“Bu, Anarın ideyası idi”MÜSAHİBƏ

 “Bu, Anarın ideyası idi”MÜSAHİBƏ
20 fevral 2013
# 16:50

Kamal Abdulla Ədəbiyyat Müsabiqəsi ilə bağlı Kulis.Aza verdiyi müsahibə çox tələsik alındı. Yazıçı Litvanın paytaxtı Vilnüs şəhərində keçiriləcək Beynəlxalq Kitab Yarmarması üçün Vilnüsə getməliydi. Həmin yarmarkada yazıçının “Sehrbazlar dərəsi” romanının da təqdimatı keçiriləcək. Uçuşa iki saat qalmış müsahibə başladı və iyirmi dəqiqə çəkdi.

Kulis.Az yazıçı Kamal Abdullanın müsahibəsini təqdim edir.

- Kamal müəllim, Ədəbiyyat Müsabiqəsi ideyası haradan yarandı?

- Bu ideya Anar müəllimdən gəlmişdi. O mənə təklif elədi ki, ciddi bir ədəbiyyat müsabiqəsi olsun. Mənə də müsabiqənin sədrliyini təklif elədi, imtina eləmədim. Mən Yaradıcılıq Fondunun rəhbəriyəm, bu fond əvvəllər Mədəniyyət Fondu adlanırdı. Əvvəlcə fondun vasitəsilə belə bir müsabiqə təşkil etmək istəyirdik. Yoldaşlarla da məsləhətləşmişdik. Çünki belə bir müsabiqəyə ehtiyac var idi.

Anar müəllim bu təklifi edəndən sonra o fikir bir balaca ləngidi. Mən bu istiqamətdəki düşüncələrimi Yazıçılar Birliyinin layihəsinə istiqamətləndirdim. Belə deyirlər ki, guya bu Bakı Slavyan Universitetinin birgə proyektidi. Bunlar hamısı cəfəng söhbətlərdi. Universitetin binası daha əlverişli olduğuna görə burda yığışırdıq.

- İclaslar Slavyan Universitetində keçirilirdi?

- Bəli. Yazıçılar Birliyinin əsasnaməsi var. Həmin müsabiqənin jürilərinin kimlərdən ibarət olması ilə bağlı əmri var və s.

- Bir qədər dəqiqləşdirərdik. Deməli, bu müsabiqəyə Yaradıcılıq Fondunun heç bir aidiyyəti yoxdu.

- Qətiyyən. Bu müsabiqəni Yazıçılar Birliyi təşkil edir. Ancaq Yazıçılar Birliyinin mükafatı idi, mükafatın məbləği, nominasiyaları da birlik özü müəyyənləşdirmişdi. Biz, ancaq əsərlərlə məşğul olmuşuq. Mən burda Yaradıcılıq Fondunun sədri kimi deyil, sadəcə bir yazıçı kimi iştirak etmişəm.

- Sizin istefanızla bağlı cəmiyyətdə müəyyən fikirlər yarandı. Bir qisim insanlar deyir ki, Kamal Abdullaya Yazıçılar Birliyi tərəfindən təzyiqlər var, “mükafatı ona vermə, buna ver” və s. Kamal Abdulla da bu təzyiqlərdən qaçmaq üçün imtina elədi. Bəziləri isə deyir ki, Kamal Abdullaya dostları təzyiq edirdilər.

- Mən məsləhət görərdim ki, biz bu söhbətimizi müsahibə başa çatandan sonra davam etdirək. Çünki axıra yaxın bütün müsabiqələr onsuz da gərginləşir, mən də istəməzdim müsabiqəni əlavə gərginliklərlə yükləyək. Onsuz bir şey qalmayıb. Bir ay sonra, İlaxır çərşənbə günü müsabiqə bitəcək.

- Müsabiqənin nəticələrinin ilaxır çərşənbə günü açıqlanması kimə aid idi.?

- Bəli, bax, bu ideya mənim idi.

- Bu simvolun seçilməyi maraqlıdır? Nəyə görə ilaxır çərşənbəni seçdiniz?

- Dedilər Novruz bayramı ərəfəsi olsun. Mən də təklif etdim ki, müsabiqənin yekununu ilaxır çərşənbə günü keçirək.

- İstefalar da oldu. Bunları necə qiymətləndirirsiniz?

- Şərhsiz. Dediyim kimi bunlar barədə ilaxır çərşənbədən sonrakı çərşənbədə danışarıq (gülür.)

- Bu istefaları gözləyirdinizmi?

- İstəməzdim əlbəttə. Amma ola bilərdi. Bunu demək çətindir. Hər bir adam öz həyatını yaşayır, o cümlədən də yaradıcılıq həyatını, öz qərarını da özü verir. Tragediya da oldu. Zakir Sadatlı rəhmətə getdi. Əlbəttə, onun vəfatı müsabiqə ilə bağlı deyildi. Amma bu istefaların komediya tərəfi də oldu.

- Komediya tərəfi deyəndə nəyi nəzərdə tutursunuz? İstefa edənlərdən bəziləri dedi ki, Əjdər Ol şeir yaza bilmir. Komediya tərəfi deyəndə bu cür şeyləri nəzərinizdə tuturdunuz?

- Müsabiqənin münsiflərini nəzərimdə tutmuram.

- Amma Aqşin ANS-ə müsahibəsində demişdi ki, Kamal Abdullaya görə müsabiqədən getmişəm.

- O da məsələnin tragikomediya tərəfidir. (gülür)

- Uzunun illər ədəbi proseslərin içində olan bir adam kimi sizdən sonra bu müsabiqənin də Mövlud Süleymanlının rəhbərliyi altında ədalətli keçiriləcəyinə inanırsınızmı?

- Heç bir müsabiqə ədalətli keçirilmir. Napoleonun gözəl bir sözü var: “40 nəfərdən birini seçib nazir edirəm, nəticədə 39 nəfər düşmən qazanıram, bir nəfər də naşükür nazir.” Heç bir müsabiqə ədalətli ola bilməz.

- Müsabiqəyə təqdim olunan əsərlərlə tanış olmuşdunuz?

- Əvvəl özüm üçün belə bir təcrübə eləmək istədim. Görəsən heç bir əsəri oxumadan axırda obyektiv qərar vermək mümkündürmü? (gülür) Gördüm ki, mümkün deyil və oxudum.

- Müsabiqənin ümumi səviyyəsini necə gördünüz?

-Ümumi səviyyə kifayət qədər yüksəkdir. Düzdür, naşı əsərlər də vardı. Amma bununla yanaşı bəlkə də, gözləmədiyim dərəcədə ciddi kitablar vardı.

# 3765 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #