Hüseyn Cavidə kim düşbərə qonaqlığı vermişdi?

Hüseyn Cavidə kim düşbərə qonaqlığı vermişdi?
27 mart 2014
# 09:00

Kulis.Az “Cavidi xatırlarkən” kitabına istinadən böyük şairimiz Hüseyn Cavidin qələm yoldaşlarının, dostlarının xatirələrini təqdim edir.

Camo Cəbrayılbəyli: Mən Cavidlə 1933-cü ilə kimi bir yerdə işləmişəm. O zaman darülmüəllimin Kommunist küçəsində, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin binasında yerləşirdi. Bu məktəb 1926-27-ci dərs ilindən sonra pedaqoji məktəbə çevrilmişdir.

Məktəbdə təlim-tərbiyə işinə daha yaxından diqqət vermək məqsədi ilə burada dərs deyən müəllimlərdən bir neçəsinə həmin binada ev verilmişdi. Mən binanın ikinci mərtəbəsində, Cavid isə üçüncü mərtəbəsində öz ailələrimizlə yaşayırdıq. Orada Cavidlə 8 il qonşu olduq. Öz ailəsinə mehriban olan, uşaqlarını, arvadı Mişkinaz xanımı məhəbbətlə sevən Hüseyn Cavid, bizim ailəmizin də əzizi idi. Biz tez-tez bir-birimizin evinə gedər, söhbətləşərdik. Mən həmişə onlara gedəndə Cavidi bəzən binanın damının üstündə görərdim. Sonra öyrəndim ki, Cavid orada şəhəri seyr etməyi sevərmiş.

Yadımdadır, bir dəfə xəstələndiyimi eşidib o, bizə gəlmişdi. Məktub üçün qapının ortasından açdığım deşiyi görüb zarafatla: -Camo bəy, sənə soyuq yəqin ki, bax buradan dəyibdir, - dedi və gülüşdük.

Rza Təhmasib: İlk dostluğumuz illərində Cavid yazdığı şeirləri Əziz Şəriflə mənə oxuyardı. O, bizim qeydlərimizə (bu barədə Əziz Şərif məndən daha cəsarətli idi) diqqətlə qulaq asardı, dəftərcəsinə nə isə qeyd edərdi. Əziz Şəriflə bərabər ona rus və qərb ədəbiyyatından oxuduğumuz əsərlər haqqında ətraflı danışardıq. Cavid Şekspir dramaturgiyası ilə, rus ədəbiyyatından Tolstoyun və Dostoyevskinin yaradıcılığı ilə maraqlanardı. Fars, ərəb, Osmanlı və Azərbaycan şairlərindən bizə nümunələr oxuyurdu.

1915-ci ildə Cavidin bilavasitə köməyi ilə Bakıda “Səfa” məktəbində müəllimliyə düzəldim. Bu məktəbdə Cavid də müəllim idi. Hər gün dərsdən sonra Cavidin dostları Abdulla Şaiq, Cəfər Bünyadzadə, Seyid Hüseyn və başqaları ilə o zaman Qubernator bağı adlanan Pioner bağındaa görüşər, ədəbiyyatdan, şeirdən ictimai və mədəni hadisələrdən söhbət edərdik. Bu söhbətlərimizdə bəzən N. Nərimanov da iştirak edərdi. O, Cavidə mehriban bir münasibət bəslərdi. Axşamlar isə Cavidin “Təbriz” mehmanxanasındakı otağına toplaşardıq. Bu yığıncaq tam mənası ilə ədəbiyyat və şeir məclisinə çevrilərdi. Salman Mümtaz fars və Azərbaycan dillərində əzbərdən və xoş bir ahənglə çoxlu şeir oxuyardı. Onun çox gözəl yaddaşı var idi.

Bahram Alazan: Mən Cavidlə ikinci dəfə 1934-cü ildə Bakıda görüşdüm. Bu görüşümüzdə o mənə belə bir maraqlı əhvalat danışdı:

- Bir dəfə Azərbaycanın ozamanki xalq maarif komissarı Mustafa Quliyev Hüseyn Cavidi evinə çay içməyə dəvət edir. Cavid bu dəvəti məmuniyyətlə qəbul edib, axşam çağı onun mənzilinə gedir. Çay içdikdən sonra M. Quliyev onu özünün kabinetinə aparır. Cavidin diqqətini xalq maarif komissarının kabinetinin divarına vurulmuş şəkillər cəlb edir. Yağlı boyalarla çəkilmiş bu şəkillərin içərisində təbiət təsvirləri, gözəl qadın portretləri, natürmortlar və sair var imiş.

Onlar kabinetdə oturub söhbət edərkən M. Quliyev Hüseyn Cavidə deyir:

- Yoldaş Cavid, siz çox böyük şairsiniz, xalq sizi çox sevir. Lakin sizin pozisiyanız bizim yeni həyatımızdan çox geri qalır. Siz ancaq təbiət, məhəbbət, gözəl qadınlar və sair bu kimi apolitik mövzularda yazırsınız: siz kəndlərimizdə yaranan dəyişiklikləri görürsünüz? Kənddə həyat kökündən dəyişilib, kolxozlar təşkil olunur, çöllərdə traktorlar işləyir. Lakin təəssüflə deməliyəm ki, sizin şeirlərinizdə biz traktora təsadüf etmirik. Bəs siz nə vaxt traktor haqqında yazacaqsınız?

Böyük sənətkar özünəməxsus müdrikliklə kabinetin divarlarından asılan tabloları göstərib kinayəli təbəssümlə ona belə cavab verir:

- Yoldaş Quliyev, sizin kabinetinizin divarlarında nələr görürəm? Təbiət, məhəbbət, gözəl qadın, alma, armud, qədəh, kuzə və sair. Bu divarlardan bir dənə də olsun traktor şəkli asılmayıb. Axı traktorlar bizim çöllərimizə səs salıb. Nə üçün bu qadın portretlərinin yanından bir dənə də olsun traktor şəkli asmayıbsınız?

Cavidin gözlənilməz cavabından sonra Quliyev deyir:

- Siz nə danışırsınız, yoldaş Cavid! Bunlar bədii lövhələrdir. Traktorun bunların yanında nə işi var?

Cavid yenə kinayə ilə cavab verir: - Yoldaş Quliyev, siz nə fikirdəsiniz, bəs mənim şeirlərim bədii lövhələr deyil? Siz niyə öz tırtıllı traktorlarınızı mənim şeirlərimin içinə salırsınız? Əgər sizin divarlarınızdan heç olmasa bircə traktor şəkli asılsa, o zaman siz traktorun səsini mənim şeirlərimdən də eşidərsiniz.

Cavid bu sözləri deyərək xalq maarif komissarı ilə vidalaşıb onun evini tərk edir.

Məmməd Rahim: Hüseyn Cavid məndən düşbərə istəmişdi. Bişirtdirdim. Səməd Vurğunu, Müşfiqi və Abdula Faruqu da dəvət elədim. Demək olar ki, hamısı bir vaxtda gəldi.

Şaqqıltılı nərd işə düşdü, uduzanlar bir-bir sıradan çıxdı. Yenə söhbət başlandı. Həmişə olduğu kimi söhbətin mərkəzində Hüseyn Cavid dururdu. Müşviq onun, Tofiq Fikrətin, Əbdülhəq Hamidin, Məhəmməd Hadinin şeirlərindən hərarətlə oxuyur; “Fintək”dən parçaları “Şeyx Sənan”, “Sis”i “Tarixi-qədim” əvəz edirdi. Axırda Müşfiq Məhəmməd Hadidən:

Bir ildırım olsam da, əritsəm gecələrdən

Bir parça olan örtünü gül üzlü səhərdən, -

Misralarını oxudu. Cavid dedi:

- Hadi bu şeiri (“Əlhavi-nəfasət”) mənə cavab yazmışdır. Mən qadının çarşabda gözəl göründüyünü iddia etmişdim. (“Pənbə çarşaf”) Hadi buna etiraz eləmişdi.

Mən Hadinin bu misralarını dedim:

Qoymuş miləl imzasını övraqi-həyatə,

Yox millətimin xətti bu imzalar içində.

Hadinin milli intibaha atəşin şeirlər ithaf etdiyindən, böyük həsrətlə yazdığından, ürək yanğısı ilə dilə gəldiyindən danışdıq. Sonra yenə Caviddən söhbət düşdü. Xarici səfərinə dair suallar verildi. O, dedi: “Bir dəfə İstanbulda qəzetdə oxudum ki, yaxşı şeir müsabiqəsi elan edilmişdir. Mən də bu şeirimi təqdim elədim” – deyib şeiri oxumağa başladı:

Sarı gül, ey şikəstə solğun nur!

Çeşmi-nazində başqa rəzm oxunur.

Neçin aludeyi-qübar oldun,

Söylə bir, söylə, neçin soldun?

(“Vərəmli qız” şeirindən)

Bu şeiri mən vərəm xəstəliyinə tutulmuş bir qıza yazmışdım, heç gözləmədiyim halda mükafat aldığımı bildim.

Mən Caviddən xahiş etdim ki, şeiri təkrar etsin, yazım. O həmin sətirləri təkrar elədi. Səməd böyük ehtiramla: - Cavid əfəndi, mən sizin romantikanı çox sevirəm, ancaq olmazmı bir az sadə yazasınız, hamı başa düşsün? – deyə sual verdi.

Cavid: “Siz sadə yazın, mənim öz yolum, öz ədəbi təhsil və tərbiyəm vardır. Bir də, şeiri sadələşdirmək olmaz”- dedi.

Söhbəti qəlizləşdirmədik. Gənc idik. Özü də Cavid tez tutulan idi. Hətta nərddə uduzanda da qanı qaralardı. Ona görə də bəzən bilərəkdən uduzmaq istəyərdik. Az qalmışdı bu gün də belə olsun. Bunu biləndə, duyuq düşəndə acığı daha çox tuturdu. Nə isə, düşbərə gəldi, ədəbi söhbət kəsildi.

Süfrə yığıldı, çay gəldi, yenə söhət başlandı: Cavid dedi: mən bu fikirdəyəm ki, əsəri zümrələr üçün deyil, insanlar üçün, dünyanı sevənlər üçün yazmaq gərəkir. Faruq “insan məfhumu mücərddir” dedi. Cavid “insan məfhumu müqəddəs və konkretdir!”- deyə etiraz elədi. O, bu sözləri deyəndə ahəngində ciddilik vardı.

Torpaq vətənim, nəvi-bəşər, millətim-insan,

İnsan olur, ancaq buna izanla inandım! –

Misralarını oxuyub, “böyük Tofiq Fikrətdən öyrənin!” – dedi.

Abdulla Şaiq: İsti bir yaz axşamı idi. Şəhər bağçasında yan-yana oturub söhbət edir, hər kiçik bir hadisədən qəhqəhələr qonaraq əylənirdik. Hər ikimiz gənc, hər ikimiz subay idik. Dostum bu aralıq qarşımızdan keçən şıq geyimli, üz-gözü boyalı gənc bir qadına işarə edərək: “Mənə bax, nə haldayam, yara bax nə sallanır!” mahnısını kəsik səslə oxudu. Qadın kəklik kimi səkərək önümüzdən sürətlə keçmişdi. İndi hər ikimiz onu arxadan seyr edərək vücudundakı tənasübü təyin etməyə çalışırdıq. Yoldaşım başı ilə onun yapon şəmsiyyələrini təqlid edən iri, olduqca iri şlyapasını göstərərək istehzalı bir qəhqəhə qoparandan sonra:

- İnsanların get-gedə zövqü pozulmağamı başlayır, nədir? Bu iri qazan incə başlara yaraşırmı?

- Nə etsin, zavalı moda əsiri, sıradan qalmaq olmaz, - dedim.

Bu qadın söhbətimizin uzanmasına gözəl bir mövzu oldu. Söz-sözü çəkərək bir çox şeydən, hətta həyatın ən mühüm məsələlərindən olan təəhhüldən (evlənmək) bəhs etdik. Nəhayət, modasız, boyasız, riyasız, təbii, saf və sadə gözəlliklərin insanda buraxdığı təsirin bambaşqa olduğundan böylə bir həyat yoldaşı tapmağa qərar verdik.

Cavid Bakıda köhnə Nikoleyvski küçədə yerləşən “Təbriz” otelində yaşayırdı. 1918- ci ilin mart hadisəsindən sonra yazıçı və münəqqid Hüseyn Sadiq ilə bərabər bizə gəlmişdi. Cavidin bətbənizi ağarmışdı. O, son dərəcə nəşəsiz və mütəəssir görünürdü. Əhval sordum. Hüseyn Sadiq Cavidin əsir düşdüyünü və ölümdən qurtulduğunu söylədi. Sonra şair özü başına gələn qəzanı müfəssəl şəkildə belə danışdı:

“Mart hadisəsinin ikinci günü bir dəstə qaçaq-quldur otelin qapısını qırıb içəri girdilər və altmış nəfərdən ziyadə müsafiri əsir aldılar. Mən vəziyyətin nə yerdə olduğunun hiss edərək getmək istəmirdim. “Nə edəcəksiniz burada edin!”- dedim. Lakin hamımızı məcburən çıxarıb apardılar. Yolda hər tinbaşı üzərimizə yaylım atəşi açıldıqca hamımız qorxudan yerə sərilir, bir-birimizə qısılırdıq. Sonra “Qalxın!” əmri verilincə yoldaşlarımızdan bir çoxunun qurşunlara fəda olduğunu görürdük. Xülasə, altmış nəfərdən yalnız iki nəfər qaldıq. Bizi gətirib Mayılov (indiki M. F. Axundov adına Akademik Dövlət Opera və Balet Teatrının binası) teatrına buraxdılar. Aralıq sakitləşənə qədər orada qaldıq. Bu hadisədən olduqca mütəəssir oldum. İndi biz Hüseyn Sadiq ilə Ənzəliyə qaçmağa qərar vermişdik. Bura çox təhlükəlidir. Sənə də burada qalmamağı məsləhət görürəm.

Mənim Bakıdan çıxmaq iqtidarım yox idi. Vəziyyətimi Cavidə anlatdım. Hüseyn Sadiq ilə Cavid iki gün sonra Ənzəliyə getdilər. Cavid oradan Təbrizə, Təbrizdən Naxçıvana getmişdi.

Cavid Azərbaycan səhnəsinin şah əsərlərindən olan “İblis” faciəsini bu acı təsirlər altında yazmışdı.

Əli Zeynalov: Teatrda “Səyavuş” əsərinin oxunuşu keçirilirdi. Cavid müəllim üç nəfər tələbəsini də bura dəvət etmişdi. Onların arasında mən də var idim.

Əsərin oxunuşu qurtardı. Sonra çıxışlar başlandı. Şəksiz, hamı əsərə heyran qalmışdı. Lakin Hüseyn Cavid dramaturgiyasına laqeyd münasibət bəsləyənlər də var idi. Onlar müsbət qəhrəman olan Altay surətini bir qədər qüvvətləndirmək lazım gəldiyini irəli sürür, bu düzəlişdən sonra məşqlərə başlamaq mümkün olduğunu deyirdilər.

Hüseyn Cavid onların “iradlarını” diqqətlə dinlədi. Lakin yersiz iradlara dözə bilmədi. Pyesi götürüb, əsəbi halda teatrdan çıxdı. Biz də onun dalınca çıxdıq. Yol boyu heç birimiz danışmağa cürət etmədik. Ancaq qəfildən yoldaşımızdan biri sadəlövhcəsinə:

- Müəllim, bəlkə onların dediyi ilə razılaşasınız, əsər də oynansın, - dedi. –Əgər əsəriniz səhnədə tamaşaya qoyulmayacaqsa, onda niyə yazırsınız?

Hüseyn Cavid tərs nəzərlərlə onu süzdü, sonra qəti dedi:

- Mən yazmalıyam! Səhnədə tamaşaya qoyarlar, qoymazlar öz işləridi.

O, bir qədər susdu. Sonra əlavə etdi:

- Mən yazmaya bilmərəm!

# 3536 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #