LAYİHƏ-AJİOTAJ
Tənqidçi Vaqif Yusifli “Yetmişin gəlib çatdı, Mövlud...” məqaləsində yazır: “O zaman bu əsər (“Dəyirman” C.C) əksər yazıçılar, tənqidçilər tərəfindən çox hiddətlə qarşılandı. Əslində, povestin sovet cəmiyyətinə, SİSTEMƏ yad, yabançı bir əsər olduğunu duyanlar səhv etmirdilər. Ancaq bu əsəri yüksək qiymətləndirənlər də oldu.
Mövlud Süleymanlının “Dəyirman” povesti, dövrünün ən səs-küylü əsərlərindən sayılır.
““Dəyirman” əsərində sərxoşların, alkoqolizmə düçar olanların həyatı təsvir edilir, onların nə üçün bu dərdə tutulduqlarının səbəbi izah edilir. Povestdəki obrazların düşüncələri yalnız sərxoşların düşüncələridir”. Bu fikirlər ədəbiyyatşünas Aydın Məmmədovun əsər haqqındakı fikirləridir.
“Dəyirman” povesti simvolik Dəyirman obrazı sovet rejiminin çürüməyə, çökməyə başladığını əks etdirir. Ruzi-bərəkət simvolu olan Dəyirman artıq dən üyütmür, sərxoşların, yüngül əxlaqlıların oylağına çevrilib. Dəyirman insanları məhvə, əyyaşlığa, mənəvi aşınmaya sürükləyir. Dəyirmanın qurbanları ali savadlılar Gülülər, Temirlər, zəhmətkeş Çobanlar və onların ailələridir. Gülünü kolxoz sədrinə şillə vurduğu üçün sıxışdırılıb kəndin naxırına göndərirlər. Halbuki Gülü təhsilli mütəxəsisdir. Temir müəllim dörd ildir ki, hər gün Dəyirmanda içir, dərsləri, ailəsi, yaşlı anası yadına düşmür. Kababçının arvadı ərinin və atasının əməllərinə dözməyib evdən qaçıb. Oğlu harınların məclisində oxuyur. Nə dəyirmançının, nə də kababçının gözü puldan doymur. Sarı Əlişin arvadı Pəri əxlaqsız, özü yaltaqdır. Aşıq və Temir müəllim və balaca Ayat dəyirmana toplaşanları əyləndirir. Müəllif Dəyirman obrazı vasitəsi ilə Sovet rejiminin müəyyən iyrəncliklərini ustalıqla qələmə alıb.
Əsərin Azərbaycan Yazıçılar İttifaqında müzakirəsi zamanı, müəllifi təqdir edənlər olsa da, onu kəskin şəkildə tənqid edənlər də olur. Əziz Mirəhmədov müzakirə zamanı əsərlə bağlı kəskin fikirlər səsləndirir: “Povest adamda heç bir nikbin təəssürat oyatmır, əksinə, onu çox bədbinləşdirir. Əsərdə təsvir olunan kənd də yeni deyil. Elə bil, 60-70 il bundan əvvəlki patriarxal Azərbaycan kəndidir. Obrazlar da müasir kəndi təmsil eləmir. Hanı yazıçının fəal həyat mövqeyi? O, yalnız təsvir etməklə, göstərməklə kifayətlənmişdir”.
Yazıçı Mövlud Süleymanlı açıqlamasında əsər haqqında deyir: “Dəyirman” povesti 1979-cu ildə işıq üzü görüb. Ancaq 1978-ci ildə, hardasa 5-6 ay ərzində qələmə alınıb. Bu əsərə qədər mənim “Şeytan”, “Şanapipik”, “Yaşıl obaların toyu” adlı nəsr əsərlərim, şeirlərim çap olunmuşdu. Gənc vaxtlarım idi. Sovet
rejimində əzilsəm də, daxilən bu rejimlə barışmasam da, özümü bu rejimə yad hiss eləsəm də “Dəyirman” düşünülmüş, plan əsasında yazılmış əsər deyil. Əsər yazı prosesində cilalanmış, yaranmış əsərdir. Mən əsər yazanda əvvəlcədən düşünmürəm və əsərlərimə ad qoymaqda çətinlik çəkirəm.
Radioda bir dostum vardı, şair-jurnalist Arif Mustafazadə. Əslən Gürcüstandan, Qarayazıdan idi. O Gürcüstana işləməyə gedəndə məni öz yerinə işə düzəltdi. Azərbaycan dilini gözəl bilən jurnalist idi. Eyni zamanda çox gözəl şeirlər yazırdı. Hər dəfə Bakıya gələndə görüşüb hal-əhval tuturduq. 1978-ci ilin əvvəlləri idi. Arif Mustafazadə Bakıya gəlmişdi, görüşdük. Soruşdum ki, “Qarayazıda, kənddə nə var, nə yox?” Giley-güzar elədi ki, “Necə olacaq Mövlud, kənddə bir dəyirman var, bizə yaşamağa imkan vermir.” Diqqətimi çəkdiyi üçün onu ətraflı sorğu-suala tutdum. Və xeyli məlumat öyrəndim. Məlum oldu ki, kənddəki köhnə dəyirmanı kababxanaya çeviriblər, camaat da oradan əl çəkmir.
Əsərin ideyası Arifin söhbətindən sonra yarandı. Eyni zamanda kənd xatirələri, qohum-qardaşın başına gələn faciələr də mənə material verdi. Bacımın həyat yoldaşı içki aludəçisi idi. Üstəlik onun müəllim olmağı, Temir obrazını yaratmağa ilham verdi. “Dəyirman”da öz ağrılarımı da qələmə aldım. Əsərə qarşı hücumlar olacağını, səs-küy yaradacığını düşünməmişdim. Çünki, mən yazı prosesində bütün bunları ağlıma gətirə bilməzdim. Əsər çap olunduqdan sonra hücumlar başladı. Məni müdafiə edənlər də, əleyhimə təbliğat aparanlar da vardı. DTK-ya çağırıb qızıldişli oğlanlarla, suya qarışan qanla bağlı çoxlu sual-cavab etdilər. O vaxt Rəsul Rza mənim haqqımda çox gözəl bir yazı yazmışdı – “Dəyirman dərdi”. Xəstəxanada müalicə olunurdu, Anarla birlikdə yanına getdik. Başını qaldırıb dedi ki, “Nəhayət ki, “dəyirmançı” gəldi.”
O vaxt Mərkəzi Komitənin birinci katibi işləyən Heydər Əliyev məni xilas elədi. Bir dəstə adam yığışıb onun yanına getmiş, əsərdəki söyüşləri işarələyib ona təqdim etmişdilər. Hardasa 72-73 söyüş var imiş əsər də. Sözün düzü mən indi o ifadələri istifadə edə bilmərəm. Amma yazı prosesində belə ifadələr böyük bir mətnin məna yükünü ifadə edir. Heydər Əliyev bu ifadələrlə bağlı şikayət edənlərə demişdi ki, əgər bu ifadələrə qalsa, gərək rus xalqı Şoloxovu məhkəməyə versin.
Heydər Əliyevin müdaxiləsindən sonra nisbətən sakitlik yarandı. Anar, Elçin, Rəsul Rza, İsmayıl Şıxlı, Əkrəm Əylisli, İlyas Əfəndiyev və başqaları məni müdafiə edirdi.
1980-ci ildə Azərbaycan Yazıçılar İttifaqında əsərin müzakirəsi keçirildi. Həmin ərəfədə Moskvada çap olunacaq əsərimin çapına mane olmağa başladılar. İclasda Abbasov soyadlı bir tarixçinin sərt çıxışı hələ də yadımdadır. Əsərdə toğluların qanının arxa axıdılması, qanının suya qarışması prosesini tənqid edərək dedi ki, “özün başdan ayağa qan içindəsən, Mövlud Süleymanlı!”
Bəkir Nəbiyev məni çox sərt tənqid etmişdi. Amma müdafiə edənlər, dayaq olan həmkarlar daha güclü çıxdı.
“Dəyirman” əsərini yaradıcılığımda çox vacib, çox igid bir əsər hesab edirəm. Baxmayaraq ki, mənim daha dünyəvi, daha böyük həcmli əsərlərim var, “Dəyirman” povestini qəhrəmanlar kimi igid bir əsər hesab edirəm.”
Yazıçı Əkrəm Əylisli “Dəyirman” povestini Azərbaycan ədəbiyyatında mərhələ hesab edir: “”Dəyirman” povestinin o zamankı müzakirəsi və “Azərbaycan” jurnalının üzərinə hücumlar bir mərhələdir, epopeyadır. Povest “Azərbaycan” jurnalında çap olunduqdan sonra, “Kommunist” qəzetində Bəkir Nəbiyevin böyük bir yazısı çıxmışdı. Guya “Kommunist” mi məktub yazıb, “Dəyirman” povestinin həqiqətləri əks etdirmədiyini, Azərbaycanı təhqir etdiyini bildirmişdi. O vaxt hücum təkcə Mövlud Süleymanlıya, “Dəyirman” povestinə qarşı deyildi. Məqsəd “Azərbaycan” jurnalının gördüyü işlərə, o vaxt üzdə olan gənc imzalara - Ramiz Rövşənə, Dilsuza, Afaq Məsuda, Rəhman Əlizadəyə, Şahmar Hüseynova kölgə salmaq idi. “Kommunist” qəzetindəki həmin məqalə bütün bu imzaları darmadağın etmişdi.
O vaxt mən təzyiqlərə görə Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevə məktub yazdım. Yazdım ki, əgər bütün yazılanların doğruluğuna inanırsınızsa, hesab edin ki, mən bu gündən “Azərbaycan” jurnalının baş redaktoru deyiləm. Bu məktubdan sonra Heydər Əliyev Azərbaycan Yazıçılar İttifaqının birinci katibi olan İmran Qasımovu çağırıb onunla söhbət etmişdi. Bir müddət sonra Mərkəzi Komitənin ideologiya məsələləri üzrə katibi Kamran Bağırov məni yanına çağırdı. Qapıdan girən kimi ilk sözü bu oldu: “Əkrəm, sənin nə qədər düşmənin varmış? “Dəyirman”ı mən də oxumuşam, narahat olmağa əsas yoxdur. Get işlərini davam etdir”.
Mən geri qayıdanda, İmran Qasımov da Heydər Əliyevin yanından qayıtmışdı. Məni gördü və hiss etdi ki, çox rahatam. Sonra həm Mərkəzi Komitədən, həm də KQB-dən mənə təsir edirdilər ki, “Dəyirman”ı oxumadığımı deyim. Çünki, baş redaktorun bütün yazıları oxumaq məsuliyyəti yox idi. Ancaq mən israr edirdim ki, “Dəyirman”ı oxumuşam və əsər haqqında yüksək fikirdəyəm. O vaxt təkcə yazıçılar, tənqidçilər yox, bütün cəmiyyət tökülmüşdü üstümə. Bütün bunlara baxmayaraq mən Mövludun “Köç” romanını da “Azərbaycan” jurnalında çap etdirdim. Baxmayaraq ki, “Dəyirman”dan sonra bu əsər geriyə addım idi. “Dəyirman” o dövrün reallığın əks etdirdi və “Köç” əsəri müəyyən qədər “Dəyirman”ın üstündən xətt çəkmək idi.
“Dəyirman” dan sonra “Azərbaycan” jurnalı Yazıçılar İttifaqında müzakirə olundu. Jurnal Yazıçılar İttifaqında yeni ab-hava yaratmışdı. AYİ-na getməyənlər bizim redaksiyaya, jurnalın müzakirəsinə gəlirdi. Bütün “köhnə qvardiya” tökülmüşdü üstümüzə. O vaxt Anar, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, Kamil Vəli bizi müdafiə edirdi. İlyas Əfəndiyev və Ənvər Məmmədxanlı ittifaqa gəlib-getməsə də “Azərbaycan” jurnalını müdafə edirdi. Eyni zamanda Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev də mənə etibar edirdi. İnanırdı ki, mən jurnalda nə edirəmsə, ədəbiyyat naminə edirəm. “Dəyirman” povesti ilə yanaşı Rəhman Əlizadənin (Rəhman Əlizadı “Kukla Teatrının bu yaxınlarda vəfat etmiş baş rejissoruydu, bədii əsərlər də yazıb-Red.”) “Əncir qurusu” adlı hekayəsi də müzakirə olunurdu. Həmin müzakirələrdə bizim mövqeyimiz müdafiə olunurdu.
Sonra AYİ-na Mirzə İbrahimov birinci katib seçildi. O demişdi ki, “Azərbaycan” jurnalını darmadağın edəcəm. O vaxt Yazıçılar İttifaqında iki qüvvə vardı. Biri Şərif Ağayarın dediyi kimi, “irtica” idi. İkinci qüvvə isə proqressiv, ədəbiyyatın gələcəyini düşünən, ədəbiyyata xidmət edən ədəbi maarifçilər idi. Sizlərin Kulis.az-da davam etdirdiyiniz ədəbi maarifçilik bizim vaxtımızda, bizimlə başlayıb. O vaxt Anar proqressiv idi. İndiki Anarla, o vaxtki Anar çox fərqlidir. Anarın sözünün avtoriteti vardı və bizi müdafiə edirdi. Eyni zamanda Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Kamil Vəli də bizi dəstəkləyirdi. “Azərbaycan” jurnalını müdafiə edən çoxlu alimlər və ziyalılar vardı. Mənim rəhbərliyimə qədər “Azərbaycan” jurnalını Mərkəzi Komitədə tanımırdılar. Çünki ora yığışanların çoxusu rusdilli idi. Məndən sonra jurnalın hər nömrəsi MK-da müzakirə edilirdi. KQB-də jurnalın Səfər adlı kuratoru vardı və hər nömrəni qoltuğuna vurub, gəlirdi İmran Qasımovun yanına. O vaxt şeirlərini çap etdirdiyimiz şairlərdən birini KQB-yə çağırmışdılar. Sual vermişdilər ki, niyə belə yazırsan. O da cavab vermişdi ki, Əkrəm Əylisli bizdən bu cür yazmağımızı tələb edir. Mövlud Süleymanlı sonradan mənə demişdi ki, “Dəyirmanı” yazanda bilirdim ki, heç kəs çap etməsə də sən çap edəcəksən.”
AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas Nizami Cəfərov “Dəyirman” povestini hadisə hesab edir : “ “Dəyirman” povesti nəinki Mövlud Süleymanlının yaradıcılığında, deyərdim ki Azərbaycan ədəbiyyatında ən gözəl nəsr nümunəsidir. Əsər çap olunduğu dövrdə çox böyük səs-küy yaratdı, müzakirələrə səbəb oldu. “Dəyirman” povesti hal-hazırda da gənclərin oxumalı olduğu əsərlərdən biridir. Bu gün də aktualdır.”
Yazar Qismət “Dəyirman” povestini bədii keyfiyyətlərinə görə təqdir edir: “Mövlud Süleymanlının "Dəyirman"ı ətrafında zamanında baş vermiş səs-küylü müzakirələr haqqında çox eşitmişəm. O illərdə əsər hansı cəhətdən tənqid edilib, hansı cəhətdən sevilib, bilmirəm. Bu gün "Dəyirman" mənim üçün dili ilə, mətnin vahid metaforik nüvəətrafında - dəyirman ətrafında- qurulması, baş verənlərin dəyirmanın rəmziliyini addım-addım aşkarlaması ilə maraqlıdır.”
Yazıda istifadə edilən rəsmin müəllifi Amerika rəssamı Bob Rosdur.
Digər AJİOTAJ yazıları:
Vidadi Babanlı: “Vicdan susanda”
Cahandar ağa İsmayıl Şıxlının babası idi