Burda oxuduğunuz hər şey yalandır amma...

Burda oxuduğunuz hər şey yalandır amma...
10 iyun 2013
# 08:00

Özümü şarjerdən çıxartdım, gümrahlaşmışdım. Bugün qocanın gündəliklərini oxuyub bitirməliydim, vaxt daralırdı. “Qoca” dediyimiz bu qəribə adam necə olmuşdusa birdən-birə ağlamağa başlamışdı və ağlamağı uzaq əsrlərin dərinliyində basdırmış dünyamızda aləm bir-birinə dəymişdi. Doğrudan çox qeyri-adi hadisəydi, heç ağlayan adam görməmişdim. Yadıma gəlir, universitet illərində moderatorumuz bizə “Keçmişin tarixi” kitabındakı bir adamın fotosunu göstərib, əvvəllər insanların ağlamağı haqqında bir az danışmışdı.

O kitabda balaca bir məlumat da vardı və orda təxminən belə yazılmışdı ki, ağlamaq mərhəmət, sevgi, darıxmaq və başqa köhnə duyğulardan qurtula bilməmiş qədim insanın zəifliyi, natamamlığı ilə əlaqədar baş verənlərə verdiyi ibtidai reaksiyadır. Çağdaş zamanda isə uşaqdan-böyüyə qədər hamı bilirdi ki, dinozavrlar kimi ağlamağın da kökü çoxdan kəsilib. Bəs necə olmuşdu ki, qoca ağlamağa başlamışdı ? Nazirlik qorxuya düşüb ki, birdən bu xarici düşmənlərin ortaya atdığı yeni bir epidemiya olar, buna görə də işi mənə tapşırıb. Mən qocanın bütün tibbi nəticələrini nəzarətdə saxlamalı, gündəliklərini oxumalı və sonda onunla üzbəüz görüşüb söhbətləşməliyəm, sonra nəticələri nazirliyə təqdim etməliyəm. Bundan sonrakı mərhələdə nələr olacağına onlar qərar verəcəklər və heç kim, heç vaxt onların nə qərar verəcəyini təxmin edə bilməzdi.

Qocanın gündəliyində tarixlər yoxdu, bu oxumağı asanlaşdırır, elə bil məqalə oxuyursan, ya da romanvari bir şey. Amma qalaktikanın sirlərinin günbəgün çözüldüyü, az qala sirr deyilən şeyin qalmadığı bu erada qocanın əlyazısı ilə yazması mənə qəribə gəldi, həm də bu oxumağımı çətinləşdirdi. Gündəliyi elektron varianta çevirdim, amma lap oxunmaz oldu. Vaxt azdır deyə gərək səbrimi basıb gündəliyi əlyazmadan oxuyum. Qarşımda oxunmaz xətlə yazılmış iki dəftər var və mən onları oxumağa hazırlaşarkən üzümü güldürən bir qənaətə gəldim : səliqəsiz yazını ancaq köhnə əczaçılar oxuya bilər, texnologiya bu işdə acizdir.

Qocanın gündəliyindən ( I dəftər)

“Adam hara gedir-getsin, hər yerə özünü də aparır deyə, əslində, heç vaxt heç yerə gedə bilmir. Dünya öz görkəmini nə qədər dəyişir-dəyişsin, sənin içində nəsə dəyişmirsə, zaman maşınında keçmişə, gələcəyə - hara gedirsən-get, heç nə sənin üçün təzə olmayacaq. Mən keçmişpərəst deyiləm, çünki bilirəm ki, insanın gözlərini keçmişə dikməsi ona görə pisdir ki, bu vaxt o arxasını gələcəyə çevirmiş olur. Bir də ki, mən gələcəyi necə sevməyə bilərəm, axı gələcək – yəni bugünün texnoloji yenilikləri mənim üçün qədim əfsanələrdə mümkün olan bir şeyi reallaşdıracaq, gerçək edəcək : həyat yoldaşım həyata qayıdacaq.”

“Zaman çox şeydi – qızımın ilk dəfə “ata” deməsi, oğlumun birinci sinifə getməsi, dostların şərəfinə qaldırılmış badələr, sevişdiyim qadınlar, gəzdiyim şəhərlər. Yaşım üzü qüruba getdikcə zaman haqqında daha çox düşünməyə başlamışam.Bir gün başa düşdüm ki, zaman cavanlıqda bir xətli yol kimi görünsə də, sonradan anlayırsan ki, o – yəni zaman illər keçdikcə adamın qarşısında parçalanır, bölünür, yolayrıclarına çevrilir. Qarşıda min cür fərqli gələcək işıqlanır, amma biz bilmirik onların hansı daha yaxşıdı, hansında mövcud olacağıq, hansında yox. Zaman ən böyük labirintdi və ondan çıxış yolu yoxdur.”

“Bu gecə bütün evlərin işıqları sönüb və mən yenə otağımda oturub yazıram. Cib bilgisayarımda yaza bilmirəm, bir neçə dəfə cəhd etmişəm, alınmır. Görünür yazdıqlarım o qədər məhrəm şeylərdi ki, onları yalnız əllə yazmalıyam, ya da nə bilim, deyəsən geridəqalmışam bir az.

Əlli il əvvəl hər şey başqa cür idi – binaların görkəmi də, yediklərimiz də, vərdişlərimiz də. Dünya çox dəyişib, özü də bir çox cəhətdən xeyirə doğru dəyişib, amma dəyişməyən gözəlliklər də var : biz yenə səmanın, ulduzların altında, torpağın üstündəyik. Nə qədər dəhşətli şeydi yaşamaq – ancaq bu gün varsan və hər şey dəhşətli bir sürətlə keçmişə çevrilir, sən isə öz mövcudluğunun sərhədlərini həm keçmişə, həm də gələcəyə tərəf dartıb uzatmaq, onların da sahibi olmaq istəyirsən, alınmır. Hamımız gələcəyə tərəf yaşaya-yaşaya sürətlə keçmişə çevrilən zamanın içində bugünə mismarlanmışıq."

***

Nə qədər çalışsaq da olmadı, qocanın ağlamağı ilə bağlı xəbər bütün dünyada əks-səda doğurdu. İndi bütün dünya onunla maraqlanır, vəziyyət get-gedə çətinləşir. Axşam cənab 99 poçtuma iki əsr bundan əvvəl baş vermiş bir neçə əhvalatla bağlı dosyeləri göndərib və bir cümləlik qeyd də yazıb : “Bunlara bax, başa düşəcəksən ki, vəziyyət necə ciddidir.”

Düzü, məsələnin ciddiliyini hiss edirdim, amma 99-un göndərdiklərinə göz atandan sonra anladım ki, sən demə mənim təxminlərim yüngülvari şeylər imiş. Onun göndərdiyi dosyedə neçə əsrdi tamam yoxa çıxmış şeir, roman kimi qədim incəsənət növlərinin və onların icraçılarının ( onlara şair, romançı, ümumən sənətkar deyilirmiş ) yazdıqları nəticəsində dünyanın necə hala düşdüyü göstərilir. Bu dosyedəki məlumatlardan anladım ki, ağlamaqla hiss etmək,düşünməyin arasında nəsə bir bağ varmış və bu köhnə refleks – yəni ağlamaq insanı nə qədər aciz, müti bir hala salırmış, bütün bunlar gələcək üçün çox təhlükəlidir. İndi başa düşürəm ki, dünya səviyyəli başçımız, möhtəşəm beyin, tükənməz yaddaşlı ulu bilgisayar XP-in ölkəmizdəki varlığı, onun uzaqgörən nəticələri, bir saniyə içində milyonlarla alqoritmə cavab verən çevik intellekti bizim üçün nə qədər önəmliymiş.

Amma nədənsə mənə elə gəlir ki, qocanın ağlamağında xarici qüvvələrin, ya da daxili düşmənlərin əli yoxdur, burda nəsə tamam başqa səbəb var, qeyri-adi bir səbəb.

Qocanın gündəliyindən ( II dəftər )

“Küləkli havalarda buludlara baxanda, ya da fincanıma su tökəndə zamanın keçməsini, əllə tutulmasının qeyri-mümkünlüyünü hiss edirəm. Gəncliyimdən bəri məni düşündürən bir sual var : “Boş vaxt” nə deməkdir? Vaxt yalnız fiziki iş gördüyümüz müddətdəmi doludur ? Məgər biz heç nə etməyəndə, yəni fiziki nə iləsə məşğul olmayanda, təkcə, düşünməklə, xatırlamaqla nəsə iş görmürükmü ? Düşünmək, xatırlamaq, xəyal qurmaq işdir, yoxsa yox ? Bunlar beynimi məşğul edir, məşğul edirsə, demək artıq vaxtım boş deyil.”

“Həyat yoldaşımın diriləcəyi günü səbrsizliklə gözləyirəm. Yeni çağın insanlığa qazandırdığı bu uğur, bir növ ölümsüzlük, yenidən canlanma, reinkarnasiya, nə deyək, məni həyəcanlandırır. Həyat yoldaşım dünyasını dəyişəndə, ( bilmirəm, artıq dünyasını dəyişmək sözü nə qədər düzdür) mən razılıq verdim ki, onun beyni, yaddaşı böyük bir hard diskdə saxlanılsın və budur artıq sayılı günlər qalıb, onun yaddaşını, beynini, bütün xatirələrlə birgə eynilə özünə bənzəyən klonlaşdırılmış bədəninə köçürəcəklər.”

***

Qocanın gündəliklərini oxuyub bitirdim. Ağlamaqla bağlı nəyəsə rast gəlmədim, bilmirəm, bircə həyat yoldaşının yenidən dirildilməsi ilə bağlı müəyyən həyəcanları var, bu adi reaksiyadır. İndiki erada insan diriltmək adi şeydi, görünür qoca üçün həyat yoldaşı hədsiz əzizdir, belə şeyləri çox görmüşəm. Bir də ki, gündəlik yazılan vaxt həyat yoldaşı hələ klonlanmamışdı, amma öyrəndim ki, ağladığı gündən iki ay əvvəl artıq proses yekunlaşıb və o, yoldaşı ilə birgə yaşayır. Demək ağlamağının səbəbi tamam başqa şeylə bağlıdır, bəlkə də heç özünün də bilmədiyi bir səbəb. Məsələn, nazirliyin şübhələndiyi kimi gizli bir virusla üz-üzə ola bilərik. Qocanı həkimlər gündəlik nəzarətdə saxlayırlar və mən həkimlərdən hər gün elektron məktub alıram, orqanizmdə hər şey normaldı, qocalıqla bağlı xırda-para narahatlıqlar var, vəssalam. İndi dosyemi tamamlamaq üçün bircə qalır qocanın özüylə söhbətləşmək. Amma içimdə qəribə bir qorxu var, əgər qocanın ağlamağı virusdursa, birdən mənə yoluxar və bu ibtidai azar canımdan çıxmaz. Qocayla sabahkı söhbətimi intervyu kimi düşünürəm, ara sakitləşəndən sonra elektron dərgilərdən birində dərc etdirmək olar.

Qocayla intervyu.

  • Yaşınız az deyil, siz də həyat yoldaşınız kimi beyninizin elektron variantda saxlanmasına icazə verəcəksinizmi?

  • Əlbəttə. Ölümsüzlüyə gedən elmi tərəqqinin ilk mərhələsidir bu. Buna görə də düşünmədən vəsiyyətimdə buna razı olduğumu əvvəlcədən yazmışam.

  • Həyat yoldaşınız bir neçə aydır ki, klonlanmış bədəndə yenidən doğulub, alışa bilirsinizmi ona ?

  • Alışmağa çalışıram. Onun bütün yaddaşı yeni bədəninə yüklənsə də, hələ uşaq kimidir.Amma beynində əski xatirələr var deyə daxırmırıq. O gün 40 il bundan əvvəlki bir günü xatırlayıb xeyli söhbətləşdik, sevindim.

  • Yaxın aylarda “toxunmadan seks” adlı yeni funksiya istifadəyə veriləcək. Bu funskiyaya görə artıq insanlar bir-birlərinə toxunmadan, yalnız beyinə göndərilən siqnallar vasitəsilə seksdəki bütün hiss-həyəcanları eynilə hiss edəcəklər.Buna necə baxırsınız ?

  • Mənim yaşımdakı bir adam üçün bunun o qədər önəmi yoxdur, amma gələcək üçün maraqlı kəşfdir. Gələcək çox dəbdə olacaq yəqin, lakin qorxuram insanların beyni əvvəlkindən daha çox sekslə məşğul olar.

  • Bunu hər halda zaman göstərəcək. “Zaman” demişkən, gündəliklərinizi oxudum, zamana qəribə yanaşmanız var. Zaman sizin üçün çoxmu önəmlidir?

  • Bayaqda sadaladığınız elmi kəşflərdən başlayaraq hələ bizim ağlımıza gəlməyəcək şeylərə qədər bütün şeylər zamanla bağlıdır. Antik dövrdə məşhur olan bir ifadə varmış : zəmanə pozulub. Zəmanə deyəndə onlar permanent, əbədi davam edən zamanı nəzərdə tuturmuşlar və onların fikrincə, zaman proqressiv yox, reqressiv imiş. Mən zamanla bağlı düşünəndə bilmirəm onlar kimi düşünürəm, ya yox, çaşıb qalıram.

  • Qəfildən ağlamağınız da zamanla bağlı çaş-başlıqdan irəli gəlir?

  • Yox. Düzü, bunun necə baş verdiyini heç özüm də anlamadım, çünki mən doğulanda artıq ağlamaq tarix kitablarında olan bir reaksiya idi, amma görünür çox qədim genetik bir şey məndə birdən üzə çıxıb.

  • Axı çağdaş zamanda bütün doğulan körpələrin doğulmamışdan genetikasındakı zəifliklər aradan götürülür...

  • Doğru deyirsiniz, bilmirəm, amma nədənsə mənə elə gəlir ki, mən genetikayla bağlılığım daha çoxdur, bəlkə də bu şüurumun mənə yaşımla bağlı oynadığı oyundur.

  • Maraqlıdır. Həyat yoldaşınızın bütün yaddaşı yeni bədəninə yüklənib və dediniz ki, keçmişi xatırlayıb, maraqlı söhbət etmisiniz. Onda heç dəyişiklik hiss edirsinizmi ?

Bu sualdan sonra qoca qəfil ağlamağa başladı. Çaşıb qaldım, canıma dəhşətli bir qorxu yayıldı.

Qoca ağlaya-ağlaya dedi : “Güləndə sağ yanağı dartılmır...”

# 4630 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #