Türk qızına görə dinini dəyişən alman

Türk qızına görə dinini dəyişən alman
16 iyun 2016
# 16:00

Kulis.Az tanınmış tərcüməçi Vilayət Hacıyevin tərcüməsində türk əsilli müasir alman yazıçısı Şinasi Dikmənin “Elçilər” hekayəsini təqdim edir.

Sizə elə bir adamdan söhbət açmaq istəyirəm ki, təkcə bütün türklərdən deyil, hətta öz iş yoldaşlarından da seçilir. Almanlar onun geri qalmış türk həmyerlilərinə yaxşı bələddirlər. Çünki bu türklər öz arvadlarını istismar edir, qızlarını gözümçıxdıya salır, oğlanlarını isə ərköyün böyüdür, onların bir sözünü iki eləmirlər. Ancaq Nuru Pəhlivan belə türklərdən deyil. Doğrudur, o da türkdür, o da ictimai təminat şöbəsində işləyir, ancaq bunula belə, hamıdan fərqlənir. Əlbəttə, bunları deməkdə məqsədim onun tərifini göylərə qaldırmaq deyil, sadəcə olaraq, Nurunun öz qızının qayğısına necə qaldığını, onu necə tərbiyəndirdiyini layiqincə qiymətləndirmək istəyirəm. Qadın hüququndan dəm vuranların çoxu türk kişilərini haqlı- haqsız töhmətləndirilər ki, onlar öz qızlarını adam yerinə qoymur. Ancaq adam gərək pis əməlləri töhmətləndirməklə yanaşı, yaxşı işlərin qiymətini verməyi də bacarsın. Nuru Pəhlivanın da belə işləri çoxdu. Özü də hər sahədə..

Nuru Pəhlivan Almaniyaya fəhlə kimi gəlmişdi. Ancaq çox diribaş, qoçaq olduğu üçün alman dilini lap tez öyrəndi. Bir az keçəndən sonra fəhlə kimi işə başladığı firmanın dilmancı oldu. Daha sonra isə sənətini dəyişdi ki, yerlilərinə lap yaxşı kömək edə bilsin. Ancaq Nurunu tanıyan, onunla bir yerdə işləyən gəlmə fəhlələrin hamısı deyirdi ki, guya o, özünü gözə soxmaq üçün sənətini dəyişib. Eh, qoy kim nə deyir, desin! Camaatın ağzı çuval deyil ki, xoşun gəlməyəndə bağlayasan! Onsuz da Nuru Pəhlivanda bu deyilənlərin heç biri yoxdur. İşgüzar adamdır, vəzifə sahibidir... Ancaq dilmanclığa çox pul istədiyi üçün bəzilərinin xoşuna gəlmir. Belə bir şayiə yayılmışdı ki, guya ictimai təminat şöbəsinin əməkdaşı kimi müftə dilmanclıq eləmək əvəzinə hamıdan pul istəyir. Düzdür, nəyisə tərcümə etmək üçün doğrudan da, çox pul istəyirdi, ancaq bu onun halalca haqqı idi, çünki işlədiyi yerdə alman dilini ondan yaxşı bilən yoxdu.

Nuru Pəhlivanın savadına da söz ola bilməzdi. Doğrudur, hərdən adları qarışıq salır, ancaq bunların hamısı xırda şeylərdir. Məsələn, doqquzuncu sinifdə oxuyan qızı Arzu bir dəfə ondan soruşub ki, “Vilhelm Tell” pyesini kim yazıb. O da qətiyyətlə cavab verib ki, “ Şiller adlı bir isveçrəli – imperator Qötenin qaynı”. Yeri gəlmişkən, bu cür qətiyyətlə danışmağı ona Almaniyada çox böyük nüfuz qazandırıb. Mənə elə gəlir ki, çox yaxşı cavabdır, yalnız “isveçrəli” məsələsində azacıq səhv eləyir. Ancaq, çox güman ki, Nuru Pəhlivan Tell əminin İsveçrədə olduğunu demək istəyirmiş. Əlbəttə, Şillerlə Qötenin yeznə-qaynlığı da tarixi həqiqətə uyğun deyil, amma sənaye sahəsində çalışan adamların yanında onun elə böyük əhəmiyyəti yoxdur. Onlarda belə səhvlər tez-tez olur.

Nuru Pəhlivan da orta təqəbədən olan bütün türklər kimi səbirli adam idi. Belələri yaşadığı mühitə tez uyğunlaşdığı üçün müəyyən mənsəbə çata bilir.

Nuru Pəhlivan türk qızlarının alman oğlanları ilə gəzməsinin əleyhinə deyildi. Axı, yazıq qızlar kiminlə gəzəydilər?! Türk oğlanları qızlarla gəzməyin təhərini bilmirdilər. Əllərinə qadın düşən kimi onunla yatmaq istəyirdilər.

Nuru Pəhlivan istəyirdi ki, qızlarını çox istəyən bütün atalar onun yanına məsləhətə gəlsinlər və o da hamısını inandırsın ki, alman oğlanları ilə gəzmək göründüyü qədər də dəhşətli deyil.

Nuru Pəhlivanın səbrinin həddi-hüdudu yoxdu, yoxsa öz səfeh arvadı ilə bu qədər ömür sürə bilməzdi. Axı, bu arvadda ağıl deyilən şey yoxdu, savadsızdır! Özünün heç nədən başı çıxmır, ancaq hamının haqqında danışır, hər yerdən xəbər verir. Çox dardüşüncəli, tərs arvaddır. Nuru Pəhlivan onu dünyanın işlərindən hali etməyə çalışmış, bəzi məsələlər haqqında uzun-uzadı danışmışdı. Məcbur eləmişdi ki, hər şeyi olduğu kimi görsün. Hətta bir-iki dəfə döymüşdü ki, deyilənləri yaxşı qavrasın. Ancaq arvad tərsliyindən dönməmişdi ki, dönməmişdi. Lap elə bu günün özündə də, yəni hər şey keçib gedəndən sonra da heç nə başa düşmək istəmir, yenə də ərinin qarasınca deyinir: guya kişi istəsə, bu işi belə olmağa qoymazdı...

Nuru Pəhlivan əmin olanda ki, arvadı belə dar düşüncə ilə qızı tərbiyə edə bilməyəcək, onu da öz üzərinə götürdü. Çalışdı ki, Arzu oxusun, savad sahibi olsun, özünü necə aparmağı, biş-düş eləməyi öyrənsin. Vaxt tapsaydı, ona yamaq salmağı, toxumağı da öyrədərdi. Ancaq arvad qızla yola getmir, tez-tez Arzunun üstünə qışqırır, hər xırda şeyin üstündə danlayırdı. Arvadın Arzunun döyüb-döyməməsindən Nurunun xəbəri yox idi. Əgər bilsəydi ki, döyüb, mütləq boşayardı, çünki zorla verilən tərbiyənin əleyhinə idi. Arvad hələ də bilmirdi ki, Nuru əvvəllər onu döyəndə nə qədər vicdan əzabı çəkib. Arvadının bir xasiyyətindən heç xoşu gəlmirdi: qonşuluqda yaşayan türk qadınlarının sözü ilə evə həmişə dava salırdı. Məsələn, bir də görürdün, əri işdən çox yorğun, əsəbi qayıdanda, onun üstünə düşürdü: “Nuru, bilirsən Dənizlidən olan Ayişə bu gün Arzu haqqında nə deyirdı?” Və ya: “Samsunlu Nihal abla deyirdi ki, sənin qızın avtobusda özünü lap küçə qızı kimi aparıb. Elə ucadan gülüb ki, hətta sürücü də geri dönüb baxıb...” Və sair və ilaxır... Nuru Pəhlivan bu türk qadınlarının riyakar lütfkarlığından lap cana doymuşdu. Almanların adət-ənənəsinə yaxşı bələd olduğunu arvadına həmişəki kimi səbrlə başa salmağa çalışırdı ki, onlar uşaqlarını necə tərbiyə edəcəklərini özləri müəyyənləşdirir, heç kəsə daxili işlərinə qarışmağa icazə vermirlər.

- Biz yeganə qızımızı özümüz tərbiyə etməliyik, - deyirdi, - bir sən, bir də mən. Ən çox da özüm. Başqa arvadların bu işə qarışmağa haqqı yoxdur.

Arvadı sarıdan başı çox bəlalar çəkdiyi üçün qızın tərbiyəsi ilə özü tək məşğul olmağa başladı. Onun hər arzusunu yerinə yetirdi. İnsafla desək, Nuru Pəhlivan qızını on iki yaşına qədər avropasayağı tərbiyə eləyib, öz arvadını qul kimi işlədən türk kişilərindən deyildi. Hətta çox çalışmışdı ki, arvadı ilə bərabərhüquqlu ömür yoldaşı kimi rəftar etsin. Ancaq bütün zəhməti hədər getmişdi, çünki arvad buna layiq olmamışdı.

Kimsə Arzuya zəng eləyəndə və qız da almanca danışanda, arvadının ağlayıb-sıtqaması Nurunu yaman əsəbiləşdirirdi. Onun bəhanəsi bu olurdu ki, guya kiminlə danışdığını, nə barədə söhbət elədiyini başa düşmür. Onda Nuru lap cin atına minirdi. Çünki arvad iki ayağını bir başmağa dirəyib, almanca öyrənmək istəmirdi. Əlbəttə, Nuru çox çalışmışdı ki, onu öyrətsin. Ancaq bir az keçəndən sonra görmüşdü ki, o, belə dar düşüncə ilə almanca heç vaxt öyrənə bilməyəcək. Və elə onda da üzünə demişdi ki, səfehdir, öyrənə bilməz. Sözü düz çıxdı, doğrudan da alınmadı. Belə ola-ola indi qızının telefonda nə danışdığını bilmək istəyirdi! Axı onlar Türkiyədə deyildilər! Deyəsən unutmuşdu ki, ailəliklə Almaniyaya köçüblər və burada da hamı almanca danışmalıdır! Eh, belə adi həqiqətləri də başa düşmürdü! Bunlar bir yana, atası hər şeyi bilə-bilə, nə üçün üstəlik anası da bilməliydi?! Nuruya elə gəlirdi ki, nə üçünsə arvadı öz qızını qısqanır. Heç inanılası deyildi! Yox, belə arvaddan hər şey gözləmək olardı!

Bir dəfə Arzu - o yeganə qızı, istəklisi, ciyərparası deyəndə ki, Volf-Diter adlı almana ərə getmək istəyir, Nuru Pəhlivan yenə də təmkinini pozmadı. Sonra qızının dərdinə şərik olurmuş kimi dedi:

- Anana bu barədə heç nə demə. Yoxsa yenə başlayacaq ağlayıb-sıtqamağa, ulamağa... Özüm yola gətirərəm. Şəxsən mən almana ərə getməyinə etiraz etmirəm. Özün ki yaxşı bilirsən!

Doğrudan da həmin xəbəri arvadına çox ehtiyatla çatdırdı:

- Sən bütün günü evdə oturursan, ancaq heç fikirləşmirsən ki, qızın ərə getmək vaxtı çatıb, - deyə səbirlə sözə başladı.

- Niyə? - arvadı etiraz etdi - Elə dünən İstanbullu Züleyxa ilə bu barədə danışırdım. O da deyirdi ki, Arzu yetişib. Hətta qız üçün izmirli bir tələbəni də gözaltı eləyib. Burada həkimlik oxuyur, Arzu ilə də tanış olub...

Cavab Nurunu əməlli-başlı əsəbiləşdirdi. Yenə də onun qızının taleyini başqaları həll edirdi! Yox, o buna heç vaxt yol verməyəcəkdi!

- Sənin qızın almana getmək istəyir. Onu da bil ki, mən razıyam!

Arvad o dəqiqə özündən getdi. Ayılanda, dişi canavar kimi ulamağa başladı və təzədən huşunu itirdi. Bu, bir neçə dəfə təkrar olundu. Arvadının artistlik qabiliyyətinə yaxşı bələd olan Nuru özünü əsl türk kişisi kimi soyuqqanlı apardı. Həmin almanın adını çəkəndə, arvad yenə də özündən getdi. Ayılanda, Nuru bir də təkrar etdi ki, bu işə razıdır, hətta çox sevinir. Arvad yenə bayıldı. Onu ən çox türk rəfiqələrinin tinhazı qorxudurdu! Görəsən Arzunun - Nurunun yeganə qızının almana ərə getdiyini eşidəndə nə deyəcəklər? Axı bu, əsl rüsvayçılıqdır! Daha heç biri onlara ayaq basmayacaq! Tək-tənha qalacaq! Nə dostu olacaq, nə də rəfiqəsi...

Arvad ayıldıqca bu sözləri təkrar edirdi...

Bir çox qadınlar kimi o da ərinin deyil, rəfiqələrinin sözü ilə oturub-dururdu. İşə bax ki, çox ağıllı türk ərinə hörmət etmirdi. Axı Nuru anadan türk doğulduğu üçün özünü türk hesab eləyənlərə bənzəmirdi! Gör kimə hörmət etmirdi?! Samsunda xırda bir tacir ailəsində dünyaya gələn, əvvəlcə öz vətənində, sonra da qürbətdə fəhləlik eləyən Nuru Pəhlivana! Hər şeydən başı çıxan Nuru Pəhlivana! Əlbəttə belə bir adam öz qızının almana getməsinin əksinə ola bilməzdi! Ancaq hər şey türk adətincə olmalı idi. Gərək Arzu Volf –Diterin valideynlərinə xəbər göndərəydi ki, atası razıdır, elçiləri gəlsin. Ozgə heç nə lazım deyil, yalnız elçi göndərsinlər. Arzu təəccübləndi ki, onun ərə getməsinin elçilərə nə dəxli var?! Bu nədir, bəs Nuru Pəhlivan bəzi türk adətlərini qızına öyrətməmişdi?! Görünür, Arzu bunu unutmuşdu. Nuru dedi ki, elçilər vasitəçidir. Özü də türk ailəsi ilə alman ailəsi arasında... Vasitəçi olmasa, xalqlar arasında qarşılıqlı anlaşma yaranmaz, elçi də olmasa, toy olmaz. Elçilər oğlanı yaxşı tanıyırlar və gəlib qıza da baxırlar ki, ona yaraşır, ya yox. Arzu etiraz elədi:

- Axı biz bir-birimiz çoxdan tanıyırıq! Bilirik ki, bir-birimizə yaraşırıq!

Nuru Pəhlivan sözündən dönmədi ki, cavanlar otuz ildən sonra da yola gedib-getməyəcəklərini bilməzlər. Belə şeylərdən yalnız təcrübəli adamların başı çıxar. Ona görə də Arzu mütləq, xəbər göndərməlidir. Axı Volf-Diterin ata-anası yaşlı adamlardır, elçinin nə demək olduğunu bilərlər.

Əlbəttə, cənab Qrünberger də, onun xanımı da elçinin nə olduğunu bilmirdilər və Allah, onun bəndələri haqqındakı biliklərini yalnız lüğətlərdən, televiziyadan alan bütün başqa almanlar kimi əvvəlcə ensiklopediyanı xatırladılar. Qrünbergerlər savadlı alman ailələrindən idi, evlərində Mayerin 25 cildlik ensiklopediyası vardı. Həmin dəqiqə “e” hərfini açıb baxdılar, ancaq “elçi” sözünü tapmadılar. Səhəri günü kişi alman qızı almış bir türk həmkarından soruşdu. O da bilmədi. Cənab Qrünberger axırda türk konsulluğuna zəng vurdu. Məmur çox rəsmi cavab verdi.

- Türkiyə müasir ölkədir, orada hər kəs istədiyi adamla evlənə bilər. Belə primitiv adətlər orda daha yoxdur...

Cənab Qrünberger istədi ki, Nuru Pəhlivanla hər şeyi telefonda dəqiqləşdirsin. Ancaq Nuru tanımadığı, bilmədiyi adamla danışmaq istəmədi, sadəcə olaraq, dəstəyi yerinə qoydu. Ürəyi ağrıdı ki, alman ona türk adətlərindən dərs vermək istəyir. “Türkləri o yaxşı tanıyır, yoxsa mən?!” – deyə özündən bir də soruşdu. Qızına tapşırdı ki, o Volf-Diterdir, nədir... hə, onunla ciddi danışsın. Nuru Pəhlivan belə şeyə bir dəfə dözər, iki dəfə dözər, üçüncüdəsə özündən çıxar, sonrası pis olar, Volf-Diterin evlənmək haqqındakı bütün planları boşa çıxar...

- Hər yerindən duran alman bizə türk adətindən dərs versə axırımız hara çıxar?! - deyə sözünə yekun vurdu.

Əlacı kəsilən cənab Qrünberger iş yerindəki gəlmə türk fəhləsindən məsləhət istədi. O da “elçi”nin nə olduğunu bilmədi, cibində gəzdirdiyi balaca lüğətə baxdı, ancaq bu barədə heç nə tapmadı. Axırda o da gedib öz tanışından soruşdu və səhəri gün gəlib çox ciddi tərzdə dedi:

- Elçi getmək mütləq lazımdır, yoxsa mümkün deyil...

Cənab Qrünbergerlə xanımı çərşənbə günü, televiziyada futbol üzrə kubok yarışı göstəriləndə gəldilər. Kişi əlində bir şüşə “Trollinger” şərabı tutmuşdu. Arvad isə bir dəstə gül gətirmişdi. Əslində, Nurunun həmin şərabdan xoşu gəlmirdi, yalnız Mozel çaxırı içirdi.

Qonaqlar özlərini təqdim eləyib oturan təki, Frau Qrünberger toy barədə danışmağa başladı. Qadının ailə başçısı kimi danışması Nuru Pəhlivanın xoşuna gəlmədi. Əlbəttə, o qadınların qonaqlıqda söhbət eləməsinə , başqa kişilərlə danışmasına pis baxmırdı, ancaq belə ciddi işlər barədə yalnız kişilər danışmalı idi. Bundan əlavə, uşaqların toy məsələsinə keçməmişdən əvvəl ordan-burdan söhbət açmaq lazım idi. Məsələn, hər iki tərəf necə evləndiklərindən, köhnə adətlərin çətinliyindən, sabah havanın necə olacağından danışmalı idilər. Nuru tez-tez saatına baxırdı. Futboldan yaman xoşu gəlirdi və alman qonaqlarına görə onu itirmək istəmirdi. Cənab Qrünbergerin laqeyidliyinə də lap mat qalmışdı: Almaniyanın komandası çox nüfuzslu bir kubok uğrunda oynayır, almanın özü isə belə xırda məsələlərlə məşğul olurdu! Axı, uşaqlar sabah da evlənə bilərdilər, futbolu isə yalnız bu gün göstərirdilər! Ona görə də cavabı çox qəti oldu:

- Fikirləşmək lazımdır, belə tez cavab verə bilmərəm. Salamat qalın!

Sonra da qızına başa saldı ki, almanlar savadlı türk ailəsi ilə necə davranmağın qaydasını yavaş-yavaş öyrənməlidilər. Yalnız bundan sonra “hə” cavabı verəcək. Daha sonra da şərab şüşəsinə işarə edib dedi:

- Belə şeyi təkcə almanlar gətirə bilər!

İkinci görüşdə söhbət xeyli çəkdi. Bu dəfə televiziyada nə futbol, nə də əyləncəli proqram vardı və Nuru Pəhlivan da heç yerə tələsmirdi. O, adəti üzrə qızı ilə rahatca oturmuşdu, arvadı isə qonaqlara qulluq edirdi. Nuru bu gün arvadı ilə lap fəxr eləyirdi. Belə arvad yalnız türklərdə ola bilərdi! Əvvəlcə yemək gətirdi, sonra qəhvə süzdü. Axırda bir dəfə də qəhvə dəmlədi, qabları yudu, meyvə gətirdi, yenə qəhvə süzdü. Axı qonaq gələndə, arvadın başını qaşımağa macalı olmaz! Özü də türk arvadı olasan. Qrünbergerlər deyəndə ki, o da bir az otursun, Nuru etiraz elədi:

- Belə işdən yorulmaz. Birincisi, almanca başa düşmür, ikincisi də, qonağa qulluq etmək borcudur...

Söhbət zamanı Nuru Pəhlivan bir neçə dəfə xüsusi vurğu ilə təkrar etdi ki, türk adətlərini olduğu kimi yozmaq lazımdır. Türklər bəzən mənasını başa düşməsələr də, alman adətlərinə hörmət edirlər və almanlar da belə etməlidirlər. Şəxsən o, cavanların evlənməsinə etiraz etmir. Axı, Arzu niyə almana ərə gedə bilməz?! Axı biz irqi ayrı-seçkiliyin aradan götürüldüyü XX əsrdə yaşayırıq! O, qızlarına hər şeyi yasaq eləyən türklərdən deyil! Frau Qrünberger təzədən soruşanda ki, arvadı niyə bir az dincəlmir, Nuru Pəhlivan təmkinlə dilləndi:

- Axı kimsə qulluq eləməlidir...

Cavab gün kimi aydın idi, amma alman xanımı başa düşmədi ki, niyə türk arvadlarına verilən suallara həmişə kişilər cavab verir. Sonra Frau Qrünberger maraqlandı ki, arvad onların gəlişinin səbəbini bilir, ya yox? Nuru da öz növbəsində anlamadı ki, bu, onun nəyinə lazımdır.

- Əlbəttə bilir, - dedi. –Mən arvaddan söz gizlədən kişilərdən deyiləm. Bütün işlərdə arvadla məsləhətləşirəm. Hər şeyi ona özüm vaxtında deyirəm.

- Bəs arvadınız sizinlə razılaşmayanda necə olur? - Frau Qrunberqer əl çəkmədi.

- Onda özündən küssün. Mənim dediklərim həmişə düz çıxır. Fəhlə adamam, hər şeyi özüm həll etməyə öyrəşmişəm. Bilirsinizmi, əziz frau Qrünberqer, əgər qadın on səkkiz, iyirmi il atası, qardaşı, yaşadığı cəmiyyət tərəfindən istismar olunubsa, mən onun dedikləri ilə oturub-dura bilmərəm. Onu obyektiv aləm tərbiyə eləməyib. Təəssüf ki, bu belədir və siz də hər şeyi nəzərə almalısınız. Ancaq elə bilməyin ki, bütün işləri təkbaşına yoluna qoymaq çox asandır. Lakin mən təmkinimi heç vaxt itirmirəm. Axı, o mənim yeganə qızımın anasıdır.

Sonra qonaqlardan xahiş elədi ki, fikirləşmək üçün ona bir az da vaxt versinlər. Əlbəttə, qızı istədiyi vaxt, istədiyi adama ərə gedə bilər, ancaq ailədə də məsləhətləşmək lazımdır. Almanlar çıxıb gedəndən sonra yenə də qızı ilə təklikdə söhbət elədi: “Qızım, cənab Qrünberqer səninlə lap yaxın adam kimi danışdı, halbuki hələ gəlini deyilsən. Qayınata ilə gəlin arasında pərdə olmalıdır. Əgər cənab Qrünberqer bu gün ona “sən” deyə müraciət edirsə, bəs sabah necə olar?! O, Arzuya hörmət etməyi öyrənməlidir! Arzu da öz növbəsində, qayınatası ilə çox yaxınlıq etməməlidir. Əlbəttə, Qrünberqerlərin özlərinin elçi gəlməsi də heç düzgün deyil, ancaq eybi yox, Nuru Pəhlivan almanlara yaxşı bələddir: onların heç kəsi olmur. Əgər türk olsaydılar, qonşularını göndərirdilər. Almaniyada isə belə şey mümkün deyil. İndi Nuru onlardan tələb edə bilməz ki, Arzuya görə “ yoxu” “var” etsinlər. Özü də tərcümə eləyəndə, müştərinin imkanını nəzərə alır. Yox, yox, rəqibin vəziyyətini mütləq nəzər almaq lazımdır...”

Arzu yenə etiraz elədi ki, o, bıçağı öküzün yanına aparmaqdansa , öküzü bıçağın yanına gətirir, Nuru qızının sözünü kəsdi:

- Bura bax, əgər mən bu işin əleyhinə olsaydım, kəsəsinə deyərdim: əziz qızım, bax buna görə... bu səbəbdən olmaz!

Üçüncü gəlişdə frau Qrünberqer özünü Nurunun evində lap sərbəst aparmağa başladı. Nuru da elə həmin dəqiqə onun toydan sonra özünü necə aparacağı barədə düşündü. Doğrudan da bir az ağ eləyirdi. Mətbəxə keçib özünə qəhvə dəmləyir, Pəhlivan xanımla söhbətə girişirdi. Bəli, bəli, onu ərinə qarşı qızışdırır, bir sözlə, ailənin səadətini pozurdu. Əlbəttə, bütün türk qadınlarında belə xasiyyət vardı, ancaq frau Qrünberqer türk deyil, alman idi və alman qadını kimi də qalmalı idi! İşə bax ki, gələcək gəlini ona çay süzə bilməzdi, çünki özü süzürdü. Bunlar bir yana, hətta özü gedib dəmləyirdi! Bunların hamısı türk adətlərinə hörmətsizlik idi və Pəhlivanın xanımı da belə şeylərə yol verirdi! Əlbəttə, arvadın belə şeylərdən başı çıxmırdı və Nuru izah eləyəndə də, qayıdıb ərinə çəmkirdi:

- Frau Qrünberqerdən xoşum gəlir. Sənin bilmədiyin şeylərin hamısını mənə öyrədir.

Əlbəttə, qadın qadından çox şey öyrənə bilərdi, nəinki kişidən. Ancaq Nurunun arvadının belə şeydən başı çıxmazdı və bu da kişini çox əsəbiləşdirirdi.

Frau Qrünberqer Pəhlivanın xanımı ilə söhbət etmək üçün türkcə öyrəndi. Evdə türk yeməkləri bişirməyə başladı. Doğrudur, əsl türk yeməklərinin dadını vermirdi, ancaq eybi yoxdu, başlanğıcdı... Bu, Nurunun xoşuna gəlmədi, çünki onun fikrincə, hərənin öz adəti olmalıydı.

Cənab Qrünberqer Nurunun kişilik qüruruna, öz arvadına göstərdiyi diqqətə, onu bütün qayğılardan azad etdiyinə, hər işi təkbaşına yoluna qoyduğuna lap heyran qalmışdı. Nuru Pəhlivan fəxrlə deyirdi ki, bunların hamısı ailə həyatını sadələşdirir, onun səadətini artırır. Onlar tez-tez türk kişilərinin alman kişilərindən ağıllı olması barədə mübahisə edirdilər. Nuru Pəhlivan misallarla sübut etməyə çalışırdı ki, əsas məsələ qadının zahiri deyil, daxili azadlığındadır. Bəli, bəli, alman qadınları daxilən azad deyillər, çünki ailə işlərində onların da payı var. Bu isə özlərinə sərf edəcəkləri vaxtı onların əlindən alır. Qadınları çətin işlərdən azad etmək lazımdır ki, yalnız ərləri üçün yaşaya bilsinlər. Əlbəttə, cənab Qrünberqer fəhlə Nrunun dediklərinin hamısı ilə razılaşmırdı, ancaq hiss edirdi ki, bu ideyalar haqqında fikirləşməyə dəyər.

Pəhlivanın xanımı getdikcə ağlını itirir, həyasızlaşırdı. Hətta bazarlığa da tək getmək istəyirdi. Əgər əlindən gələn iş olsaydı, Nuru etiraz eləməzdi. Bir dəfə pul kisəsini evdə qoymuş, bir dəfə də kişi köynəyi əvəzinə qadın köynəyi alıb gətirmişdi. Elə bilirdi ki, bazarlıq eləmək asandır! Bir az keçəndən sonra qızı ilə qadınlara aid olan işlər barədə danışmağa başladı. Hər şeyi də qatıb-qarışdırdı, tərsinə dedi. Allaha şükür ki, Arzu anasının dediklərini ciddi qəbul etmədi. Məsələn, deyirdi ki, qız uşağı öz işləri barədə kişilərlə deyil, qadınlarla məsləhətləşməlidir. Ancaq bu qız anası ilə danışmağa öyrəşməmişdi...

Yox, heç kəs gərək Nurunu məzəmmət etməsin ki, nəsə bir hiyləgər plan qurub, qızı öz tərəfinə çəkib. Doğrudan da elə deyildi. Qısqanclıq nə olduğunu bilməzdi. Yalnız bircə dəfə qızı üç il bundan əvvəl televiziyada Alen Delonu görüb “Oy, papa, nə gözəl oğlandır!” – deyəndə, Nuru Pəhlivanın xətrinə dəymişdi. Çünki Nuruya elə gəlirdi ki, onun özü də gözəldir və qızı bunu hiss eləməyib. Bütün başqa ağıllı atalar kimi fəhləlik eləməyə başladığı gündən daha da ağıllanmışdı – o da istəyirdi ki, qızı ərə getsin, nəvələri olsun. Ancaq almanlar ki belə tərs-məzhəb iş görürdülər, deyəsən bu arzusu da həyata keçməyəcəkdi. Axırıncı dəfə Volf-Diter nə üçün ata-anası ilə birlikdə Nurugilə gəlmişdi? Bu axmaq bilmirdi ki, Arzu hələ onun arvadı deyil?! Niyə bir ağıllı adam tapılmadı ona desin ki, gələcək kürəkən öz gələcək qayınatasından bir az çəkinməlidir?! Bu ağzıqatıqlı uşaq isə ayağını ayağının üstünə aşırıb Nurunun qabağında oturur, siqareti paravoz kimi tüstülədir, utanmaz-utanmaz Arzunun gözlərinin içinə baxır... Nuru buna dözürsə, deməli, istəkli qızının xatirinə dözür. Ağıllı hesab elədiyi qızı da deyirdi ki, Volf-Diterin hərəkətlərində elə bir hörmətsizlik əlaməti yoxdur! Eh, əziz-xələf qızı da günü-gündən sırtıqlaşır, abır-həyanı itirirdi. Ancaq bilmirdi ki, hər hansı bir abırlı türk ailəsində belə şeylərə yol vermək olmaz...

Nuru bilirdi ki, Arzu gizlincə Volf-Diterlə görüşür. Çox güman ki, arvadının da xəbəri vardı. Ancaq indi o yalnız özü barəsində düşünürdü. Frau Qrünberqerdən bəzi pis xasiyyətlər öyrənmişdi. Nuru son beş ildə məcbur olub ilk dəfə arvadını döydü, çünki frau Qrünberqerlə restorana getmək istəyirdi. Özü də axşam yeməyinə! Bəs necə! Tək-tənha restorana axşam yeməyinə gedənə bax! Arvad dediyindən dönmədi, haray-həşir qopardı ki, bu onun hüququdur. Düzdür, Nuru zor işlətməyin əleyhinə idi, ancaq adət-ənənəni unudursa.... Yox, ona restorana tək getməyə icazə verməzdi!

Bütün bunlara baxmayaraq, iş elə bir əndazəyə gəlib çatdı ki, Arzunun əmilərindən, xalalarından soruşası oldular. Bəlkə onlar heç razı deyildilər?! Əgər qız atası belə deyirsə, deməli işin xeyrinə bir addım da atılmış olurdu! Ağıldan kəm olan frau Qrünberqer söz atdı ki, Arzunun ərə getməsinin əmilərə, xalalara nə dəxli! Əlbəttə, almanlarda belə şey ola bilərdi, ancaq Nuru türk idi və nə etdiyini də yaxşı bilirdi. Buna görə də səsini qaldırdı:

- Siz oğlunuzla necə istəsəniz rəftar edə bilərsiniz, mənsə qızımın məsələsində vicdanımın dediyi kimi hərəkət edəcəm. Bələk, körpə də bilir ki, almanlarda hərə özü üçün yaşayır. Mənsə qohumcanlıyam. Əmiləri, xalaları Arzunu məndən az istəmirlər....

- Arzunun ən yaxın qohumları, demək olar ki, dünyanın hər yerinə səpələnmişdilər. Arılar öz pətəyindən necə perikirsə, onlar da Türkiyədən perik düşmüşdülər. Xalasının ikisi, əmisinin biri Hollandiyada, bir əmisi Fransada, bir xalası Belçikada, Arzunu hamıdan çox istəyən əmisi Avstraliyada, bir xalası da Avstriyada yaşayırdı. Nuru Avstraliyada yaşayan qardaşından Arzuya çox danışmışdı. O, Nurunu ilahi bir məhəbbətlə sevirdi və sonsuz olduğu üçün var-yoxunu Arzuya vəsiyyət eləmişdi. Bütün qohumlara məktub yazıldı. İstəsələr toya da gələ bilərdilər. Bəyin şəklini məktuba qoyub dünyanın hər yerinə göndərdilər. O, hamının xoşuna gəldi. Avstraliyada yaşayan əmisindən başqa hamısı cavab yazıb, ürəkdən “hə” dedilər. Cavabların toplanması bir ildən çox çəkdi. Həmin bir il ərzində Volf-Diterə sünnət elədilər. Və Qrünberqerlə arvadı da ilk dəfə islam dinini qəbul edib-etməmək barədə düşündülər! Əlbəttə, onları Nuru məcbur etmirdi, çünki çox demokratik fikirli adam idi. Hər cür dini, irqi ayrıseçkilikdən zəhləsi gedirdi. Ancaq yaxşı oldu ki, Volf-Diterə sünnət elədilər. Yoxsa, sünnətsiz kürəkən... Yox, yox, bu doğrudan da lap ağ olardı...

Cənab Qrünberqerin tanışlarından birinin köməyilə Nuru Pəhlivan iş yerini dəyişdi, həmişə adamların gur yerindən qaçan Nuru müəssisələrdən birinə rəis müavini keçdi və bununla da sübut etdi ki, türk də vəzifə sahibi ola bilər. İstəsə, daha böyük vəzifəyə keçərdi, ancaq boynuna çox da məsuliyyətli iş götürmək istəmədi. Lakin bu o demək deyildi ki, qorxurdu. Yox, allah eşqinə, Nuru heç nədən qorxan deyildi. Sadəcə, istəyirdi ki, qızı ilə məşğul olmaq üçün vaxtı çox olsun. Bir də ki, tərcümə ilə istədiyi qədər qazana bilməzdi...

Volf-Diterin valideynləri Nurunun köməyi olmadan dəyişirdilər. Əlbəttə, hələ demək olmazdı ki, tam türkləşiblər, ancaq heç alman da deyildilər. Alman qonşuları onlardan qaçır, türklər də çox yaxına buraxmırdılar, çünki tam türkləşməmişdilər və Volf-Diter də hələ Arzu ilə evlənməmişdi. Əvvəllər arvadına səbrlə qulaq asan cənab Qrünberqer indi onun çərənçiliyinə dözə bilmirdi. Doğrudan da o hər işə qarışır, hətta türk qadınlarına da alman dili öyrətmək istəyirdi. Xoşbəxtlilikdən , cənab Qrünberqer bunun qarşısını vaxtında aldı. Axı ona nə dəxli vardı ki, türk qadınları almanca öyrənir, ya yox?! Yaxşısı bu idi ki, evindəcə oturub ərinin qeydinə qalaydı... Başqa qadınlarla nə işi? Frau Qrünberqer də, öz növbəsində, əri içəridə ayaqqabılı gəzəndə, hirslənirdi. Axı adam təmizkar olmalıydı! Ancaq cənab Qrünberqer nə barədəsə onun fikrini soruşanda, cavab verirdi ki, evin kişisi özüdür, necə istəyir, elə də eləsin. Hətta bir gün əri ona deyəndə ki, “kosmetikaya yaman çox pul xərcləyirsən, səni onsuz da sevirəm, bu işə son qoy, yoxsa...”, arvad heç incimədi...

Avstraliyaya nə qədər məktub yazsalar da, cavab gəlmədi. Qardaşının razılığı olmadan Nuru da “hə” deyə bilməzdi. Heç olmasa öldüyünü bilsəydi, iş bir az asanlaşırdı. Bu tərəddüdlər hər iki ailəni kədərləndirdi. Axı, Nuru böyük vəzifəyə keçən kimi qohum-əqrəbasını unudan adamlardan deyildi. Yox, o, geniş dünyagörüşünə malik olan bir türk kimi heç vaxt öz qınından çıxmazdı....

Buna görə də Avstraliyadakı türk səfirliyindən kömək istədi. Nəhayət, il yarımdan sonra cavab gəldi ki, qardaşı itkin düşüb və bundan artıq heç nə deyə bilməzlər. İşlər daha da qəlizləşdi. Qardaşı ölməmişdi, sadəcə olaraq itkin düşmüşdü. Birdən Nuru “hə” deyəndən sonra üzə çıxıb etiraz etsə necə olacaq?! “Yox” da demək olmazdı, çünki əksinə də ola bilərdi.

Bu aralıqda Qrünberqerlər ailəsi Türkiyəyə səfər etdi. Türkiyədəki türklərlə tanış oldular, türk zəkasının nə demək olduğunu bildilər. Türk dilini elə yaxşı öyrəndilər ki, hətta qurşaqdan aşağı olan yerlər haqqındakı lətifələri də başa düşməyə başladılar. Cənab Qrünberqerin ən çox xoşuna gələn bu oldu ki, türk qadınları öz ərlərinə qarşı çox təvazökar idilər. İlahi məhəbbətlə sevilmək nə böyük səadət idi! Əlbəttə, belə olan halda qadına qarşı əliaçıq olmaq o qədər də çətin deyildi. Almaniyada qadınlar özlərinə nəsə alır, Türkiyədə isə hamısını kişilər bağışlayırdı. Bunun özü kişiyə ilham verir, onun imkanlarını qat-qat artırırdı. Məhz elə bunun məntiqi nəticəsi idi ki, Türk kişiləri alman kişilərindən... Türk qadınları öz ləyaqətləri ilə türk kişilərinin gözündə yüksəlirdi. Kişi arvadının yolunda hər şeyə hazır idi! Hətta adam da öldürərdi! Doğrudan da belə qadınların yolunda adam öldürməyə dəyərdi! Bir cümə günü məscidə gedəndən sonra məlum oldu ki, cənab Qrünberqer də ordakı başqa türk kişiləri kimi Allahdan çəkinir. O, türk kişilərinin öz arvadları ilə xoşbəxt ailə həyatı qurduqlarının səbəbini məhz məsciddə başa düşdü. Allah ondan çəkinən hər bir müsəlmandan razı idi. Türk kişisi türk qadını üçün əlçatmaz, müqəddəs, bəli, hər şeyə qadir olan bir varlıq idi. Kişi qadının taleyini müəyyənləşdirir, ona düzgün yol göstərir, onu yedirdir, gələcək nəslin artımı üçün bütün məsulliyyəti öz üzərinə götürürdü. Türk qadınına bundan böyük səadət lazım deyildi. Beləliklə, cənab Qrünberqer müsəlman oldu və az keçəndən sonra arvadına dedi:

- Məni bağışla... Sən də müsəlman olmasan, axıracan bir yerdə yaşaya bilməyəcəyik...

Axırda qadın da dönüb müsəlman oldu.

Doğrudan da burda Nurunun günahı olmadı. O, insandakı təbiiliyi sevirdi. Yalnız yunanlardan, kürdlərdən və bir də ermənilərdən xoşu gəlmirdi. Qalan millətlərdən olan adamlara hörmətlə yanaşırdı. Bütün türklərə də eyni münasibət bəsləyir, haralı olduğunu soruşmur, tərcümə eləyərkən hamısına eyni qiymət deyirdi. Nuru Pəhlivanın tutduğu vəzifə hamıya eyni gözlə baxmağı tələb edirdi.

Almanların müsəlmanlaşması çox böyük təntənə ilə qeyd olundu, hətta el xanəndələri, saz da gətirdilər. İçki verilmədi. Nuru görüb-götürmüş adam idi və azacıq da olsa rakı içilməsinə etiraz etməzdi. Ancaq Qrünberqerlər razı olmadılar. Və bununla da bir daha sübut etdilər ki, doğrudan da əvvəllər alman olublar. Çünki almanlar heç vaxt yarımçıq iş tutmazlar. Nuru uzun bir nitq söylədi, bu böyük təntənə həm də Nurunun təntənəsinə çevirildi. Axı, başqa türk fəhlələrinin xoşuna gəlməyən Nuru türklüyün nə demək olduğunu sübuta yetirmişdi! Səbri, işgüzarlığı ilə öz sənətinin nə demək olduğunu bütün gəlmə fəhlələrə göstərmişdi!

Bütün bunlardan sonra Nuru hiss etdi ki, qızı vermək olar. Keçmiş Volf-Diter - indiki Vədat Dəmir öz ailəsi ilə şənbə günü gəlmək istədi. Atası isə məsləhət gördü ki, cümə gününün axşamı yaxşıdır çünki, müqəddəs gündür. Nurunun arzusu ilə bir molla da sifariş verdilər ki, allah kəlamı oxunsun, cavanların nikahı lap möhkəm olsun.

Arzu yenə kişilərlə oturdu, qadınlarsa mətbəxə keçdilər. Müxtəlif məsələlərdə, hətta əcnəbilərə nifrətdən də danışdılar. Axırda keçmiş Volf-Diterin atası dedi:

- Əziz Nuru, xahiş edirəm, qızı öz otağına göndər. İstəmirəm ki, indi sənə deyəcəyim sözləri özü də eşitsin. - Arzu könülsüz halda otaqdan çıxdı. Cənab Qrunberqlər sözünə davam etdi: - Nuru, bizim yolumuzda çəkdiyin bütün zəhmətlərə görə çox sağ ol. Mən həmişə istəmişəm ki, sənin qızını Allahın buyruğu, Məhəmmədin şəriəti və bütün müqəddəslərin duası ilə öz oğluma alım. İndi sənə bircə sualım var: de görüm, qızın bakirədirmi?

Həmin anda Nuru qol-budağı sınmış ağaca bənzədi. Nəfəsi tutuldu. Heç qımıldana bilmədi, gözləri isə bir nöqtəyə zillənib qaldı. Sonra ağzını açıb nəsə demək istədi, ancaq keçmiş cənab Qrünberqer aman vermədi:

- Sənin qızın atasının yanında siqaret çəkir. Düzdür, mən qadınları siqaret çəkməyinin əleyhinə deyiləm, ancaq atasının yanında olmaz. Özün də görürsən ki, çox dar şalvar geyinir, həmişə pudralanır, rənglənir. Əgər bunu Vədat üçün eləsəydi, dərd yarı olardı. Xeyir, şəhərə çıxanda da üz-gözünə çəkir! Buna görə də mənə elə gəlir ki, sənin qızın bakirə deyil! Cavab gözləmirəm, ancaq bircə onu deməyi lazım bilirəm ki, belə qız bizim türk müsəlman oğlumuza lazım deyil...

# 1922 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #