Yer üzünə məktub

Yer üzünə məktub
11 fevral 2014
# 12:43

Kulis.Az Xalq yazıçısı Mövlud Süleymanlının “Yer üzünə məktub” yazısından bir hissəni təqdim edir.

...bu yazı asan alınacağını gözləsəm də ən çətin başladığım yazıdır, üstündə uzun-uzadı düşünməli oldum, indi də əlimdə qələm (not-buk) düşünməkdəyəm; çünki yazmaq istədiklərim əslində bədii yaradıcılığımda olduğu kimi xəyallarımda yaşayıb, yaşatdıqlarım yox, bildiklərimdir, məndə-içimdə olanlardır, daha doğrusu, tərbiyəmdə, nəsilliklə mənimsədiyim qavrayışlarımda, nəfəs aldığım mühitdə öyrəndiklərimdir; böyüklərimdən, mənsub olduğum Xalqdan alıb qanımla daşıdığım öyüdlərdir ki, buna indinin diliylə təhsil, bilik, elm, savad da demək olar...Bütün hallarda bu çağacan yazdıqlarım da bu dediyim anlayışların içindədir...Amma səmimi olaraq deyim ki, əsil ziyalı, daha doğrusu, tarixin sınaqlarından çıxıb millət kimi ayağa qalxan Xalq birinci bu düşüncələri yazıb ortaya qoymalıdır, əksər millətlər belə də edirlər...

Mən bu işi müəyyən mənada 1969-cu ildə Azərbaycan Dövlət Radiosunda yazmağa-yaratmağa başladığım “Bulaq” verilişində araya gətirdim...İndi, yaşımın bu vaxtında hara baxıram; yerə, göyə, varlığa-yoxluğa, yazılanlara-yazılmayanlara çox şükür deyir, gördüyüm işlə qürur duyuram. Amma bir həqiqət də var ki, Radio yaradıcılığı əslində şifahi yaradıcılıqdır, yalnız yaddaşlara qulluq edə bilər.

1990-cı illərin ortalarında “Oğuz Eli” qəzetinin ilk sayına baş redaktor kimi belə bir yazı yazmışdım...

“Oğuz Eli” qəzetinin doğulması niyə indiyə düşdü və lazımdırmı? Özü də elə bir vaxtda ki, söz qarşısı alınmaz bir axınla baş alıb gedir, su yerin yumşağını axtardığı kimi mənasız Söz də cəmiyyətin səliqə-sahmansız, qanunların işləmədiyi boşluğuna axır. Hara yumşaqdır ora axdığı üçün də suyun yatağı əyri-üyrü olduğu tək mənasız, səviyyəsiz söz axını da keçib gedər, yerində qeybətdən, dedi-qodudan, yalandan başqa heç nə qalmaz...

Bütün hallarda “ bolluq” yaxşı olsa da Sözün boluğu yaxşı deyil. Ona görə də məsəl var, “sözünü tut”, “sözünün üstündə dur”, “dediyin sözün yiyəsi ol”, çünki “demədiyin sözün ağasısan, dediyin sözün qulu”, “söz ağızdan çıxdısa sənin deyil”...

Son hadisələr cəmiyyətimizin paxırını açdı, boş, yıxıq yerlərimizi bilirik artıq, daha doğrusu, bilməliyik. Əslində cəmiyyət də bütöv bir orqanizmdir, ağrıyan yerini anlayırsa sağaldacaq.”

Fikrimi daha geniş izah etməyə, açıqlamağa çalışacam...

Molla Nəsrəddin dəvənin belində yol gedirdi, yeməkçün yolazığı qovud götürmüşdü. Yeri gəlmişkən deyim qovud nədir? Çünki, qovudun nə demək olduğunu bilməsək sözümün canı anlaşılmayacaq. Qovud hər şeydən öncə atüstü (tərəkəmə) yeməklərimizdən olub yağda qovrulmuş, dağ edilmiş undur,soyuqda, istidə xarab olmadığına və tez hazırlandığına görə uzaq səfərlərə götürülür...Nə isə, Molla dəvənin belində qovud yeyirdi, amma hava azacıq küləkliydi, qovudu ağzına alanda külək aparırdı. Aşağıdan yuxarı soruşdular:

- Molla, yediyin nədi?

Molla qayğılı-qayğılı aşağı baxıb dedi:

- Külək belə əsəcəksə heç nə...

Bizim atalı-babalı minilliklər boyu tarix yazmağımız da çox təəssüf ki, küləkli havada qovud yemək kimi bir şey oldu. Ona görə də sabahını fikirləşməyən, bir addım irəlini görməyən adamlar üçün məsəl olaraq, deyərlər: “filankəs əlindəkinin qovud olduğunu bilmədi, yediyini də, dediyini də havaya sovurdu”...

Biz də əlimizdəkinin- ovcumuzdakının “qovud olduğunu bilmədik,” yüzilliklərin rüzgarları ovcumuzdan aldı apardı. Tariximiz yad adlara yükləndi, daşındı, minilliklərin o üzündə əlifba yaratsaq da özgələr umuduna qaldıq, baxmayaraq bunu da özümüz demişik: “Özgə atına minən tez düşər...”

Tap tapmaca...

Qum qazdım qara çıxdı,

Qumnan minara çıxdı.

Bu axşam itən oğlan,

Səhər bazara çıxdı... Aşması- Günəş.

Bircə belə misiri,

Bəylər onun əsiri... Açması-Misri qılınc.

Əpə-əpə ərşin əpə

Çiçəkli dərə, dəyirmi təpə...Açması- Ay, Ulduz.

***

Yaddaşa sığınmaqdan başqa yolumuz yoxdur, biz itirdiklərimizi ancaq orda tapa bilərik. Yerüzü də bizim indimizi-bu günümüzü tanımaq istəmir, neynirsən elə tanımayacaq da, çünki yaddaşında bizim bu günümüz yox, minilliklərimiz yaşayır. “Göz gördüyündən qorxar”, bu minilliklər onu hələ də qorxudur, yaddaşını incidir, bizə qarşı olan münasibətləri də bu hisslərin üzərində bərqərardır. Bunu bilməmiz lazımdır. Bu gün o, bizim çaşdığımız anı gözləyir, hələlik ona görə gəl, deyir ki, özünə oxşatsın, oxşada bilməsə qapısının ağzında təhqir etsin, biz də bir ağızdan səs-səsə verək, inandıraq... deyək ki, yo-ooxx, biz minil bundan qabaqkı türklər deyilik! Yerüzü bunu, bu səsi məmnuniyyətlə eşitmək istəyir...Bizimsə bayaq dediyim kimi özümüzə sığınmaqdan, yaddaşımızı tədqiq etməkdən, araşdırmaqdan, öyrənməkdən başqa çarəmiz yoxdur.

Molla Nəsrəddindən soruşurlar ki, Molla, sən bilən yer üzünün tən ortası-mərkəzi hara olar? Molla ağacını götürür, yörəsinə yumru cız çəkir, dayanır düz ortasında, deyir:

- Yerin ortası buradı...ayağımı qoyduğum yer!

Beləcə, yurdun-yuvanın əslində “dayandığın”-doğulduğun yerdən başladığını, insanın özünü özündə aramalı olduğunu, nəyin bizim, nəyin özgənin olduğunu anlamalıyıq. Böyük rus yazıçısı Lev Tolstoy deyirdi ki, nədən yazmağı yox, nədən yazmamağı bilən əsil yazıçıdır.

İndi xalqla, el-obayla bağlı yaddaşımda qalan bildiyim, amma qələmə almadığım mövzular yazılı daş abidələr kimi axır üstümə, çox yəqin ki, bu da qələmə alınıb heç yana çatdırılmadığı üçündür, ona görə də indi bu düşüncələrin, bu tarixi-etnoqrafiq bilgilərin ağırlığı altında çırpınmaqda, əzilməkdəyəm...

Onu da bilirəm ki, artıq aramızda yaddaşsız, milliliyə, adət-ənənələrimizə xor baxan, kökündən, əslindən üz döndərmiş insanlarımız var, bəlkə də onların sayı düşündüklərimizdən də çoxdur, olsun... “İtik itiyi tapdırar”, deyiblər. Qərara aldım ki, hər halda tariximizlə, etnoqrafiq, mifik, filoloji, fəlsəfi görüşlərimizlə- baxışlarımızla bağlı yaşayıb yaratdıqlarımızı, yəni xalq yaradıcılığı adına bildiklərimi içə-daxili aləmimizə yazılmış tariximiz hesab edib məktub kimi yazsam yaxşıdır; elə beləcə,

Yer üzünə məktub...

Anlasaq da anlamasaq da bütün yazılanlar onsuz da məktub kimi yazılır; romanlardan tutmuş elmi kəşflərəcən. Bunun da doğru olduğunu anlayaq ki, yazılanlar kimlərçünsə, hara üçünsə yazılır, əslində yazılan nə varsa, bir cümlə olsa belə, dünyaya məktubdur, bizim hamımız üçündür...

Fərq orasındadır ki, kimsə məktubunu vaxtında yazır, kimsə gecikir, kimlərsə yazmaq lazım olduğunu bilmir, danışır, ömrünü danışmaqla başa vurur, qışqırır, eşitdilər, eşitmədilər, səsi batanacan qışqırır. Boş yerə qışqırmaqsa küləkli havada qovud yeməkdən başqa bir şey deyil...

Əslində yazılanlar da, hətta yazılmayıb elə belə söylənilənlər də yer üzünə deyilir, yaradılan nə varsa bizim üçündür, daha doğrusu, yerüzü üçün... Amma biz bütün yaradılıanları,-yazılı ya şifahi,- izləyə bilirikmi?! Yox, bu öz zamanında təbii ki, mümkün olan iş deyildi, düşünürəm ki, heç səs-səsə verdiyimiz bu İnternet əsrində də mümkün deyil...

Bu düşüncələrlə yanaşsaq dünyanın ən yaxşı tanıdığı, məktubunu yerüzünə vaxtında yazmış xalqlar var. Onu da fikirləşirəm ki, bu kimi məktublar yazılmasaydı, dünya nə qədər kasıb, maraqsız olardı...Bütün bunlarla yanaşı razılaşaq ki, bizim haqqımızda,- yer üzündə pozulmaz tarixi izləri qalsa da türk dünyası haqda yazılmayanlar daha çoxdur...

Ağlım kəsəndən yazılı qaynaqlarda da, elə belə söz arası deyilənlərdə-söyləntilərdə də özümüz haqda belə eşidirəm: “biz tarixi yaratmışıq, amma tarixi yazmamışıq...”

Mən belə düşünmürəm... Məncə, tarix yalnız yazıya alınmaq üçün, yazıya alınmanın xətrinə yaradılmır. Tarix, hər şeydən öncə içə yazılır. Yer üzünə verilən adlar da tarixdir; dağlara, dərələrə, çaylara qoyulan adlar da vaxtı-zamanı, tarixi mənaları daşıyır özüylə...Söhbət yalançı tarixlərdən gedə biməz, əlbəttə. Biz hamımız-yer üzünün insanları, onu da bilirik ki, yalançı tarixlər, yalançı tarixçilər var. Bu mənada anlamalıyıq ki, tarixi məqsəd kimi izləmək, tarixi özünə oxşadıb dəyər vermək bir çox xalqlar üçün həyat tərzidir; yüzilliklər boyu da məqsədə,-idealoji fikrə çevrilib...Belə də demək mümkündür; özünün varlığı da quraşdırıb özünə oxşatdığı həmin yalançı tarixdən asılı olub...

Mən indi məktubumu İl-Ay bayramı ərəfəsində yaranışın daşıyıcısı olan dörd ünsürlə başlamaq istəyirəm, elə bu cür, dəyişilməsi mümkün olmayan ardıcıllıqla...

Ardı var...

# 2315 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #