Məqsəd Nurun yaradıcılığı ilə tələbəlik illərində tanış olmuşam. Azərbaycan ədəbiyyatından “əlimə nə keçsə“ oxuduğum vaxtlarda müəllifin “www.sevgivar.net” romanını oxudum və əsər həqiqətən də çox xoşuma gəldi. Ənənəvi Azərbaycan romanlarından fərqlənən, çətin oxunan və hətta çətin başa düşülən bu müəllif diqqətimi çəkdi. Sonralar dostların tövsiyəsi ilə “Tərs kimi” hekayələr toplusunun elektron variantı ilə tanış oldum. Deyəsən bilgisayardan oxuduğum ilk kitab da “Tərs kimi” olub. Xüsusilə “Ero-gigiyenik” hekayəsinin üslubu çox xoşuma gəlmişdi. Özlüyümdə Məqsəd Nuru Azərbaycanın çətin oxunan müəlliflərindən hesab edirəm. Elə bəlkə də bu səbəbdən Məqsəd Nur gündəmdə göz deşmir və peşəkar şəkildə yaradıcılıqla məşğuldur.
***
Müasir Azərbaycan oxucusunu şərti olaraq bir neçə qrupa bölmək olar.
- Çingiz Abdullayevi, Varisi, Elxan Elatlını, Aqata Kristini, Konan Doylu oxuyan, sevgi, dedektiv və macəra romanlarını sevən, ciddi əsərlərə girişməyən, oxuduqlarını dərhal unudan yüngül mütaliə həvəskarları...
- Yuxarıda sadaladığım müəllifləri bəyənməyən, müasir yerli müəlliflərə və dünya ədəbiyyatına maraq göstərən, oxuduqlarından nəticə çıxaran ciddi oxucular...
- Sistemli və ciddi şəkildə mütaliə edən, kitab oxumağı işinin və həyatının bir parçasına çevirən peşəkar oxucular (bura daha çox yazarlar və tənqidçilər aiddir).
Məncə birinci kateqoriyaya aid olan oxucuların menyusunda Məqsəd Nur yoxdur. İkinci kateqoriyaya aid olan oxucuların böyük əksəriyyəti də bu imzanı tanımır. Və çox maraqlıdır ki, hal-hazırda Azərbaycanda yalnız şərti bölgümüzdə birinci və ikinci kateqoriyaya aid olan yazarlar daha populyardır.
***
Məqsəd Nurun gündəmdən uzaq olmağının bir səbəbi reklamla çox məşğul olmamağı, əsərlərini gündəmdə saxlamaq üçün çaba sərf etməməyi olsa da bir səbəbi birinci və ikinci kateqoriyaya aid etdiyimiz oxucular arasında az tanınmasıdır.
Azərbaycanda kifayət qədər populyar olmasa da, Məqsəd Nuru rusdilli oxucular daha yaxşı tanıyır. Vikipediyada oxuduğum bu məlumat mənim xeyli diqqətimi çəkdi: “Əsərlərinin internet resursunda tanınmasına və oxucu kütləsi yığmasına görə Məqsəd Nur Rusiyanın məşhur Lib.ru saytının fəxri redaktoru seçilib. Sankt-Peterburqda yerləşən və dünyanın rusdilli internet şəbəkəsində çox tanınan və sayılan Litsovet.ru portalının 7000-dən çox müəllifi sırasında Məqsəd Nur saytın reytinq cədvəlinin 3-cü pilləsinədək irəliləyə bilib. 2006-cı ilin əvvəlində bu saytın "superonluq" adlı müsabiqəsində 7–ci yerə çıxıb. Müəllifin iki əsəri –"Gəlmə" və "Vasiliy Daniloviçin Orkestri" hekayələri Litsovet.ru-nun kitabxanasına daxil edilib.”
***
Məqsəd Nura uğur qazandıran və Azərbaycan oxucusuna tanıdan əsəri “Şəhər meri” romanıdır. “Tərs kimi” hekayələr toplusu isə kifayət qədər reklam olunmayıb. “Şəhər meri” 2011-ci ildə Milli Kitab Mükafatında ikincilik qazandıqdan sonra “Əli və Nino” nəşriyyatı tərəfindən kiçik tirajla (500 ədəd) çap olunub və lazımınca reklam olunmayıb.
“Şəhər meri” kinoteatrda arxiv müdiri vəzifəsində çalışan və maaşı az olduğu üçün həmin kinoteatrda gecə gözətçiliyi edən gəncin – Fərəcin yarım gün ərzində yaşadıqlarından bəhs edir. Gözlənilmədən Şəhər Meri onu xidməti maşınına mindirir və kompleksli, ana himayəsində böyüyən bir gəncin Şəhər Merini müşahidə etmək imkanı yaranır. Şəhər Meri Fərəcin kimyaçı alim olan anası Leylanın sinif yoldaşıdır.
Şəhər Meri və Fərəcin atası Alim – məktəb illərində sinif yoldaşları Leylanı seviblər. Hətta onunla evlənmək üçün öz aralarında gizli şərtləri də olur. Kim ən yüksək təhsil ala bilsə, Leyla ilə o evlənəcək. Şəhər Meri ən yaxşı ali məktəbə qəbul olunsa da, Alim Leylanı qaçırdır. Fərəc dünyaya gələndən sonra atası əyyaşlığa qurşanır və “qayadan yıxılıb” ölür. Onun ölümündən sonra Leyla Fərəci də götürüb şəhərə gəlir.
Leylanın - keçmiş sevgilisinin və onun oğlu Fərəcin karyerasında Şəhər Meri mühüm rol oynayır. Leylanın institutda işə düzəlməsi, Fərəcin Moskvada təhsil alması, kinoteatrda arxiv müdiri olması və nəhayət, direktor təyin edilməsi Şəhər Merinin müdaxiləsi ilə mümkün olur.
Əsərdən görünür ki, Şəhər Merinin həyatından və iş qrafikindən gəncin anası xəbərdardır. Hətta deyərdim ki, Şəhər Meri ilə Leyla arasındakı gizli sevgi macərası da yaşanır.(Sonuncu məqam əsərdə açılmır və yalnız mənim oxucu intuisiyamdır.) Merlə bazarda görüşəndə də, Merin əhali ilə görüşündə də Leyla hazırlıqlıdır. Bəzək-düzəyi, ədası yerindədir. Leylanın “Xatirat dəftəri”ndə Merin uşaqlıq şəklinin xüsusi şəkildə əzizlənməsindən də hiss olunur ki, Leyla ilə Şəhər Meri sadəcə sinif yoldaşı, köhnə tanış deyillər.
Əsərdə bir gündə baş verənlərlə yanaşı, bir gündə xatırlanan hadisələr də nəql edilir. (Fərəcin Moskvadakı sevgilisi, əmisi ilə görüşü, uşaqlığını xatırlaması və s.) Oxucu əsər boyu düşünməyə, hətta hər cümlənin altında gizlənən məna yükünü çözməyə məcbur olur.
Fərəcin kinoteatra direktor təyin edilməsi, ona xidməti maşın ayrılması, eyni zamanda Merin maşınının şüşəsindən görünən metamorfozların Fərəcin xidməti maşının şüşəsindən görünməsi ilə əsər sona çatır. (Əsərin əvvəlində Fərəc Şəhər Merinin avtomobilinin şüşəsindən baxanda insanları heyvanbaşlı gördüyü kimi, əsərin sonunda Fərəcin direktor təyin edildiyi kinoteatrın gözətçisi Fərəcin maşınından insanları eyni şəkildə görür.)
***
“Şəhər meri” modernist, eyni zamanda deyərdim ki, intellektual, bu tip əsərlərlə tanışlığı olan hazırlıqlı oxucu üçün nəzərdə tutulan nəsrdir. Amma alışdığımız modern romanlara nisbətən burada “sıxılma”, “preslənmə” var. Müəllif sanki bilərəkdən daha az təsvirlə, daha az yazmaqla böyük mətləbləri ifadə etməyə çalışıb, həcm məsələsində tələblərə riayət etməyib. Ancaq təəssüf ki, müəyyən məqamlarda buna nail ola bilməyib. Məncə bu “preslənmə” nəticəsində bəzi fikirlər və hadisələr yaradıcı, xüsusən də romanın yazıya köçürülməsi prosesində yoxa çıxıb. Məncə romandakı müəyyən hadisələr müəllifin beynində yaransa da, yazıya çevrilə bilməyib. Bu qənaətə gəlməyim üçün bir nüansı xüsusi qeyd etmək yerinə düşər. Məsələn, Fərəcin atası Alimin əyyaşlıq etməsi və qayadan yıxılıb ölməsi hadisə olaraq o qədər “preslənib” ki, oxucu hadisəni anlamaqda çətinlik çəkir. Müəllif sanki özünün bildiyi, yaşadığı bir hadisənin qısa özətini bir neçə cümlə ilə ifadə edir. Eyni zamanda obrazların heç biri dolğun hesab etmək olmaz. Bunu isə yazıçının manevri də hesab etmək olar, uğursuzluğu da. Əgər bu manevrdirsə, kifayət qədər uğurlu alınmayıb.
***
Təhkiyə prosesində obrazlar ümumi adlarla xatırlanır. Yalnız kənddə, Fərəcin əmisinin dəftərində bu adamların bəzilərin adını öyrənə bilirik. Bu ədəbi priyom kimi, şəhərdə insanların yadlaşması prosesini anladan bir detal kimi maraqlıdır. Amma müəllif bu priyomda kiçik bir səhvə yol verib. “Adam” obrazıyla əsərin bir neçə yerində rastlaşırıq. Müəllif Şəhər Merini, Fərəcin dəli əmisini və Şəhər Merinin əmrində çalışan bir məmuru da “Adam” adlandırır. Bu məqam mütaliə prosesində diqqət çəkməsə də, məncə müəllif bunu növbəti nəşrdə nəzərə almalıdır.
Bəzi məqamlarda hadisələr dedektiv təəssüratı yaradır və tələskənlik hiss olunur. Romanın ən ciddi problemi dil məsələsidir. Elə söz birləşmələri, elə cümlələr var ki, ümumiyyətlə anlaşılmır. Bu qüsuru isə redaktorun ayağına yazmaqla müəllifə bəraət qazandırmaq mümkün olsa da, mən müəllifin dilə biganəliyini və laqeydliyini qeyd etmədən keçə bilməyəcəyəm.
***
Sadaladığım qüsurlara və məqamlara baxmayaraq “Şəhər meri” romanını oxunması vacib olan milli ədəbiyyat nümunəsi hesab edirəm. “Şəhər meri” düşündürən, assosiasiya yaradan romandır. Əsərdə ən çox xoşuma gələn cümləni isə sizinlə bölüşmək istəyirəm: “Şəhər Meri istəsə, bircə dəqiqənin içində məni öz gözləri, baxışları ilə öldürər, ya da elə bir çarə edər ki, o istədiyi qədər mən şərəfsizcəsinə yaşayıb-qalım, sonra hətta o rüsxət versə də, canımı tapşırmaqdan qorxum”.
Bu cümlə mənə çox şeyi xatırlatdı. Sizə necə?
İnanıram ki, təkcə bu cümlə sizi “Şəhər Meri”ni oxumağa həvəsləndirəcək...