“Qabil İsmət Qayıbova həcv yazmışdı”

“Qabil İsmət Qayıbova həcv yazmışdı”
30 yanvar 2013
# 18:45

Kulis.az suallarını Xalq Şairi Qabilin oğlu Mahir İmamverdiyev cavablandırır.

- Qabil bəydən nə öyrənmisiniz?

- Ondan başlayaq ki, Qabilə bəy desəydiniz, deyəcəkdi ki, mən bəy deyiləm. Ağsaqqal deyə müraciət etsəydiniz, deyəcəkdi ki, ağsaqqal hər yerdə var, küçədə də. Soruşsaydınız ki, bəs sizə necə müraciət edək? Cavab verəcəkdi ki, mən sadəcə Qabiləm.

Qabil mənə düz danışmağı, heç kim aldatmamağı, əliəyri olmamağı, yaltaqlıq etməməyi, alverçilikdən uzaq olmağı öyrədib. İndi görürəm ki, bu kriteriyalar irəli getməyə mane olur.

- Deyirsiniz ki, Qabildən yaltaqlıq etməməyi öyrənmisiniz. Halbuki Qabili yaltaqlanmaqda, tərif deməkdə ittiham edirdilər.

- Məsələnin siyasi tərəfini bir kənara qoyaq. 1974-cı ildə Heydər Əliyevlə atam arasında körpü yaranıb. Nəsiminin 600 illik yubileyi keçirlirdi, Heydər Əliyevin qərarı ilə. Atam “Nəsimi” poemasını Dövlət Mükafatı üçün təqdim etmişdi. Akademik Arif Dadaşzadə vardı, o vaxt atamdan məşhur, adlı-sanlı idi, rəqabətdə o qalib gəldi. İkinci cəhd də etmək olardı, atam bu şansdan da yararlanmaq istədi. Ancaq bu dəfə də İsa Hüseynov “Nəsimi” filmini təqdim etmişdi. Bəxtiyar Vahabzadə də əsər göndərmişdi. Heydər Əliyev isə Bəxtiyar Vahabzadəni daha yaxşı tanıyırdı. Atamın şansları az idi. Öz yaşıdları və qonşuları arasında da məğlub olmaq istəmirdi, ona görə istəyirdi geri götürsün. Ancaq Yazıçılar İttifaqının sədri İmran Qasımov təklif etdi ki, yox, müsabiqədə iştirak etməlisən.

Əliağa Kürçaylı Bəxtiyar Vahabzadə ilə qapı-qonşu idi. Bəxtiyar Vahabzadənin qapısını döymüşdü, demişdi ki, sən namizədliyini geri götür, Qabil bu həcmdə əsəri bir də nə vaxt yazacaq? Bəxtiyar deyib ki, baş üstə, geri götürüm, amma sən də dilindən kağız ver ki, mükafatı məhz Qabilə verəcəklər. Əliağa Kürçaylı da fakt qarşısında qalaraq heç nə deməmişdi.

Mükafat dörd nəfərə-yazıçı, rəssam, bəstəkar, alim-verilməli idi. O vaxt Heydər Əliyev nüfuzundan istifadə edərək Qabil və Bəxtiyar üçün iki əlavə yer aldı. İkisinə də mükafat verdi. Bu cür addım atan adama rəğbət yaranar da.

Bundan sonra Qabilə başqa mükafatlar, fəxri adlar da verildi. İsmayıl Şıxlı Yazıçılar İttifaqının sədri olanda bir neçə nəfərə Xalq Yazıçısı, Xalq Şairi adı verildi. Qabil ondan soruşub ki, bəs mənim adımı niyə təqdim etməmisiniz? İsmayıl Şıxlı cavab verib ki, Qabil, sən şeiri İlyas Əfəndiyevə yazırsan.

Bir maraqlı hadisə də danışım. Sadıx Murtuzayev vardı, müxtəlif vəzifələrdə işləmişdi, bir kitab yazmışdı və atamdan xahiş etmişdi, ön söz yazsın, araları yaxşı idi. Atam da demişdi ki, razılıq verirəm, ancaq qəzetdə oxuyacaqsan yazdığımı. Atam oxuyur və görür ki, Heydər Əliyevi tənqid edib, Sadıx Murtuzayevin əleyhinə bir yazı yazır.

Əksəriyyət Heydər Əliyevdən qaçanda-əlbəttə ki 1990-92-ci illərdə-Qabil onunla ikiəlli görüşürdü, o da demişdi ki, Qabil, sən kişi adamsan.

Atamın “Ömür həbləri” kitabında Heydər Əliyevin obrazı var. Bu əsər Heydər Əliyev vəzifədə olmayanda yazılıb.

Bayram Bayramov Heydər Əliyevin üzərinə hücuma keçəndə də atam öz mövqeyini ortaya qoymuşdu.

Həmin vaxt Heydər Əliyev Cəlal Əliyevgildə qalırdı. Atamı evə dəvət etmişdi, biz də Şamaxıya getməli idik. Atam onun haqqında yazdıqlarını mənə verdi, yeri başa saldı və dedi ki, bunları apar ver, gəl. Qapıda məni Cəlal Əliyev qarşıladı, dedi, Qabil hanı, dedim, məni göndərib. Dedi ki, gəl, kişi ilə görüş. Heyif ki görüşmədim.

Şamaxıda idik, anam zəng elədi ki, Qabil, sənə dəvətnamə gəlib, prezidentin andiçmə mərasiminə çağırırlar səni. Atam dedi ki, mən yeyib-içirəm burda, gələ bilmərəm. Bu elə bir mərasimdir ki, heç kim bundan imtina etməz. Amma atam gəlmədi.

Sonra Cəlal Əliyev zəng elədi ki, Qabil, bizdən incimisən? Atam da dedi ki, niyə inciməliyəm ki? Yeri boş qalıb, gəlib xəbər veriblər ki, Qabil yoxdu.

Heydər Əliyev artıq 7 aydır hakimiyyətdə idi. Bir dəfə atam evdə oturmuşdu, Həsən Həsənov zəng elədi ki, axşam 7-də aeroportda ol, Çinə gedirik. Çin səfərindən sonra Heydər Əliyevlə Qabil arasında doğmalıq, zarafatlar başladı.

- Heydər Əliyevdən ev istəyən Qabilin təmir məsələsini canlı yayımda qabartmağı dillərə düşmüşdü...

- Atam gözütox adam idi, Ömrünün axırına qədər 28 kvadrat metrlik mənzildə yaşadı. O evi mənə görə istəmişdi. Qabili Nəbi Xəzri məcbur etmişdi ki, oğlun var, ona ev lazım olacaq. Atam Fikrət Sadıxa, başqa şair və yazıçılara ev verilməsi üçün də Heydər Əliyevə müraciət edib. Onu deyəndə bunu da yada salmaq lazımdır. Təmir məsələsinə gəlincə. Heydər Əliyev tədbirlərdən birində deyib ki, Qabil, heç dəyişməmisən. Atam da deyir ki, ev təmirsizdir. Heydər Əliyev bildirir ki, nə təmir, mən başqa şey soruşuram səndən. Atam bildirir ki, keçən dəfə ev vermişdin, onun təmirini deyirəm. Heydər Əliyev söyləyir ki, təmir də etməliyik ki? Atam da cavab verib ki, mənim pulum var təmir etməyə? Bu söhbətdən sonra təkcə Qabilin yox, Anarın, Nəbi Xəzrinin də evi təmir olundu. İndi Qabilə abidə qoyulmamağı mənə çox pis təsir edir. İnsan öləndən sonra da onu qiymətləndirməlisən. Heydər Əliyev Qabili bütün səfərlərdə, yemək-içmək məclislərində yanında oturdurdu. Deyirdi ki, tədbiri sən apar, hətta araq da süzürdü. Heydər Əliyevin necə sadə insan olduğunu göstərmək istəyəndə Qabillə olan görüşlərini versələr bəsdir.

- Qabil parodiya olunmasını necə qarşılayırdı, özünü pis hiss etmirdi ki?

- Qabil zarafatı sevən, baməzə adam idi. Haqqında lətifələr var. “Paravoz” Qabilin ən çox sevdiyi şeiri idi. Orda özünü yaratmışdı. Qabil Bəhramı küçədə görüb və deyib ki, məndə parodiya olunası çox şeylər var. Bəhramın “Paravoz” qışqırmaqdan səsi batmışdı, atam da ona zarafatla demişdi ki, görürsən, şairlərə ilişmək olmaz, peyğəmbərlərdən sonra şairlər gəlir.

- Hər bir yazıçının, şairin şıltaqlıqları olur.

- Onun bir rejimi vardı. Səhər tezdən dururdu, cibinə alma, bir də bıçaq qoyurdu. Çıxırdı bulvarda gəzməyə, almanı soyurdu, qabıqlarını yerə atırdı, almanı yeyə-yeyə gəzirdi. Sonra qalxırdı “Pasaj” bazarına, hər gün bazarlıq etməkdən xoşu gəlirdi. Tolstoy küçəsinin tinindən üzüaşağı dönəndə başlayırdı qışqırmağa ki, Bəyim, Mahir, gəlin, kömək edin. Bilmirəm, necə olurdu ki, pilləkəndən o sürətlə düşəndə ayağım bir-birinə dolaşmır, ayağımı sındırmırdım. Üç-üç hoppanırdım, bu qışqırıq kəsilsin. Bir də görürdün, qonşular zəng etdi ki, kişinin bağrı çatladı, harda qalmısız.

Heç vaxt mətbəxdə oturmazdı. Aralı otururdu, hər dəfə də bir şey istəyirdi. Deyirdim, ata, bəsdir də, birdəfəlik de, hamısını gətirim. Küsürdüm, yemək yemirdim, gözümün yaşını axıda-axıda məni yedizdirirdi. Təxminən saat on ikidə, birdə dənizdəki təlatüm sakitləşən kimi sakitləşirdi.

- İşə getmirdi?

- 1976-cı ildən, Əkrəm Əylisli ilə məşhur davasından, “Zəng” şeirindən sonra işdən çıxmışdı. Azad sənətkar idi. Yaradıcılıqla dolanırdı.

- Əkrəm Əylisli ilə nə baş vermişdi?

- İsmayıl Şıxlını “Azərbaycan” jurnalına baş redaktor təyin etdilər, həmin gün axşam dənizə getmişdik. Çimə-çimə qərara aldılar ki, atam müavin olsun, Əmir Mustafayev də məsul katib. Bu məsələ dənizdə, suyun içində həll olundu. Çıxdılar, sağlıq dedilər. Səhəri İsmayıl Şıxlı məsul şəxsləri çağırmaq üçün lazım olan zəngi sökdürdü, dedi ki, mənə lazım deyil bu. Bir müddət sonra İsmayıl Şıxlı imtina elədi vəzifədən, onun yerinə Əkrəm Əylislini dəvət etdilər. Əkrəm gələn kimi zəngi bərpa etdi. Atam da buna görə “Zəng” şeirini yazmışdı. Bir müddət sonra Əkrəm Əylislinin partiya bileti də yoxa çıxır. Sonra dedilər ki, partiya biletini Əmir Mustafayev acığa oğurlayıb. Atam “Zəng” şeirini yazandan sonra ərizə verib işdən çıxdı. Əmir Mustafayev sonralar Əkrəm Əylislini tərifləyən bir yazı qələmə almışdı, atam da hirslənib Əmir Mustafayevə həcv yazmışdı.

- Qabilin başqa həcvləri də var?

- Nizami Bəhmənliyə də həcv yazıb. Yazdığı iki həcv isə dərc edilməyib. Bunlardan biri, baş prokuror, şəhid İsmət Qayıbova yazılıb. İsmət Qayıbov o vaxt çox fəal işləyirdi, Qarabağda otururdu, erməniləri istintaq edirdi, televiziya isə bunu verirdi. “Boyuvu yerə soxum” cümləsini tez-tez işlədirdi İsmət Qayıbov, atamın isə bundan xoşu gəlmirdi. Bildirirdi ki, prokuror kiməsə deməz, boyunu yerə soxum. Buna görə İsmət Qayıbova bir həcv yazdı və göndərdi ona. Demişdi ki, İsmətdən cavab gəlməsə, çap etdirəcəyəm həcvi. İsmət Qayıbov atamı dəvət elədi, söhbətləşdilər. İsmət Qayıbov dedi ki, daha bundan sonra o cümləni işlətməyəcəyəm. Həcvi də cırıb atıblar. Yaxşı ki cırıb atıblar, yoxsa çap etdirəcəkdim indi. O biri həcv Nəbi Xəzriyə yazılıb. Deməli, o, ölümündən bir az qabaq atama təhqir dolu həcv yazıb evə göndərmişdi. Niyə yazmışdı bunu, səbəbini indiyə qədər bilmirəm. Çünki dost idilər. Atam da bir həcv yazdı və telefonda Nəbi Xəzriyə oxudu. Sonra dedi ki, sən çap elətdirməmisən, mən çap elətdirərəm, ancaq ayıbdır, adımız-sanımız var. Axırda hər ikisi kövrəldi, başladılar ağlamağa.

- Qabil günün hansı saatları yazırdı?

- Bütün yazılarını ayıq vaxtı qələmə alırdı. İçki içəndə yazmazdı heç vaxt. Əksər hallarda səhərlər, özü də yaşıl pero ilə yazırdı. Arzuları vardı, deputat olmaq istəyirdi. Arzusu ürəyində qaldı.

Bir dəfə Süleyman Rüstəmə demişdi ki, deputat nişanını verin də taxım. Süleyman Rüstəm deyib, pencəyi deşəcəksən, hayıf olacaq, deyib, eybi yoxdu, sən ver. Deyib, nolsun, deputat olmuram-olmuram, qoy heç olmasa nişanı taxım. O da vermişdi.

Musiqi alətlərində çala bilmirdi, ancaq gözəl musiqi duyumu vardı. Şəkillərə baxıram, görürəm ki, İsa Hüseynovun əlində saz, atamın əlində qarmon var.

Heyvanlardan pişiyi çox sevirdi. Bir əhvalat danışım: Musa Urud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyirmiş, Yazıçılar Birliyinin üzvü olmaq arzusunda imiş. Bunun üçün Qabilin və başqa ağsaqqalların razılığı lazım idi. Nəsə, gedirlər yeyib-içməyə. Bilmirəm, Musa Urud bunlar üçün nə qədər kabab sifariş verib, ancaq pişiklər üçün lülə kabab ayrıca gəlirmiş.

- Qabil hər gün içirdi?

- Hər adamla, hər yerdə içmirdi. Böyük qonaqlıqlardan qaçırdı. Təbiətin qoynunda içməyi xoşlayırdı. Daha çox araq içirdi. Şamaxıya Sabir günlərinə gedəndə çaxır içirdilər. Şəhərə çatanda corabları da çaxır olurdu. Avtobusa özünü pis aparanı düşürürdü maşından, qovurdu. İçməyəni aparmırdılar adətən...

- Kimlərlə möhkəm dostluq edirdi?

- Salam Qədirzadə və Əliağa Kürçaylı. Mehdi Məmmədovun qardaşı, müəllim Teymur Məmmədovla da dostluq edirdi. Sonralar Fikrət Sadıx, Balasadıq, Abbas Abdulla, Yusif Həsənbəylə oturub-dururdu, özü də onlara Şurik deyirdi. Ramiq Muxtar Qabilə ata deyirdi, Qabil də ona oğul, mənim böyük qardaşımdı o.

- Yazmışdınız ki, Qabili yenə tənqid etsinlər, parodiya etsinlər, yaddan çıxmasın. Necə fikirləşirsiniz, şair kiminsə yazısı, parodiyası ilə yox, şeiri ilə yaddaşlarda qalmamalıdırmı?

- İndiki zamanda kitabın qara qəpik qədər qiyməti yoxdur. Təbii ki, şair şeirləri ilə yaşayacaq, ancaq başqa onun insanların yadından çıxmamağı üçün belə addımların atılması da lazımdır. Kulis.az internet dərgisində, Azadlıq radiosunun saytında, “Azadlıq” qəzetində “Qabil: o dünyadan birinci məktub”u 14 min nəfər oxudu. Görəsən, bu dövrdə hansı əsəri bu tirajla çap etmək və oxutdurmaq mümkün olardı?

# 5227 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #