Kulisin seçdiyi hekayələr - 2 – #bumənimhekayəm

Kulisin seçdiyi hekayələr - 2 – #bumənimhekayəm
30 dekabr 2016
# 08:30

Kulis.azın keçirdiyi #bumənimhekayəm müsabiqəsinin qalibləri dünən açıqlandı. Bildiyiniz kimi Facebook istifadəçiləri arasında elan olunan müsabiqə elə bu sosial şəbəkənin istifadəçilərinin səsverməsi əsasında keçirildi. Bu hekayələri isə Kulisin redaksiya heyəti seçib.

Əvvəli burda

16. Fərid İbrahimli: Bizi böyüdən uşaqlıq...

Görüntünün olası içeriği: 1 kişi, ayakta

Həyətdəki arxın üstündə balaca taxta parçalarından körpüyə bənzər bir şey düzəltmişdi babam. Tel arabamla hər gün taxta parçalarının üzərindən o tərəf bu tərəfə keçəndə özümü uzaq yolun səyahətçisi hesab edirdim. Tez böyümək istəyirdim.

Üstünə çal-çəpərin çubuğu batırılmış təndir qoğalımı yeyə-yeyə taxçaların üzərində tək ayaqla yenicə uçmaq öyrənən sərçə kimi tullana-tullana keçərdim. Arxın yaşıla çalan palçığına, suyuna ayağımı batırardım. Nənəmin təndir tərəfdən gələn danlaq səsini eşidər, arxın ev tərəfdə olan hissəsində tənək çardağının altında iri gözlü şirmayi eynəyi ilə ya ayaqqabı tikən, ya da dəhrə-baltasını itiləyən babamın gülümsəməsini görərdim.

Nənəm babamın yerini dəyişib qibləyə çevirmişdi.

Babamın sarafan torbalara yığılmış paltarlarını nənəmlə birlikdə təndirə daşıdıq. Babamın paltarları yanan təndirə baxa-baxa taxçaların üzərindən sonuncu dəfə keçəndə iyul günlərində qurumağa doğru gedən arxda balaca bir qurbağa bədəninin son tər damcılarını suya çevirirdi. Səhəri nənəm təndiri uçurdu. Hər gün babamın yadigarı olan eynəyini gözlərimə taxıb özümü babama oxşada-oxşada böyüdüm.

17. Orxan Həsəni: Sevgi məktubu

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, gözlük ve yakın çekim

Odun sobasında qızındığımız vaxtlar idi. Atam xoşbəxtliyin təsadüflərdən ibarət olduğuna özünü o qədər inandırmışdı ki, hər gün evə lotereya biletləri ilə gəlirdi.

Həmin gün ilk dəfə o qıza sevdiyimi deyəcəkdim. Ancaq qarşısına çıxmağa belə cəsarət edə bilmir, birdən-birə dilim dolaşırdı. Fikirləşirdim ki, heç olmasa məktub yazım. Odun sobasında qızındığımız günlərdən birində məktubu gizlicə paltosunun cibinə salıb ümidlə gecəsi gözümə yuxu getməyən bir sabahı gözlədim. Odun sobasında qızındığımız o məşum günlərin birində qız məni çağıraraq məktubu iki qatlayıb cırdı və heç nə demədən boşalan ovcuma qoyub haradasa uzaq bir xatirədə yoxa çıxdı. Həmin gün evə qayıdıb masanın üzərində atamın dünəndən boş çıxan iki qatlanıb cırılmış lotereya biletlərini gördüm. Alıb hər ikisini odun sonasına atdım...

18. Çinarə Böyükçöl: Yolka

Görüntünün olası içeriği: 1 kişi, yakın çekim

Həmişə şipşirin yolka ağacları Ayseli kövrəldirdi. Yeni ilə bircə gün qalmışdı, şəhərin bayram təlaşı səkkiz yaşlı qızcığaza elə bil acıq verirdi: ondan başqa hamının yolkası vardı.

Bir gün baş tərəfi azca yeyilmiş pol taxtasını götürüb üstünə kağızlar yapışdırdı, sonra da sulu boyası ilə səliqəylə rənglədi, üstünə bəzəklər də çəkdi. Gülə-gülə gətirdi atasının yanına, sevindiyindən uçurdu, həyəcandan qıpqırmızı olmuşdu.

Atasına dedi:

- O ki yolkaların üstünə rəngli işıqlar vururlar e, yanır-sönür, sonra qəfil dayanır, sonra təzədən yanır. Bax, o işıqdan mənə al, nolar, yolkamdan asacam.

Atası üstünə qışqırdı. Pol taxtasını – yolkasını əlindən alıb tolazladı.

Ağlayan kimi yuxu Ayseli tutdu.

Səhər duranda isə gözlərinə inana bilmirdi. Evlərində işıqlı, oyuncaqlı, yamyaşıl yolka vardı. Cumub işıqları, bəzəkləri oxşadı, yolkanın üzündən öpdü.

Xeylaq keçəndən sonra anası Ayselə heç vaxt unutmayacağı bir nağıl danışdı:

- Bilirsən, sırğamın bir tayını atan səhər obaşdan satıb sənə oyuncaqlar aldı. Yolkanı da gecə vaxtı parkdan iri ət bıçağı ilə kəsib gətirdi.

Ayselin atası sırğanın o biri tayına da bilet aldı. Həmin gecə getdi...

19. Kəramət Böyükçöl: Qəpik

Görüntünün olası içeriği: bir veya daha fazla kişi

Həyat yoldaşım evdə bir banka tutmuşdu, içinə qəpik yığırdı. Mən evə gələn kimi cibimə girir, iri pullara əl dəymir, ancaq qəpikləri götürürdü. Ona görə hər axşamlar kağız pullarımı xırdalayır, cibimi qəpiklə doldururdum. Özümü elə aparırdım, guya heç nədən xəbərim yoxdur: nə onun bankasından, nə də yığdığı qəpiklərdən!

Mən gecələr yuxuya gedən kimi qəpik oğurluğuna çıxırdı. Gözlərimi azcana açıb ona tamaşa eləyirdim, barmaqlarının ucunda yeriyə-yeriyə cibimi bankasına yığır, qəpiklər şaqqıldayıb səs salmasın deyə bankasını da yavaşca yerinə qoyur, üstünü örtürdü.

Elə vaxt olurdu pulum qurtarırdı, amma yoldaşım cibimə girəndə pərt olmasın deyə dostlarımdan borc qəpik alırdım. Hiss edirdim ki, o qəpiklər bizi xoşbəxt edir, bizi bir-birimizə daha möhkəm bağlayır.

Görəsən, o qəpiklərin yerinə dollar olsaydı, aramızda bu qədər sevgi olacaqdımı?

Hiss edirdim ki, onun bankası məni küçədə yıxılmağa qoymur.

Bir gün evə gəldim, cibimin qarnı dizimə yapışmışdı.

Alnımın qırışı açılmırdı.

Bir də gördüm yoldaşım bankasını üzündəki təbəssümlə birlikdə gətirib qabağıma qoydu.

Əl çalıb beləcə də dedi:

- Suuupriz...

Durub onun boynunu qucaqladım.

20. Cavid Qurbanov: Arzu

Görüntünün olası içeriği: 1 kişi

Rafiq qolundan yaralanmışdı. Yağışlı bir gündə gətirmişdilər onu. Özündə deyildi. Üzərindəki palçıqdan görünürdü ki, son döyüşü heç də yaxşı keçməyib. Qolu kəsilməliydi. Başqa yolumuz yox idi. Tibb bacısı Könül buna etiraz etsə də onu başa salmaq heç də uzun çəkmədi. Rafiqin sol qolunu güllə parçalamışdı. 24 yaşlı gəncin sol qolunu məcbur kəsdik. O 14 saat sonra ayıldı. Alnından tər axa-axa pəncərəyə baxırdı. Rafiq hər şeyi başa düşmüşdü. Gözləri yol çəkən Rafiqin bizə dediyi ilk söz bu oldu - "Mən anamın boynunu indi necə qucaqlayacam?"

21. Şəhriyar Del Gerani: Dırnaq boyası

Görüntünün olası içeriği: 1 kişi, sakal

Məsələn, dırnaq boyası düşünün. Adi dırnaq boyası. Məsələn, çəhrayı rəngdə.

Başa düşürəm, bunlar çox adidir.

Məsələn, bir suvarma kanalı düşünün. Adi suvarma kanalı. Məsələn, bir kəndin içindən keçən lilli, bulanıq sulu suvarma kanalı.

Başa düşürəm, bunlar da çox adidir.

Məsələn, 5-6 yaşlarında bir qızcığaz da düşünün. Anasının çəhrayı dırnaq boyasıyla dırnaqlarını uşaq səliqəsizliyi ilə boyamış qızcığaz. Kibrit qutusunu kağız gəmi misali üzdürərkən kanala düşüb boğulmuş bir qızcığaz.

Mən görəndə anası qızcığazın əl boyda cəsədində alaboyanmış dırnaqlı barmaqlarından öpüb belə pıçıldayırdı: kaş ki, mənə desəydin, səliqəli boyasaydım dırnaqlarını…

Başa düşürəm. Bunlar bir o qədər adi deyildi.

22. Alik Əlioğlu: O, xoşbəxtdir

Görüntünün olası içeriği: 1 kişi, gözlük

Biz onunla çox tez dostlaşdıq. Onu tanıyandan özümü daha çox sevməyə başladım. “Hətta bir qoyunla dostlaşa bilən adam mükəmməldir” – özüm barədə təxminən bu cür düşünməyə başladım. )) Məni görən kimi mələyirdi və məhəbbətlə baxırdı. Qulaqlarını çox sevdim. Tez-tez sığalladım. Axşam susuz olduğunu duydum. Qaranlıqda həyətə çıxanda fağır baxışlarla baxdığını gördüm. Su verdim. Sağol demək istədi – hiss elədim. Müharibələrdə əsir düşənləri xatırladım...

Səhər qibləni müəyyənləşdirdik. Yerə yıxdıq. Kəsdik.

Qardaşımın oğlu qoyunun kəsilmiş başını görüb ağlamağa başladı. Mən isə onu sakitləşdirdim: Ağlama, o xoşbəxtdir, bax, gülür...

23. İkinci Mahmud: 3 məmmədlik baş

Görüntünün olası içeriği: 1 kişi, güneş gözlüğü ve yakın çekim

Tələbə idim, səhv etmirəmsə, 3-cü kursda oxuyurdum. Rayondan pul gəlmişdi. Bilirsiniz ki, adamın cibində pul olanda dünya daha gözəl görünür. Yaxşıca qonaqlıq təşkil elədim. Özüm də yaxşıca vurdum, dəmləndim. Axşam evə gələndə yadıma düşdü ki, saçımı kəsdirməliyəm.

Getdim bərbərimin yanına.

Dedim, dayav e, saçımı düzəlt!

Düzəltdi. Dedim ə, borcum nədi? Dedi, həmişəki kimi 3 məmməd.

Əsəbləşdim:

- Bura bax e, düdük! Mənim başın 3 məmmədlik baş deyil!

Əlimi atdım cibimə, bir qalaq şivanı vurdum təpəsinə...

Səhər oyandım. Cib boş. Evin kirayə haqqını verməliyəm.

Yaddaşı eşələdim. Bərbərin cəllad sifəti gəldi durdu gözümün qabağında!

Gəldim yanına. Dedim, qardaş, əmoğlu, axşam nəsə qələt eləmişəm dəyəsən...

34 şirvan 8 məmməd qaytardı, dedi, axşam 35 şirvan vermisən.

Dedim, bəs niyə 3 məmməd yox, 2 məmməd çıxmısan?

Dedi, sən düz deyirmişsən, sənin başın 3 məmmədlik baş deyil.

24. Mirkazım Ağayev: Miyovultu

Görüntünün olası içeriği: 1 kişi, yakın çekim

Naləyəbənzər o pişik miyovultusu eşidəndə idarədə tək idim. İçərini nə qədər axtarsam da heç nə tapa bilmədim. Səsdən otaqda oturmaq olmurdu. Elə bil kiminsə ətini kəsirdilər. Getdikcə pişik miyovultusu iynə kimi beynimə işləyirdi. Çıxıb bayıra baxdım. Sinəboyu yağmış qarın içində pişik tapmaq olardımı? Qaranlıqda birtəhər qarı eşə-eşə səsə doğru getdim. Nəhayət kisə dibindəki kartof kimi qarın içində büzüşüb qalmış sarı pişik balasını tapdım. Otağa gətirib sobanın yanında yer elədim...

Səhər bu xəbəri uşaqlara danışdım.

Axşam bir də gördüm qapı döyülür...

Sarışın bir qız dayanmışdı qapıda. Beşinci mərtəbənin balkonundan düşən pişik balası onunmuş.

Qız pişiyi görəndə heyrət elədi. Mənim heyvana bu cür qayğı ilə yanaşmağım onu təəccübləndirmişdi.

Pişiyi ona verdim, o da mənə qəlbini...

...Əsgərliyi bitirib Bakıya qayıdası oldum... Pişiksiz...

O vaxtdan hər dəfə pişik miyovultusu eşidəndə əsgərlikdəki o pişiyi... yox, Lenanı xatırlayıram. O sarışın qızı.

25. Nicat Həsənəliyev: Unutqanlıq

Görüntünün olası içeriği: 1 kişi, ayakta ve şapka

Bu, qulağıma pambıq tıxanmadan acdığım ilk gün idi. Anam bunu kontuziya almayım deyə edirdi. Nənəm "Allah müharibənin üzünü qara eləsin, olanımız elə budu", - deyib şalına bükdüyü çörəyi mənə uzatdı. Babam başını qaldırmadan "ye bala, aclıq vaxtının bir loxma çörəyi qayğısız günlərin balından dadlı olur", - dedi. Çadırdan çıxdım. Hava tutqun idi. Elə bildim ki, günəş ancaq bizim kəndimizdə çıxır. Nə bilim, uşaq idim. Gözümü yumanda da elə bilirdim hamı qalır qaranlıqda. Bir az sonra atam gətirdiyi karopkanı stol əvəzi çadırın ortasına qoyduğumuz yağ çəlləyinin üstünə qoydu. "Sağ olsunlar, yaponlar yenə yardım göndərib" dedi. Sonra karopkanın açdı. Amma bu dəfə ərzaq çıxmadı. İlk dəfə idi ki, rəngli dəftərlər və karandaş görürdüm. Dəftərləri görəndə atamın bərk qorxduğunu hiss etdim. Anam da pərt oldu. Həyatda qəribə hadisələr olur. Heç kimin ağlına gəlməzdi ki, qutudan dəftər çıxacaq. Yəqin ki heç kimin ağlına o da gəlməz ki illər sonra Yaponiyadakı sunami xəbərini televizrdan eşidən nənəm iç çəkib “vaxseyy qırıldı camaat”. Sonra yaponların müsəlman olmadığını öyrənib “cəhənnəmə olsunlar, elə bildim müsəlmanlardı” – deyəcək.

26. Kənan Yusif: Zəiflərin mübarizəsi

Görüntünün olası içeriği: 1 kişi, sakal

Uşaq vaxtı məhəlləmizdə bir çox uşağa qan udduran məhlə uşağımız var idi. Hamımızı bezdirmişdi. Bir gün qərar verdik ki, artıq bəsdi. Yetər bu zülmə dözdük. Yığışıb banda düzəltdik. Bandanın adı indiyə kimi yadımdadır: İlan zəhəri. Yox bir anakonda yumurtası. Əlqərəz, təmtəraqlı və pafoslu andiçmə mərasimi keçirildi və dərhal məhəllənin aşağısındakı parkda təlim məşq toplantısına başladıq. Jim eliyən kim, ağacla taxta qılınclarla qılınclaşan kim, dombalaq aşan kim və s. Yarım saat sonra qərara gəldik ki, artıq hazırıq. Hamımız Vandamma, Bryusleeyə dönmüşük. İlk hücum planına görə taxtalarla silahlanmış ordu həmin uşağın üzərinə hücuma keçəcək, raqatkalı dəstə isə blokların üstündən dəstək verəcəkdi. Məhəlləyə girib hərə bir tərəfdən uşağın üzərinə şığıdıq. Zalım oğlu nərildəyib üstümüzə necə qaçdısa məcbur qalıb bandanın tarixindəki ilk və son əmrimi verdim. "Geriyə çəkilirikkk". O gündən taleyimizlə barışıb bir də elə qələt eləmədik.

27. Sevinc Əhmədova: Anam

Görüntünün olası içeriği: 1 kişi, yakın çekim ve iç mekan

Anam orta məktəbi yaxşı oxumuşdu. İngilis dili müəlliməsi olmaq istəyirdi. Babam ona dini təhsil verdirsə də, anam dini qəbul etmirdi. İnstituta da girdi anam. Köhnə fikirli babam anamın təkbaşına qalıb oğlanlarla qızların bir yerdə təhsil almasını qəbul etmədi. Anamı kəndə qaytardı.

Anam atamı sevirdi. Atası bu nikaha da qarşı idi. Bu dəfə anam qətiyyətli çıxdı. Atama qaçdı, evləndilər. Evlənsə belə anamdakı oxumaq sevgisi tükənmirdi. Gündüzlər kolxozda işləyir, gecələr isə oxuyardı. Salam Qədirzadə, İlyas Əfəndiyev, Cəfər Cabbarlıdan tutmuş Hüqoya, Tolstoya kimi. Mənə elə gəlirdi ki, o xoşbəxt idi. Amma onun bu xoşbəxtliyi uzun sürmədi. Atamın qonşudakı ədəbiyyat müəlliməsini sevdiyi xəbəri yayıldı. Anam ifrat qısqanc idi. Ayrıldılar...

Anam artıq heç bir kitaba inanmırdı. Babamın ona az qala zorla öyrətdiyi Qurana sarıldı. Stolunun üstü dini kitablarla doldu-daşdı. Televizorumuz da ancaq Türkiyənin dini kanallarını göstərirdi. Hətta anam hicablandı da. O, ancaq Allaha inanmaq istəyirdi. Allahı sevməklə məşğuluydu.

28. İnqilab Quliyev: Paltaryuyan

Görüntünün olası içeriği: 1 kişi

Bir paltaryuyan maşınımız var ki, gəl görəsən. İşimizi görür, di gəl, çox oynaqdır. İşləməyə başladı, tutmaq olmur. Yazığı titrəmə tutur, sudurğa keçirirmiş kimi olur, daha sonra zombi kimi titrəyə-titrəyə başlayır evin içində gəzməyə. Bir də görürəm otağın qapısı döyülür, açıb görürəm paltaryuyan maşın. Gəzə-gəzə gəlib çıxıb bura. Dedim gəl keç içəri, sənin də işin asan deyil, kosmos haqqı, bir stəkan pivə iç. Oturduq televizora baxdıq, bu dəmdə bir başqa paltaryuyan maşının reklamını göstərirdilər. Bir də gördüm bunun qapısından su axır. Sən demə ağlayırmış. Dedim, nə oldu sənə, ay paltaryuyan. Dedi, rəhmətlik qardaşıma çox oxşadı. Hələ sahibimiz olmadan əvvəl mağazada ikən bir qəza keçirdi. Yerimiz yaxşı idi, düz pəncərənin önünə qoymuşdular bizi. Həm də yan-yana idik. Mağazanın olduğu küçə də mərkəzi magistrallardan biri idi. Gündüzləri maşınları, gecələri isə pəncərənin dibində qıvrılıb yatan bomjları izləyirdik. Bir gün günorta saatlarında yoldan çıxan bir maşın düz biz olduğumuz mağazaya doğru gəlib pəncərədən içəri girdi, dayandı. Qardaşım da elə öldü. Eh.. Nəysə, mən gedim işimi görüm. Üzrlü say, səni də üzdüm!’’

29. Aysel Novruz: Bir dəfə Parisdə

Görüntünün olası içeriği: 1 kişi

Parisə son səfərimdi.

Çantamı oğurladılar.

Məcbur Parisdə qalası oldum.

Pulum yox idi. Bir yerlimiz qonaq etdi. Səhər metroda görüşüb evinə getməliydik.

Belə də etdik.

Çamadanı qoyub şəhərə çıxdım. Gəzdim. Və geri qayıtdım.

Bir yerə bir dəfə getdimsə, ikincidə asan tapıram. Amma yorğun olduğumdan, nədir, baxdım ki, yolu xatırlamıram.

Xeyli dolaşdım. Yenə metronun eyni çıxışına qayıtdım. Ünvanı bilmirəm. On-on beş dəqiqə dəli kimi gözlədim. Telefon yoxdur, əzbər bildiyim nömrə yoxdur və məni həmişəki kimi ağlamaq tutdu. Bunun nə işə yaradığını özüm də tam bilmirəm.

Bu vaxt cavan bir kişi yaxınlaşdı.

- Tapa bilmədiz?

- Yox.

- Gəlin, göstərəcəm.

Əvvəlcə qorxsam da onun ardınca getməkdən başqa çarə yox idi. Adamların çox olan yeriylə gedirdik deyə güvənmək təhlükəli gəlmirdi. Sonra kiçik dalana çatdıq.

- Burdan düz gedin, sağdakı qapıdır.

Evi düz tapmışdı.

Və demişdi ki, səhər siz metrodan çıxıb kimisə gözləyəndə diqqətimi çəkdiniz, harda yaşadığınızı öyrənmək istədim və sizi izlədim. Bir daha görüşəcəyimizi bilirdim.

- Mənə yardım etdiyiniz üçün təşəkkür edirəm, dedim.

- Mən də Tanrıya sizi gözəl yaratdığı üçün təşəkkür edirəm.

Dedi, gülümsədi və getdi.

30. Hikmət Hüseynov: Yıxılmaq

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar, ayakkabılar ve açık hava

Hardasa 6 yaşım olanda məhləmizin sərhədlərini müəyyənləşdirən 2 metrlik hasardan yerə çox pis yıxıldım. Amma heç nə olmadı, demək olar. 3-cü mərtəbədəki qonşumuz qışqıraraq "Can, can bala anan namaz üstəymiş, qaç evə, ağlama" dedi. Evə gəldim ki, toy kasetinə baxırlar. Axırıdı, az qalıb.

# 1117 dəfə oxunub

Oxşar xəbərlər

Məhəmməd Füzulini dərk etmək məqamı

Məhəmməd Füzulini dərk etmək məqamı

15:49 3 noyabr 2024
Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

17:45 2 noyabr 2024
Dədə Qorqu casus olub? - Zəhra Həşimova

Dədə Qorqu casus olub? - Zəhra Həşimova

17:00 1 noyabr 2024
"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

12:00 27 oktyabr 2024
Bəlkə, ədəbiyyatı ləğv edək?

Bəlkə, ədəbiyyatı ləğv edək?

16:00 21 oktyabr 2024
Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

15:00 19 oktyabr 2024
# # #