Bu dünyadan qaçan Kürən Dələnin nağılı “Nağıllar” silsiləsindən

Bu dünyadan qaçan Kürən Dələnin nağılı “Nağıllar” silsiləsindən
25 noyabr 2013
# 12:44

ELÇİN

Kürən Dələ şam ağacından yerə enib, arxa ayaqları üstə dikəldi, o tərəf -bu tərəfə baxdı - günün bu çağında, yəni günorta vaxtı bu yerlərdə həmişə sakitlik olurdu və indi də həmişəki sakitlik idi. Dələlər Şam Zolağındakı yuvalarında istirahət edirdi, insanlar da yaşadıqları kotteclərdə dincəlirdi, ancaq Kürən Dələ daha bunun və ümumiyyətlə, heç nəyin fərqində deyildi.

Hər şey bitmişdi.

lll

Bu İstirahət Mərkəzi salınanda kotteclər şam ağacları ilə dənizin arasında, qayaların üstündə tikilmişdi və indi ucalıb qartlaşmış o şam ağaclarını da insanlar elə o zaman – 45-50 il bundan əvvəl zolaq kimi yan-yana əkmişdilər.

Dələlər bura hardan gəlmişdilər? necə gəlmişdilər? -bunu heç Dünya Görmüş Qoca Nənə də bilmirdi. Bəlkə insanlar özləri dələləri hansı diyarlardansa tutub, gətirib, bu Şam Zolağına buraxmışdılar?

Gerçəklik isə bu idi ki, dələlər artıq neçə illərdi bu Şam Zolağında yaşayırdılar, bu ağaclar neçə-neçə dələ nəsli görmüşdü, neçə-neçə dələ taleyinin şahidi olmuşdu.

Kürən Dələ fikrindən keçən bu sözləri – “dələ taleyi” sözlərini bir də təkrar edib özü-özünə sual verdi: “Dələ taleyi?”

Bəyəm bu yerlərdə dələ taleyi var? Bu yerlərdə dələ taleləri bir-birinin eyni deyildimi? Bütün ömrünü ancaq bu Şam Zolağında keçirmək, hər gün eyni kottecləri görmək, dənizin eyni səsini eşitmək, qonşu yuvalardakı dələlərin eyni söz-söhbətinin şahidi olmaq, səhər-axşam, yay-qış bu eyni ağacların eyni təmli qozaları ilə qarın doyuzdurmaq, bala doğmaq, böyütmək, sonra yenə bala doğmaq, yenə böyütmək - bütün bu eyniyyətə tale demək olardı?

Kürən Dələ arxa ayaqları üstə dikəlib bütün bunları fikirləşə-fikirləşə bu Şam Zolağına da, öz yuvasına da, özünə də bir tərəfdən yazığı gəlirdi, o biri tərəfdən də... nifrət edirdi.

lll

O Şam Zolağından dəniz aydın görünürdü, ancaq dələlər o Zolaqdakı eyniliyə elə öyrənmişdilər ki, ağacdan yerə - ağacın dibinə enib, sonra təzədən yuxarı qalxmaqdan, axşamlar hərdən bir-birinin yuvasına qonaq getməkdən, bir də ki, payızın yaxşı yağışlarından sonra bitmiş göbələkləri tapmaq üçün yaxın ətrafı axtarmaqdan başqa heç hara, o cümlədən də dəniz kənarına getmirdilər. Kürən Dələ bütün ömründə ancaq bir dəfə dəniz kənarına getmişdi - uşaq vaxtı Dünya Görmüş Qoca Nənə onları dəniz kənarına gəzməyə aparmışdı. Və Kürən Dələ atıla-atıla dənizə tərəf getdi. Kürən Dələ Şam Zolağından dənizə doğru uzaqlaşdıqca, birdən-birə, elə bil, təkcə onun yuvasındakı balaları, təkcə ətraf budaqlardakı qohum-qonşu yox, bütün o Şam Zolağı onu geri səslədi; elə bil, Şam Zolağı hiss edirdi ki, bu ayrılıq əbədi ayrılıqdır.

Şam Zolağı bir maqnit dalğası ilə onu arxaya – özünə tərəf çəkirdi.

Ancaq Kürən Dələ bilirdi ki, geri qayıtsa, bir də heç vaxt bu yerlərdən uzaqlaşa bilməyəcək.

Və Kürən Dələ daha da sürətlə atıla-atıla qayalıqdan keçib dəniz kənarına endi.

lll

Kürən Dələ kotteclərdə yaşayan insanların danışıqlarına, hərəkətlərinə öyrənmişdi və Kürən Dələ üçün o insanlar da bu şam ağacları, bu daş kotteclər kimi bütün bu tərəflərdəki eyniliyin bir hissəsinə çevrilmişdi. Kürən Dələ üçün o insanların sifətləri də eyniləşmişdi, insan üçün bir dələnin o biri dələdən fərqi olmadığı kimi, Kürən Dələ üçün də geyimlərindən, ya da yaşlarından asılı olmayaraq o insanlar bir-birinin təkrarı idi.

Kürən Dələnin insanlara münasibəti də tamam bir biganəlik içində idi –nə yaxşı, nə də pis. Yayda, qışda insanlar bir-birini əvəz edirdi, bəzən bir kottecdə bir nəfər, bəzən beş nəfər yaşayırdı, ancaq bunun Kürən Dələ üçün heç bir fərqi yox idi.

İnsanların yeganə bir cəhəti onun üçün maraqlı idi və Kürən Dələ insanlarınyalnız bu cəhətinə qibtə edirdi: onlar bəzən tək, bəzən ailə ilə kotteclərinin qarşısında saxladıqları maşınlara minib gedirdilər. Bu zaman Kürən Dələ ağacların təpəsinəcən qalxıb o maşınların ardınca baxırdı və o maşınlar gözdən itdikdən sonra da bir müddət gözlərini yola dikirdi.

Haralara?

O maşınlar haralara gedirdi?

Hansı naməlum diyarlara?

Şam Zolağında yaşayan dələlər Kürən Dələnin bu xasiyyətinə lağ edirdilər, ancaq Kürən Dələ onlara nə başa sala bilərdi?

lll

Kürən Dələ hələ lap balaca olanda təyyarələr gurultu qopara-qopara onların yuvasının üstündən uçub gedirdi və o zaman DünyaGörmüş Qoca Nənə deyirdi:

– Qoxmayın. Onların içində insanlar uçub gedirlər.

Kürən dələ:

– Hara?- soruşurdu.- İnsanlar hara uçurlar?

Dünya Görmüş Qoca Nənə çiyinlərini çəkib:

– Bilmirəm...- deyirdi.- Harasa... Naməlum bir yerə...

Onda Kürən Dələ heyrət içində fikirləşirdi ki, Dünya Görmüş Qoca Nənənin də tanıyıb bilmədiyi yerlər var...

Xeyli sonralar – Kürən Dələ özü nənə olandan sonra –hər dəfə başını qaldırıb göy üzü ilə uçub gedən təyyarələrə baxırdı və o təyyarələrin sürəti, hündürlüyü və gurultusu hər dəfə də onun, yəni Kürən Dələnin sakit həyatının miskin yeknəsəqliyindən xəbər verirdi.

lll

Bəzən hansısa kottecdə yaşayan insanlar “Ya Allah!...” deyib, maşınlarına minərək gedirdilər və növbəti insanlar gələnəcən o kottec boş qalırdı.

İnsanlar “Ya Allah!” deyirdilər, ancaq kottecin qarşısında əkilmiş gülləri yadlarından çıxarırdılar və o güllər buradakı işçilərin ümidinə qalırdı. İşçilər isə, bir də görürdün, bir gündə güllərə üç dəfə su verdilər –güllər az qalırdı, boğulsun – sonra da beş gün yadlarından çıxdı, su vermədilər və güllər susuzluqdan quruyurdular.

Buna görə də o güllər insanları aparıb-gətirən maşınlara nifrət edirdilər və Kürən Dələ də çox həssas olduğu üçün bunu bilirdi, görürdü ki, güllər o maşınlara necə kin-küdurətlə baxırlar.

Ancaq maşınların nə təqsiri var idi?

“Ya Allah!” deyən maşınlar deyildi ki.

Və güllərin o kin-küdurəti Kürən Dələnin içinə dolmuş və get-gedə də artan, artıq onun içinə də sığışmayan marağa heç vəchlə təsir etmirdi.

lll

Kürən Dələ qayalıqdan enib, nəm qumun üstüylə lap sahilə gəldi.

O da bütün dələlər kimi itdən, həmişə pusquda dayanan pişikdən, hərdən, xüsusən də qış vaxtları gecələr buralara baş çəkən tülküdən, tez-tez şam zolağının üstündə dövrə vuran bayquşdan qorxurdu, ancaq qəribə idi, indi o qorxudan əsər-əlamət yox idi.

Külək əsdiyi üçün, sahil bomboş idi və Kürən Dələ bu boş sahildə bayquş üçün də, pişik üçün də yaxşı şikar idi, amma o bunun da fərqində deyildi.

Get-gedə bərkiyən gülək ləpələri şappıltı ilə sahilə çırpırdı, dənizin üzü yavaş-yavaş ağappaq köpüyə bürünürdü, ancaq o dəm

Kürən Dələ nə o küləyi hiss edirdi, nə də sahilə çırpılan o ləpələrin səsini eşidirdi. Kürən Dələ arxa ayaqları üstə dikəlib, gözlərini uzaq üfüqə zilləmişdi və dənizin bu dərəcədə böyüklüyü, elə bil, onun ürəyindəki sıxıntıya bir hüzn gətirirdi, onun bütün varlığını bürümüş o qüssənin əlacsız olduğunu göstərirdi.

Sonra Kürən Dələ arxaya - qayalığın üstündə görünən Şam Zolağına tərəf baxmadan sahil boyu atıla-atıla bu yerlərdən uzaqlaşdı.

lll

Hətta ən kiçik canlıların da böyük və sirli həyatları var idi və Kürən Dələ xüsusən son zamanlar tez-tez gündüz, axşam, hətta gecələr –Şam Zolağında yaşayan bütün dələlərin yatdığı bir vaxtda da həşəratları müşahidə edirdi.

Təkcə elə Kürən Dələnin yuvası qurulmuş şamda minlərlə, bəlkə də milyonlarla cürbəcür həşərat yaşayırdı və o həşəratların bir qisminin gündüz həyatı, bir qisminin də gecə həyatı var idi. Şam Zolağında yaşayan dələlər ac olanda o həşəratları da yeyirdilər, ancaq dələlər nə qədər ac olsalar da, o həşəratı yeyib qurtarmaq mümkün deyildi. Bu həşəratların çoxluğu onların kiçikliyini, köməksizliyini müdafiə edirdi. Kürən Dələ həşəratları müşahidə etdikcə, onların istəklərinin, çəkdikləri zəhmətin, rastlaşdıqları faciələrin, başlarına gələn macəraların, onların sevincinin, mübarizəsinin şahidi olduqca fikirləşirdi ki, heç bir dələnin xəbəri yoxdur, ancaq bu həşəratların həyatı onların, yəni bu Şam Zolağından başqa bir yeritanımayan, səhərdən axşamacan qoza çırtlayıb yeyən, nəsil artırmaqla məşğul olan dələlərin həyatından qat-qat maraqlıdır.

Bəzən həşəratlar ağacdakı yuvalarından çıxıb başqa ağaca köçürdülər, bəzən isə, eləcə, sürü ilə yerə enib, ya da eləcə sürü ilə uçub, ümumiyyətlə, bu yerlərdən uzaqlaşırdılar, haralarda isə yeni-yeni məskənlər salırdılar.

lll

Kürən Dələ qayalıqların üstü ilə yuxarı atıla-atıla bu yerlərdən uzaqlaşırdı, Şam Zolağı artıq uzaqlarda qalmışdı və KürənDələ arxaya baxmadan eləcə üzüyuxarı atıla-atıla gedirdi.

Ən başlıcası isə bu idi ki, Kürən Dələ hara getdiyini bilmirdi.

Yavaş-yavaş axşam düşürdü.

Qayalıq da arxada qaldı.

Qayalıqdan sonra dağ ətəyi gəlirdi və Kürən Dələ də gəlib o dağ ətəyinə çıxdı.

Yavaş-yavaş düşən qaranlıq bütün bu tərəfləri bürüyürdü, ancaq Kürən Dələ bu qaranlıq içində də heç nədən qorxmadı. Hətta gülümsəyib fikirləşdi ki, nə əcəb yol boyu heç nəyə rast gəlməyib, indiyə qədər sağ qalıb...

Kürən Dələ, eləcə, atıla-atıla naməlumluq yolçuluğuna davam etdi.

lll

Artıq gecə düşmüşdü –aydınlıq bir gecə idi və göydəki aydan və ulduzlardan başqa bu yerlərdə heçnə Kürən Dələyə tanış deyildi.

Ancaq əslində, bu qədər ulduz da görməmişdi, burda göy üzündə milyonlarla ulduz var idi və Şam Zolağının üstündə heç vaxt bu qədər ulduz olmamışdı.

Kürən Dələ anasını çox sevirdi və anası vəfat etdikdən sonra da onu tez-tez xatırlayırdı.

İndi Kürən Dələnin bütün əzələləri də, barmaqlarının dırnaqları da ağrıyırdı, çünki bütün ömrünü budaqdan-budağa atlanmaqla keçirən hansı dələ qayaların üstü ilə bu qədər yol getmişdi? Otluqda oturub nəfəsini dərən Kürən Dələ bunu da öz-özünə gülümsəyib fikirləşdi və nədənsə, elə bu dəm də anasını xatırladı.

Ancaq birdən-birə qəddar bir fikir Kürən Dələnin bütün varlığını sarsıtdı və o gecə yarısı Kürən Dələ bu fikri heç cürə qovub beynindən çıxara bilmədi. Kürən Dələ fikirləşirdi ki, ana məhəbbəti, yəni ananın balasına, balanın da anasına məhəbbəti, əslində, dələlərin həyatını eynilik bataqlığına da saxlamaq üçün bir vasitədir; həmin vasitə – o ana-bala məhəbbəti –

dələlərin həyatını bataqlıq kimi özünə çəkib içində saxlayır.

Bu vaxt yuvada qoyub gəldiyi balaları Kürən Dələnin yadına düşdü və onun içində geri - o Şam Zolağına, oradakı yuvasına qayıtmaq ehtirası baş qaldırdı. Ancaq Kürən Dələ bütün varlığı ilə içində başqaldırmış bu ehtirası boğmağı bacardı.

Kürən Dələ başa düşürdü ki, içində baş qaldırmış bu ehtirası boğmaqla balalarına xəyanət edir, ancaq Kürən Dələ burasını da bütün varlığı ilə hiss edirdi ki, qayıtsa – bu da başqa bir xəyanət olacaq.

O aydınlıq gecədə Kürən Dələ ürəyi çırpına -çırpına fikirləşirdi ki, başqa bir xəyanət – yəni nə?

Nə idi başqa bir xəyanət?

Nəyə xəyanət edəcəkdi?

Kürən Dələ bütün hissi, düşüncəsi ilə belə bir xəyanətin varlığına, mövcudluğuna əmin idi, ancaq bu sualın da – nəyə xəyanət idi? –cavabını heç cürə tapa bilmirdi.

Sonra fikirləşdi ki, bu sualın cavabını yalnız hiss etmək mümkündü və bunu hiss etmək üçün bütün ömrünü Şam Zolağında yaşamalısan.

lll

Hələ səhər açılmamışdı və qaranlıq içində soyuq bir külək əsməyə başlamışdı.

Külək yuxarılardan əsirdi və Kürən Dələ atıla-atıla üzü küləyə gedirdi ki, səmti dəyişməsin, yolu azmasın.

Ancaq hansı yolu? Hansı səmti?

O aydınlıq gecədən əsər-əlamət qalmamışdı.

Hərdən gecələr hər tərəfi beləcə qatı qaranlıq bürüyəndə Dünya Görmüş Qoca Nənə onları bayquşla qorxudurdu, amma özü tapıb yediyi, bəzən də yuvaya gətirdiyi kərtənkələ, ilan yumurtaları ilə bərabər, neçə dəfə də bayquş yumurtası qaçırmışdı. Bir dəfə də Dünya Görmüş Qoca Nənə yuvadan yerə düşmüş bayquş balasını iti dişləri ilə diri-diri yemişdi.

Onda sübh tezdən idi və Kürən Dələ yuxudan təzəcə durmuşdu, yuvalarının dəliyindən eşiyə baxırdı. Şam Zolağı ilə üzbəüz kotteclərdən birinin yanında ağaclıq var idi və dələlər bilirdilər ki, o ağaclıqda iki bayquş ailəsi yuva qurub. Dünya Görmüş Qoca Nənə də pusub, o bayquşlar yuvada olmayanda, bir neçə dəfə oradan yumurta qaçırmışdı.

O sübh çağı həmin ağaclardan birinin dibinə yuvasından bir bayquş balası düşmüşdü və Dünya Görmüş Qoca Nənə yerə enib, atıla-atıla qaçaraq hələ tükü çıxmamış o ətcə bayquş balasını qamarladı, iti dişləri ilə onu diri-diri tələm-tələsik yeməyə başladı.

Həmin gündən sonra Kürən Dələ gecələr yatanda qorxurdu ki, Dünya Görmüş Qoca Nənə onu da yeyər, ancaq bir müddətdən sonra bu qorxu hissi keçib getdi, çünki o Şam Zolağında yaşamağa məhkum olan Kürən Dələ də böyüdü, onun özünün balaları oldu.

lll

Qar yağmağa başlamışdı.

Qış vaxtı Şam Zolağına da hərdən qar yağardı, ancaq o Şam Zolağındakı qardan fərqli olaraq, indi gəlib çıxdığı o dağ döşünə yağan bu qar Kürən Dələni üşütmürdü.

Kürən Dələ acmışdı, ancaq onun içində şam qozalarına o qədər nifrət yığılmışdı ki, onların təmini yadına salanda, elə bil, aclığı keçirdi.

Külək qarı Kürən Dələnin sifətinə çırpırdı və o, gözlərini yumub irəli gedirdi, ancaq bir müddətdən sonra külək yavaşıdı, qar da kəsdi.

Kürən Dələ dayandı, amma gözlərini açmadı və eləcə, gözüyumulu, ürəyinin

döyüntüsünə qulaq asdı, hətta ona elə gəldi ki, bu uzun səfər həyatda yox, yuxuda baş verir, sonra daha heç nə fikirləşmədi, çünki birdən-birə doğrudan da onu yuxu apardı.

lll

Kürən Dələ gözlərini açanda artıq səhər idi və gözlərini açan anda da indiyəqədər heç vaxt hiss etmədiyi bir heyrət Kürən Dələnin bütün varlığını bürüdü: bura geniş və dümdüz bir yamac idi və bu yamac başdan-başa ağappaq qara bürünmüşdü.

Təzəcə doğan günəşin şüaları hər tərəfi bürümüş qarın dənələrini bir-bir parıldadırdı və gözlərinin qarşısındakı bu qəfil ağlıq, qar dənələrinin günəş şüaları altında bir-biri ilə oynayan bu işıltısı, elə bil, Kürən Dələni çəkib, bir möcüzənin içinə salmışdı və Kürən Dələ o möcüzənin içində heyrətdən və heyranlıqdan böyümüş gözləri ilə o doğan günəşə baxırdı.

O, indiyə qədər həmişə günəşin doğmağını özünün yumru və qaranlıq yuvasının dəliyindən qarşılamışdı.

İndi hara gəlib çıxmışdı?

Dünya Görmüş Qoca Nənə danışırdı ki, haradasa, uzaq-uzaq ellərdə ağ dələlər yaşayır və bura bəlkə o ağ dələləri vətəni idi? Bəsonlar harada yaşayırdılar, nə yeyirdilər, axı burada bir dənə də olsun ağac yox idi?

Buralardan dələ iyi gəlmirdi.

Buralarda ağappaq qar kimi tərtəmiz havadan və bir də qarşıda görünən qarlı zirvədən başqa heç nə yox idi.

Dünya Görmüş Qoca Nənə bunu da deyirdi ki, dələlər öləndən sonra o biri dünyaya köçürlər və o biri dünya ləkə götürmür, ona görə də ağappaqdır.

Bu elə bir ağlıq idi ki, Kürən Dələ heç Dünya Görmüş Qoca Nənəni də xatırlamaq istəmirdi. Nə üçün? Ona görə ki, buralar ləkə götürmür?

Bəlkə Kürən Dələ doğrudan da o biri dünyaya gəlib çıxmışdı? Bu necə ola bilərdi? Axı onun ürəyi döyünürdü, o sağ idi.

Kürən Dələnin hamıdan gizlətdiyi bir sirri var idi: onun ilk məhəbbəti. KürənDələnin ürəyinə hopmuş o ilk məhəbbətdən dünyada heç bir dələnin xəbəri yox idi, hətta o ilk məhəbbətin qəhrəmanının özünün də bundan xəbəri yox idi və xeyli sonralar xəstələnib dünyadan vaxtsız köçdüyü günəcən də bundan xəbəri olmadı.

Kürən Dələ Şam Zolağında ürəyinin qısılan çağlarında hərdən o ilk məhəbbəti xatırlayırdı və bu xatirələrin istisi onun hisslərinə bir hərarət gətirirdi və o qüssə də həmin hərarət içində əriyirdi. O hərarət qısa bir müddət onun içində qalırdı, sonra yenə bir-birinin eyni olan günlərin qüssəsi Kürən Dələnin varlığını bürüyürdü.

Bu ağappaq qar parıltısı ilə üzbəüz dayanmış Kürən Dələ burada da birdən-birə o ilk məhəbbəti xatırladı və birdən-birə də dərk etdi ki, bütün bu ilk məhəbbət xatirələri də, əslində, tamam boş və mənasız bir şeydir, bu ağlığı, bu qar parıltısını Şam Zolağında yaşayan dələlərdən gizlətmək üçün uydurulmuş bir yalandır.

Bu ağlıq da, bu parıltı da bir naməlumluğa bürünmüşdü və Kürən Dələ bütün varlığı ilə əmin idi ki, bir sirr – yalan deyil.

Və Kürən Dələ atıla-atıla irəli – o sirrə doğru getdi.

lll

Şam Zolağında yaşayan dələlər mat qalmışdılar: Kürən Dələ qəflətən hara yox olmuşdu?

Hərə bir söz danışırdı.

Biri deyirdi onu bayquş aparıb, o biri deyirdi ki, yox, pişik pusqusuna düşüb,o biri də deyirdi ki, tülküylə rastlaşıb.

Kürən Dələnin həmişəlik səfəri o Şam Zolağında yaşayan dələlərin heç birinin ağlına gəlmirdi.

13 avqust 2011.

Tuqrut rəis. Bodrum

# 1907 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #