Eldar Baxışın heç yerdə yayımlanmayan şeirləri

Eldar Baxışın heç yerdə yayımlanmayan şeirləri
22 iyun 2019
# 16:22

Bu gün tanınmış şair Eldar Baxışın doğum günüdür. Kulis.Az bu münasibətlə şairin heç yerdə yayımlanmayan şeirlərini təqdim edir.

İkinci yerdə birinci görünən şair

İyunun 22-si ədəbi təqvimdə Eldar Baxışın doğum gündür. 20 ildir bizdən ayrılıb. Cəmi 49 il yaşadı. Deyilənlərə görə yaşın 49-u kişilər üçün qorxulu yaşdı. Eldarın “sabununu, tiyanını, köynəyini, əlyazmasını, ömrünü-gününü satıb, ancaq özünü və ruhunu satmayan” şairlərdən biri kimi xarakterizə etdiyi M.Ə.Sabir də 49 yaşında dünyadan köç edib. Burda onu da deyək ki, hər iki şairimiz doğma millətin taleyinə biganə qala bilməməyin acısını çəkiblər.

Keçən əsrin 3 ili (1987-86-85) Eldar Baxışla yaxın ünsiyyətimiz olub. Bu qıssa zaman kəsiyində şairdən bir insan kimi görüb-götürdüyüm bəs edir ki, ömür boyu onu unutmayım. Sovet rejiminin kəsəkəs vaxtında Bakıda yol yoldaşı olarkən şairin söhbətlərinə qulaq asanda fikirləşirdim ki, bu kişinin ağzından qan iyi gəlir. Tarixdən bəlli olan imperiyalar haqqında müqayisələr aparıb – şair Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi – SSRİ kimi zəhmli bir imperiyanın dağılacağını qabaqcadan dilə gətirmək o dövr üçün hər oğulun işi deyildi.

Yerişi, duruşu, tərpənişi, danışığı, şeir deməsi, araq içməsi – bir sözlə Eldarın özünəməxsus bütün hərəkəti gözümün və qulağımın yaddaşındadır. Duzlu-məzəli lətifələr danışar, ürəkdən şaqqanaq çəkib gülər və sonra “Xalq yaradıb da!” – deyib lətifənin ağız ədəbiyyatı, xalq yaradıcılığı olduğunu xüsusi vurğulayardı. Bu zaman yaratdığından dolayı xalqa olan məmnunluq dolu minnətdarlıq hissini üzündəki ifadədən açıq-aydın oxuyurdum. Utanmağıma rəğmən qolumdan bərk-bərk tutub darta-darta Əhmədlidəki evlərinə aparar, asma eyvanda mənə təzə yazdığı şeirləri oxuyardı. Rəhmətlik şeiri yaman yanıqlı deyərdi. Elə bil səsi misralarının ortasından-içindən gəlirdi. Bu zaman onu dinləyənə ayrı yol qoymazdı, dinləyicisini də yanında götürərdi. Yaradan ona hər şeyi yerli-yerində vermişdi. Boy-buxunlu, enlikürəkli, geniş ürəkli və haracan desən ciyərli oğul idi. Ona baxanda mənə elə gəlirdi ki, vücudu Zəngəzur dağlarında gördüyüm lay daşlardan yonulub. Eldə Eldar kimi oğullar haqqında “dördböyrək”, “qurd ürəyi yeyib” deyirlər.

Bir dəfə metroda gedərkən aramızda olan bu dialoqu həmişə xatırlayıram. Söhbət əsnasında nədən söz düşdüsə, Eldar dedi:

- Şairlərin arasında mən ikinci yerdəyəm.

Mən soruşdum:

- Bəs birinci yerdə hansı şairdi?

- Birinci yerdə durmaq üstündə qırğın gedir, ona görə də orda heç kim dayana bilmir. Amma mən ikinci yerdə elə birinci görünürəm – cavabını verdi və həmişə belə söhbətlər zamanı olduğu kimi ürəkdən güldü.

Şair uşaqla uşaq, böyüklə böyük idi. Şeirlərində olduğu kimi hamını öz dilində danışdırırdı.

Keçmişdə Nil çayı daşıb sahillərini basardı. Bu zaman əkinçilərin əkin sahəsi arasındakı nişanı da çay yuyub yox edərdi. Çay öz yatağına çəkildikdən sonra qədim misirli əlində o dövrün ölçü vahidi əkinçilər arasında yenidən bölüşmək üçün yeri arşınlayar və müəyyən ölçüdən sonra nişan qoyardı.

Eldar Baxış da şeirlərində həmin qədim misirlini xatırladır. O, bütün şeirlərinə öz möhürünü və nişanəsini qoyub. Şeirlərini oxuduqca biz şairin nəfəsini duyur, onu öz misralarının yanında görürük. Nil çayı növbəti daşqında qədim misirlinin sahildəki əkin sahələri arasında qoyduğu nişanları pozur. Ancaq Eldar Baxışın öz şeirlərinə qoyduğu möhür, nişan (buna dəsti-xətt də deyirlər) heç vaxt pozulmayacaq. Bu Eldar Baxışın xoşbəxt şair taleyinin göstəricisidir.

O vaxt şair dünyasını dəyişəndən xeyli sonra çap olmayan şeirlərinin sorağıyla evinə getdim. Həyat yoldaşı Həcər xanım fikrimi bilən kimi əlyazmaları (makinada və qələmlə yazılmış) gətirib mizin üstünə qoydu. Mən mühasibliyimdən irəli gələn qaydaya görə şeirləri siyahı üzrə qəbul etdim (Eldargilə tənqidçi dostum C.Yusifli ilə birlikdə getdiyim də yadımdadır). Çap etdirəndən sonra əlyazmaları aparıb çap olunan qəzetlə birlikdə siyahıyla da təhvil verirdim. Bir dəfə də belə təhvil vermə vaxtı “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin verdiyi qonorarı da ailəsinə çatdırdım.

Bu günlər evdə oturub həmin şeirləri kompüterə köçürməklə məşğulam. Məlum oldu ki, mənim arxivimdə rəhmətliyin kitablarına düşməyən xeyli şeirləri var. Həmin şeirlər “525-ci qəzet”, “Ədəbiyyat qəzeti”, “Müxalifət”, “Mədəniyyət”, “Azadlıq”, “Ədalət”, “Yeni Müsavat” kimi qəzetlərdə və eləcə də “Ulduz” və “Cahan” jurnallarında həm mənim, həm də Nəriman Qasımoğlu tərəfindən çap etdirilib.

Eldar Baxış yaradıcılığının şah damarı Sevgidir. Orada hər kəsə - Allahdan tutmuş bəndəyəcən, hər şeyə - ağacdan otacan, güldən çiçəyəcən sevgi var. Elə bu yazını yazdıran da həmin böyük Sevgidir.

İlham Qəhrəman

Yox

Rəhmətlik Sabir,

rəhmətlik Məhəmməd Hadi,

rəhmətlik Hüseyn Cavid

küçəyə, bazara çıxardıb

sabunlarını satdılar,

tiyanlarını satdılar,

köynəklərini satdılar,

əlyazmalarını satdılar,

ömürlərini satdılar,

günlərini satdılar,

nələri var satdılar,

özlərini,

ruhlarını yox!

Rəhmətlik Sabirdən,

rəhmətlik Məhəmməd Hadidən,

rəhmətlik Hüseyn Caviddən

sonra gələn şairlər

küçəyə, bazara çıxardıb

özlərini, ruhlarını satdılar,

amma ömürlərini, günlərini,

əlyazmalarını, köynəklərini,

tiyanlarını, sabunlarını yox!

Bizim bir tərəfimizdə özlərini,

ruhlarını satmayan şairlər

durub,

bir tərəfimizdə özlərini,

ruhlarını satan şairlər.

Biz qalmışıq arada.

Bir tərəfdə onlar,

bir tərəfdə bunlar,

bir tərəfdə həqiqət,

bir tərəfdə yalan,

bir tərəfdə şeir,

bir tərəfdə siyasət,

biz qalmışıq arada.

Bir əlimiz orda,

bir əlimiz burda,

bir ayağımız orda,

bir ayağımız burda,

bir gözümüz orda,

bir gözümüz burda,

biz qalmışıq arada.

Ara şairləri deyirlər bizə;

biz bu aradan çıxmalıyıq,

bu ardan çıxıb getməliyik,

özü də o tərəfə - bu tərəfə yox,

bir tərəfə -

Sabir tərəfə,

Hadi tərəfə,

Cavid tərəfə.

O tərəfə ki

satmalı olsaq

sabunumuzu,

tiyanımızı,

köynəyimizi,

əlyazmamızı,

ömrümüzü,

günümüzü sataq,

daha Sabirdən,

Hadidən,

Caviddən sonra gələn şairlər kimi

özümüzü,

ruhumuzu yox!

1991

Yoxdu

Qaçıb bu dünyanın tamı,

Ha gəzirəm o tam yoxdu.

Məni çəkir ayağımdan,

Qolumdan bir tutan yoxdu.

Mən həm yayam, mən həm qışam,

Mən həm çöləm, mən həm xışam,

Bir parça dəmirəm, daşam,

Mənim anam, atam yoxdu.

Bu sayda adam içində,

Bu soyda adam içində

Bu boyda adam içində,

Dərd deməyə adam yoxdu

1991

Dünya

İsası qırıla, Musası qala,

Onsuz da bu dünya düzələn deyil.

Musası qırıla, İsası qala,

Onsuz da bu dünya düzələn deyil.

Bozara-bozara boz ayı çıxa,

Şaxta ayı çıxa, buz ayı çıxa,

Əlli günü çıxa, yüz ayı çıxa

Onsuz da bu dünya düzələn deyil.

Nə deyir sökülən, bax, o dan yeri?

Ayın ay yeri var, günün gün yeri,

Suyun su yeri var, dənin dən yeri

Onsuz da bu dünya düzələn deyil.

Sünbül sünbüldürsə, qıçalayacaq,

Budaq budaqdırsa, haçalayacaq,

Qurdu quzusunu parçalayacaq,

Onsuz da bu dünya düzələn deyil.

Min il bağrımızı yarıb beləcə,

Min il qanımzı sorub beləcə,

Dəvə boynu kimi durub beləcə,

Onsuz da bu dünya düzələn deyil.

Əzilsək, bir yerdə əzilməliyik,

Düzülsək bir yerdə düzülməliyik,

Eldar, biz özümümz düzəlməliyik,

Onsuz da bu dünya düzələn deyil.

***

Paltar var, baxıram üzü görünmür,

Paltar var astarı üzündən qabaq.

Baş var başkəsəni gəlib dünyaya,

Doğulub dünyaya özündən qabaq.

Baş var, başkəsəni qabağındadı,

Baş var, başkəsəni arxasındadı.

Başkəsən o yanda imam donunda,

Bu yanda peyğəmbər çuxasındadı.

Elə başkəsən var, elə gəzir ki,

Elə bilirsən ki, nur topasıdı.

Elə bilirsən ki, uca bir dağın

Uca zirvəsində qar topasıdı.

Elə bilirsən ki, bir gözəl şitil,

Bir gözəl toxumdu, bir gözəl dəndi...

Elə bilirsən ki, başkəsən deyil,

Elə bilirsən ki, başdüzəldəndi

1993

Pullu adam

Sənin pulun var.

mənim tanrım.

Sənin evin var,

mənim ilhamım.

Sənin maşının var,

mənim qələmim.

Sənin telefonun var,

mənim azadlığım.

Sən görən işi mən görə bilmərəm,

mən görən işi sən.

Sən cevinc içində üzürsən,

mən dərd içində.

Günlərin bir günü ölüb gedəcəyik, -

sənin pulun, evin, bağın,

maşının, telefonun,

sevincin qalacaq bu dünyada,

mənim tanrım, ilhamım,

şeirim, qələmim,

azadlığım, dərdim.

1991

Yarımçıq azadlıq

Alacağım nəfəsin

yarısını ala bilirəm,

deyəcəyim sözün

yarısını deyə bilirəm,

gedəcəyim yolun

yarısını gedə bilirəm,

çatacağım mənzilin

yarısına çata bilirəm...

...Mənə yarımçıq

azadlıq verincə,

bütöv ölüm ver, İlahi!..

1991

Qoşmalar

Mirməhəmmədin xatirəsinə

1

Bu dünyanın ayrı davası yoxdu, -

Dövlət davasıdı, var davasıdı.

Bülbülün davası gül davasıdı,

Aşığın davası yar davasıdı.

Baş olmur hər gəzən bədənin üstə,

Oğul xoruzlanır dədənin üstə,

Qırğın-qiyamətdi gödənin üstə,

Çörək davasıdı, şor davasıdı.

Dəmirə batası dişim yox mənim,

Polada gərəsi döşüm yox mənim,

Köpəklə, qancıqla işim yox mənim

Mənim bir davam var - gor davasıdı.

2

Ölənlər ölüblər, can qurtarıblar,

Nə vaxt öləcəyik, itəcəyik biz?

Bu nahaq dünyadan o haqq dünyaya

Yol alıb iz salıb gedəcəyik biz?

Tərsinə çevirib papağı nə vaxt –

Bu qara, bu gözəl torpağı nə vaxt,

Bu qalın, bu enli yarpağı nə vaxt –

Çəkib üstümüzə örtəcəyik biz?

Bəsdi korun-korun yandıq od kimi,

Bəsdi yorta-yorta çapdıq at kimi,

Adam kimi ölüb, nə vaxt ot kimi,

Nə vaxt ağac kimi bitəcəyik biz?

3

Ağacın yanında, otun yanında,

Çiçəyin yanında min il nə şeydi.

Ha özünü tox tut, könlünü tox tut,

Min ilin yanında könül nə şeydi.

Quruca kölgədi qayanın varı,

Quruca şəkildi aynanın varı,

Dünyada qalacaq dünyanın varı

Gəbə, xalı, xalça, kilim nə şeydi.

Bildik yükümüzü daşımaq nədi,

Bildik qarnımızı qaşımaq nədi,

Yaşadıq, anladıq yaşamaq nədi,

Ölsəydik, bilərdik ölüm nə şeydi.

Ütük yazıçılar, sürtük şairlər

Min oyun açdılar sözün başına,

Hörmətdən saldılar sözü dünyada.

Sözü

qarışqaya yük elədilər,

sözü qoyun bilib, sözü qoç bilib

kəsdilər, soydular, tikələdilər.

Vergi ocağından, vergi odundan

onlara kül düşdü –

kül apardılar...

Ağıllı sözlərin ətini yeyib,

sonra sümüyünə əl apardılar.

Özləri cəhənnəm, -

oxucunu da

Haya-küyə basıb bay elədilər.

Aya dəymədilər, ay dalandadı

ulduzu doğrayıb ay elədilər...

...Sındırdılar sözü, əydilər sözü,

atdılar bir yana hər qırığını.

Ütük yazıçılar, sürtük şairlər

çıxardılar sözün cıbırığını.

Qoşma

Dəstərxanın bütöv-bütöv çörəyi,

tikə-tikə tikələnib görmüşəm,

Kölgəsiz adamı ağac dibində,

kol dibində kölgələnib görmüşəm.

Dağda qışdı yay olanda aranda,

quş var yatır gün yuxudan duranda,

Bir ağacın bir barını qıranda

yüz budağı silkələnib görmüşəm.

Bir günlük iş niyə çəksin bir aya,

Harayçılar niyə gəlmir haraya,

Erkəc ölüb, çəpiş çıxıb araya

Xoruzlanıb, təkələnib görmüşəm.

İş dedilər toyuq küllük daradı,

qurd qoyunu, qurd quzunu aradı,

Qara məxmər bünövrədən qaradı,

ağ ipəyi ləkələnib görmüşəm.

Çiling-ağac

45 yaşım var,

45 ildi dünya bir tərəfdə,

mən bir tərəfdə,

çiling-ağac oynayırıq dünya ilə.

Hərdən mən ağac oluram,

dünya çiling;

Çox zaman dünya ağac olur,

mən çiling.

Dünya ilə çiling-ağac oynaya-oynaya

orta məktəbi bitirmişəm,

Ali məktəbə girmişəm;

Müəllim işləmişəm,

sevmişəm, evlənmişəm,

ev-eşik yiyəsi olmuşam.

Beş-altı uşağım olub,

beş-altı kitab oxumuşam;

beş-altı kitab yazmışam,

beş-altı dost qazanmışam...

Bu oyunda

dünya nə itirib deyə bilmərəm,

ancaq mən

45 il itirmişəm –

içində mənim sevincim,

içində mənim kədərim,

içində mənim azadlığım –

mənim tanrım.

1991

# 9381 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #