan Səlimlə, ya Hindistan moğol hökmdarlarının şeirləri ilə müqayisə edəndə görünür ki, Xətai onlara nisbətdə fars dilini zəif bilirmiş.

- Rusiya şərqşünasları ötən əsrin qırxıncı illərinə qədər Nizamini fars şairi sayırdılar. Bundan sonra isə Azərbaycan şairi kimi təqdim etməyə başladılar. Stalinin məlum çıxışı oldu, bununla əlaqədar bir sıra kampaniyalar başladıldı. Sovetlər dağılandan sonra rus şərqşünasları əvvəlki fikirlərinə qayıtmayıblar ki?

- Təbii ki, ən yaxşı nizamişünaslar İrandadırlar. Bakıda da Rüstəm Əliyev kimi nizamişünaslar var idi. Bu barədə rus nizamişünaslarının fikirləri haçalanır. 3 il əvvəl Natalia Yuriyevna Çavisova və Maksim Marusanov Nizaminin “Leyli və Məcnun“ poemasını filoloji tərcümə eləmişdilər. Məncə onların tərcüməsi Rüstəm Əliyevin tərcüməsindən zəifdir. Sizə dəqiq cavab verə bilməyəcəm, məncə o kitabın “Ön söz”ünə baxmaq lazımdır, görək Nizami fars, yoxsa Azərbaycan şairi göstərilib (gülür).

- Bəzi yazıçılar var ki, onlar bir millətin nümayəndəsi olub başqa millətin dilində yazıblar. Sovet dövründə bu daha geniş yayılmışdı. Sanki Sovetlər dağılandan sonra Bulat Akucava, Fazil İskəndər kimi yazarlar çaşqınlıq içində qalmışdılar, bilmirdilər özlərini hansı xalqın nümayəndəsi hesab etsinlər.

- Mənə elə gəlir ki, onlar rus yazıçısıdırlar. Hansı dildə düşünürlərsə o dildə də yazırlar. Ola bilsin ki, Fazil İsgəndər əsərində Abxaziya koloritindən danışsın, amma o rus yazıçısıdır.

- Belə çıxır ki, Çingiz Abdullayev də rus yazıçıdır.

- Belə hesab etmək olar.

# 2896 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #