Öpüşən sərçələr - ŞEİRLƏR

Öpüşən sərçələr - ŞEİRLƏR
4 fevral 2016
# 15:10

Kulis gənc şair Hikmət Orhunun yeni şeirlərini təqdim edir.

***

siqaret çəkməyə çıxmışdım

qonşunun həyətindən düşən işıq

gözlərimi döyəndə ağlıma gəldin

diksindim

bəlkə də yadına gəlməz

hər axşam məhəllədə əl-ələ gəzərdik

uzaqdan görünən maşın işığına hürkərdin

dovşan kimi

bəlkə də yadına gəlməz

onda bu qədər amansız deyildin

gülərdin uşaq kimi

uşaq kimi danışardın dilini əzə-əzə

onda bu qədər əzazil deyildim

nə desən edərdim nə desən

əmrinə müntəzir dayanardım

iki ayağının üstünə qalxıb

sahibinin işarəsini gözləyən

sirk ayıları kimi

nə desən edərdim nə desən

bir dəfə öp demədin

yanağından belə olsa razıydım

atan sevgili olduğumuzu bilən gün

sənə söz deməyə gücü çatmayacağını bilib

səhərə kimi içmişdi

gözünün işığıydın

evinin yaraşığı

bir şairə bənd olmağını istəməzdi

ali məktəb belə bitirməmişəm

üstəlik işim də yoxdur

nəyimi sevirdin ki mənim

nəyimi sevəcəkdin

sevmədin də zatən

müalicədən qayıdanda öyrəndim

atanın tapdığı adama nişanlandığını

həmin gün siqaretə başladım

bir daha səni görmədim

birlikdə çəkdirdiyimiz şəkillər olmasa

üzünü də unudardım

kaş atan səni o qədər çox sevməsəydi kaş

kaş məni sevdiyini eşidəndə

ağzının üstünə bir şillə çəkəydi

söyəydi söylənəydi mənə

kaş səndə də bir balaca cəsarət olaydı

etiraz edəydin

kaş bir azca ağlayıb sıtqayaydın

kişinin ürəyi yumşalardı bəlkə

yumşalmasa

hətta başqasına yar olsan belə

məni bu qədər yandırmazdı

bilərdim o adama könlün olmayıb

niyə danışıram axı bunları

heç özüm də bilmirəm

nə bu nataraz misralar sənə çatar

nə sən bir gün dönərsən

dönsən belə nə fayda

indi sən kötüyü çeynənmiş siqaret kimisən

təsəvvür edirəm

atanın tapdığı o adam

hər gün içib döyür səni deyirlər

qonşunun arvadları simsiz telefondur bilirsən

ürəyim ağrıyır sənə ürəyim

hər siqaret yandıranda sən ağlıma gəlirsən

bu mərəti də atacam vallah

sən məni atdığın kimi atacam qəfil

bəlkə də yadına gəlməz

***

pəncərəm günəşə açılır

güləndə

səni düşünürəm sevgili

pəncərəmin önünə gül əkmişəm

çiçəkləyəndə

səni düşünürəm sevgili

pəncərəmə sərçələr qonur

öpüşəndə

səni düşünürəm sevgili

pəncərəmin önündə saat var

taqqıldayanda

səni düşünürəm sevgili

***

məhəlləmiz səsli küylüydü

uşaqlar deyib gülürdü

qocalar çığırıb çağırırdı

gün gəldi

uşaqlar böyüdü

qocalar öldü

***

tapançası yox

darağında gülləsi

dünəndən bitib

ancaq

ancaq bir yandan pulsuzluq sıxır

o bir yandan

insanı

iki qaşının ortasından

vurur həyat

# 1017 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #