Heyvanxanada böyüyən uşağın aqibəti

Heyvanxanada böyüyən uşağın aqibəti
19 iyul 2013
# 14:04

O doğulduğu andan qeyri-adi həyata başlamışdı. Hamı kimi doğum evində, ya evdə, lap elə bəd ayaqda, təcili tibbi yardım maşınında da deyil, təbiətin dəmir barmaqlıq arasına salınmış kiçik qoynunda – zooparkda doğulmuşdu.

Atası heyvanlara qulluq edən işçi idi. Orada yaşayırdı. Gözəl bir qızla evlənmişdi. Bu gözəl qız oğul dünyaya gətirmiş və müəmmalı şəkildə yoxa çıxmışdı. Arvadının birdən-birə qeyb olması ərini dəhşətə gətirmiş, yazıq hər tərəfi alt-üst etsə də, arvadının izini-tozunu tapa bilməmişdi. Heyvanların yerlərindən heç nə ilə fərqlənməyən daxmasına dərdli-dərdli qayıtmış, burada isə bir saniyə susmayan yeni doğulmuş ac uşağın bağırtısı onu lap dəli etmişdi.

Nə etmək olar, bu uşaq valideynlərinə xoşbəxtlik gətirməyən nə ilk, nə də son uşaqdı...

Uşağın anası gözəl olduğu qədər də yelbeyin idi. Zoopark işçilərinin pıçıltısını hər tərəfə yayan külək deyirdi ki, bu gözəlçə ərinə dəfələrlə xəyanət edibmiş və onun bir gün qaçıb gedəcəyi, hamıya gün kimi aydın imiş. Amma nədənsə bu külək məhz ərinin qulağının yanından ötəndə susurdu. Zooparkdan qaçan gözəli bir daha heç kəs görmədi.

Ağlayan çağanı necə susduracağını bilməyən atanın köməyinə zooparkın qocalıb tamam əldən düşmüş süpürgəçisi – Sima qarı gəldi. O, gənc ataya yaxınlaşıb sakitcə iki kəlmə söz dedi: “Aslan balası”. Atanı elə bil ildırım vurdu. Yerindən atılıb qapıya sarı qaçdı. Birdən dayandı, geri döndü, qoca süpürgəçini heç bir söz demədən qucaqladı və başılovlu zooparkın tibb məntəqəsinə yüyürdü.

Bir neçə gün öncə dişi şirin də balası olmuşdu, amma bu bala o qədər zəif idi ki, onu anasından ayırıb tibb məntəqəsində saxlayır və ona keçi südü içirirdilər. Aslan balası südün hamısını içə bilmədiyi üçün artığı qalırdı.

Həmin gecə və hətta dörd-beş ay sonra da uşağı keçi südü ilə bəslədilər. Ata övladına ad qoymaq istədikdə ağlına ilk gələn söz “aslan” oldu. Çünki aslan balası olmasaydı, çağa üçün süd tapılmayacaqdı. Zooparkın başqa bir işçisi uşağın aslan balasından çox, keçi südünə və məntiqlə, keçiyə borclu olduğunu deyəndə ortaya, az qala, dava düşəcəkdi. Amma araya yenə də Sima qarı girdi. Nə qədər təzadlı olsa da, aslan balasının adı oldu Keçi, uşağın adı isə Aslan.

Amma bu, dünyada baş vermiş nə ilk təzadıydı, nə də son...

Aslan arıq, cılız uşaq olsa da, sürətlə böyüyürdü. Adı işçi siyahısında yox idi, ancaq hamı onu zoopark işçilərindən biri hesab edirdi. O da atası kimi zooparkın gündəlik işlərini görürdü.

Aslan həm də heyvanlarla dostluq edirdi. Gündüzlər qəfəslərin yanında oturar, heyvanların səhər yeməyini acgözlüklə yeməsinə tamaşa edər, sonra onlarla söhbətləşmək istərdi. Amma heyvanlar ona əhəmiyyət verməzdilər. Çünki onlar qəfəsdə idi. Qəfəs heyvanları isə heç kimə bağlana bilməz. İnsana bağlanması üçün heyvana nəvaziş göstərmək lazımdır. Aslan isə yaxşı bilirdi ki, bunu etməyə cəhd etsə, iş qalmaqalla bitə bilər. Ona görə qəfəsin yanında oturub sakitcə danışırdı. Bəzən quşlardan anasını görüb-görmədiklərini soruşurdu... Bəzən də onun anasını axtarmadıqlarına görə başı nəhəng qəfəslərdə dən dimdikləməyə qarışmış göyərçinləri, qırqovulları, hətta qartalları da ümidsizcəsinə danlayırdı...

Onun zooparkın yaxınlığında yerləşən evlərdən çoxlu dostu vardı. Yaxın məhlələrin uşaqları hər gün yığışıb zooparkın önünə gələr, onların yanına çıxmış Aslan zooparkda baş verən maraqlı hadisələrdən danışar, heyvanların nə yediyini, nə içdiyini, necə səs çıxardığını ağzı açıla qalmış uşaqlara saatlarla danışardı, sonra uşaqlar gah qartal, gah canavar, gah da at olub oyunlar oynayar, lap gec saatlarda dağılışardılar. Aslan onları bəzən xəlvətcə iki-iki içəri salar, zoopark işçilərinin gözünə dəyməməyə çalışaraq uşaqlara heyvanların özünü, ya da yenicə doğulmuş balalarını göstərərdi.

Aslan məktəbə getmirdi. Heç kəs bu uşağın adi zoopark heyvanlarından biri olmadığını xatırlamırdı ki, onu əlindən tutub məktəbə aparsın. Lakin bütün uşaqlar ona həsəd aparır, məktəb, kitab, yazı-pozu bilməyən, çirklənmiş paltar üstündə heç vaxt danlanmayan, istədiyini edən Aslan kimi azad olmaq üçün hər şeylərini verməyə hazır idilər.

Aslanın ən böyük dostu vaxtilə keçi südünü onunla bölüşmüş şir balası – Keçi idi. O, hər gün Keçiyə baş çəkirdi. Keçi digər şirlərlə birlikdə hər tərəfdən xəndəklə əhatə olunmuş mağarada yaşayırdı. Mağaraya təkcə arxa tərəfdən keçmək olurdu. Zoopark işçiləri Aslana tapşırmışdılar ki, həmin arxa qapını açmağa heç cəhd də etməsin. Qəfəsdə Keçidən başqa daha dörd şir vardı. Bəzən Aslanın onlardan əl çəkmədiyini görən şirlər qəzəblə nərildəyirdilər. Yazıq uşağa isə elə gəlirdi ki, şirlər Keçi ilə onun dostluğundan məmnun deyillər, onları daha çox hirsləndirməmək üçün tez qaçıb gedirdi.

Əşyalar, insanlar, münasibətlər, lap elə həyatın özü də birdən-birə olmasa da, tədricən dəyişə bilmək kimi qəribə bir xüsusiyyətə malikdir. Aslanın da bu firavan həyatı bu cür davam edə bilməzdi. Ömrünü zoopark kimi kiçik, sakit, yalnız gündəlik, yeknəsəq dərdləri və sevincləri olan bir yerdə keçirsə də, Aslan yenə də həyatın bir parçası idi. O, həyatın axınından kənarda qala bilməzdi...

Dostlarının Aslana tuşlanmış həsəd dolu baxışlarındakı qığılcım zaman keçdikcə sönməyə başladı. Məktəbə gedən, çoxlu kitab oxuyan, yaxşı şəraitdə yaşayan uşaqlar onun hər gün təkrar-təkrar danışdığı əhvalatlardan, heç vaxt dəyişməyən həyat tərzindən, çirkli üst-başından bezməyə başladılar. Aslanın yanına gələn uşaqların sayı hər gün daha da azalırdı. Göyərçinləri uzaqlara uçub getmiş quş sahibinə bənzəyən Aslan nə edəcəyini bilmirdi.

Zaman öz işini görürdü. İnsanların maraqları daim artır, dəyişir. Günlərin bir günü Aslan bu maraqlardan kənarda, tək-tənha qaldı.

Aslanın dostlarının sayı azaldıqca onun dünyası zooparkın hüdudları daxilində birdəfəlik cəmləndi və Aslan buna xüsusi cəhd göstərmədən özünü kənar dünya üçün qapadı. Bütün varlığı onun özü kimi qəfəsə salınmış canlılara – heyvanlara məxsus oldu. Onunla insanlar arasında keçilməz sədd yarandı. Bu sədd heç vaxt dağılmayacaqdı. Nə Aslan səddin digər tərəfinə keçməyə cəhd edəcək, nə də qarşı tərəf belə bir addım atacaqdı.

Bəlkə də, bu vəziyyət Aslanın gənc oğlan olduğu, orta yaşa çatdığı, qocaldığı, düz elə öldüyü günədək dəyişməz olaraq məhz belə davam edəcəkdi. Lakin həyatda hər şeyin axarını dəyişə bilmək gücünə sahib olan bir bəla var. Müharibə.

Aslanın yalnız zooparkını tanıdığı vətənində müharibə başladı. O, müharibənin nə olduğunu bilmirdi. Bu onu heç maraqlandırmırdı da. Aslanın başqa qayğıları vardı. Ceyranların otunu vaxtında vermək, bayquş yatmışkən qəfəsinə ət qoymaq, ortada bir az Keçi ilə söhbət etməyə cəhd etmək, quşlara dən vermək, onlara Keçidən bir az giley-güzar etmək, sonra... Bu, ardı-arası bitməyən işlər içində Aslanın müharibə haqda düşünməyə vaxtı olmurdu. Amma müharibə özü hər şeyin qayğısına elə qalırdı ki, hətta Aslan kimi dünyadan bixəbər biri də günlərin bir günü müharibə sözünü qalan sözlərdən iki-üç dəfə artıq işlətməyə başladı.

Müharibə başladıqdan sonra zoopark unuduldu. Əvvəl zooparka dən gətirilmədi. Quşlar əziyyət çəkməyə başladılar. Sonra ot, ət, dərmanlar, peyvəndlər gətirilmədi. Zoopark işçiləri çıxılmaz vəziyyətdə qalmışdılar. Çarə yox idi. Aclıqdan daha taqəti qalmayan bir neçə qırqovulu və tetra quşunu tutub canavar, tülkü, ayı və şirlərə vermək qərarına gəldilər. Bu xəbər Aslana gəlib çatdıqda o, göz yaşlarını saxlaya bilmədi. On dörd yaşlı uşaq yaşadıqları daxmaya qaçıb orada gizləndi. Ona elə gəlirdi ki, o, yazıq quşların ölümünə tab gətirə bilməz. Gözünün qarşısında, əslində, olmayan səhnələri canlandırıb axırda elə vəziyyətə gəldi ki, quşlardan birini daxmasına gətirib bişirməyə hazırlaşan atası onu huşsuz vəziyyətdə tapdı.

Aslanın həqiqəti dərk etməsi üçün bir neçə gün lazım oldu. Keçinin məşəqqətli halını gördükdə o özü quşların qəfəsinə girib aclıqdan huşsuz qalmış iki flaminqonu şirlərin qəfəsinə sarı sürüdü. Arxa qapıdan yemək qoymaq ona hələ də yasaq idi. Odur ki qəfəsin dəmir barmaqlığına dırmaşıb flaminqoları qəfəsin içinə tulladı. Şirlər xəndəyə düşmüş quşların üstünə cəld atılıb onları bir göz qırpımında yox etdilər. Külək lələkləri havaya qaldırıb zoopark boyu uçuraraq sanki Aslanın ağ bayrağı qaldırdığını bəyan edirdi.

Həmin gündən etibarən Aslan ölüm ayağında olan heyvanları daha çox şirlərə verməyə başladı. Zoopark işçiləri bunu bilir və ona heç bir söz demirdilər. Hər kəs çox yaxşı anlayırdı ki, bu mübarizədə ən güclü heyvan qalib gəlməlidir.

Qəfəslər yavaş-yavaş boşalırdı, amma heyvanlar qəfəsdən təbiətin qoynuna dönmək üçün deyil, şirlərə yem olmaq üçün çıxırdılar.

Boşalan təkcə qəfəslər deyildi, zooparkın arxa həyətindəki daxmalar da getdikcə boşalırdı. Müharibə hamını çəkib aparırdı.

Müharibə başladıqdan altı-yeddi ay sonra zooparkda Aslandan başqa heç kəs qalmadı, hətta atası da getməli oldu. Amma qəfəsləri bomboş olduğu üçün Aslan atasının sorağını quşlardan ala bilmədi.

Həmin vaxt zooparkda bir ayı və üç şirdən savayı heyvan qalmamışdı. Ayını öldürmək asan iş deyildi. Amma o da ac idi, bir az gözləmək lazım gəldi. Bu müddətdə Keçi digər erkək şirlə birlikdə dişi şiri parçalayıb yedi.

Bir neçə gün sonra ayı da şirlərə yem oldu. Yenidən ac qaldıqda Keçi ilə digər erkək şir ölüm-dirim mübarizəsinə girdilər. Aslan onların qəfəsinə söykənib şirlərin döyüşünü sakitcə seyr edirdi. O, Keçinin qalib gələcəyinə əmin idi.

Keçi öz qəfəs yoldaşının cəmdəyi ilə daha bir neçə gün dolandı. Aslan bütün bu müddəti elə Keçinin qəfəsinə söykənib qaldı. Payız girsə də, hava hələ isti idi. Aslan açıq havada, öz sevimli dostunun yaxınlığında yatmaq istəyirdi. O ac idi. Çox ac idi. Amma bu haqda düşünməməyə çalışırdı. İlk dəfə idi ki, onun Keçi ilə rahatca danışmaq imkanı yaranmışdı. Lakin o susurdu. Arabir Keçiyə tərəf dönüb onu kədərli gözləri ilə izləyir, sonra ona arxasını çevirirdi. Keçi bəzən nərildəyir, bəzən də narazı halda mırıldayırdı.

Aslan hiss edirdi ki, yolun sonuna gəlib və nə isə danışmaq, ya da, heç olmasa, nə isə haqda düşünmək lazımdır, amma aclıqdan dumanlanmış beyin özünə əziyyət vermək istəmirdi. Aslan çuxura düşmüş gözlərini Keçiyə zilləyib son qərarını vermək üzrə idi.

Keçi daha aclığa tab gətirməyib bütün qəfəsi alt-üst etdikdən sonra Aslan birtəhər ayağa qalxdı. Bircə anlıq Keçiyə baxıb onun gücünün hələ də tükənmədiyinə heyrət etdi. Sonra ayaqlarını sürüyə-sürüyə qəfəsin arxa tərəfinə dolandı. Həyatı boyu ona yaxınlaşmaq qadağan olunmuş dəmir qapıya, çöldən rahatca açılan qıfıla bir-iki dəqiqə baxdı. Ani olaraq tərəddüd etdi. Birdən düz qapının yanında hənirti eşitdi. Keçini qucaqlamaq keçdi könlündən. Boynuna sarılıb sakitcə ağlamaq, həm anası, həm atası, həm də özü üçün acı-acı ağlamaq...

Əlini qıfıla sarı uzadıb onu açdı. Qapını itələdi. Keçi qapının arxasında dayandığı üçün onu əvvəl aça bilmədi. Özünü ələ alıb zəif səslə şiri qapının yanından çəkilməsi üçün dilə tutmağa başladı. Keçi yavaş-yavaş geri çəkildi. O çəkildikcə qapı açıldı. Aslan içəri bir addım atdı. Keçi sakitcə oturub düz onun gözlərinə baxırdı. Aslan gülümsədi. Dostunu ilk dəfə idi ki, bu qədər yaxından görürdü. Keçi yerindən tərpənib qəfəsin o biri küncünə çəkilməyə başladı. Görünüşündən bəlli idi ki, sıçrayışa hazırlaşır. Aslan tez əlini qapıya atıb onu içəridən bağladı. Sonra Keçiyə tərəf döndü. Vaxtı yalnız “İndi sənin növbəndir” sözlərini düşünməyə çatdı...

İyul, 2013

# 3549 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #