“Şeirlərimi sükan arxasında yazıram, polislər də..."

“Şeirlərimi sükan arxasında yazıram, polislər də..."
12 aprel 2014
# 07:30

Kulis.az-ın suallarını şair Nurafiz Hüseynov cavablandırır.

- Şairə Səhər Əhmədin təqdimatında çıxış edərkən bəyan etdiniz ki, mən nə şairəm, nə yazıçı. Özünüzü şair saymırsınız? Yoxsa özünüzü təvazökar göstərmək istəyirdiniz?

- Səmimi deyim ki, orta məktəbdə oxuyanda da, ilk şeirlərimi yazmağa başlayanda da qarşıma şair olmaq məqsəd qoymamışdım. Əvvəlcədən məqsədim mühəndis olmaq idi, o yönə meylim vardı. Mühəndis kimi də uğur qazana bildim. Heç vaxt şairlik iddiasında olmamışam.

- Ədəbiyyat adamlarının çoxu ilə əlaqəniz var. Ancaq ədəbi mühitdən xeyli kənardasınız. Və biz bildiyimizə görə ədəbi mühitdən kənar olmağınızda Məmməd İsmayılın da rolu olub...

- Heç vaxt ədəbi mühitdə olmaq istəməmişəm. Buna görə də görünməməyim təbiidir. Məmməd İsmayılla bağlı söhbət isə belə olub. Gənc yaşlarımızda şeirlərimizi ədəbi birlikdə oxuyurduq, sonra müzakirə olunurdu, “Respublika” ədəbi dərnəyinə Məmməd İsmayıl rəhbərlik edirdi. Bir gün ədəbi dərnəyin toplantısı idi, növbə mənə çatdı, mən də yazılarımı verdim. Mən adətən gəraylı yazırdım, ancaq sərbəst şeirə də meylim var idi. Bu dəfə nəyəsə görə sərbəst şeirlərimi verdim. Düşünürdüm ki, burda özümü daha rahat ifadə edirəm. O da baxdı, zarafatla gülə - gülə dedi ki, Qarayazı balası, sən də yerlin İsa İsmayılzadə kimi sərbəstdə yazıb hecaya qayıdacaqsan? Təbiətimdən gələn utancaqlıq deyim, çəkingənlik deyim, nəsə, bu mənim xətrimə dəydi. Bu fikri başqa cür qəbul etdim. Heç tərəddüd etmədən yazıları cırıb atdım. Və o dərnəkdən getdim. Tərk etdim oranı və beləliklə tamam uzaqlaşdım ədəbi mühitdən. Uzun illər çap olunmadım, ilk kitabım 50 yaşımda çıxıb.

Ədəbiyyat adamlarıyla oturmağı-durmağı xoşlayıram. Doğma havadı, doğma adamlardı. Bir-birimizi tamamlaya bilirik. Amma onlara çox yaxın durmaq da istəmirəm. Doğrusu bəzi şeyləri açıqlamaq istəmirəm. Bu mühitdə yazılanla yazan adamın şəxsiyyəti arasında çox fərq gördüm. Mən ümumiyyətlə uzaq idim, bu cür halları görəndən sonra tamamilə kənarlaşdım. Həm də tikinti sahəsi mənim sevdiyim sahədir. Özümü tapdığım sahədir. Öz sahəmdə sözümü deyə bilmişəm. Mənə doğma sahədir, qırağa sapmalar alınmadı.

- Sonradan Məmməd İsmayılla qarşılaşdınızmı?

- Keçən il İbrahim İlyaslı Qazaxa tədbirə getmişdi, mənə ded ki, Məmməd İsmayıl sənlə görüşmək istəyir. Mənim üçün gözlənilməz oldu. Yüz faiz əmin idim ki, onun yadında qalmamışam. Görüşdük. Dedi, axır ki səninlə də tanış olduq. Heyrət məni bürüdü ki, nə məqsədlə belə deyir. Dedi, saytlarda yazılarını oxumuşam. Gəraylıların sac üstündə qızardılan quyruq kimi oynayır, sən gəraylı üstündə fikirlərini daha yaxşı ifadə edirsən. Yazdığın gəraylılar tamam fərqlidi.

Elə oldu ki, bir dəstə adam yığışıb Xızıya getməli olduq. Təsadüfən Qarabulaq kəndində şair Ağasəfa ilə görüşdük. Sən demə Ağasəfa ora köçüb. Dərnəkdəki hadisəni danışdım özünə. Dedi, İsa İsmayılzadə haqqında yazdığın yazıda məni böyük sevgiylə yad etmisən.

O yazıda Məmməd İsmayılı ehtiramla yad etmişdim, “böyük türk şairi, çox sevdiyim Məmməd İsmayıl” yazmışdım.

- Məmməd İsmayılın dediyi düz çıxdı da, qafiyəli şeirə qayıtdınız...

- Yox, qafiyəli şeiri həmişə yazmışam. Nə yazmağı qarşıma məqsəd qoymuram. Nə vaxt, nə gəldisə, onu da yazıram. Yazı stolum yoxdur. Bu yay 55 yaşıma Yusif Nəğməkar belə bir şeir yazmışdı: “Yazı masası olmayan şairin balladası”. “Təzadlar” qəzetində çıxmışdı. O məni çoxdan tanıyır və bilir ki, oturaq yazı vərdişim yoxdu. Elə bir iddiada olmamışam deyə oturub şeir yazmamışam. Telefonun diktofonu doludur. Dostlar da bilir. Yolda, sükan arxasında dəfələrlə olub, yol polisi saxlayıb ki, telefonla danışırsan, yazıq oturub telefona qulaq asandan sonra deyib, yaxşı yol. Gələn fikirləri telefona yazıram, beynimdə işləyirəm, qeydlər aparıram. Elə olur ki, bütöv şeir gəlir. Ramiz Qusarçaylı ilə Qubada görüşəndə ona dedim, mənə bənövşə göstər. Dedi, vaxtı keçib, mən də dərmədim. Dedim, o haqqı qazanmamışam. Orda bədahətən gəldi, bir qoşma yazdım. Buna Ramiz də şahid oldu. Sonra yolda maşını saxlayıb bir gəraylı yazdım. Ramiz haqqımda yazdığı yazıda bunları qeyd etmişdi, yazmışdı ki, Allah bircə Nurafizə kağız-qələmsiz yazmağa icazə verib, həm də sonra öz yazdığını əzbərləməyi. Şeirlərimi yazandan sonra əzbərləməyə başlayıram. Çünki yazdıqlarım yadımda qalmır və bu, çox qəribədir.

- Söhbətinizdən belə başa düşdük ki, hər halda sizdə İsa İsmayılzadədən təsirlənmələr olub?

- Kim deyirsə ki, heç kimdən təsirlənməyib, o adam yalan danışır. Təsir mütləqdir, təsir olmasa yaxşı şeir yazmaq olmaz. Orta məktəbdə oxuyanda bir kitabça düşdü əlimə, qaranquş qanadı boyda. İsa İsmayılzadənin “İşıqlı yarpaqlar”ı idi. Bizim Şərqiyyə müəllimə var idi, ədəbiyyatdan dərs deyirdi. O demişdi ki, kitab oğrusunu tutmurlar. Mən də bu kitabı oğurlamışdım. Yay idi, kitabı köynəyimin altında gizlətdim. Balaca kitab idi. Evdə o kitabı oxuyanda ilk dəfə içimdən nəsə isti bir şey keçdi. 6-cı sinifdə oxudum İsanın şeirlərini, hələ dərk etmirdim düzü. Çünki onun dili başqa idi. Onu oxuyanda içimdə nəsə qəribəlik hiss elədim. Ondan sonra maraqlanmağa başladım.

Bu hadisəni İsa İsmayılzadəyə danışdım, kövrəldi, heç nə demədən getdi. Cəmi 2 dəfə görüşmüşdük. Ondan sonra Arif Mustafazadə var idi, İsayla yaşıd idi. Qiymətini almadı. Nədənsə sonralar çox az çap olundu. O da mənə təsir etmişdi. Sonra bizdə el şairi olub Novruz. Ərəb, fars dillərini bilib. Yaxın qohum idi bizə. Şeir yazmağımda bu üç nəfərin təsiri olub. Bizim tanıdığımız adamlar ancaq bunlar idi. Qarayazı ədəbi mühitinin qürur duyduğu, güvənc yerimiz idi onlar. Sonralar Rəsul Rzanın sərbəst şeirlərini oxumağa başladım.

- İlk şeiriniz 1979-cu ildə çap olunub. İlk kitabınız isə 2009-cu ildə işıq üzü görüb. Doğrudur, şairlik iddiasında olmadığınızı dediniz. Amma yenə də ilk kitabınızın belə gec dərci xeyli qəribə görünür....

- Hə, ilk şeirim 1979-cu ildə “İnşaatçı” qəzetində çap olunub. İlk şeirim çıxanda sevindiyimdən bütün gecəni ağladım. Sonralar “Azərbaycan müəllimi”ndə, Gürcüstanda çap olunmuşam. Çap olunmağımda daha çox dostlarımın rolu olub. Xanəmir, Şaiq Vəliyə, Rafiq Hümmətə, Nəriman Əbdülrəhmanlıya çox minnətdaram. Yafəs Türksəs öz qəzetində iki dəfə yazı verib, sağ olsun. Bircə bu sarıdan bəxtim gətirib. O mənada ki, bu, bir dəfəyə alınıb. Yerdə qalan şeylərin hamısı məndə iki dəfəyə alınıb. Çap olunduqca şeir çapının dadı qaçdı mənim üçün. Bu yaxınlarda isə “Ədəbi Gürcüstan” qəzetində bir səhifə yazım çap olunub.

Bir dəfə Rüstəm Kamal dedi ki, mən səni şeirlərinlə tanımışam və bütün taleyini, xarakteristikanı yaza bilərəm. Şeirlərim yaşantılardı, iç ağrılarımdı. Bir dəfə bir tədbirə gedirdik, İbrahim İlyaslıyla. “Gənclik”də bir qoca kişi az qaldı maşının altına düşə. Dedim ayə, bunun bir ayağı gor qapısındadı, kaş imtahandan “iki” alıb kəsilə. Elə ordaca da bu fikirlə bağlı bir şeir oxudum. İbrahim diktofona yazdı. Yaşantılarımı yazdığım üçün məqsəd qoymamışam ki, şair olam. Yenə deyirəm, heç vaxt bu iddiada olmamışam. Yazmaya da bilməmişəm. Və utancaq adamam mən. Qızımın toyunda iki cümləlik çıxış etmişəm. Elə Səhər xanımın təqdimatında utana-utana danışdım.

Bütün bunları ona görə deyirəm ki, kitabımın niyə belə gec çıxmağı barədə sizdə təsəvvür formalaşsın. Kitab çıxarmaq haqqında da heç düşünməmişəm, bu məsələdə də daha çox dostlar təkid ediblər.

- Şairlik iddiasında olmayan adamın AYB üzvü olması da dostların təşəbbüsüdür?

- Bəli. Birinci kitabın çapında və təqdim olunmasında, imzamın üzə çıxmasında Rafiq Hümmətin böyük xidmətləri olub. Yazıçılar Birliyi üzvlüyünə də onun təşəbbüsü ilə qəbul ediblər. İkinci kitabımı Nəriman Əbdülrəhmanlının inadlı təkidlərindən sonra çap etdirdim.

- Mütaliə etməyə vaxt tapa bilirsinizmi?

- Mütaliə etmək istədiyim kitabların hamısı maşındadır. Vaxt tapan kimi oxuyuram.

# 2926 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #