Suların içində bir div gizlənib – Yeni Şeirlər

Suların içində bir div gizlənib – Yeni Şeirlər
28 may 2019
# 14:02

Kulis.az Hədiyyə Şəfaqətin yeni şeirlərini təqdim edir.

***

Xoşbəxtlik

Qum kimi süzülüb tökülür barmaqlarımızın arasından

Küləyə qarışır, suya qarışır

Quma qarışır

Ovcumuzda saxlaya bilmirik...

***

Sevginin

Əlləri bir çiynimizə toxunanda

Bir çiynimizdən kəpənəklər qanadlanıb

Uçub gedir

Baxırıq, gülə bilmirik

Baxırıq,

ağlaya bilmirik...

***

Dünyanın ən yaralı ağacları

Qurumaqda olan ağaclardır

Ən yaralı kişiləri tərk edilən

Ən yaralı qadınları isə,

yəqin,

Göz yaşlarını saxlaya bilməyən...

Qoy yaralı qadınlar

Quruyan ağacların dibində ağlasınlar...

Yaralı kişilər...

Yaralı kişiləri...

Yaralı kişilərdən...

Tanrı muğayat olsun...

və onlar

Quruyan ağacların yanında ayaq saxlasınlar...

***

Bir quş uçdu budağından

Ağacın gözləri yuvaya dikildi...

Axşam oldu, quş qayıtmadı

Səhər oldu, quş qayıtmadı

Qış gəldi, quş qayıtmadı

Yaz gəldi, quş qayıtmadı

Ağacın yuva olan tərəfi qurudu...

***

Yorğun qağayıdır sükutun dili

Enməyə suyu yox

Uçmağa göyü

Yol çəkib yoxluğun içindən əli

Sancılıb sahildə ağac göyərib

Göynəyi üstündə lal - düyün-düyün...

Suların içində çəkib geriyə

Dərin nəfəsini, bir div gizlənib

Qoyub ürəyini büllur şüşəyə

atıb,

Sinəsinin boşluq yerinə kimin canı düşsə

Can təmizlənir...

Getmisən,

Gəlmisən, pəcərəmizdə

Təzə çiçəklərə torpaq olmusan

Bax o küçədəki ağacımıza

Kök-köməc olmusan, yarpaq olmusan...

Sənə də bəs edir, mənə də bu ev

Divin sinəsinin boş yerindədi...

Sən də sev bu səhər,

Bu şəhəri sev

Canını axtarma

Canın məndədi...

***

Sükut sükut içində

Canımdan bir can qopub

Qopanda düşman qopub

Dönəndə aşiq dönüb...

Qarşımda yol görünüb - gözlərimi yummağa...

Tanrı...

Tanrı çırpınıb üstünü soyunmağa,

içindən mən çıxmışam...

Uçmuşam, dayanmışam

Uçmuşam, darıxmışam...

Çöllərin tozu qalib ayağımın ucunda

Son xəbəri gətirib baxıram qərib-qərib...

Deyib yuxularda səs

Deyib - bu yol, bu da sən

Enmə aşağı, enmə...

Sevinmə,

Heç sevinmə...

Səni bir qadın doğur aşağıda - dünyada

Səni bir kişi sevir...

Bax gör hələ nələr var...

Çağır,

Ey yerin-göyün sahibi, məni çağır ...

Bax gör, o qadın necə ağrıyır, - nə gəlirsən?

Gör o kişinin əli necə toxunur sənə,

Necə, nə ağır-ağır...

İndi

Sənin səbrinin sükutu nə soyuqdur...

...Ağ-ağ inciçiçəyi kimidir, başıaşağı

Arabir gülümsəyir gözlərimin işığı

Öldürür o qadını,

Unudur o kişini...

Pıçıldayır astaca:

- İlahi, yoxdur qara

İlahi,

qara

yoxdur...

***

Adam

Dənizə baxır

Baxır, ləpələnməyinə baxır

Baxır, dalğalanmağına baxır...

Qaranlıq gecədə baxır

İşıqlı gündüzdə baxır

Yağış yağanda baxır

Duman enəndə baxır

Baxır

Eləcə baxır

Baxır,

Yenə də baxır...

Arabir

Gözünü dənizdən ayırıb

Başını aşağı salır

Darıxır,

darıxır

darıxır...

Adam bu darıxmağın qabağında

Başını götürüb

Çıxıb-çıxıb getməyə yer axtarır...

# 3692 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #