Ona qədər sayaram, on birdə unudarsan...

Ona qədər sayaram, on birdə unudarsan...
25 iyun 2013
# 10:29

Kulis.Az şair Mətləb Ağanın yeni şeirlərini təqdim edir.

***

Yazın sonuncu günü

yağdı səhərə kimi...

kənddəki evimizdən

sizin şəhərə kimi...

sən də onda oturub

pəncərədən baxırdın...

elə hey ağlayırdın,

gəlib-gedən baxırdı...

bilmirdin, ağıllısan,

dəlisən, ağlayırsan;

bir ucdan yağış yağır,

elə sən ağlayırsan...

imkan olsa, yağışdan

tutub göyə çıxardın...

itirdiyin Mətləbi

tapıb yiyə çıxardın...

...sonra kimi görərsən,

deyərsən soruşmamış;

"o yağış varıydı ha,

mən idim həmin yağış... "

***

Küçədə bir payız var,

ilin-günün bu vaxtı...

bu payız olmasaydı

guya nə olacaqdı?!..

bir payız yarpağında

özümə bir də baxdım...

hardadı indi Mətləb?

görmədim və darıxdım...

ürəyimdə heç nə yox,

olanlar olub keçib...

doğrular olub keçib,

yalanlar olub keçib...

səni də düşünmərəm,

nə olsa, barışaram...

harda rastıma çıxsan,

payızı soruşaram...

***

Getmisən, sağ-salamat,

başqa nə bacarırsan?!..

mən səninçün ölərdim,

kiminçün qocalırsan?!..

səndən bir istəyim yox,

bir məktub yaz, bacarsan...

şəklimi bir saatlıq

divardan as, bacarsan...

başını qat həyatla,

uşaq, iş-filan, yəni...

səninçün ən doğrusu;

ən böyük yalan, yəni...

***

Gecə ötüb yarıdan,

ulduzlar da soluxub...

küçədən keçən adam

deyəsən azca qorxub...

...dörd divardı, bir də mən,

bir mənəm, bir dörd divar...

sənin min sualına

mənim bir cavabım var...

...dönsən, adam deyilsən,

ömrün uzunu bir də...

görmək istəmir qapım

sənin üzünü bir də...

...yalana bax, demişdin

qəbirdə unudarsan;

ona qədər sayaram,

on birdə unudarsan...

# 3493 dəfə oxunub

Oxşar xəbərlər

“Hind filmləri göz yaşlarımızı qurudub, Furqana bircə qətrəsi qalmayıb” – Hekayə müzakirəsi

“Hind filmləri göz yaşlarımızı qurudub, Furqana bircə qətrəsi qalmayıb” – Hekayə müzakirəsi

12:00 25 noyabr 2026
Azərbaycan xalqının damarına düşməyən hekayə - “Tavriya” niyə oxucunu narahat edir?

Azərbaycan xalqının damarına düşməyən hekayə - “Tavriya” niyə oxucunu narahat edir?

12:00 25 noyabr 2026
Dəlikdən şəhvət anlarını güdən oğlanlar, eşqə susamış qadınlar... - İntiharı əfsanələşmiş Mişima faşist idimi?

Dəlikdən şəhvət anlarını güdən oğlanlar, eşqə susamış qadınlar... - İntiharı əfsanələşmiş Mişima faşist idimi?

10:00 25 noyabr 2026
Süni intellekt dövründə sözlə çarpışmaq... - Yaxşı roman müəllifini unutdururmu?

Süni intellekt dövründə sözlə çarpışmaq... - Yaxşı roman müəllifini unutdururmu?

16:00 23 noyabr 2026
Cümhuriyyət dönəmində Azərbaycan ədəbiyyatı:  Dövrün ədəbi-publisistik tablosunda kimlər vardı?

Cümhuriyyət dönəmində Azərbaycan ədəbiyyatı: Dövrün ədəbi-publisistik tablosunda kimlər vardı?

10:00 21 noyabr 2026
Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

10:27 15 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər