Sevdiyin gülü söylə - deyim, necə qadınsan?

Sevdiyin gülü söylə - deyim, necə qadınsan?
24 iyul 2014
# 15:51

Könül Həsənqulu yazır...

Hər qadının mütləq sevdiyi bir gül-çiçək növü vardır. Fərq etmir ki, o, uzaq əyalətdə ömür sürən yaşlı bir qadındır, yoxsa paytaxtın mərkəzində yaşayan gənc qız. Qadın dediyimiz – təbiətə ən yaxın varlıqdır ki, sevdiyi gülləri əlinə alıb, qoxusunu ciyərlərinə çəkməklə, onda bütövlük hissi yaranır. Psixoloqlar qadınların xarakterini, onların gül seçimindən də müəyyən etməyin mümkün olduğunu deyir. Deməli, qadının gül seçimi onun yalnız zövqünü deyil, həm də xarakterini nümayiş etmiş olur.

Hazırda biz, deyərdim ki, Kimyəvi inkişaf dövründə yaşayırıq. Bunun müsbət tərəfləri olsa da, mənfilikləri qaçılmazdır. İndi yalnız dekorativ güllər deyil, eynən eləcə, “dekorativ” görünüşlü qadınlar da mövcuddur ki, bu ikisinin vəhdəti – psixoloqların xarakterizə haqda söylədikləri fakta söykənir. Əlbəttə ki, əllərində çobanyastığı tutan, dərisi yay günəşindən yanıb közərmiş bir biçinçi qadının görünüşü daha bədiidir, nəinki ləçəklərinin ucu zərli-zibalı, mavi-yaşıl və təbiətin bixəbər olduğu digər rənglərdə güllərin iri, ağır buketini bağrına sıxan süni gözəlçə. Təbii ki, bu subyektiv baxışdır. Zövq məsələsidir. Ancaq əminəm ki, heç bir sünilik – yaradıcı insanın ruhunu duruldub, onu hansısa bir şah əsəri yaratmağa sövq edə bilməz! Nəticədə, güllərin və qadınların “kimyəvi dəyişikliklər”i yalnız təbiətə deyil, həm də yaradıcı ruha enən zərbədir. Götürək, elə rəssamlıq sənətini. Gəlin, məşhur klassik rəsm əsərlərinə baxaq: bu əsərlərdə təsvir olunan qadınlar heç də iyirmi yaşlı, arıq, saçları ütülü, sümükləri bilinən qadınlar deyil. O rəsmlərin qəhrəmanları, əsasən, orta yaşlı, dolu bədənli, xırda büstlü, saçları qıvırcıq qadınlardır. Fəqət, bütün bu təsvirlər gözəl incəsənət nümunələrdir! Güllər-çiçəklər də eləcə. Onlar da qadınlar kimidir: nə qədər təbiidirsə, bir o qədər də incəsənətə aparan yola – yaradıcı ruha yaxındır.

Hətta qədim yunanlar hesab edirdilər ki, güllər-çiçəklər ilahi mənşəli canlılardır. Onlar rənglərini də tanrılardan alıblar. Məsələn, Afrodita Adonisi axtarərkən ayağına qızılgül tikanı batıb və güllər, Afroditanın bir damla qanından dərhal al-qırmızı rəngə boyanıb. Beləcə, qızıl gülün rəngi dəyişib, qırmızı olub. İtkin düşən sevgilisi Adonisin bir damla qanından da ilahə Afrodita zərif anemon çiçəkləri yetişdirib bəsləyirmiş. Mifologiyada bu kimi bir çox güllərin gözəl tarixçəsi təsvir olunub. Mifologiyaya inansaq da, inanmasaq da, istənilən təbii gülə-çiçəyə yaxınlaşmaq, ətrini duymaq yetərlidir ki, onların ən ülvi İlahi varlıq olduğunu hiss edək...

Yuxarıda, gül seçiminin qadının xarakterindən xəbər verdiyini dedik. Buna nümunə olaraq, yaradıcılığı və şəxsiyyəti çoxumuza tanış olan məşhur qadınların hansı gülləri sevdiyi haqda qısaca bir araşdırmaya nəzər salaq:

ANNA AXMATOVA. O, məxməri ləçəkli, zoğalı rəngdə gülləri sevirdi. Onun həyatında bu güllər öz mənasına görə – mükəmməllik, qürur və sevgi rəmzi kimi çıxış edirdi. Məhz bu üç xüsusiyyət Anna Axmatovaya böyük şairə olmağa kömək etmişdi.

MERİLİN MONRO. Çoxlarının sevimlisi, daim diqqət mərkəzində olan bu qadın öz ətriylə ətrafındakı kişilərin başını gicəlləndirirdi. O, al-qırmızı gülləri sevirdi. Eynən özü kimi gözəl qoxan, parlaq və ən çox üstünlük verilib sevilən gülləri.

MADONNA və BRİTNİ SPİRS. Bu müğənnilər bəyaz gülləri sevirlər. Öz güclü təbiəti sayəsində milyonlarla pərəstişkar qazanmalarına baxmayaraq, bu qadınlar zaman-zaman müdafiəsiz və zəif ola bilirlər. Eynən bəyaz güllər kimi.

EDİT PİAF. Çətin və tünd xasiyyətli bu qadın xrizantemaları çox sevirdi.

NİKOL KİDMAN. Bu eleqant aktrisanın sevdiyi çiçək bənövşədir. Ümumiyyətlə, bənövşəni zərif qadınlar sevir. Bənövşə zərifliyinə görə yaradıcılıq rəmzi sayılır. Jozefina Boqarne də bənövşənin vurğunu idi. O, Napoleonla nikah mərasimində bənövşələrlə bəzədilmiş gəlinlik paltarı geyinmişdi.

Gözəllik və incəsənət vurğunu olan fransızlar isə rənglərinə görə güllərin növlərini məşhurların şərəfinə adlandırıblar. Məsələn, parlaq-narıncı güllər fransız aktyoru “Lui de Fünes”in, çəhrayı-narıncı güllər fransız aktrisası “Katrin Denöv”ün, tünd-narıncı güllər saçlarının rənginə görə kürən fransız aktrisa “Marlen Jober”in, məftunedici ətri olan solğun-bənövşəyi rəngli güllərsə fransız generalı “Şarl de Qoll”un adını daşıyır.

Bu sadalananlardan başqa bir çox gül növü Fransada məşhur insanların adlarını daşımaqdadır: Filipp Nuare, Şarl Aznavur, Edit Piaf, Fransua Rable, Onore de Balzak, Viktor Hüqo, Mopassan, Oqüst Renuar, Mikelancelo, Leonardo da Vinçi, Mosart, Paqanini və başqaları.

Həmçinin Fransanın müxtəlif şəhərciklərinin, qəsəbələrinin adlarını daşıyan güllərə də rast gəlmək olar. Qırmızı ləçəkli, gözəl ətirli güllər isə “Paris”in adını daşıyır.

Tanış olduğunuz qadının hansı gülləri sevdiyini öyrənməklə, siz həmçinin onun daxili xüsusiyyətləri haqda məlumat əldə etmiş olacaqsınız. Qadınlar kimi güllərin də eybəcəri yoxdur, onlar sadəcə, müxtəlif xarakterə malikdirlər. Təbii ki, söhbət kimyəvi qatqısız, xalis, təbii güllərdən gedərsə...

# 11255 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #