Seymurun üz qarası

Seymurun üz qarası
26 noyabr 2013
# 11:53

Yaradıcılığın enişli-yoxuşlu, uğurlu-uğursuz olmağında təəccüblənməli nəsə yoxdu. Bu, bütün yazıçıların başına gələn “qəza”dır. Bəri başdan şərti şumda kəsək, xırmanda yabalaşmayaq heç, üstəlik, zəhləmiz tökülməsin. Bu dəfə məsələ enişdə-yoxuşda, uğurda-uğursuzluqda yox, çöküşdədir! Seymur Baycanın “Ana ürəyi” romanını oxuyanda primitivliyin, özfəaliyyətin, naşılığın əyani sübutunu gördüm. Daha sərt ifadələr seçmək olardı ki, bunu qələm adamı yoldaşı haqqında deməz.

Lap doğrusu, məsələ belədir: Seymur Baycana istedadsız damğası vurmaqdan ötrü adam əclaf olmalıdır. Şəxsən məni qəzəbli yazı yazmağa, aqressiyanın qurbanı olmağa məcbur edən də budu. İstedadı, mütaliəsi, zövqü müzakirə olunmayan adamın ağlını Allah alır, sahib olduğu ədəbi meyarları birdəncə itirir və ortalığa elə bir əsər çıxarır ki, onu kahin qocalardan, quyruq bulayan cavanlardan müdafiə etməyə söz tapmırsan. Hərçənd, müdafiə etmək üçün boynumuza öhdəlik götürməsək, daha doğrusu, bu, Seymurun vecinə gəlməsə də...

Məsələn, biri xəbər yazır, o biri jurnal-qəzet çıxarır və deyirlər: bu xəbəri, qəzeti jurnalistika fakültəsinin tələbələrinə göstərib necə xəbər yazmamağı, qəzet çıxarmamağı öyrətmək lazımdır. Bu, kinoda da, teatrda da belədir. Seymurun “Quqark”dan sonra üzə çıxarmağa üz elədiyi "Ana ürəyi" romanını gənclərə nümayişkaranə şəkildə göstərib demək olar ki, əzizlərim, romanı məhz belə yazmazlar. On ilə yaxın zaman keçir və “Körpüsalanlar”dan da zəif, bütün tərəfləri ilə ona uduzan bir əsər meydana çıxır. Seymur Baycanın bütün ədəbi siyasətini, yaradıcılıq maneralarını hesablamaq mümkün olmadığı kimi bu əsəri də niyə yazdığını, nə səbəbə üzə çıxardığını deməkdə çətinlik çəkirəm.

Görünən odur ki, Seymur ömrü boyu lağlağı edib ələ saldığı bayağı şairlərdən, zamandan geri qalan yazıçılardan daha urvatsız əsər çap etdirməklə, özü öz qəhrəmanlarına çevrilib.

Dekonstruksiyanı, ironiyanı, pastişi, postmodern priyomları anladıq, amma mövzu bayağıdırsa, keyfiyyətsiz mətni bu sadaladığım şeylərin heç biri xilas edə bilmir. Yəni bayağı segah əhvalatı xalqdan götürülüb bəzəkli şəkildə, ironik tərzdə onun özünə qaytarılırsa, ən azı o xalqın qabağına qoyulan məhsul keyfiyyətli olmalıdır. Ana ürəyini oğula çıxartdıran “yaradıcı” xalqa pastiş adıyla Mopassanı, Dostoyevskini, Turgenevi soxuşdurmaq işə yaramır.

“Quqark”ı bütün qüsurlu tərəfləri ilə son illərin maraqlı romanlarından biri hesab edirəm. Pintilik, qüsurlu cümlələr, struktur pozğunluğu bu romanın bətnində gizlənən böyüklüyü, qəhrəmanların, müəllifin ağrısını yarıbayarı azaldır. “Ana ürəyi” haqqında isə bunların heç birindən danışmağa dəyməz. Billah, adam Martin Paja, Con Steynbekə, Dostoyevskiyə, Tolstoya heyran olub belə mətni üzə çıxarmaz.

Yazının sonunda Seymurun kitabına yaxşı bazar arzu edirəm və romanın anti-piarını apardığıma görə, müəllifdən xaş qonaqlığı almaq fikrim var. Yoxsa ürəyim soyumaz, həmkarımızın cümlələrini segah üstündə oxuyub nəinki onu, hətta kitabın redaktorunu da ifşa edərəm:

* Hətta bir dəfə bulvarda balaca bir itin üstünə it kimi hürmüşdüm.

* ... onun gülüşündə nə zəkası, nə də qəlbi iştirak edirdi.

* Nəhayət, günlərin bir günü mənim paxıllığım qəzəbə çevrildi və mən iti əməlli-başlı tənqid etdim.

* Anam elə bilib ki, nəhayət tale onun üzünə gülmək qərarına gəlib.

* Soyuq suya girməyə hazırlaşan insanı qaplayan hissə bənzər bir hiss duymaqda idim.

* Qapıçı etika naminə topa sarı tullandı.

# 4746 dəfə oxunub

Oxşar xəbərlər

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." -  İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." - İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

12:00 24 mart 2026
İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

11:40 23 mart 2026
"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

16:00 19 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər