Onu arvadının yatağına soxdu, həyatı dəyişdi

Onu arvadının yatağına soxdu, həyatı dəyişdi
19 aprel 2013
# 11:34

Xuan Xose Milyas 1946-cı ildə İspaniyada doğulmuşdur. Gənc yaşlarında fəlsəfə təhsili atan Milyas üçüncü kursda təhsili yarımçıq qoyub yaradıcılıqla məşğul olur.

Uzun müddət “El Sol” və “El Pais” qəzetlərində köşəy yazarı kimi çalışıb.

Yazıçı ədəbiyyat sahəsində bir sıra mükafatların sahibidir.

Gecə həyatına heyran kişi

Dan yeri ağaranda lülqənbər evə qayıdan kişi zibil konteynerində çılpaq kişi manekeni gördü. Həmin an ağlında gözlənilməz bir ideya parladığından bu manekeni qarajdakı avtomobilinin baqajına yerləşdirdi.

Həmin axşam arvadı erkən saatlardan mürgüləməyə başladı. Adətən həmin vaxt barlarda veyllənməyə yollanırdı. Buna rəğmən, kişi özünü elə apardı ki, guya heç bayıra çıxmayacaq. Buna görə aralarında hər hansı dava-mərəkə qopmadı. Saat on ikinin yarısına qədər televizora baxdılar, sonra isə yataqlarına girdilər.

Arvadın nəfəs alıb-verməsi dərin və ahəngdar olandan sonra kişi ehmalca yataqda dikəldi, qulaq verib, xanımının dərin yuxuya getdiyindən əmin olan kimi çarpayıdan endi. Səssizcə qaraja getdi, manekeni gətirib, çarpayıya, öz yerinə uzatdı. Yuxulu olan arvadı böyrü üstə dönərək, yanındakı plastik kişinin belini qucdu.

Səs-küy qoparmadan paltarını geyinən kişi özünü küçəyə saldı. Öz-özünə etiraf elədi ki, bugünkü gecə onun lap o dəliqanlı cavan olduğu vaxtlardakı kimi son dərəcə ehtiraslı keçdi və hər şey ürəyincə idi. Dərindən köks ötürərək, o, öz sevimli barlarının yerləşdiyi səmtə üz tutdu. Bu ara daxilən yüngülləşdi, günahkarlıq duyğusu da harayasa buxarlandı. İkinci qədəhi başına çəkəndən sonra maneken yadına düşdü və içində qəribə bir qısqanclıq şimşəyi çaxdı. Ancaq düşündü ki, əslində bu cür, yəni plastik bir dublyorunun varlığı lap yerinə düşdü. Bu sayədə o, gecə saatlarında evdə olmamasının doğurduğu qanqaraçılıqlardan qurtula biləcəkdi.

Buna görə və ya bəlkə də başqa səbəbdən dolayı o, həmişəkinə nisbətən daha erkən, haradasa saat üçün yarısında evə döndü. Barmaqlarının ucunda yataq otağının qapısına yanaşdı, manekeni qucaqlayan arvadının şirin yuxuda olduğundan əminlik qazandı. Hər şey yolunda-yolağındaydı. Arvadın əlini böyük ehtiyatla manekendən ayırandan sonra bu plastik müqəvvanı yorğanın altından çıxartdı.

Qaraja baş çəkməzdən öncə yuyunmaq üçün vanna otağına girdi və manekeni hələlik unitaza oturtdu. O ara – bəlkə də içdiyi şərabın xumarından idi bu – ona elə gəldi ki, dublyorunun üzündə nə isə yeni və özündənrazı bir ifadə dolaşdığını sezdi. Zibil konteynerində tapdığı zaman onun üzündə bu ifadə yox idi. Kişi manekeni maşının baqajına yerləşdirib, yataq otağına qayıtdı, yorğanın altına girdiyi an arvadı yataq yoldaşının dəyişdiyinin fərqinə varmadan, sırf hissi olaraq ona sarıldı.

Səhər xanımı ona gözəl bir qəhvəaltı süfrəsi açdı: sanki bununla ötən gecəni evdə keçirdiyi üçün ərinə təşəkkür etməyi özünə borc sayırdı. İndiyədək ailə həyatlarındakı tək anlaşmazlıq səbəbi – kişinin gecələr sağda-solda dolaşması idi və manekenin evdə peyda olmasıyla bu da ortadan qalxdı.

Hər şey yolunda getsə də, kişinin əvvəlki könülxoşluğu harayasa çəkilmişdi, qeyb olmuşdu. İndi qaşqabaqlı və qanıqara halda o bar sənin, bu bar mənim deyə dolaşır, meyxanalar küncündə oturub, cavabsız eşq və qısqanclıq barədə mahnılar oxuyurdu. Əvvəlki badə dostları ondan uzaq düşdüklərindən daha təkbaşına içirdi. Bəlli bir saatdan və ya neçənci qədəhdənsə sonra bu gecə həyatına düşkün kişinin canını anlaşılmaz qorxu hissi bürüyürdü və o, evinə tələsirdi. Qapını açıb, çəkmələrini çıxarır, barmaqlarının ucunda yataq otağının qapısına yanaşır və qulaqlarını şəkləyirdi.

Sonra içəri keçib, dublyorunu arvadının qucağından alır və onunla birlikdə əl-üzünü yumağa yollanırdı. O, hətta and içməyə hazır idi ki, bu maneken hərifin sürtük sifətindəki ifadə günbəgün dəyişir. Onun qədd-qamətindən, görkəmindən də fərqlilik yağırdı, haradasa bu, özünə daimi sığınacaq tapan manekenin ən ağlasığmaz arzularının da qəflətən gerçəkləşməsindən qaynaqlanırdı. O da var ki, hər dəfə plastik dublyorunun üz ifadəsinə göz qoyanda onun sahibi lül-qənbər olurdu və o baxımdan manekenin özündən razılığı ona elə gələ də bilərdi. Bir gün bütün cəsarətini toplayıb, manekeni gün işığında və diqqətlə süzməsi lap yerinə düşərdi, ancaq nədənsə buna ürək eləmirdi.

O aralar xanımının həyat eşqi xeyli yüksəlmişdi. Kişi isə günbəgün qəm quyusunun lap dibinə yuvarlanmaqdaydı. Son vaxtlar özünü gümrah hiss eləmirdi, bədənində anlaşılmaz ağrılar yaranmışdı. Gecələr içdiyi şərabın təsirindən səhərlər başı çatlayırdı, buna görə halbahal olurdu. Öz-özünə: «Yəqin yaşlanıram, içkini azaltmalıyam», - deyə düşünsə də, bu cür fikirlər qəlbinə ağır yük kimi çökürdü, çünki eyni vaxtda həm sevgi, həm də cavanlıq atəşini itirməyə başladığını anlayırdı.

Bir gün o, yenə də evə içkili döndü. Manekeni baqaja qoyub, yatağına uzandı. Qəribə idi: yatağı ona nədənsə soyuq təsir bağışladı. Kirpiklərini aralamadan, əlini uzatdı ki, arvadını qucsun və… bu məqamda əli nə isə sərt bir şeyə dəydi. Bir qədər yuxarılara qaldırınca əli məmələr əvəzinə bir cüt sərt və yuvarlaq formayla rastlaşdı: sanki böyründə yatan plastik kukla idi. Kişi çimçişdi, istədi yatağından sıçrasın, amma canını dişinə tutub, gözlərini yumdu, ta yuxuya gedənə qədər beləcə gözlədi. İçdiyi şərabın təsiriylə daş kimi yatdı.

Səhərisi gün isə hər şey əvvəlki qaydada getdi.

Gecələr bir-birini əvəz etdikcə o, vaxtaşırı fərqinə varırdı ki, yataqda arvadının yerinə hansısa plastik kuklayla yatır. Axırda bir gecə oyanıb, diqqət yetirdi ki, arvadı heç tərpənib-eləmir. Bəlkə çoxdan keçinən zavallı qadın artıq tamamilə qacımışdı? Ancaq diqqətlə baxanda xanımının canlı bədəninin plastik və ya papye-maşe kimi sərt bir materiala çevrildiyindən əmin oldu.

İçində baş qaldıran dəhşəti içkinin xumarı da yatışdıra bilmədiyindən cəld yataqdan qalxdı, əynini geyinərək, qaraja yollandı. Manekeni gətirib, «arvadının» hərəkətsiz bədənindən bir az aralıda uzandırdı. Həmin an bu bir cüt plastik bədən yatağın ortasına doğru diyirlənməklə əllərini bir-birinə uzatdı.

Qapını çırpıb, evdən çıxan kişi küçədəki izdihamın içərisində gözdən itdi.

Dilimizə çevirdi – Azad YAŞAR

https://www.facebook.com/azadyasharofficial

# 4250 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #