Zəlimxandan sonrakı Facebook mənzərələri

Zəlimxandan sonrakı Facebook mənzərələri
12 yanvar 2016
# 12:06

Tanınmış şəxsiyyətlər həm də başqalarınının dəyərini ölçmək üçün barometrə çevrilir.

Xalq şairi Zəlimxan Yaqubun vəfatından sonra sosial şəbəkələri izləmək kifayət idi ki, yazı-pozu əhlinin əsəblərinin vəziyyətini, ictimai mövqeyini, xasiyyətini, mənəvi-əxlaqi keyfiyyətlərini, ədəbiyyata, sözə münasibətini rahatca müşahidə edəsən.

Birinci qisim adamlar ifrat aludəçilər idi. Onlara elə gəlirdi ki, Zəlimxan ölümü ilə Azərbaycan ədəbiyyatı, Azərbaycan şeiri çökəcək. Ondan yoxdur və heç vaxt da olmayacaq. Bu tip insanların status və paylaşımlarından şəxsiyyətə pərəstiş qoxusu gəlirdi.

Necə ki, Stalinin ölümünü dünyanın, Səməd Vurğunun ölümünü sənətin sonu kimi düşünənlər vardı.

İkinci qisim nisbətən ağıllı münasibət bəsləyirdi: yaxşı şair, unikal insan idi, humanist keyfiyyətlərini çoxuna örnək göstərmək olardı, allah o dünyasını versin, ruhu şad olsun!

Üçüncü qismin statuslarından od yağırdı.

Hiss olunurdu ki, bu adamlar Zəlimxan Yaqubu daha çox efirdən tanıyırlar. Bizim efir də ki, daha çox sürrealdır. Adamları da belə göstərir və belə tanıdır. Digər tərəfdən, adamlar da axıb deformasiyaya uğramağa meyllidirlər.

Üçüncü qismə daxil olanlar arasında mərhumun meyiti soyumamış onu təhqir yağışına tutanlar da oldu.

Əlbəttə, təhqir heç bir halda qəbul olunmur. Amma bu bizim mövzumuz deyil. Qoy bununla hüquq-mühafizə orqanları məşğul olsun. Bizim mövzumuz budur: niyə adamlar hələ basdırılmamış məşhur bir şairi təhqir eləmək ehtiyacı duyurlar? Buna səbəb nədir? Niyə gənc bir qələm adamı belə yazsın: “Zəlimxan kimi adamlar ölüb qurtarmalıdır ki, cəmiyyətimiz xilas olsun.”

Axı təhqir yazanların bir çoxu ağlı başında, mədəni, kitab oxuyan insanlardır? Adam nə üçün bu qədər qəzəblənsin ki?

Bəlkə, təhqirdə olmasa da, aqressiyada haqlıdırlar? Doğrudanmı ölənin dalınca danışmaq olmaz? Bəlkə bir az vaxt keçməlidir bundan ötəri?

Sizə deyim, şəxsən mənim üçün bu suallar çox qəliz suallardır.

Əgər ölənin dalınca danışmaq olmazsa onda heç kimdən heç nə yazmayaq, ancaq tərifləyək. Onda Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin mədhiyyələrinə də haqq qazandıraq. Məmməd Rahimin yazdığı donosları qulaqardına vuraq.

Ölüm alibidirmi?

Sizi bilmirəm, Tanrı belə düşünmür.

Tanrı hər şeyin hesabını sorur.

Klaviatura əhli adamın meyiti soyumamış, basdırılmamış dalınca danışıb, onu yaxşı-pis dəyərləndirməyə çalışmaqla tanrını imitasiya etmirmi?

Bəlkə, bəzilərinin yazdığı kimi, uman yerdən küsür bu adamlar? Şairinə daha çox güvənir və qarşılığında bu güvənə uyğun gəlməyən, bəzən tərs düşən reallıqlar görür.

Bəlkə, xalq şairini xalqdan uzaq salan, onun yanında olmağa qoymayan səbəblər elə zamanımızın ən böyük problemləridir. Bu məsələdə şairin özü nə qədər günahkardır? Günahı azmıdır, çoxmudur? Bağışlananmıdır, bağışlanmayanmıdır? Məhz öldüyü gün sərt şəkildə ictimailəşdirilməlidirmi günah hesab olunun bu nəsnələr? Bəlkə elə məhz həmin gün – vurğunun düşdüyü an deyilməlidir ki, daha bərk səslənib qalanlara ibrət olsun?

Həqiqət naminə humanizmi tamamilə atmağa dəyərmi?

Etiraf edək ki, çətin suallardı.

Lap Zəlimxan Yaqubu dəyərləndirməyin özü kimi...

Məncə, bütün bu cür məsələlərdə əksliklərin vəhdəti nəzərə alınmalıdır. Yəni ağ-ağdır, qara-qara. Adam öldü-ölmədi, basdırıldı-basdırılmadı bu həqiqətləri bir yerdə qəbul etmək və yazmaq lazımdır. Sabir demiş, düzü-düz, əyrini-əyri... Və təbii ki, təhqir eləmədən...

Amma bəzən sözlə və yazıyla deyil feillə təhqir olunanlar qarşı tərəfdə bir xalq şair də görəndə hislərinə hakim ola bilmirlər. Bəli, söyüş söyməkdə qələt eləyirlər, amma söyüş söyməyib adam balası kimi soruşsalar, bizim onlara cavabımız varmı?

Şəxsən mənim yoxdur.

Ölənlərə rəhmət, qalanlara səbir diləyirəm.

# 2469 dəfə oxunub

Oxşar xəbərlər

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

16:00 1 iyun 2026
"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

13:30 1 iyun 2026
"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

10:40 1 iyun 2026
"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... -  Tanınmış alim xatirələrində nə yazırdı?

"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... - Tanınmış alim xatirələrində nə yazırdı?

09:48 1 iyun 2026
Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər