Suriyada əsgərlikdən necə yayınırlar?

Suriyada əsgərlikdən necə yayınırlar?
6 may 2014
# 15:05

Rafik Şami Suriya əsilli alman yazardır. 1946-cı ildə Suriyanın paytaxtı Dəməşq şəhərində, xaçpərəst ərəb ailəsində dünyaya göz açıb. Gerçək adı Süheyl Fadeldir, təxəllüsündəki Şam sözü isə Dəməşqin qədim adına işarət edir. Dəməşq Universitetində kimya ixtisası üzrə ali təhsil alıb, ancaq həmişə ədəbiyyata böyük maraq duyub və 1965-ci ildən yaradıcılığa başlayıb. 1971-ci ildə Almaniyanın Heydelberq şəhərinə köçüb və qastarbayter kimi müxtəlif işlərdə çalışmaqla bərabər, alman dilini də öyrənib. 1979-cu ildə kimya üzrə doktorluq müdafiəsi edib və Almaniyanın kimya sənayesində çalışıb.

1982-ci ildən bütün həyatını ədəbi yaradıcılığa həsr edib və yalnız almanca yazıb-yaradır. «Cənub küləyi» ədəbi qrupunun və «Çoxmillətli ədəbiyyat və sənət hərəkatı»nın qurucusudur. Almaniyada «Qastarbayter (və ya Miqrant) ədəbiyyatı»nın ən nüfuzlu nümayəndələrindən sayılır. Almanca yazsa da, Şaminin yaradıcılığında Şərqə xas pritçavarilik, duzlu-məzəli təhkiyə qorunub saxlanmaqdadır. O, həm realist, həm də fantastik janrlarda nəsr və dram əsərlərinin, uşaqlar üçün bədii mətnlərin müəllifi kimi tanınır. Əsərləri dünyanın 23 dilinə çevrilən Şaminin yaradıcılığı Şamisso (1993), Herman Hesse (1994), Hans-Erik Nossak (1997), Vaylhaym (2003) və Nelli Zaks (2007) ədəbi mükafatlarına layiq görülüb. Kulis.Az “Azərbyacan dilində ilk dəfə ” layihəsində Rafiq Şaminin “Milçəksağan” hekayəsini təqdim edir.

Xeyr! Özümü nə karlığa, nə də korluğa vuracağam! Gələn ilki əsgərlik müayinəsi zamanı sağlamlıq durumum araşdırılanda özümü zır dəli yerinə qoyacağam, çünki müharibəyə aşkar nifrət edirəm. Əhaliyə cəsarət hissi aşılamağa çalışan Suriya qırıcı təyyarələri Dəməşqin üzərindən lap alçaqdan uçduqları zaman adətən mən qorxu-hürküyə qapılırdım. Anam məndən də çox müharibəyə nifrət bəsləyirdi, çünki o, üç qardaşından ən kiçiyini qanlı davada itirmişdi. Qalan ikisi isə bir neçə il Amerikada işləyərək, özünü tutmaq və zəngin kimi vətənə dönəndən sonra hamıya hava atmaq niyyətinə düşsə də, onların heç biri qürbətdən geri dönə bilmədi.

Məktəbdəki vəziyyət də lap ağlasığmaz idi. Söhbətləşdiyimiz vaxt yoldaşlarımın hamısı davaya nifrət etdiyini bildirirdi, ancaq elə ki, məktəb müdiriyyəti hərbi hazırlıq məşqinə çıxmamızı tələb edirdi, bütün uşaqlar bir günlüyünə də olsa, dərslərə ara verilməsinə yamanca sevinirdilər. Bəzi yoldaşlarımız irəli çıxıb elə bağırırdılar ki, deyərdin bu qaqaş cəbhəyə getsə, təkbaşına Fələstini işğaldan xilas eləyər.

Anam həmişə belə deyirdi: "Bu camaatı ölüb-öldürməyə çağıranların dediklərinə əsla inanmayın, yaxşısı budur, bunların öz əllərinə silah verib, deyin ki: "Hə, indi get, Fələstin uğrunda döyüş!" Sonra da baxın, görün neyləyəcəklər? Bunun qarşılığında mütləq sənə: "İncimə, vallah, mənim öz dərdim-sərim başımdan aşır, ailəmə, oğul-uşağıma baxmalıyam, hələ üstəlik də şikəstəm" deyəcəklər!..."

Əsgərliyə getməkdən canımı necə qurtarmaq xüsusunda mən Səlim əmidən məsləhət istəməli oldum. Vaxtilə özü də əsgər getmədiyi üçün bunu ondan öyrənməm daha məntiqliydi. Həm də o, bunu etiraf eləməkdən əsla utanıb-çəkinməzdi, əksinə, hərbi xidmətdən yayınmaqdan ötrü dörd il sərasər dağlarda necə gizlənməyindən hamıya ağızdolusu danışardı.

O dedi:

- Bu gün kimin əsgərliyə aparılması barədə verilən qərarlarda zərrəcə məntiq-filan yoxdur. Hərçənd elə bizim vaxtımızda da, hətta tüfəng daşımağa heyi olmayanları da ucdantutma əsgər aparırdılar. Hərbi-tibbi komissiya qarşısında özünün orduda xidmətə yararsızlığını ustalıqla isbatlayanları isə hamı bu sınaqlardan daha uğurla çıxmış sayırdı.

Orduya getmək üçün sınaqdan çıxacağımdan mən tamamilə bixəbər idim.

Odur ki, soruşdum:

- Bu sınaq necə olur, axı?

- Gərək əsəb sistemin möhkəm ola və özünü inandırasan ki, orduda xidmətə yaramırsan. Yalnız bu şərtlə hərbi-tibbi komissiyanın bütün sınaqlarından uğurla çıxa bilərsən. Onların sənə quracağı tələlərə düşməmək üçün və işlər yolunda getsin deyə, vur-tut yarım saatlığına öz əsəblərinə tam hakim olmalısan. Bu sayədə orduya getməz, hərbi xidmətdə keçirəcəyin illəri kefdə-damaqda keçirə bilərsən. Komissiya üzvləri, əlbəttə, bütün bu hoqqalara yaxşı bələddirlər. Əgər onlar hamıya inansaydılar, çağırışçıların yarısı özünü kar, qalan yarısı isə kor kimi qələmə verdiyi üçün heç kəs orduya getməzdi. Vətəndaşlarına çörək əvəzinə qapaz, məktəb əvəzinə türmə bəxş eləyən bir hökumət uğrunda ölməyə razı olan sarsaqların isə yerli-dibli əsgər getməməsi daha məsləhətlidir!

Səlim əmidən xəbər aldım:

- Bəs sən özün buna necə çarə tapdın? Yoxsa özünü lal-kar yerinə qoydun?

- O vaxt bəzi zavallılar özlərini dəri xəstəsi kimi qələmə verirdilər. Zəhərli otlardan çəkilən cürbəcür yağlar sürtdükləri üçün bədənləri omar (onayaqlı, iri dəniz xərçəngi - A.Y.) dərisi kimi qızarıb, iltihablanırdı. Ancaq bunun səbəbini anlayan komissiya o cavanların hamısını türməyə saldırdı. Həbsdə qaldıqları müddətdə onların dərisi sağalsa da, bu səfər ruhları sağalmaz xəstəliyə düçar oldu! Onların bəziləri səmimi etiraf eləyirdi ki, davada başqasını öldürməyə insafları, vicdanları yol vermir. Komissiyanın isə onlara cavabı belə idi: "Sənin başqasını öldürmənə heç bir ehtiyac yoxdur, səni öldürmələrinə razı olman da yetərlidir. Onda ən azı qazanılan zəfəri silah dostlarının qeyd etməsinə imkan yaradarsan!" Onların hamısı cəbhəyə göndərildi, çünki bu halda həm vicdanlarına, həm də vətənlərinə xidmət eləmiş olacaqdılar! O ki qaldı lallara, onları heç sorğu-suala da tutmağa gərək duyulmurdu, çünki ən intizamlı əsgər elə lal əsgərdir!

- Onda yerdə kim qaldı ki?!

- Özünü kar-kor kimi aparanlardan sadəcə bazburutluları orduya yararsız saydılar.

- Bəs sən necə, müharibədən qorxduğun üçün əsgərliyə getmədin?

- Qorxduğum üçün? Mən, Səlim, qorxduğum üçünmü? Mənə bax, qadası, mən heç diri aslandan da qorxmuram! Sadəcə sual olunur: çox yaxşı tanıdığım və boynunu üzməyə hazır olduğum əclafın uğrunda görəsən niyə mən heç tanımadığım birinin canına qıymalıymışam?! Bəli, mən ölümdən əsla qorxmuram! Dörd il sərasər dağlarda yaşamışam. Oralarda məni axtaran hərbi dəstələri lap boğaza yığmışdım. Yalqız başıma olsam da, o yerlərə beş barmağım qədər bələd idim. Məni qarabaqara izləyən əsgərləri daim dağda-daşda azdırırdım. Bu sayədə o illərdə onlar qəfildən həm yaşa doldular, həm də saçlarına dən düşdü.

- Yaxşı, bəs sən niyə özünü korluğa qoymadın?

Bu sualıma Səlim əmi xəfifcə gülümsəyib, başını yellədi, burnunun altda nələrsə mızıldanıb durdu. Nargiləsindən bir neçə qullab aldı, tüstünü burnundan, çallaşan bığının üstüylə dışarı buraxdı. Belə məqamlarda səbir edib, gözləməli olduğumu yaxşıca mənimsəmişdim, çünki az sonra bu yaşlı kişi dərdini içinə gömərək, özü hər şeyi yerli-yataqlı müsahibinə danışacaqdı.

Bir az susandan sonra:

- Hə-ə, - dedi. Sanki kişinin bütün varlığı indi daldığı xatirələrin ağırlığı altında əzilirdi. – Əvvəl-əvvəl mən də özümü korluğa vurmağa niyyətliydim, ancaq bu, xeyli çətin iş idi. Evdə bunu sınadım, gözləri yumulu dolaşdığım üçün stulla toqquşub, üzü üstə yerə qablandım. Sonrakı üç gün boyu stullar və adamlarla toqquşmamağı yaxşıca öyrəndim, çünki öz üzərimdə ciddi çalışırdım. Sonra dostum qəssab Əlidən xahiş elədim ki, məni bir sınasın. O, evimizə gəldi və bu işdə nə qədər irəlilədiyimə göz qoyunca, gülməkdən uğunub getdi: sən demə, o, əlini gözlərimin önündə yellədiyi zaman mən kirpiklərimi tərpədirmişəm! Bütün əməyim boşa getmişdi! Dostum da bu hoqqanın tutmayacağından tam əmin idi. Onun eşitdiyinə görə, hərbi-tibbi komissiya üzvlərindən biri sınaqdan keçən «kor» çağırışçının gözlərinə iti bir bıçaq dayayırmış və sənin buna etiraz etmə haqqın yoxmuş, əlbəttə. Əlində iti bıçaq tutan birisi az qala gözlərini oymağa hazır durmuşkən kirpiklərini tərpətməmək adamdan sonsuz cəsarət tələb edir hər halda! Ona görə də tək çarəm – kar birini təqlid etmək idi. Qulaqları eşidən birisi özünü karlığa daha asan vurar deyilmi?

- Hər halda, əmi. Sən, gəl, bunu anamdan soruş, çünki o, mənim hələ indidən karlaşdığımı söyləyir, - deyə sözü zarafata saldım.

Səlim əmi güldü:

- Ancaq, əzizim, o komissiya analardan ibarət deyil ki! Əgər elə olsaydı, cavanların hamısı hərbi xidmətə yararsız çıxardı. Bizim vaxtlarda komissiya üzvü olan zabitlər adətən qaşqabaqlıydılar, adama rəhmsiz və soyuq təsir bağışlayırdılar. Bunu yaxşı bildiyimdən özümü daxilən hər cür sınağa hazırlamışdım. Hətta bir dostum mənim bu məsələyə necə cani-dildən yanaşdığımın da şahidi idi. Özümdən çox razı halda sınağa girsəm də, komissiya masasına yaxınlaşanda dizlərimin titrəməsi xeyli artdı. Qapıda bir əsgər dayanmışdı, ona yoxlamadan keçmək istədiyimi söylədim. Məndən irəlidə sən deyən çox adam yox idi, uzaqbaşı iki-üç nəfər olardı. Növbə mənə çatanda iri otağın qapısını döydüm. Növbətçi əsgərlərdən biri qapını açaraq, məni içəri buraxdı. Otaqda aşağı rütbəli üç zabit masanın arxasında, az qala çiyin-çiyinə oturmuşdu. Nisbətən yaşlı bir zabit isə qoz ağacından hazırlanmış masa arxasında təkbaşına əyləşmişdi. Hər halda onun rütbəsi digərlərininkindən yüksək idi. Ürəyim guppagupla döyünürdü. Otağın ortasına qədər gedib, ayaq saxladım.

Kiçik zabitlərdən biri adımı soruşdu. Cavab vermədim, zabitin başqasıyla danışdığı təəssüratını oyatmaq üçün ətrafıma göz gəzdirdim. Təkrar ona nəzər salanda mənə: "Nə dediyimi eşitmədin, axmaq hərif?!" deyə üstümə bağırdı. Bu təhqirə görə özümdən çıxmağa hazır olsam da, mənə "Sabahın xeyir!" deyibmiş kimi, özümü o yekəbaşa gülümsəməyə məcbur elədim.

- Karsan sən? Adını soruşuram!

Bu, sınağın ilk mərhələsiydi, əgər bunda ilişsəydim, hər şey bərbad olacaqdı. Durduğum yerdəcə qacıyıb qalmışdım və yaşlı zabiti süzməyimə davam edirdim.

Sənədlərimin toplandığı qovluğu vərəqləyərkən o, kiçik zabitə: "Hə, tapdım!" dedi. Bir neçə həftə əvvəl mən səhhətimlə bağlı hərbi xidmətdən azad olunmam barədə ərizə yazmışdım. O, mənə baxıb, gülərək dedi:

- Bu hərif kar olduğunu iddia eləyir. Sən karsan, yoxsa sadəcə qulaqların ağır eşidir?

Mənə qurulan bu ikinci tələyə də düşmədim, özümü karlığa qoydum. Yüksək rütbəli zabit deyindi:

- Əsgərlikdən yaxa qurtarmaq üçün bu qancıq balaları hamısı eyni hoqqaları durğuzurlar!

Küçənin ortasında kim isə durub mənim anama "qancıq" desəydi, heç bilirsən onu nə kökə salardım? Balaları üçün çörəkpulu qazanmaqdan ötrü hətta fahişəliyə razı olan anaya da "qancıq" demək olmaz və mən bu həqiqəti anlatmaq üçün bıçağı bu sözü deyənin qabırğalarının arasına yortardım. Ancaq indi… yox!

Buz qayası kimi, durduğum yerdəcə quruyub qalmalıydım çünki. Yaşlı zabit yerindən durub, mənə yanaşdı. Üzündə qəfildən nəcib bir ifadə doğan bu kişi qulağıma pıçıldadı:

- Hə, oğlum, boynuna al: bu yolla sən əsgərlikdən yaxa qurtarmağa çalışırsan, eləmi?

Az qala başımla bunu təsdiqləyəcəkdim ki, o qoca tülkünün niyyəti mənə çatdı. Pıçıldadığı sualı eşitməməzliyə vurdum. Arabir mən:

- Adım Səlimdir. Atamı soruşursunuz? O, çoxdan ölüb. Yox, mən evli deyiləm. Baş üstə, komandir! – kimi sözləri dalbadal üyüdüb-tökürdüm.

Yaşlı zabit özündən çıxmışdı:

- Adə, səndə heçmi şərəf yoxdur? İslam dini aşkar təhlükədə ikən sən bu müqəddəs missiyadan necə boyun qaçırırsan?

Kiçik zabitlərdən biri nəzakətlə onun sözünü kəsib, dedi:

- Ancaq o, xaçpərəstdir!

Yüksək rütbəli zabit daxilən rahatlaşıbmış kimi səsini yüksəltdi:

- Aha, indi başa düşdüm!

Məhz xaçpərəst olduğum üçün müharibədə iştirakdan imtina edə biləcəyim deyəsən, həmin ana qədər onun heç ağlına da gəlməmişdi. Halbuki mən sırf insan olduğum üçün qanlı müharibələrə nifrət bəsləyirdim, xaçpərəst və ya müsəlman olmamın isə məsələyə zərrəcə dəxli yox idi.

Zabit səsini başına atıb bağırdı:

- Bu da növbəti bəhanədir, çünki son günlər bütün xaçpərəstlər olub-bitənlərə zatən kar və kor kimi yanaşırlar!

O, bu sözləri deyərkən birisinin arxadan mənə yanaşdığını sezdim, qəfildən bir cingilti eşitdim: deyəsən, arxamda duran adamın cibindən yerə metal sikkə düşmüşdü. Bunu anlasam da, qanrılıb, geriyə baxmadım, çünki özümü buna da hazırlamışdım. Yoxsa hansısa hərif harınlıqdan yerə pul səpələyirsə, kim onu əyilib, yerdən qamarlamaz ki?!

Kiçik zabitlərdən biri dilləndi:

- Deyəsən, bu, həqiqətən kardır!

Rahatlıqla köks ötürdüm o ara.

Yazı masasının arxasında oturan yaşlı zabit burnunun altda mızıldadı:

- Elə isə, yaxşı, bəri gəl, oğlum. Bu sənədlərini götür, sən sərbəstsən və gedə bilərsən.

Bunun ardınca isə özünü elə apardı ki, guya digər sənədləri araşdırır.

Ancaq mən… bu kələyə də uymadım.

Bənzər tələyə də hazırlamışdım özümü, hər halda bu, komissiyanın sonuncu hiyləsiydi və umulan o idi ki, səndən əl çəkdikləri an yaxanı təkrar ələ verəsən!

Yo-o-x, qardaş, Səlimi bununla aldada bilməzsən!

Çarəsizliyə qapılan yaşlı zabit:

- Bu hərif sadəcə kar deyil, həm də axmaqdır! – deyə bağırandan sonra əlinin işarətiylə məni yanına çağırdı və:

- Rədd ol buradan, körpəyoğlu! – dedi və əliylə qapını göstərdi.

Ona: "Təşəkkürlər, komandir!" – dedim. Heç bircə addım atmağa macal tapmamış, arxadan yaşlı zabitin pıçıltısını eşitdim:

- Bərabərinə çatanda bu gavurun üzünə bir yumruq ilişdir! Qoy bu, bizdən ona xatirə qalsın!

Növbətçi əsgərə tərəf yönəldim. Ona çatanda xeyli təlaşlıydım. Əgər əsgər əlini qaldırsaydı, üzümü zərbədən qoruyacaqdım. O, məni vuracaqmış kimi qımıldananda əllərimlə üzümü qapadım, halbuki ondan zərbə yemədim. O ara zabitlərin hırıldaşması dəydi qulaqlarıma. Əllərimi üzümdən çəkəndə gördüm ki, növbətçi əsgər heç əlini də tərpətməyibmiş!

Düşdüyüm axmaq duruma acıyan əsgər pıçıldadı:

- Axmaq hərif! Axır ki, tələyə düşdün. Az qala qurtarırdın paçanı!

Əsəbdən elə bil ağlım yerindən oynadı. Dəli bir aslan kimi coşaraq, yaşlı zabitin arxasındakı açıq pəncərəyə tərəf şığıdım və bir göz qırpımında oradan aşağı hoppandım. Arxamca kiminsə: "Tutun o dəlini! Tutun onu!" deyə bağırdığını aldı qulaqlarım. O ara mən bağçanı tərk eləyib, qaçmağa başlamışdım artıq. Sonrakı dörd ili məcburən dağlarda yaşamalı oldum.

Səlim əminin bu hekayətindən sonra mən də özümü hərbi-tibbi komissiyanın suallarına hazırlamağa başladım.

Yüksək rütbəli zabit məndən də adımı soruşacaqdı.

Mən də ona var səsimlə: "Pensiyaçıyam" deyəcəkdim.

Verdiyim ilk cavabı çaşqın halda dəftərinə qeyd edən zabit növbəti: "Harada yaşayırsan?" sualını səsləndirəndə isə məndən "Honolulu" cavabını alacaqdı.

Bu ikinci cavabımı da diqqətlə dəftərinə yazan zabit: "Peşən nədir?" deyə soruşacaqdı.

Mən də: "Milçəksağan" cavabını verəcəkdim.

Yaxşı, birdən o, bütün bu cavabları ciddi qəbul etsəydi, necə olacaqdı?

Belə çıxır ki, özünü dəli kimi aparmağın özü də düşünüldüyü qədər asan bir şey deyilmiş ha!

https://www.facebook.com/azadyasharofficial

# 3189 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #