Sükunətli evimizə sevinc gətirən Könül

Sükunətli evimizə sevinc gətirən Könül
19 fevral 2015
# 17:40

Könül Rüstəmxanlının ölümü bizi dərindən sarsıtdı. Deyir, dünya bir pəncərədir, hər gələn baxar gedər. Amma bu, vaxtsız gediş oldu. Xatirələr haçalandı, mənə doğma olan, indi həyatda olmayan insanları xatırladım, sanki həyatın o biri üzünə baxdım.... “Dünyadan köçənlər birdəfəlik getmir, biz onlar xatırladığımız müddətdə yaşamaqda davam edirlər”. Atamı xatırlayan insanlardan birincisi olub Şahbaz Xuduoğlu. O, atamın dostlarından yaşca ən kiçiyi, ömrünün son illərində ona yaxın olmuş insan idi. Atam o vaxt “Qanun” jurnalında işləyirdi. Atamın uşaqlıq illəri gərgin keçmişdi. Bəlkə də mənəvi yaraları elə o vaxtdan əxz etmişdi. Atam qardaşların ən sonuncusu, evin sonbeşiyi idi. Nənəm oləndə onun 40 yaşı var idi. Və dilinə içki dəyməyən atam o vaxtdan içkiyə qurşanmışdı. Həssas idi. Ən xırda şeyə görə əsəbiləşə, özündən çıxa bilərdi. Çıxış yolunu içkidə tapırdı. Zaman keçdikcə indi onu daha çox anlayıram. Bəzən elə məqam olur ki, özünü qapalı divarların içində hiss edirsən və heç cür bir yol tapıb xilas ola bilmirsən. Böyük ziyalımız Sabir Rüstəmxanlı o vaxt Mətbuat və İnformasiya naziri idi, elə atamı da işə o, götürmüşdü. Bacımın toy günündə Sabir Rüstəmxanlının dediyi sözlər yadımdadır: “Adətən əsgərlikdə bizi boya görə sıraya düzürlər. Amma baxmayaraq ki, Natiqin boyu balacadı, mən deyərdim ki, Natiqdən sonra sırada durmaq lazımdır”. Bu sözləri deyərkən Sabir müəllimin gözlərindəki işığı da yaxşı xatırlayıram.

Sabir Rüstəmxanlı atama fərdi yanaşırdı. Çünki köhnə dostunu anlayırdı, onun içindəki sızıltıları duyurdu. Bu yaxında Vladimir Vısotski haqqında yazı yazırdım; məşhur rejissor Yuri Lyubimov Vısotskinin içkili hallarına göz yumurmuş, çünki Vısotski nadir istedad idi, heç kimə bənzəmirdi, elə ona görə də Lyubimov onu hamıdan qoruyurdu. Sabir Rüstəmxanlı da eləcə atamı qoruyan böyük insanlardan idi. Təkcə Sabir müəllim deyil, onun qardaşlarının hamısı atamın hörmətini saxlayırdı. Atam onlara da böyük qardaş kimi idi. Xüsusilə Şahbaz Xuduoğlu atamı ustadı sayır, onun fikirlərinə hörmətlə yanaşırdı. Atam da Şahbaz bəyin istedadını qiymətləndirirdi, bəzən deyirdi, yaşıdlarıma baxıram, beyinləri çox qocalıb, mən isə cavanlarla ünsiyyətdə olduğum üçün ruhən cavan qalmışam. Şahbaz bəy xüsusilə bayramlarda ailəsiylə bizi ziyarətə gələrdi. Könül bacı çox mədəni, ədəb-ərkanlı gəlin idi. Mən elə ilk gündən onu çox sevmişdim. Bu insanlar sükunətli evimizə sevinc gətirirdilər... Bayramların birində yenə qonaq gəlmişdilər. Uşaqların ikisi də balacaydı. Sevinc dəcəllik edir, Tengizin isə səsi çıxmırdı. Mən Könülə: “Necə də sakit uşaqdır”-, dedikdə o, gülümsündü- “Yox, sadəcə nəsə fikirləşir”, -dedi. Bir azdan ailə getməyə hazırlaşanda bir də gördük ki, Tengiz böyük bir gəlinciyi sürüyərək aparmağa cəhd edir. Sən demə bayaqdan bu haqda düşünürmüş! Atama bu əhvalat yaman xoş gəlmişdi, elə bu haqda danışıb gülürdük... Şahbaz Xuduoğlunu həmişə cəsarətli jurnalist kimi tanımışam. Yazılarında düşündüklərini deməkdən çəkinməyib... 2000-ci illərdə hansısa materiala görə bir neçə jurnalistlə həbs olunmuşdu. Atamla hadisədən xəbər tutan kimi onlara getdik. Könül bacı uşaqlarla evdə tək idi. Nigaran olduğu gözlərindən oxunurdu. Amma uşaqlara bunu bəlli etməməyə çalışırdı. O hadisədən sonra Könül öz nəcibliyilə gözümdə daha da ucalmışdı. Şahbaz Xuduoğlunu axır vaxtlar fikirli görürdüm. Atam deyirdi ki, qətlə yetirilən jurnalist Elmar Hüseynovla möhkəm dost idilər, onun ölümü Şahbazı çox sarsıtdı. 2003-cü il, 27 aprel günü idi. Atamın 60 illik yubileyi səssiz keçirdi. Biz sadəcə öz aramızda qeyd etdik. Atam onsuz da sevməzdi belə şeyləri. Təsadüfən köhnə dostu Məmməd Oruc, sonra isə Şahbaz Xuduoğlu gəldi. Şahbaz bəyin gözlərindəki sevinc yadımdadır. Atamı təbrik edə bildiyi üçün, onu tək qoymadığı üçün, sükut içində keçən yubileyə sevinc qata bildiyi üçün xoşbəxt idi. Atam bildirməsə də, unudulmadığının fərqinə varmaq onun üçün də çox xoş idi. Evimizdə hadisə (yanğın) baş verən gün (Mən ilk dəfədir bu haqda yazıram, bu, mənim üçün çox ağırdır), anamla mən Türkiyədə, bacımın yanındaydıq. Atam təcili yardımla xəstəxanaya aparılanda yanında heç kim olmayıb. Kimsəsiz zənn edib ilk yardım belə göstərməyiblər. Deyilənə görə, üstündə köhnə, kirli bir mələfə varmış. Atam özünə gələndə Şahbazın nömrəsini deyib. Şahbaz bəy atamın yanına tələsib. Yalnız onun gəlişindən sonra atama yardım göstərməyə başlayıblar. Amma artıq gec idi. Atam 15 gün xəstəxanada qaldı.

Onun Şahbaz bəyə dediyi ümidli sözlər yadımdadır: “Şahbaz, biz təzə kitablar işləyəcəyik. Bilirsən, necə planlarım var”! Atamın yas mərasimində sonra çadırdan ən sonda Şahbaz bəy çıxdı. Atamın şəkli onun əlindəydi. Atamın qırxından sonra isə dərdimizə təsəlli olan kitabla gəldi bizə. Demə, bu günlər ərzində çalışıb, atamın haqqında kitab (“Ən gözəl uçuş”) çap etdirib. Biz “Vahid” poeziya evində atamın xatirəsinə tədbir keçirib kitabı da orda payladıq. “Elə gün olmur ki, mən Natiq müəllimlə xəyalən söhbət etməyim, onun haqqında düşünməyim”, yazırdı Şahbaz Xuduoğlu. Mən bilirdm, bu belədir. Çünki atamdan sonra Şahbaz bəyi heç ürəkdən gülən görmədim. Mən bilirdim ki, atamın ölümü onu sarsıdıb. Və güclü görünən bu insan çox kövrək bir ürəyə sahibdir. Bir dəfə həyat yoldaşıyla bizi (anamla məni) evlərinə dəvət etdilər. Otaqlar təzə təmir olunmuşdu. Şahbaz bəy deyirdi ki, düzdür, mənim üçün bunun əhəmiyyəti yoxdur, amma insanın öz içində hüzur tapması üçün evdən də çox şey asılıdır. Evin hüzuru, işığı, rahatlığı onsuz da vardı. Bu, Könül idi. Ziyalı, mərd qadın. Evinə, ailəsinə bağlı əsl Azərbaycan qadını! Onun işıqlı gözlərinə baxmaq kifayət idi ki, bu ailənin sevincini görə biləsən. Yadımdan çıxmaz, söhbət əsnasında təəssüf etmişdi ki, ata-anası vaxtsız köçüb bu dünyadan və indi, onun xoşbəxtliyini heyif ki, görə bilmirlər. Vaqif Səmədoğlunun bir şeiri həmişə yadımdadır: Salam, ata, salam. Bilirəm, arxamdasan. Məzarından cəmi əlli-altmış addım bu yanda dayanıb trolleybus gözləyirəm. Trolleybusa minib, sənin yanına gələnə qədər yaşamağa gedəcəyəm. Bu yazını yazarkən müxtəlif hislər keçirdim, həm təəssüfləndim, həm gözlərim yaşardı, bəzi məqamlarda isə içim işıqla doldu. Doğma qədər doğmam Könül Rüstəmxanlının ölümü həyatın o biri üzünə baxmağa vadar etdi. Atamı gördüm, dünyasını dəyişmiş əzizlərimi gördüm. Bəlkə doğrudan da şairin dediyi kimi, ölüm yoxdur. Nə vaxtsa, böyük bir görüş var... Və biz onlara qovuşana qədər sadəcə yaşamağa gedirik...

# 2345 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #