Kalenderhane Məscidinin İtiyəm - Şamxal Həsənovdan hekayə

Kalenderhane Məscidinin İtiyəm - Şamxal Həsənovdan hekayə
24 sentyabr 2019
# 17:37

Kulis.az gənc yazar Şamxal Həsənovun “Kalenderhane məscidinin itiyəm” hekayəsini təqdim edir.

“İçərisində rəsm, qüsulsuz biri və köpək olan evə mələklər girməz.”

Anonim

Hər nə qədər qəribə səslənsə də, məscidə it buraxmaq çox günahdır, it belə çirkli, elə murdar heyvandır deyən digər hər kəs kimi siz də məni “məscid iti” adlandıra bilərsiniz. Məni soraqlayıb, öz gözləriylə də əsrarəngiz varlığımı seyr etmək istəyən həvəslilər üçün adımı qabaqcadan bilmək çox faydalı olmaz. Böyüklərimiz adı mənimkindən olduqca qəliz olan, hal-hazırda həyətindəki yaşıl ağacının kölgəsində uzandığım məscidimizin təqribən IX-X əsrlərə aid olduğunu, bir vaxtlar öz diqqətəlayiq üslubu ilə Şərqi Ortodoks kilsəsi olduğunu, Fateh Sultan Mehmetin böyük İstanbulu fəthindən sonra mədrəsə kimi istifadə məqsədilə Kalenderi dərvişlərinə verildiyini, XVIII əsrdə Maktul Beşir Ağa tərəfindən məscidə çevrildiyini, lakin bu gün belə keçmiş Bizans kilsəsinin nadir nümunələrindən biri hesab olunduğunu deməsəydilər, yəqin ki, mən bir “məscid iti” olmağımla, daha doğrusu məscidimizin iti olmağımla bu qədər fəxr etməzdim.

Əksər heyvanların, eləcə də mənim cinsimdən itlərin bədən və səs yoluyla danışa və fikir irəli sürə bildiklərinə şübhəsi olanlara sözüm odur ki, əgər burada deyilənlərin bircə sözü yalandırsa, qoy ta 1930-cu ildə məscidimizin qorxunc ildırımlar nəticəsində düşən minarəsinin qalıqları altında qalaraq, murdar, evsiz-yurdsuz küçə itləritək görkəmsiz şəkildə gəbərən qohumlarımın ruhları heç vaxt dinclik tapmasın!

Bəli, mən əsl məscid itiyəm. Evinizin yaxınlığında, tələm-tələsik tikilmiş, yöndəmsiz məscidlərdə, oxuduğunuz bayağı kitablarda rast gələ biləcəyiniz növdən bir it olmadığıma əmin olmağınızı istəyirəm. Çünki, qorxu və nifrət qarışmış üz ifadələri ilə yanımdan məni görmürlərmiş kimi keçib gedən, üzlərini turşudub, az qala, sakitcə çəkildiyim uzaq guşəmə səbəbsiz yerə uzaqdan tüpürmək (əlbəttə, tüpürüb qaçmaq!) istəyən, məni ikrah doğuran, pis qoxulu sərsəri, geniş qara ağzından qatı su axan, gün ərzində məşğuliyyəti yalnız çirkli qulaqlarının milçəklərini qovmaq olan bir məxluq kimi görən insanlara qətiyyən əsəbiləşmirəm. Çoxsaylı səbəblər var, bir çox da başqa səbəblər.

Ən sevdiyim şey azadlığım, ən qorxduğum şey isə ölüm və bir gün başqasını öldürməyimdir. Bizim də qulağımıza çatır. Avropada itləri insafsızca boğazlarından bağlayıb, guya gəzməyə çıxarırlar. Mənsə, istədiyim ağac kölgəsində istədiyim qədər uzanıb, istədiyim yeri seyr edə bilirəm. Hətta bəzən burada da belələrini boğazından dartışdırılıb aparılarkən görürəm. Sanki, qarşısıalınmaz bir qüvvənin təsirilə gözlərimiz bir-birilərinə sataşır və bu zaman həmişə mən gözlərimi çəkirəm birinci. Bəzən düşünürəm ki, məscidin ərazisini heç vaxt tərk etməməyimin başlıca səbəblərindən biri son dərəcə kədərli görünən belə həmcinslərimdən heç biriylə rastlaşmaq istəməməyimdir. Allah eləməsin, birdən özümü saxlaya bilmərəm, yol ortasında həngamə qopar. Nə də başqa itlərin həyatına burnumu soxmaq doğru olar.

Xoşbəxt bir it olduğumu deyə bilərəm. Həssas damarımın tutduğu anlarda özümdən “azad olduğum üçünmü xoşbəxt olduğumu, yoxsa xoşbəxt olduğum üçün bu qədər azad ola bildiyimi” soruşub dərin düşüncələrə dalıram. Belə olduqda da sualın cavabını axtarıb tapmaq istəməyəcək qədər özümü qayğısız və son dərəcə dinc hiss edir, ikiqat xoşbəxt oluram.

Gün ərzində ağlımdan nələr keçmir ki. Məsələn, məscidimizin qarşısından gözəl bir dişi it keçsə, dərhal giriş qapımızın ağzına qaçıram, dobermannvari ən məğrur duruşuma keçirəm və uzaqdan göz qoymağa başlayıram. Səhv başa düşməyin. Əlbəttə, məqsədim həmişə qorumaq olub. Nə özümü, nə də sizi aldadıram. Son zamanlar ətrafda, qonşu küçələrdə o qədər pisniyyətli, əxlaqsız itlər başıboş gəzirlər ki. Görünür, bütün canlı varlıqların taleyi elə eynidir.

Yeri gəlmişkən, küçədə təkbaşına gəzişən dişi itin nə paylayan, nə də ara qızışdıran olduğuna inanıram. Bu, fərqində olmadıqları, ən azı bizimki qədər aktiv bədən dilləri olan dedi-qoduçu insanların sırtıq və tərbiyəsiz şəkildə uydurduqları yalanlardan biridir.

Dözümlü olduğumu özümə təkrarlamaqdan, sanki, özümü də dözümlü olduğuma inandırmışam (Ayağa durub yaxşıca silkinimmi, görəsən? Ürəyim indi ağzımı lap da cırılana qədər açıb əsnəmək istəyir). Səbəbi istər məscid iti olmağım, istərsə də dürüst olmağım olsun, bütün axmaq həmcinslərimə və bəziləri bir o qədər axmaq olan insanlara qarşı özümdə güclü dözümlülük sistemi yaratmışam. Yoxsa, hər gün yanımdan və qarşımdan keçən hər cür anlayışsız itlərin və insanların varlığına dözə bilərdimmi?! Bəzən, əslində, hər şeyin kökündə duran özüməinamımı elmə borclu olmalı olduğumu sezirəm. Şübhəsiz, molekulyar genetik sübutlarla nə çaqqalların, nə də tülkülərin bizim əcdadlarımız olduğu yaxın tarixdə ortaya çıxdıqdan, beləcə, bütün köpək nəsillərinin dəyişikliyə məruz qalmış canavar olduqları aşkar olduqdan sonra, cinsimizə hörmətim birə beş artmışdır.

Bir qədər də özündən (və zərrə qədər üstünə qoymadan) bəhs etmək istəyən azad və dərdsiz-qəmsiz bir məscid itinin vaxtdan bol nəyi ola bilər ki. Məşəqqətli təkamül prosesindən alnıaçıq çıxan uca nəslin nümayəndəsi olan, təvazökar və dürüst bir itin (yəni mənim) Çörçillvari, yekəbaş buldoqlardan fərqli olaraq, xarici görünüş baxımından da ürəyəyatan olmasını, asanlıqla doğulmasını, hər hansı nəfəs alma və ya ağız suyu problemləri olmamasını da qeyd edib, başqa bir mətləbə rahatlıqla keçə bilərəm.

Bir az əvvəl qeyd etdiyim kimi, məscidin giriş qapısını asanlıqla görə bildiyim məsafədə qələndər bir müdrik ağacın kölgəsində rahatca, dərdsiz-sərsiz sərələnmiş halda, ön və arxa ayaqlarım üst-üstə çarpazlanmış vəziyyətdə, gah burnumun yanlarından (şükür, burnum cins rus itlərinki qədər uzun deyil!) güclü və qıvraq ayaqlarımı, gah da alnımın üzərindən məscidin giriş qapısının sağ divarı boyu düzülən, islanıb qıvrılmış, iyrənc qara tüklərlə örtülü (bəyəm, qara həmcinslərim də bir o qədər çirkin və çirkli görünmürlərmi?), çirmələnmiş qolları və qollara nisbətdə ən çox bir ton açıq rəngdə olan çəlimsiz ayaqları estetik baxışla və rişxəndlə izləyirəm. Ümid edirəm, xarici görünüşüm barədə təsəvvürünüz formalaşmağa davam edir.

Yenə insanlarla dostluğumuz barədə əsaslı şübhələrə qapılmış halda, düşünə-düşünə izləyirəm: çıxılmaz vəziyyətlərdə süni kədər və çəkingən ağırbaşlılıq nümayiş etdirən cahil ümidsizləri, ümidsiz insanları, məntiq və sağlamlıq ehtiyacı ödənilməmiş inanclarına və anlamadıqları qəliz dualara sığınanları, uydurma dərinlik, “anlamlı” üz ifadəsini özlərinə hopdurmaqda bir-biriləri ilə gizlicə yarışanları, camaat ruhunun bayağı güvənliyi və anlamsız boşluğu içərisində sözdə nəfislərinə hakim çıxan cahilləri. “Necə də təsirlidir, nə qədər kədərləndiyimi bilə bilməzsiniz, əsl dərd çəkirəm lap, bugündən etibarən buraya bir daha addım atmasaydılar, özləri və cəmiyyət üçün daha faydalı işlərlə məşğul olsaydılar, necə yaxşı olardı” şəklində yalanlar söyləmək mənim kimi dürüst bir itə yaraşmaz. Yoxsa, hər gün özlərini aldatmaqla və xoşbəxt olmaq üçün özlərini hər şeyə inandırmaqla, yeri gələndə şəxsiyyətlərini də qurban verməyə hazır olan yaltaq və miskin insanlardan nə fərqim olardı?

Xoşbəxtliyin məzmuna və ya formaya önəm verilmədən ləzzəti sonuna qədər çəkilə bilən bir həzz olduğuna inanmaq istəməsəm də, yəni, əsl xoşbəxtliklə bağlı özümdə ağıllı hesab etdiyim şərtlər müəyyən etməmə baxmayaraq, get-gedə xoşbəxtliyin cahillikdə olduğuna hər gün daha çox əmin oluram. Bəs, niyə sən hələ də bu insanlarlasan, sualını verən kimsə bir nəfər qarşıma çıxmağa cürət edib, digər cahillərdən fərqli olduğunu mənə sübut edə bilsə, bütün dincliyimə rəğmən buranı dərhal tərk etməyə razı olaram. Hətta ziddiyyətli sənətçi ruhu daşıdıqlarına, məşhur dahiliklərinin altında əzilməmək üçün özlərilə mübarizə apardıqlarına, bir-birindən dərin və qəliz düşüncələrin qaranlığında toqquşan daxili səslərini dinlədiklərinə inanan düşkünlərə qarşı da eyni iddianı irəli sürürəm. Yəni, söhbət təkcə öz məscidimin camaatından da getmir.

Düzünü desəm, bu gün niyə belə tərslik etdiyimi başa düşmürəm. Bugünkü istəksizliyimə rəğmən, heç kəsə haqsızlıq etməmək üçün özümü məharətli it zəkamın diqqətli axışına buraxsam daha yaxşı olar. Çünki, bilirəm, kifayət qədər mədəni qonaqlarımız, turistlərimiz də olur. Beləliklə, bu qədər pessimist, qaraqabaq və aqressiv olmağıma heç bir səbəb olmadığını qəbul edirəm.

Məni bir qayda olaraq saf sevincləri və duyğusallıqları ilə əyləndirən, əzəmətli Süleymaniyyə məscidinə (oranın da itləriylə illərdir davam edən soyuq müharibəmizdən bəhs edib, heç kəsi yormaq istəməzdim!) gedən yolda yolunu azıb çaşan və nəticədə hansısa məsuliyyətsiz xəritəçəkənlərin ucbatından xəritəyə düşməyən gözəl məscidimizi səhvən Süleymaniyyə məscidi hesab edərək, ani bir həyəcanla və şübhə dolu çəkingənliklə darvazamızdan boylanan insanlar, bəli, heç olmasa belə səmimi, çaşqın insanlar, öz gündəlik qondarma və zorakı dinclik mərasimləriylə rahatlığıma maneçilik törədənlərdən çox fərqlidirlər. Belə gözlənilməz qonaqlarımız mənə bulantı verib kefimi pozmurlar.

Əzana hörmətimdən çox (yarıçılpaqayaqlıların qulaqlarından uzaq!), azad it kimi süstlükdən çıxmağı elan etmək, özümü günəşin şiddətli cəlbediciliyinə buraxmaq məqsədilə, inadla yerimdən qalxıram. Sonra oturaraq, illərdir vərdiş etdiyim kimi, qatladığım sol arxa ayağımla fərqinə varmadan sol qulağımı bir neçə dəfə silkələyirəm. Sanki, başqa cür özümü gümrah hiss etməyim mümkün olmayıb. Yenidən dikəlib, sifətim gərilənə, yarımçıq əsnəyib dilxor olanadək uzun-uzadı gərnəşirəm. Ətrafa baxıb həmişəki adi günlərdən biri olduğuna bir daha əmin olduqdan sonra yenə halsızlıq hiss etməyə və darıxmağa başlayıram. Boş baxışlarla ətrafdakı səssizliyi (“paklanmış” ayaqlar bir neçə dəqiqə əvvəl namaz üçün məscidə addımlamışdı) bir müddət dinlədikdən sonra heç nə qaçırmadığıma məmnun oluram.

Düşünmədən çənəmi ön ayaqlarımın arasına astaca yerləşdirirəm. Qarnı üstə uzanmışdım ki, gözüm bələdçimizə sataşır. Səs gələn darvazaya tərəf fağır, zavallı tərzdə irəliləyərək və gülümsəməyi də unutmadan:

– Xeyr, bura deyil, ancaq bizim məscidimiz də çox gözəldir. İstəsəniz, keçib baxa bilərsiniz – deyir.

Bəlkə, yolunu azanları, təsadüfən ötüb keçənləri, maraqlanmaq fikrinə düşüb ziyarət etmək istəyənləri sünnət-filan bəhanəsiylə uzatdığı qara saqqalı ilə hürkütməsəydi bizim məscidə də gələn turistlərin sayı çox olardı. Mən deyərdim Süleymaniyyədən də çox. Bu gənc cütlük həmin populyar Süleymaniyyə məscidini axtararkən, bizim gözəl məscidimizə rast gəlibmiş – buradan necə var eşidə bilirəm. Lakin, bələdçidən məscidi səhv saldıqlarını öyrənər-öyrənməz saymazyana, tez-tələsik uzaqlaşmaq istəyirlərmiş! İnsan nəzakət naminə, heç olmasa, həyətə boylanar, elə deyilmi? Amma elə bu anda mən tərəddüdün insan sağlığına necə xeyirli olduğunu anlayıram:

– Keçək bir bura da baxaq. Köhnə məscidə oxşayır. İstəməsən içərisini gəzmərik, – deyə, yanındakı gözəl qızın dilucu və könülsüz təklifinə oğlanın mənfi cavabını səbirsizliklə gözləyirəm. Özümə etiraf etməsəm də, bu gün bir az dəcəllik etmək istədiyimi hiss edirəm.

Bələdçimiz həyatda çox şeyə bələd olmasa da, mənim necə bir it olduğuma bələddir. Əsrlərdir həyətində rahat-rahat gəzişib, həyətində istədiyim ağac dibini çəkinmədən batıra bildiyim məscidimizə qarşı bu həddə etinasız münasibəti qəbul edə bilməyəcəyimi, yəqin, bələdçi də başa düşür ki, indi onları yola gətirməyə çalışır. Mən isə, hələ də mənfi cavab almağın, gözləmədikləri anda qarşılarında peyda olub, ulu atalarımız canavarlartək məğrurcasına mırıldamağa başlamağın, sivri köpək dişlərimi göstərməyin xəyalın qura-qura uzandığım yerdə ümidlə gözləyirəm.

Bugünkü bütün soylu əndişələrin, qayğısız tənbəlliyin və həvəssizliyin yükünü əsəbdən gözlərimə qaranlıq çökdükdən, özlərinə yumşaq yer axtaran və indidən uyuşduqlarını hiss etdiyim ürküdücü dişlərimi qürurla nümayiş etdikdən və nəhayət, onları bir baldırına (oğlanın adı Ramizmiş) keçirərək, ayaq sümüyünə qədər dar bir yol açandan sonra atacaqdım. Ancaq, təəssüf ki, tərəddüd və yanındakı gözəl qız oğlanı yoldan çıxarda bilir.

Eybi yoxdur, indi hər nə qədər həvəssiz görünsələr də, sonda fikirlərini dəyişəcəklərinə əminəm. Bəlkə də, səmimi-qəlbdən fikirlərini dəyişməyəcəklərini ümid edirəm bu dəfə – bunu sizə deməkdən çəkinirəm. Bir itin ağlındakı həqiqəti özü belə dəqiqliklə bilə bilməz. Düzü, bu sonuncu dediyimə özüm çox inanmadım.

Geniş həyətin və qırmızı kərpicli binanın cəlbediciliyinə qapıldıqdan sonra bir-birilərinə tərəddüdlü üz ifadələri ilə baxa-baxa içəri girmək üçün ayaqqabılarını çıxarmağa başlayırlar. Bax belə… Havanın qaralmağa başlaması da sizi tələsdirməsin.

Yarı-qaranlıq geniş bir otağa açılan taxta qapıdan içəri buyurub, sadəliyin gözəlliyinə baxın doyunca. Öncə ayaqqabılarınızı digərlərindən diqqətlə ayırıb gizlədin, hər nə olsa qonaqsızsınız, özünüzü üstün tutmaya bilməzsiniz. Sonra, daha diqqətli olmalı olacağınızı unutmayın, çünki, əgər taxta qapının sol tayından asılmış məscid haqqında məlumat lövhəsini oxumaq üçün dəyərli vaxtınızı ayırmaq istəməsəniz və ağır corab qoxularından bayğın düşməyəcək qədər dözümlü ola bilsəniz, bəlkə, o zaman içəridəki həm kilsə, həm də məscid qoxusunu duya bildiniz. Bəs, mən bütün bunları hardanmı bilirəm?

Ucsuz-bucaqsız sadəlövhlüyünüzə heyran qalmadan, cavab üçün qısaca qeyd etmək istərdim ki, hissiyatsız rəhbərlik tərəfindən məscidə buraxılmamağım o demək deyil ki, ətrafda heç kəs görünmədikdə və ya içəridə kimsə boş-boş oturmadığı vaxtlarda bunu, özümçün münasib bir fürsət hesab etmirəm və içəridə gəlişigözəl gəzişmirəm özümçün. Və yaxud çox isti olan günlər bir qədər sərinləmək üçün içəridə uzanmağı seçmirəm. Yeri gəlmişkən, bunu da qeyd edim ki, hörmətli mollamızın deyə-deyə həm gələnləri, həm də özünü inandırdığından fərqli olaraq, içəridə özümü heç vaxt aciz və ya günahkar hiss etməmişəm.

Mollamızdan söhbət düşmüşkən, o da olsaydı, qonaqlarımıza orta ölçülü sadə məscidimizin içinin və bayırının incəliklərindən, insanın burada (sərinləməklə yanaşı) özünü necə də aciz və günahkar bir bəndə hiss etməsindən, keçmiş zamanlarda kilsə olduğu üçün binanın “üzü qibləyə” tikilməməsindən, məhz bu səbəblə də, qiblənin yönünün döşəmədəki qırmızı xalçanın üzərindəki paralel xətlərlə müəyyən olunmasından, az-maz da uydurduğu ağlasığmaz hekayələrindən kövrək səs tonunda, getdikcə qızışdırdığı hərarətilə danışardı.

Lakin, ən yaxşısı, indi nə içəridə baş verənləri, nə də sonra baş verəcəkləri düşünmək, elə yerimdəcə mürgüləməkdir. Mən oyanana qədər, ümid edirəm, getmiş olarlar.

Bakı, 2017

# 6036 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #