İlk müsəlman nobelçi, ilk ölüm hökmü

İlk müsəlman nobelçi, ilk ölüm hökmü
1 may 2013
# 10:58

Mətləb Muxtarov

Küçəmizin uşaqları

Mən Nobel mükafatını ədəbi hadisə hesab etmirəm, amma ilk dəfə ərəb əsilli yazıçılar arasında Nəcib Məhfuzun Nobel alması faktı məndə ona qarşı maraq oyatdı. Onun yazdıqları ilə maraqlandım. Sonra bir dostumun tövsiyəsi ilə Nəcib Məhfuzun “Cəbaləvi küçəsinin uşaqları” əsərini oxudum. Türkcəsi “Cəbalavi Küçəsinin Uşaqları” adlanır, amma rusca və digər dillərdə kitabın adı “Küçəmizin uşaqları” deyə keçir. Məhz buna gör, bu yazıda mən əsəri “Küçəmizin uşaqları” adlandıracam.

İslam dünyasının nifrət elədiyi yazıçı deyəndə ağlımıza ilk olaraq Salman Rüşdi gəlir. O, ”Şeytan ayələri” kitabı ilə müsəlmanların nifrətini qazanıb. Amma Rüşdidən öncə İslam dininə mətnaltı mənalar ilə “ilişən” yazıçılar da olub, onlardan biri məhz Nəcib Məhfuzdur. Özü də əsər 1959-cu ildə yazılıb. ”Küçəmizin uşaqları” əsəri İslam dini də daxil olmaqla bütün dinlərə mətnaltı göndərmələr edir. Bu əsər 1959-cu ildə Misirdə çıxan “Ahram” qəzetində hissə-hissə dərc olunub. Qəzetdəki dərcindən sonra misirli dindarlar tərəfindən “dini təhqir etmək” ittihamı ilə əsərin çapı qadağan olunub. Dindarların qəti etirazı əsərin çap olunmaması ilə nəticələnib. Yeri gəlmişkən, bu hadisələr baş verərkən Nəcib Məhfuz bütün bunlardan uzaqda duraraq yenə də yazıb-yaratmağa davam edir. Amma sözsüz ki, dini fanatizm nə vaxtsa Nəcib Məhfuzdan da yan keçməyəcək. Bu mövzuya keçmədən öncə qeyd edim ki, əsərin ərəbcə ilk və tək çapı 1967-ci ildə Livanda olub.

“Əgər “Küçəmizin uşaqları” əsəri çap olunanda onu öldürsəydik, Salman Rüşdinin “Şeytan ayələri” kitabını yazmağa cəsarəti olmazdı”. (Ömər Əbdürrəhman – Misirli dini lider.)

1989-cu ildə misirli dini lider Ömər Əbdürrəhman yuxarıdakı cümləni səsləndirdikdən sonra Nəcib Məhfuza da ölüm hökmü çıxartmış oldu. Ömər Əbdürrəhman “kor imam” adı ilə məşhurdur. O, 1993-cu ildə Nyu-Yokrdakı Dünya Ticarət Mərkəzinə hücum planını hazırlamaqla ittiham olunur. Məhz onun çıxışından sonra, 1994-cu ildə Nəcip Məhfuzun həyatına qəsd olundu, amma o sağ qaldı. Məhfuza bıçaqla hücum etsələr də, ancaq sağ qolundan yaralandı. Maraqlıdır ki, Məhfuzun həyatına qəsd edənlərin heç biri onun kitablarını oxumamışdılar.

“Yemək üçün işləmək dünyanın ən qorxunc lənətidir” (Nəcib Mahfuz “Küçəmizin Uşaqları”)

“Küçəmizin Uşaqları” kitabı bir küçənin simasında insanlığın tarixindən bəhs edir. Nəcib Məhfuz bu tarixi Misirlə, Qahirəylə əlaqələndirib. O xəyali “Cəbəlavi küçəsi”ni yaratmaqla bir növ dinlərin başlanğıcından bu yana olan bütün əfsanələri və bütün peyğəmbərlərin həyatını simvolik gedişlərlə öz əsərində əks etdirib.

Əsərin baş qəhrəmanı Cəbəlavidir. Əsəri oxuyarkən Cəbəlavinin əslində tanrı olduğunu görəcəksiz. O, bütün əsər boyu cənnətə bənzər mülkündə yaşayır, bütün haqsızlıqları görsə də mülkündən bayıra çıxmayaraq sanki bütün olanları cavabsız qoyur. Əsər boyu Cəbəlavi küçəsinin kriminal avtoritetlər tərəfindən idarə edildiyini görəcəyik.

Əslində Nəcib Məhfuz öz əsərində bu avtoritetləri yaratmaqla bütün tarix boyu insanları idarə edən, insanlığa zərər vuran hökmdarlara və dövlətlərə işarə edir. Bu kriminal liderlərlə mübarizə aparanlar isə elə Cəbəlavinin nəslinin davamçıları olacaq. Bu davamçılar küçənin avtoritetlər ilə mübarizə apararaq öz təbii haqlarını tələb edəcəklər.

Əsər beş hissədən ibarətdir. İlk hissənin adı “Ədhəm”dir (türkcə “Edhem”).İlk hissədə hadisələr Cəbəlavinin öz mülklərini idarə etməyi ikinci oğlu Ədhəmə tapşırmasıyla başlayır. Bunu görən birinci oğlu İdris Cəbəlavinin bu qərarına qarşı çıxır. İdrisin bu üsyanından sonra Cəbəlavi onu öz malikanəsindən qovur. Malikanədən qovulduqdan sonra İdris hər yerdə öz atasının arxasıyca danışır, onu təhqir edir. Sonra bir gün, İdris Ədhəmə Cəbəlavinin otağında bir qutu olduğunu və bu qutuda olan dəftərcədə mülklərin kimə qalacağının yazıldığını deyir. İdris Ədhəmə tövsiyə edir ki, Cəbəlavi otağında olmadığı vaxtda o bu qutunu açıb, mülklərin kimə vəsiyyət olunduğunu öyrənsin.

Ədhəm öncə bununla razılaşmır, sonra həyat yoldaşının da təkidi ilə qutunu açmaq qərarına gəlir. Otağa daxil olub niyyətini yerinə yetirəndə isə atası Ədhəmi görür və bu hərəkətini xəyanət hesab edərək onu evdən qovur. Ədhəm bu hərəkətindən peşman olsa da Cəbəlavi heç vaxt onu bağışlamır. Ədhəm malikanədən qıraqda yaşadığı müddətdə onun iki oğlu dünyaya gəlir. Və ilk hissənin sonlarına yaxın Cəbəlavi Ədhəmin oğlanlarından biri olan Hümmamı öz mülkünə dəvət edir. Bu dəvəti qısqanclıqla qarşılayan Ədhəmin digər oğlu Qədri (Kadri) həm Cəbəlaviyə, həm də öz qardaşına üsyan edir. Qardaşıyla aralarında başlayan mübahisədə Qədri Hümmamı öldürür.

İlk hissədə bütün səmavi dinlərdəki əfsanələr dəyişilmiş, bir növ qahirələşdirilmişdir desək, yalan olmaz. Cəbəlavi Allah, İdris isə Şeytandır. Ədhəm ilk insan olan Adəmdir. Ədhəmi qutunu açmağa inandıran həyat yoldaşı isə eynən Adəmə cənnət almasını yeməyə inandıran Həvvadır. Ədhəmin iki oğlu olan Hümmamla Qədri isə Habillə Qabildir. Bütün bu əfsanələrlə bərabər Məhfuz öz dövrünün problemlərini də əsərdə əks etdirib.

İkinci hissə “Cəbəl” (“Cebel”) adlanır. İkinci hissəni oxuyarkən oxucu Musa peyğəmbərin həyatını görəcək. İkinci hissədə kriminal avtoritetlərdən öz xalqının haqqını tələb edən Cəbəli görəcəyik. “Cəbəl” hissəsini oxuyarkən istər-istəməz Musa peyğəmbərin Misir fironu ilə olan mübarizəsini yada düşür. Nəcib Məhfuz elə incə detallarla Musa peyğəmbərin həyatını Cəbəlin simasında təsvir edib ki, adam heyran qalır. Musa peyğəmbərin dənizi iki yerə ayırması əfsanəsi kitabda tamamilə fərqli şəkildə göstərilib.

Əsərin üçüncü hissəsi isə “Rüfət” (türkcəsi “Rıfat”) adlanır. “Rüfət” hissəsi İsa peyğəmbərin həyatındandır. Rüfət də Cəbəl kimi küçədə ağalıq edən kriminal avtoritetlərlə mübarizə aparır. İlk əvvəl qalib gəlsə də eynən İsa peyğəmbər kimi xəyanət nəticəsində avtoritetlər tərəfindən ələ keçirilir və öldürülür. Rüfətin ölümü ilə üçüncü hissə bitir.

Dördüncü hissə “Qasım” adlanır. Nəcib Məhfuz tarixi ardıcıllığı pozmur, bu hissə Məhəmməd peyğəmbər haqqındadır. Məhz bu hissə misirli dindarlar tərəfindən yaxşı qarşılanmamışdı. Əsərin ən maraqlı yeri sözsüz ki, beşinci, yəni sonuncu hissəsidir. Bu hissədə Arifin əhvalatından bəhs olunur. Cəbəlavi küçəsinə gələn sehrbaz Arif, öz sehrbazlığı ilə ad çıxarır. O, sehr yolu ilə hər kəslə dostlaşır, ancaq bir gün Arif Cəbəlavinin sirrini çözmək qərarına gəlir. Çünki bütün bu müddət ərzində həm Ədhəmin, həm Cəbəlin, həm Rüfətin, həm də Qasımın dövründə Cəbəlavi öz mülkündən kənara çıxmır. Cəbəlavi qocalsa da onun adı ətrafında dolaşan söz-söhbətlər səngimək bilmir. O, həmişə öz sirli mülkündə yaşayır, oradan kənara çıxmamaqda israr edir.

Məhz bunlar Arifə maraqlı gəlir. O, fikirləşir ki ,nə bilmək olar, bəlkə Cəbəlavi ölüb?! Arif mülkə gizlincə girir, o mülkə girən gün, Cəbəlavinin ölüm xəbəri yayılır. Nitşenin “Tanrı öldü, onu biz öldürdünüz” cümləsi yada düşsə də bir çox tənqidçilər bu hissəni tamamilə başqa yerə yozurlar. Tənqidçilər Arifi elmin, texnikanın rəmzi kimi qiymətləndirirlər və deyirlər ki, məhz elmin gücü ilə tanrı məfhumu ölümə məhkumdur. Amma bu əsas deyil, əsas olan Arif kimi birinin Cəbəlavini mühakimə eləməsidir, çünki ondan öncə gələn heç kəs, nə Cəbəl, nə Rüfət, nə də Qasım Cəbəlavinin sükütunu mühakimə eləməmişdilər.Nəcib Məhfuz sonluğu elə qurub ki, hər kəs o sonluqdan özünə pay çıxarda bilər.

“Küçəmizin uşaqları” əsərinin nəşri bu gün də Misirdə qadağandır. Deyilənə görə əsərin 1960-cı ildə Beyrutda çap olunun variantının nüsxələri hələ də Misir qara bazarında satılır. Amma çox güman ki, Misir inqilabından sonra bu “satış”ın da qarşısı alınsın.

Nəcib Məhfuza Yaxın Şərqin Balzakı deyirlər. Onun yazdığı bütün əsərlər Qahirə ilə bağlıdır. Qahirənin kənar məhəllələrində baş verənlər onun əsərlərində əks olunurdu. O, qocalana kimi yazdı. Yazmaqdan bezmədi. Silahlı hücumdan sonra sağ əli iflic olsa da yazmağa davam elədi. 2006-cı ildə vəfat edən yazıçı 34 roman və 350-dən çox hekayə yazıb ki, bu da onun məhsuldarlığından xəbər verir. Bu qədər məhsuldarlıq sözsüz ki, Nəcib Məhfuzun yazmağı necə sevdiyini göstərir.

İnsalığın tarixi haqqında olan bu əsər sözsüz ki, oxucu böyük maraq oyadacaq. ”Küçəmizin uşaqları” kitabı sual verən, sualları içində olan, şübhələnən insanların kitabıdır.

P.S İnsanlığın tarixinə aid başqa bir əsər isə italyan yazıçı Franko Ferruçinin “Tanrının dilindən kainatın hekayəsi” əsəridir. Bu kitaba ön sözü isə kainatın ən böyük söz oyunbazlarından biri olan Umberto Eko yazmışdır.

# 4010 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #