Gecələr barları gəzən qız öldürülürsə...

Gecələr barları gəzən qız öldürülürsə...
23 iyul 2016
# 09:30

Kulis.az “Naməlum kino” layihəsində Nicat Bəkirzadənin 1981-ci ildə çəkdiyi “Əlavə iz” filmini təqdim edir.

Süjet: Gənc qız Nərgiz (Dinarə Seyidova) atalığı və anası (Səfurə İbrahimova) ilə yaşayır. O, atalığı (Hamlet Xanızadə) ilə tez-tez mübahisə edir, onun sərt nəzarətdə saxlamaq istəyinə qarşı çıxır, sərbəst həyat tərzi yaşayır: evə gecəyarı gəlir, barlarda dostları ilə gün keçirir. Ailəsindən maddi cəhətdən asılı olmamaq üçün iş axtarır. Rəfiqəsi Valya (Larisa Xələfova) ona tanışı Alikin (Tofiq Mirzəyev) kömək edəcəyini deyir. Nərgizin nişanlısı (Rasim Balayev) onun bu şübhəli kompaniyaya qoşulmasına qarşı çıxır. Amma Nərgiz onu dinləmir. Alik onu Elmi təqdiqat institunda işə düzəldir. Axtarışda olan, üzvləri ələ keçən cinayətkar dəstə Nərgizdən məqsədləri üçün istifadə edir. Alik Nərgizə zinətlə dolu çanta verir, aldadaraq içində nadir fotolar olduğunu deyir və onun bir alimə çatdırmasını istəyir. Cinayətkar dəstə tutulur, sonra isə Nərgiz evində ölü tapılır.

Film gənc qızın ölüm səhnəsi ilə başlayır. Süjet boyu qətlə qədərki və ondan sonra baş verən hadisələri seyr edirik.

Süjet ədəbi variant kimi maraq doğurur. Amma təəssüf ki, onun kinoda həlli uğurlu alınmayıb. Janrına görə “Əlavə iz” detektivdir və Nərgizin qətlinin təhqiqatı filmin əsas xəttini təşkil edir. Əhvalatda tamaşaçının marağını saxlayan müəyyən gərgin vəziyyətlər var. Zira, seyrçinin marağını tam saxlamaq üçün həmin gərgin vəziyyətlərin filmdə bədii-emosional həlli texniki alınıb. Yəni müəllif kəskin situasiyaları tələsik, illüstrativ, natamam işləyib. Nəticədə dinamik yox, tələskən və yuxarıda dediyim kimi texniki film ortaya çıxıb.

Filmdə klassik detektiv janrının tələblərinə uyğun olaraq qətlin baş vermə səbəbi final səhnəsinə kimi qaranlıq qalır. Və şübhələr müxtəlif personajlara fokuslanır, onun kimin törətdiyi sonadək az da olsa müəmmalılığını saxlaya bilir.

“Tam müəmmalılığını saxlaya bilir” yazmamağımın səbəbləri var. Birincisi, şübhələr Nazimin dostu Vaqifin (Yavər Rzayev) üzərinə düşür, sonra məlum olur ki, qətli o, törətməyib. Qətli törətməyən şəxsin isə özünü son dərəcə şübhəli aparması, əsəbiliyi, özünəinamsızlığı əsaslandırılmır.

İkincisi, Nərgizi nişanlısı (onu nişanlısı Nazim zinət əşyalarını ələ keçirmək üçün mübahisə zamanı təsadüfən qətlə yetirir) öldürübsə belə, o, bu xəbəri eşidəndə müəmmalı vəziyyəti maksimal həddə çatdırmaq üçün dəhşətə gəlməli, müstəntiqi də, tamaşaçını da aldatmalı, çaşdrımaılıydı. O isə Nərgizin qətlini az qala zərurət kimi qarşılayır və qatilin özü olması haqda vizual informasiya verir, beləcə, filmin sirli atmosferi dağılır. Artıq bu məqamda filmlə tamaşaçının arasında ünsiyyətində çat yaranır.

Cinayətkar dəstənin necə bir cinayətlərdə əli olması aydın deyil, onların fəaliyyəti çox qısa, epizodik göstərilir-bədii yox, informativ şəkildə.

Nərgizin atalığı ilə çətin münasibətlərinin səbəbi də göstərilmir. Nərgiz əsas qəhrəmanlardan biri olsa da, onun obrazının bioqrafiyası yoxdur. “Əlavə iz” haqda məlumatda deyilir ki, filmin məqsədlərindən biri sosial-mənəvi problemləri araşdırmaqdır, amma süjetdə bunlar əksini tapmayıb.

Süjet xəttində iki maraqlı məqam var. Yığıncaqda qadınlardan biri Rasim Balayevin oynadığı personaja yaxınlaşıb “Siz artist Rasim Balayevsiz?” deyə soruşur. Bununla da rejissor kinoillüziyanı dağıdır. Sadəcə sxematik qurulan filmdə bu fənd orqanik görünmür.

İkinci maraqlı məqam - Alikin təşkil elədiyi məclisdə Nərgizin gözü ilə müxtəlif mövzularda söhbətləşən fraqmental insan portretlərinin görüntüsüdür.

Filmin rejissoru Nicat Bəkirzadə 1934-cü ildə Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakultəsini qurtarıb. "Azərbaycanfilm" kinostudiyasında bir sıra bədii və sənədli filmlər çəkib. Hazırda xaricdə yaşayır.

Ssenari müəllifləri Arif Heydərov və Dmitri Hüseynovdur.

Cinayətkar dəstənin üzvlərindən biri Sese rolunu Vaqif İbrahimoğlu oynayır.

Dinarə Seyidova “Şahzadə qız”, “Yatmaq vaxtıdır” və s. cizgi filmlərin ssenari müəllifidir.

# 3880 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #