Hitlerə nekroloq yazan Nobel laureatı

Hitlerə nekroloq yazan Nobel laureatı
28 mart 2013
# 11:42

4 ölkənin birgə istehsalı olan və 1996-cı ildə rejissor Yan Trelin çəkdiyi 150 dəqiqəlik “Hamsun” filminin əvvəllərində belə bir səhnə var: Balaca qız uşağı “Sən Knut Hamsunsan? Anam dedi ki, Vətən xaininin kitabı bizə lazım deyil. Sən niyə satqın oldun, Hamsun?” söyləyib kitabı 86 yaşlı yazıçıya qolazlayır.

Nobeliat yazıçılar sırasında onun qədər ziddiyyətli ikinci müəllif tapmaq çətindir. Ömrünün birinci hissəsini ac və səfil, ikinci hissəsini zəngin və şöhrət içində yaşayan Knut Hamsun üçüncü hissəni - son 15 ili nasizm və faşizmin vəsfi, müharibədən sonra həbs, dəlixana, məhkəmə, unudulmaq, yoxsulluq və tənqid-təhqirlər içində keçirir. Ancaq söyləmək ki, nasist Almaniyasına və onun liderlərinə sevgi yazıçıda spontan qərardı, müvəqqəti maraqdı, qocalıq marazmıydı - səhvdir. Ömrünün üçüncü hissəsinə Knut Hamsun məntiqlə və 75 il yol gəlmişdi. Sonralar da peşmanlıq ifadə etməyərək 1947-ci ilin dekabrında məhkəmə prosesində bəyan etmişdi: “Yazdıqlarım səhv deyildi. Yazdığım zamanda da səhv deyildi... Mən özümdən narazı deyiləm və vicdanım təmizdir”.

***

Dərzi oğlu, çəkməçi şəyirdi, aclığın Amerikaya qovduğu avara, “Aclıq” və “Torpağın şirələri” kimi şedevrlərin müəllifi, müstəqilliyini yalnız 1905-ci ildə əldə edən Norveçi dünyaya tanıdan 2 nəhəngdən biri (digəri - sevimli bəstəkarım Edvard Qriq), texnikanın və şəhərlərin düşməni, 1920-ci ilin Nobel mükafatı laureatı...

1928-ci ildə Maksim Qorki dostu Vinoqradova məktubunda Hamsun haqqında “Müasir ədəbiyyatda yaradıcılığının orijinallığına görə ona tay tutulası başqasını görmürəm” yazır. Və xalqının da, dünyanın da sevdiyi yazıçı Norveçdə nasizmin ideoloji sütununa çevrilir.

Eyni zamanda həm antikommunist, həm də antiimperialist olan Hamsunun Hitler imperializminə xidməti ilk baxışdan paradoksal görünsə də, hadisələrin bu səmtdə inkişaf edəcəyinin işarələrini hələ onun ilk əsərlərində və məktublarında görmək olardı. Məsələn, 1898-ci ildə 39 yaşlı Hamsun həyat yoldaşı ilə birlikdə Rusiya İmperiyasına (o cümlədən, Bakıya) gəlir, qayıdandan sonra “Nağıllar ölkəsində” yol qeydlərini yazır. Bakı yazıçıya texniki tərəqqi şəhəri təəssüratı bağışlasa da, o, bu tərəqqinin təbii mühiti məhv etməsindən narahatlıq hissi ilə yazır: “Bəli, buraya da Amerika öz maşınlarının gurultusu ilə hücum edib”. Halbuki, həmin vaxtın Bakısının əsas neft şirkəti amerikalılara yox, İsveç sahibkarı Nobelə məxsus idi (Norveç o vaxt İsveçin tərkibinə daxildi).

Anqlosaks sivilizasiyasına nifrətin haradan qaynaqlandığını izah etmək çətindir, ancaq bu nifrət Hamsunda ömürlükdür. Qızı ona “Niyə Britaniyaya bu qədər çox nifrət edirsən?” sualını verəndə, yazıçı deyir: “İmperializminə görə. Sənayeləşdirməyə görə. Nadanlıqlarına görə. Britaniya Hindistanda aclıq törədir, Cənubi Afrikada həbs düşərgələri qurur”. Əlbəttə, bunların hamısını 3-cü Reyx də edir, ancaq Hamsunun nəzərində, bunlar almanlara olar, ingilislərə isə olmaz. Almanlar gənc və güclü millətdir, ingilislər isə qoca və enerjisiz. Nitsşe təliminin təsiri altında olan Hamsun “yaşamaq uğrunda mübarizə”, “güclünün zəifi əzməsi”ni təbliğ edir. 1943-cü ildə Vyanada jurnalistlər qarşısında çıxışında isə “İngilislər diz üstə çökdürülməlidir” deyir və 84 yaşlı yazıçının sözləri sürəkli alqışlar alır.

***

Artıq 1920-ci illərdən Hamsunun faşizmə rəğbəti aşkar özünü büruzə verməkdədir. Naşiri Harald Qriq yazıçıya onu Mussolini ilə görüşdürəcəyini vəd edəndə Hamsun ona “Mussoliniyə öz böyük fəxarətimi və dərin hörmətimi çatdırmağı çox arzulayıram - Tanrı bu qarışıq dövrdə bizlərə əsl mərd adam yollayıb”-, deyir. Hamsunun idealı - despotdur. Öz sinizmi və soyuq qatil məntiqi ilə. Burjua isə əksinə, onda qıcıq yaradır. Və 1933-cü ilin yanvarında Almaniyada hakimiyyətə Hitler yiyələnəndə, Hamsun axır ki burjuanı da, bolşevikləri də, anqlosaksları da dünya miqyasında yerində oturdacaq kobud Gücün zühuruna sevinir.

Elə bu səbəbdən də, o, hələ kollaborasionist yox, yalnız Norveçin müdafiə naziri olan Vidkun Kvislinq fəhlələrə divan tutanda və tənqidlərə məruz qalanda, bu miskin personajın müdafiəsinə qalxır.

O, İşçi partiyasını Moskvanın təhriki ilə üsyan hazırlamaqda ittiham edərək yazır: “Ölkəmizdə nə baş verir? Zorakılıq, qanunsuzluq, inqilab - nümunəsi olmayan qəddarlıq və vəhşilik. İnsanları qəsdən qorxudur və aralarında xaos toxumu səpirlər. Bu planın məqsədi həyatı, qanunu və hüququ məhv etməkdir”.

Norveçin dünyada yerinin möhkəmlənməsini məhz nasistlərlə müttəfiqlikdə görən Hamsunun Hitlerə sevgisi ötəri deyil, səmimidir. O, bu münasibətdən ömrünün son gününə qədər də imtina etməyəcək - təcridə, təhqirlərə və əzablara baxmayaraq. Bu, böyük yazıçı Knut Hamsunu hər dəfə məğlublardan qaçıb qaliblərə sığınan kiçik personajlardan fərqləndirən cəhətdir.

Hamsun Almaniyanın Norveçi işğal edəcəyi günü səbirsizliklə gözləyir. İşğaldan 7 gün əvvəl (30 mart 1940-cı ildə) o, yazır: “Şərq ayısı və Qərb buldoqu bizi pusurlar - biz iki od arasındayıq. Biz sadə norveçlilərin əksəriyyəti ümid edirik ki, Almaniya bizi qoruyacaq. Heyf ki, indi yox, ancaq bu vaxt gələcək”.

Cəmisi bir həftə sonra o vaxt gəlir - nasistlər Norveçdə ingilis və fransız qoşunlarını məğlub edir, kral qaçır, Kvislinq yeni hökumət formalaşdırır. Ancaq bu hökumətin də ömrü 5 gün çəkir - Hitler tərəfindən Yozef Terboven Norveçə İmperiya komissarı təyin olunur, Kvislinq isə baş nazir postuna layiq görülsə də, bu, dekorativ və marionet vəzifə idi (Kvislinqin adı tarixə kollaborasionizmin simvolu kimi daxil oldu, halbuki ondan da betər xainlər vardı).

Hamsun müqavimət göstərən həmvətənlərini tərksilah olmağa çağırır. Kral Hokona ya taxt-tacdan əl çəkməyi, ya da almanlarla əməkdaşlığa getməyi təklif edir. 1941-ci ilin oktyabrında “Aftenposten” qəzetində xalqa müraciət edir: “İstənilən müqavimət sındırılacaq, hətta adi adamların bir hissəsi öz axmaqlıqları ucbatından bu problemin həllini uzatsa belə”.

İş otağında həmişə 2 portret (Hötenin və Dostoyevskinin portretləri) asılan qoca, kar yazıçı 1943-cü ildə öz Nobel medalını Göbbelsə hədiyyə göndərir, məktubunda isə “Mənim bu medaldan daha qiymətli başqa heç nəyim yoxdur, odur ki, onu sizə bağışlayıram” yazır. Sanki üzr istəyir. Kimdən və niyə?

Elə buna görə də Sovet yazıçısı İlya Erenburq 1942-ci ildə “Knut Hamsun haqqında” məqaləsində yazır: “O, təkcə Vətənini yox, həm də Sözü satdı”.

Ancaq o illərdə başqa Hamsun da vardı - gəncləri güllələnməkdən xilas edən, Terbovendən xalqı üçün xahişlər edən (və çox vaxt sözü yerə düşən), naşir Qriqi türmədən çıxaran (və buna görə təşəkkürə layiq görülməyən), yəhudilərdən xoşlanmasa da, onların məhvini qəbul etməyən Hamsun.

1943-cü ildə onun Hitlerlə ilk və son görüşü olur. Onun pərəstişkarı olan fürer yazıçının arxasınca Vyanaya şəxsi avialaynerini, Berlin hava limanına isə öz “Mersedes”ini yollayır. Görüş iyunun 26-da Hitlerin Berxtesqaden yaxınlığındakı iqamətgahında baş tutur.

Hamsun fürerə Kvislinqdən və Terbovendən şikayətlənir, Norveçin Almaniyanın müstəmləkəsi olmadığını sübut etməyə çalışır və Hitlerin qəzəbi ilə qarşılaşır. “Mən sanki divarla danışırdım” - yazıçı sonralar xatırlayır. Özündən çıxan Hitler görüşü yarımçıq tərk edir və “Bir daha bu tip personajları burada görmək istəmirəm” deyir. Pərt olmuş Hamsun Osloya peşman halda qayıdır. Ancaq hətta bu hadisə də onun “Böyük Almaniya”ya və Hitlerə inamını sarsıtmır.

1945-ci ildə Hitlerin intihar xəbərini eşidən Hamsun ən riskli hərəkətlərindən birini edir - Hitler üçün nekroloq yazır (ailə üzvlərinin onu bu qərardan daşındırmaq cəhdləri nəticəsiz qalır).

“Aftenposten”də dərc olunan nekroloqda o, Hitleri “Xalqların azadlığı uğrunda mübariz”, özünü isə fürerin “yaxın tərəfdaşı” adlandırır və onun xatirəsi önündə baş əydiyini əlavə edir.

Beləliklə, məğlubiyyət. Terboven özünü qumbara ilə partladaraq intihar edir, Kvislinq həbs olunur və oktyabrda güllələnir. Əvvəlcə Hamsunun həyat yoldaşı Marini (keçmiş aktrisa və uşaq yazıçısı) tutub 3 il həbs cəzası verirlər, sonra da 86 yaşlı yazıçının arxasınca gəlirlər.

Hamsun bir müddət qocalar evində saxlanılır, sonra psixiatrik xəstəxanaya köçürülür. 4 ay psixiatrik müayinəyə məruz qalır və bu gündəlik sorğular onu üzür. Hamsun bütün varlığı ilə mübarizə aparır ki, onu mühakimə etsinlər, Norveç hökuməti isə dünya şöhrətli yazıçını dəli elan etməklə məhkəmə prosesindən qaçmağa çalışır. “Mən bilirəm: onlar gözləyirlər ki, ölüm və problem bitsin. Ancaq məhkəmə olmayınca ölməyəcəm” - deyir və sözünün üstündə durur.

***

1947-ci ildə 88 yaşlı Hamsunun məhkəmə prosesi başlayır. Ona qarşı iddianı dövlət yox, fərd qaldırır. Məhkəmədə biz yenə də dönməz, peşman olmayan və meydan oxuyan Hamsunu görürük. O, müharibə illərində evindən çıxmadığını, bir çox nasist cinayətlərindən xəbərsiz olduğunu, karlığı səbəbindən radio dinləmədiyini, cəmisi 2 qəzet oxuduğunu, Norveçi böyük sevgi ilə sevdiyini söyləyir və sual verir: “Mən otağımda oturub ölkəmi satdım?”

“Kar olduğum kimi lal olmamaq üçün danışıram” - Hamsun deyir. Və “vurduğu ziyana görə” 425 min kron cərimə olunaraq azad buraxılır. Həyat yoldaşı Marinin özü də istəmədən psixiatrla əməkdaşlığa getdiyini eşitdiyində isə bir daha onu görmək istəmədiyini deyir və Norholmdakı evə qayıtmağına qadağa qoyur (Bu qadağa 1950-ci ilə qədər davam edir. Bir gün Hamsun oğlu Arildə anasını evə gətirməyini tapşırır. Və Mari yazıçının ölüm gününə qədər onun xidmətində durur).

Hamsunun son qisası onun qocalar evində yazdığı “Ot basmış cığırlarla” oçerkidir. Bu əsərində o, 1945-ci ildən sonra başına gələnləri qələmə alır, psixiatrik müayinələrin tənqidinə isə xüsusi yer ayırır. Naşirlər əsəri çap etməkdən imtina edirlər, o cümlədən, sağ qalmağına görə Hamsuna minnətdar olmalı Qriq “Əsər şedevrdir, ancaq ictimai rəyi nəzərə almalıyam. Yalnız onun ölümündən sonra nəşr edə bilərəm” deyir. Bunu eşidən Hamsun isə “Kitabı əlimdə saxlamayınca, ölməyəcəm” cavabını verir və yenə sözünün üstündə durur: İsveç və Hollandiyadan gələn “Ot basmış cığırlar” Norveçdə çap olunmazsa, bu ölkələrdə çap edəcəkləri ilə bağlı məktublar Qriqi fikrindən daşınmağa məcbur edir.

Knut Hamsun 1952-ci ilin 19 fevralında ömrünün 93-cü ilində Norholmdakı malikanəsində vəfat edir...

***

Onun nasistlərlə hansı ortaq dəyərləri vardı? - bu sual aktuallığını saxlamaqdadır.

O, fanatik deyildi, kortəbii inam bu fərdiyyətçiyə yaddı. Qoca yazıçı nasistlərdə Qərb texnoloji sivilizasiyasının, urbanizasiyanın, kapitalist cəmiyyətindəki soyuq rasionalizmin düşmənini görürdü. Patriarxal cəmiyyətin dağıdılmasına görə keçirdiyi narazılıq, Amerikaya və Böyük Britaniyaya olan nifrət onu bu fəlakətlərdən nasizmin köməkliyi ilə çıxmaq inamına gətirmişdi. Əsassız, ancaq sonadək hifz olunan inamdı...

P.S. Yazıçının nəvəsi Leyf Hamsun müsahibələrindən birində belə bir hadisəni təsdiqləyir: babası həbs olunanda Vyaçeslav Molotov Norveç hökumətinə müraciət edərək onu sərt cəzalandırmamağı rica edir. Norveçin baş naziri cavabında deyir: “Siz çox yumşaq adamsız, cənab Molotov...” Ancaq xahişi yerə salmır...

# 4051 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #