Safruh: "Qan Turalı oblomovçuluq edir"

Safruh: "Qan Turalı oblomovçuluq edir"
26 dekabr 2012
# 13:56

SAFRUH

Mütləqə İnam Ocağının Ruhani Başçısı

(Gənc yazıçı Qan Turalının bəzi yazıları üzərinə)
(Giley)

“Lal qələmlər” adında balaca bir içsəs yazmışdım (“Yeni Xəbər”, 13.X. 2012, N-28, s.12). Onun üçüncü deyimi beləydi: “Qanacaq qoxulu bir istedad işaran kimi – ümidlənirəm! Ancaq gerçək qurtarıcı – tanrı sandığım İnsan Körpələri böyüyüb Böyük olmaq əvəzinə, yekəlib Yekə olduqları kimi, mənim bu istedadlarımın da böyüməklə işləri olmur”. Bu deyimin sonunda ərklə bir neçə oğlanlı-qızlı cavan yazarın adını cəkmişdim, onlardan biri də Qan Turalı idi. Dostlar o adları oradan silməyi məsləhət elədilər, mən də sildim.


Dünyada bu və ya başqa məsələ barədə rəy söyləyənlər, fikir yürüdənlər saya gəlməz. Xeyirlisi – xeyirsizi, zərərlisi-zərərsizi ilə, cürbəcür mövzu və maraqlarla bağlı, kimlərsə kimlərinsə sözünə dinməyi gərəkli bilir – dinir. Mənim xeyir-zərər meyarım var və mən onu mülahizələr burulğanında gözüyumulu tutmuram – burulğanın lap başında axtarıram. “Lap baş” isə “səbəb” deməkdir. O “səbəb“in mənim “meyar“ıma dəxli var.


Mən insanın ruhani varlıq kimi tanınmasını, bilinməsini, onun belə olmasını və təsdiqlənməsini istəyirəm. Ruhani varlığa atılıb-düşmək, mayallaq aşmaq, yellənçəkdə yellənmək, dəlilik, coşqunluq... kimi təzahürlər yad deyil. Özüm şəxsən ölçüləri qıranları, qırıb-tökənləri, mümkünsüzə can atanları, necə deyərlər, “qabağından yeməyənləri” sevmişəm, sevirəm. Asif Ataya elə məhz bu cəhətinə görə vurulmuşam. Mən Rafaelin duru-dumduru aynalarını da sevirəm, İ.K. Ayvazovskinin “Doqquzuncu val”ında ifadə olunmuş çılğın stixiyanı da – estetikalarından başım çıxmasa da. İnsanı Ruhani Varlıq kimi görmək İstəyi isə mənim həm marağım – mənafeyimdir, həm mövzum. Bu o qədər böyük istəkdir ki, onun gerçəkləşməsi üçün Yer üzünə yeni sivilizasiya gəlməlidir. Yer üzündə yeni sivilizasiya yaranması isə onu doğuracaq Səbəbdən və Qüdrətdən asılıdır. O Səbəb var. Sən də bunu təsdiqləyirsən, Qan Turalı, “Mən dünyanın xilasına inanmıram” deməklə. (“Nöqtə” naz-qəmzəsini bir qırağa qoyaq). Dünyanın xilasına inanmayan məhvinə inanır; bu saat onun xilasa möhtac olduğunu təsdiqləmiş olur. Dünyanın məhvi isə dağların mayallaq aşması, çayların balıq qızartması, dənizlərin Göyə uçması, xalq şairi Q.İ.Ruhdaşın Ocaq-Türk əlifbasını öyrənməsi... biçimində olmur, getdikcə daha çox insanın ruhanilikdən (yəni təbiətüstülükdən) ayrılıb, heyvaniliyə (yəni təbiətaltılığa) enməsi biçimində olur. Eləcə də hərcayiləşməsi, ədəbsizləşməsi biçimində. İlsıra boyunca “dünyanın məhvi” deyənlər bu kimi halları tutublar göz önündə.


Yer üzündə yeni sivilizasiya yaranması üçün gərəkən qüdrət də yenə insandan gəlir: axı dünyanın nəinki necəliyi, hətta varlığı-yoxluğu da, insandan başqa heç bir canlının, cansızın, konkretin, mücərrədin, eləcə də hərcayinin, ədəbsizin vecinə deyil. O qüdrət də insanın idakını və psixologiyasını xilasa meyilləndirən açarın tapılması biçimində özünü göstərir. Not (musiqi) sətrinin başında qoyulan işarə – açar kimi. Mütləqə İnam Sivilizasiyası üçün o açarı İnam Ata (Asif Ata) yaradıb, adını da “Mütləqə İnam” qoyub, Mütləqi də bizim üçün “Bugündə nişanələriylə, əbədi Sabahda bütöv mövcudluğuyla aşkara çıxan, nisbi hadisələrin daxilində yaşayan, ancaq onlara sığmayan, onları özlərindən kənara çıxarıb özünə yaxınlaşdıran, Dünyaya, Həyata, İnsana ali daxili qüvvə, istiqamət və meyar olan qüdrət” deyə aydınlaşdırıb.

Sivilizasiyanın ideyasını (açarını) müəyyən eləyən sima, adətən, onun insanının kimliyini də müəyyən edir. Örnəklər: Konfutsi öz gələnəkçi ideyasının insanını “Nəcib və ya Alicənab Kişi” adlandırırdı; Budda öz imtinaçı ideyasının insanını “Əsl İnsan” adlandırırdı; Musada bu insan “Seçkin ulus mənsubu – Yəhudi” adlanırdı; İsada “Allahın Qoyunu” adlanırdı (bu təyində alçaldıcı bir çalar yoxdur.); Məhəmməddə “Allahın bəndəsi” və b. k. adlanırdı.

İnam Ata öz insanını (Mütləqə İnamın insanını) “Ruhani Varlıq” adıyla təqdim eləyir: “İnsan özündə Mütləqilik gəzdirən, bu səbəbdən də şəraitdən, mühitdən, cəmiyyətdən üstün olan, Mütləqiliyə can atan və Mütləqləşməyə qadir olan Ruhani Varlıqdır”.


İnsanlığın qarşısında gözişləməz üfüqlər açan öyrəti yaradır, təlim gətirir dünyaya ölkənin bir düşünürü, ölkəmizin cavanı isə bunu bəsləmək əvəzinə... həsləyir! İyrimi yaşlı Qan Turalı İnam Ataya və yetmiş yaşlı Safruh Atalıya məsləhət verir: İnam Ata (peyğəmbər) getsin, filosof Asif Əfəndiyev qalsın... Asif Ata Öz Ocağından... qurtulsun! Bu, çağımızın (özəllikcə xalqımızın, ulusumuzun) Oblomovçuluğu, Başmaçkinliyi deyilmi? Zənnimcə, özüdür ki var!


Baş yaşdan o qədərmi ucadır?! Olaydı kaş!.. Axı yaş yalnız yaş deyil, o həm də Başdır...

***

Deyilənə görə, Martin Haydegger (1889–1976) çağımızın çox görkəmli alman filosofudur. Həmin bu möhtəşəm filosofu öyrənirlər: belə yazıb, elə yazıb; ontologiyaya fərqli baxıb, öz metafizikası var, fəlsəfənin bu sahələrində inqilab eləyib və hakəza. Və böyüklüyünə görə yox, eləcə almanlığına görə, çağımızın oxumuş, savadlı, talantlı (talant – qədim Romada pul vahidi idi), qoçaq, cavan (canısulu) Azərbaycan Oblomovları, zənnimcə, filosof Asif Atanı filosof Haydeggerlə yanaşı da qoymazlar – utanarlar! (Küçədə tumançaqlaşmaqdan utanmasalar da, bundan utanarlar). Bəlkə haqları da var. Sənin Asif Ata Ocağında diqqətə aldığın o ikicə “istedadlı tələbədən” biri elə bayğın Haydeggerçidir (Əfəndiyevçi deyil). Niyə? Çünki misal üçün, Haydeggerin 1927-ci ildə dərc olunmuş “Varlıq və Zaman” əsəri 1997-ci ildə 10-cu nəşrini görüb, bir çox dillərə tərcümə olunub, ruscaya çevirənin sözlərinə görə, o əsərə minlərlə (tısyaçami) şərh yazılıb... Deməli, Haydegger topluma öz çağında təqdim olunub. Bəs Asif Atanın durumu necədir? Öz Yurdunda, Öz Xalqının içində Onun ətrafında tam bir susqunluq var. Sanki bu ölkənin elə bir aydını, bu dövlətin elə bir vətəndaşı olmayıb! Ədəbi, elmi, siyasi, fəlsəfi, iqtisadi, mütrübi “camia” tərəfindən Onun 30 – 40 il bundan öncə yazdığı heç bir fəlsəfi, ruhani əsəri, kitabı nəşr olunmayıb. Yəni Ata xalqa, topluma, “ictimaiyyətə” təqdim olunmayıb. Bunun səbəbi nədir? Deyəcəksiniz “iqti...” Yox! Mən bənzər məqamlar üstündə iqtidarı yox (iqtidardan çox), özgəçi, özgə istedadların pərəstişkarları olan “cavan” aydınları suçlayıram. Siz özümlü çabalarınız, araşdırmalarınız, yaradıcılığınızla iqtidarı, necə deyərlər, tərkisilah etməliydiniz – onda aranızda danışıqsız, dışarı arabulucularsız birlik yaranardı – Gücə çevrilərdiniz. Onda İnam Atanı (öz Ocağından da!) dışlamaq istəməzdiniz. Atanı, Atalarınızı dışlamağınızın bir səbəbi İstedad olmaq əvəzinə Pərəstişçi olmağınızdırsa, ikinci səbəbi daha ciddi və qorxuncdur. Cavan Azərbaycan aydınları, siz özümlü çabalarınızla, axtarışlarınızla, yaradıclığınızla həmin qorxunc səbəbi də tərkisilah eyləyə bilərdiniz. Bunun üçün Atalı olmaq gərək, bic yox.


Yuxarıda adını çəkdiyim alman filosofunun on dəfədən çox nəşr olunmuş adı çəkilən əsəri yalnız bizim idraki, ulusal qeyrət Oblomovları üçün deyil, fəlsəfi “camia” üçün də son dərəcə çətin əsərdir. Bunu ondan da bilirəm ki, əsəri ruscaya çevirən öz rus fəlsəfi mədəniyyəti və dili ilə o əsərin terminologiyası qarşısında yerə çöküb ağ bayraq qaldırır! Asif Atanın (ədəbi tənqidini bir qırağa qoyuram) fəlsəfi-ruhani Əsərlərini isə... çoxları anlardı.
Dövlətin, dövlətaltı cəmiyyətin gözardı elədiyi dəyəri – Mütləqə İnam Müqəddəsatını Atanın Ocağı sevir, oxşayır, öyrənir, qoruyur, yayır, onun əsasında özünü tərbiyə eləyir, xöşbəxt olur, Qan Turalılar isə Atanı Ocaqdan xilas eləməyə çağırırlar! O elə açıqca belə yazır: “İnam Ata getməli, yerinə Fəlsəfə Atası gəlməlidir”.
İndi mən soruşuram: Atanın fəlsəfəsini gündəmə gətirənlərə “dur” deyənmi var? Sənin işarə elədiyin o iki “istedadlı tələbə” doğrudan da burada iş görə bilərdi. Onların ikisiylə də mənim dostanə münasibətim var. Nə edim ki, onların ikisi də Ata qibləsindən yan keçdi və məncə, qibləsizliyə getdi. Özləri bilən yaxşıdır! Mən onların öz seçimlərinə də sayğılıyam. Ancaq burada başqa, mənə görə, daha önəmli bir məqam var – qurtuluşun qaçılmazlığı, fəlsəfənin isə qurtuluş olmaması. Fəlsəfəni də, ruhaniyyatı da yaxşı bilən, yaradıcı bilən, Özü də Yaradıcı olan Asif Ata İnamı Fəlsəfədən üstün tuturdu; “Fəlsəfə həqiqətə yetirir, İnam həqiqətə qovuşdurur” deyirdi.


Fəlsəfə ədəbiyyatı – öyrənilmə obyektidir. Öyrənilir. Öyrənənlərin özləri də fəlsəfə ədəbiyyatı yaradırlar, hətta burada inqilab da eləyirlər. Sonucda... ilsıranın (tarixin) sonu gəlir, sonuncu adam – oğru, dələduz, bic, saxtapulçu, idman filosofu, başkəsən, cinsdəyişən... əmələ gəlir və elə sənin “Mustafa” romanındakı Əli Bayramlı cənnəti əmələ gəlir. Amorfizm yaranır.


İnam isə deyir: insanlıqda qalaq, təbiətdən üstün olaq; gəlişək də, dəyişək də – ancaq insan kimi və öz kökümüzün üstündə. Bunun üçün isə Cücə-Mücə Azərbaycan Omlomovları, fəlsəfənin hamısını öyrənmək azdır; Rus ədəbiyyatını, Fransız əxlaqını, Çin təbabətini, Tibet falabaxanlığını, Qaraçı qürurunu, ABŞ qoçuluğunu, Latın Avropası elmçiliyini, hətta Latın Amerikası qanacağını öyrənmək də yetərsizdir! İşləmək, tər tökmək gərək – istədiyin alınana qədər. Min dəfə ölüb-dirilməksə də, Əli Bayramlıya yeni svilizasiya gətirmək gərək. Bu isə Əli Bayramlının öz sivilizasiyasının dərkindən, Əli Bayramlının qananını, qanmazını sevməkdən keçir – necə ki, bunu Asif Ata C.Cabbarlının “Oqtay Eloğlu”sunda görmüş və Özünün “Həqiqət və Yarımhəqiqət” içsəsində alqışlamışdı; sən də “Asif Ata haqqında yazı”nda buna diqqət yetirmisən. Sənin “Mustafa”nın Mustafası isə sənin təqdiminin Danabaşı olan Əli Bayramlıda özü kimi bir mütaliəçi oğlana (Əkrəmə) rast gəlib, ona belə ağsaqqallıq eləyir: içkidən və qısadonlu qızlardan ilhamlanaraq, oxu-öyrən və yəqin ki, həm də yaz-yarat. Oxumaq – yenə hə, zövq verir adama. Bəs bu yazmaq nə üçün? Nə yazsın və nə üçün yazsın?! Cinslərə: “Bir-birinizlə ilgilənin” gənəşiyinə (məsləhətinə) də zənnimcə, heç vaxt heç bir növ gərəksinməyib.


Asif Atanı Marksizmə, Sosializmə, Sovetizmə qarşı ən öncül dissident sayıb alqışlayırsınız, qurtarıcı (xilaskar) ideya, yol yaradıcısı kimi qınayırsınız. Ata isə Öz İdeyasını – Mütləqə İnamı – “dissidentlikdən çox uca hadisə” adlandırırdı.


“Filosofun fikirləri bir Ocağa həbs edildi” deyirsiniz – “Dahi” adlı yazınızda. Bu Ocaq o Filosof üçün nədir – bunu qeyd elədim, Filosofun fəlsəfəsi də Ocağın inhisarında deyil, acıqdır – buyurun, məşğul olun. Və o, dinə çevrilə bilməz, çünki onun tərkibində heç bir mövhumi başlangıc yoxdur.


Ocaq Evladlarını “filosofun deyil, peyğəmbərin ardıcılları” deyə guya aşağılayırsınız. Öz cümlənizin içindəki işığa da sevinc gözüylə baxmırsınız. Sənin Yurdunda, sənin Soyunda nə vaxt oldu peyğəmbər?! Asandımı olmaq?! Asif Ata olubmu? – Olub! Yəni yeni, müstəqil İnanc Sistemi – Dünyabaxış yaradıb. Hansı fəlsəfi sistem inanc sistemindən yan keçə bilib? Heç biri. Bəs hansı İnanc Sistemi Fəlsəfi sistemdən başlanğıc götürüb? Yenə heç biri! Asif Atanın isə həm fəlsəfi sistemi var, həm İnac sistemi! İc-icə. Bunu öyrənmək, alqışlamaq və təqdim etmək gərək olduğu halda, görün siz nə yazırsınız: “...Asif Atanın İnam Təlimi də digər inamsızlıqların sırasına qoşuldu”. Nədən bildin?! “Digər inamsızlıqlar” hansılardır? Nə tez bu İnam belə “inamsızlaşdı”?! Məncə, bu kimi sözləri sizə yazdıran ictimai, milli, insani, vicdani və s. zərurətlər deyil, yalnız “söz azadlığıdır”. Yəni “nə vecimə, elə yazmıram, belə yazıram, ağ yazmıram, qara yazıram, yaxud əksinə. Yoxlayan yox, söz deyən yox. Lap desinlər, kim kimədir”... Belə motivlərlə yalnız ruhani iradəsizlər söz yazırlar. Ona görə də mən Ruhani İradə carçısıyam; mənim qurtarıcımın (xilaskarımın) adı Ruhani İradədir.


Ocaqda “Asif Ata qədər fəlsəfi mədəniyyəti olan yoxuydu, Asif Ata müridlərini intellektual potensialına görə yox, sədaqətinə görə seçirdi” deyib, Ocaq Evladlarını aşağılamaq istəyirsiniz. Ocaq miqyasca balaca bir qurumdur, onu bu baxımdan bir qırağa qoyaq, ölkədə “Asif Ata qədər fəlsəfi tutumlular” varmı, çoxdurmu?!


Asif Ata seçmirdi, yaradırdı.

Ocaqçı mürid deyil, Ocağın Evladıdır.

Safruhmu Asif Atanı çox öyüb, çox yayıb, çox ölümsüzləşdirib, Nəsimimi Nəimini?

Fəzlullah Nəiminin yazı dilini Nəimi – Nəsimi xalqı bilmirdi. Bəs onlar Asif (İnam) Atadan nədə “şanslıydılar”?

Onlar hansı xalq üçün çalışırdılar; nəyə, kimlərə qarşı döyüşürdülər, harada dedilər bunu?

Onlardan təsəvvüf əzbərçilərinin çörək çıxartdıqları saqqız qalıb, Asif Atadan aydın yön, aydın ünvan, aydın hədəf, aydın və özgün Yol qalıb – Özünün Mayaklığında. Onların da ruhunun yiyəsi, yaşadıcısı elə Asif Atanın Özü, Öyrətisi və Ocağıdır. “Şans” sən nəyə deyirsən?!


Biz Mütləqə İnam Ocağı olaraq, Asif Atanın bütün İrsinə çox böyük qeyrətlə yiyəlik eləyirik, Onu öpürük, oxşayırıq, qoruyuruq, ləyaqətin və zamanın yol verdiyi bütün imkanlarla saxlayırıq, təsnif eləyirik, nəşr elətdiririk, gücümüz çatdıqca öyrənirik, o İrs ruhunda yaradırıq – həm əsər, həm insan anlamında, Tural bəy isə üzünü kimlərəysə tutub: “... müridlərin xidmətidir bu, gəlin danmayaq”(?!) deyir lütfkarcasına. Danıb neyləyəcəksiniz?! Bundan artıq danmaqmı olar?! “Dahi” adlandırdığın bir bir səhifəlik yazıda nə qalır o Dahinin ünvanına deməyəsən?!
“Bundan 50 il sonra Asif Atanı kimsə xatırlayacaqmı, bu məchuldur” deyirsən. Sənin yazdıqların qalarsa, onlardan Atanı anarlar, ümidsiz olma. Sokrat heç nə yazmamışdı...
“Bu cür böyük fikirlərin təqdimatı yoxdur” deyincə qalx, özün təqdim elə və onun fəlsəfiliyini göyə qaldırmaqla, dinə çevrilməsini önlə.


Din yaratmaq belə asandırsa, niyə sənin xalqın tarix boyu onun-bunun din damğasını daşıyıb alnında, hələ də daşımaqdadır?!
Xalqın ən böyük qəhrəmanı Babəkə “avtafatutan” deyənlərin qarşısında ağzına su alırsan, mənim yanımda dil çıxarırsan. Bunu necə anlamalıyıq? Ancaq bil ki, xalqın kimi özün də ümidsizcəsinə gecikmisən – o “din” artıq yaranıb – Asif Ata oxunu atıb, ovunu vurub – Mütləqə İnamın Peyğəmbəridir.


Ataya həm də “öygü” yağdırırsan: “esseist, ədəbiyyat tənqidçisi, estet və filosof”, hətta “görkəmli” şirnisini də Ondan əsirgəmirsən. Bununla da Onu Sovetin əlindən alıb, Atanın heç sevmədiyi yeni çağın ayağına verirsən. Nə olur-olsun, “İnam Ata” olmasın, “Peyğəmbər” olmasın! Niyə? Çünki İnam Ata (“İnam Ata” elə “Peyğəmbər” deməkdir – “İnam Yaradıcısı, İnam Atası” deməkdir) hamıdan uca, hamıdan baş deməkdir – həm ruhani baxımdan (İnam), həm dünyəvi baxımdan (Ata).
Və yalnız Azərbaycanda yox...


Siz də bəlkə istərdiniz bunu, ancaq özgə böyüklər – büyüklüklər gözünüzü o qədər qamaşdırıb, sizi o qədər çaşdırıb ki, ya içinizi tamam öldürübsünüz, ya da onu açığa çıxarmaqdan ölümcülcəsinə utanırsınız, hətta qorxursunuz. Cib dətərçəsi tutumunda bir “Mustafa” romanın var, onun da böyük bir parçası kapitalizmin, burjuaziyanın tənqidinə həsr olunan siyasi pamfletdən ibarətdir, yəni elə də bədii parça deyil – Cek Londonun “Dəmir daban” “romanı” kimi. Həmin bu “romanda” qırxa yaxın xarici “kumir” – yazıçı, filosof, futbolçu, aktyor adı keçir. Ağlınız onlardan gəlir, sevginiz onlara yönəlir. Ona görə də Atanı onlardan biri kimi görmək istəyirsiniz, Atanın Evladını isə heç görməyə layiq bilmirsiniz; sözünü misal gətirirsiniz, yerini, yiyəsini göstərmirsiniz, ancaq “yalana çıxarırsınız”. Eləmi asandır? Xəlvət dərədə – hə...


***


Gözəl istedadlı, az yaşında çox yol getmiş Tural bəy! Bu cür əhvalda bir sən olsaydın, oturub ağlardım – “Mustafa”nın 18-ci s.-də sənin elədiyin kimi – bu cür yazılar yazmazdım. İnciməyin, mən bu əhvalı ulusal və kişisəl (ruhani) qeyrət axtalarına xas əhval sayıram. Uşaqkən oynadığımız oyunlarda “Kim məndən, mən kimdən?” kimi xarakter bölgüsü müşahidə eləmişdilər böyüklərimiz. Son özgürlük çağımızın gəncliyi “Kim məndən”i yadırğayıb, elə hey “Mən kimdən?” deyib ikiyə şaqqalanır – bir şaqqası dinə əyilməklə, o biri Batıya əyilməklə...

***


Ceyhun Bayramlı adlı birisi özünün “Babək...” adlı kitabında Babəki qəhrəmanlıq taxtından, onun xalqını Xalqlıq taxtından sala bildikcə salır; E.Mirzəyev adlı birisi Gündoğanla Günbatan arasında milyonlarla, on milyonlarla türkün, farsın, kürdün, talışın, ləzginin... ən sevimli incəsənət növü olan Muğamatı heç incəsənət növü saymır, heçnə adlandırır; Pərvin adlı bir gənc xanım fransız yazıçısı Jorj Sandın ucsuz-bucaqsız əxlaqsızlığından vəcdə gəlir (“525-ci Qəzet”, 25. X. 2012); öz “irqi” tapdaq altında olan, elə buna görə də baş götürüb Günbatana qaçmış Güntay Gəncalp adlı birisi Batıya söykənib, onun “irqini” tapdaqdan çıxarmaq yolunu göstərən Asif Atanı “irqçi peyğəbbər” (?!) deyə yamanlayır; özü kimi keçmiş Asifçi-Ocaqçı olmuş birisinin və özünə sevimli, hürr vətən elədiyi Batı Avropada yeni öyrətmənlərinin ağzından qapdığı “Həqiqət bir deyil, ikidir, üçdür, beşdir” kəşfinə qoşulur – Asif Atanın “Həqiqət birdir!” harayını boğmaq üçün... Əslində həqiqətin özü kimi, sayı da onları ilgiləndirmir...; Yenisey Akşin bəy haradasa gördüyü bir “Ocaqçının” əlifbanı bilmədiyini söyləyib, gülür bizə; Kənan Hacı bəy Viktor Hüqonun gündə üç fərqli qadınla yatıb-durduğunu böyük fəzilət sayır; İlahə Ucaruh adlı bir xanım, yığın-yığın Avropa bilginlərini köməyə çağırmaqla Asif Atanın peyğəmbər olmadığını sübüt etmək üçün “peyğəmbər” sözünün etimologiyası üzərində üzücü axtarışlara baş vurur; Vüsal Hətəmov adlı birisi Azərbaycan “camia”sını muştuluqlayır ki, “10 il sonra Asif Ata Ocağı olmayacaq”; şərqşünas, şair-publisist Hafiz Rüstəm bizim yeni dünyabaxış yolundakı əməklərimizi “ən yaxşı halda bidətçilik, mürtədlik, küfr və Allaha şərik qoşmaq – yəni böyük günahlara yuvarlanmaq kimi başa düşdüyünu” yazır... Və “hər bir azərbaycanlıya ərəb və fars dillərini mükəməl öyrənməyi” tövsiyə eləyir. (İraq olsun!) Bəs ingilisi, rusu, fransızı, almanı, ispanı öyrənməyəkmi?.. Yırıq-yırtıq olub getdik ki!.. Azərbaycanın Dövlət adamları “Dilimizi sayan yoxdur” deyə gileylənirlər!.. Mənə görə isə “sayğı” anlamında olmasa da, “saymaq” anlamında var və hər bir azərbaycanıl “üçdilli”, “dörddilli”, “beşdilli Yurdum” mahnısını oxuyur. Bizdə dilin sayı həqiqətin sayından geri qlmır... Mən isə iri-xırdalığına baxmayaraq, hər cür istedadı, eləcə də Nizamini, Rumini, Şəmsi, Lütfini, Tahiri... Azərbaycan xalqının türk dilini yaxşı-yaxşı öyrənməyə və ona səcdəli olmağa çağırıram...
Və bildiyimizə görə, tarix boyu türklərin baş vurmadığı, yəni onların başına “qarey!” deməyən din olmayıb və onlar heç bir dünyabaxış yaratmayıblar. İndi, İnam Atanın qeyrətiylə belə bir yaradıcılıq yaşama gəlib. Bəs nədən bu soyun mənsubları sevinmək, xəyallanmaq əvəzinə, ondan xoflanırlar?! Yəqin elə buna görə: özləri din yaratmadıqlarına görə və başlarına qaramayan din olmadığına görə...


***


Son özgürlük çağımızın gəncliyində “dünyaya çıxmaq” şüar-şablonu var. Dünyaya çıxır – qayıtmır; dünyaya çıxıb – qayıdır üzünü, özünü itirmiş. Xalq bənzər hallarda belə bir söz işlədir: “Hamı gedir Quş gətirir, Şahqulu Bayquş gətirir”.
“İblis də mələk...” olduğu sayaq bayquş da quşdur.
Keçmişdə də belələri olub. Ancaq o çağlardakı gəzəyənlərimiz qayıdıb gələndə quşlar arasında bayquş durumuna düşürdülər; indikilər bizi də bayquş eləmək istəyirlər. Ancaq boşuna! Gəzəyənlərimiz bilməlidilər ki, onlar əslində dünyaya çıxmır, dünyadan çıxırlar.
Özlüksüz, özümlüksüz dünyaya qadam!

***

Tural bəy, “Dahi” həcmində olan (bircə səhifəlik), “Mən dünyanın xilasına inanmıram” cümləsilə başlanan yazını isə yıxıla-dura, ağrıya-ağrıya doğruya doğru gediş, axtarış, istək saydım. Onun son cümləsini də buraya yazıb, özümün bu yazıma sonlamamı – onunla bağlamaq istəyirəm: “Nadanlığın, pornoqrafiyanın inkişafı üçün çox daha münbit bir şəraitdə yaşadığımızdan bəşəriyyət gələcəyə daha cox cəhalət, daha çox şəhvaniyyət və daha çox texnolojik yırtıcılıqla gedir”.
Bunu isə önləmək gərək, gedişin yönündə ruhani insana doğru sınma, meyil yaratmaqla. İnamın, İnam Atanın, Mütləqə İnamın, eləcə də Ocağın istəyi budur, hədəfi budur. Mən sevdiyimi, öydüyümü buna görə sevib öyürəm, söydüyümü, döydüyümü buna görə söyüb döyürəm. Gecə də, gündüz də, yuxuda da, oyaqkən də, yaxında da, uzaqda da, özümdə də, özgədə də... Ocaqda da, qıraqda da. Bunsuz (yəni ömürsüz) və Peyğəmbərsiz – İnamsız – Kitabsız – Ocaqsız – Bayraqsız o yırtıcı gedişə hec nə eləyə bilməzsən. Bunsuz bütün ekzistensial əsərlər (Kamyular, Sartırlar, “Taunlar”, “İş başındakı rəssamlar”...) – qanqsterlərin və fahişələrin boynundan sallanan xaça çəkilmiş İsa breloku olmaqdan o yana keçə bilməzlər. Düz deyiblər ki, “Pazı – Pazla!”, yəni tut yarpağından atlası – bəsləməklə almaq olar, qoradan halvanı səbrlə hasilə gətirmək olar...

***

İnam Ata Onu qəbul eləyənlərlə gəlir Onu qəbul eləməyənləri yenə-yenə. Ancaq kimsəni əzmədən, boğmadan, danmadan, qaralamadan və boşuna ağartmadan. Ən Uca Həqiqət kimi, Hun ər (Hünər) kimi, ümumbəşəri zərurət kimi.

***

Kaş məndən inciməyəydin, Qan Turalı! Və məni incitməyəydin...

***

Atamız var olsun!

Yağış ayı, 34-il. (noyabr, 2012, Bakı).
Atakənd. Mütləqə İnam Ocağının Ruhani Mərkəzinin İnam Evi.

# 3732 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #