Gizli heyranı Fuad Poladovdan yazdı: Azərbaycanın Al Paçinosu

<b>Gizli heyranı Fuad Poladovdan yazdı: <span style="color:red;">Azərbaycanın Al Paçinosu  </b>
7 may 2018
# 17:39

Elə insanlar var ki, onlar haqqında danışanda çox söz deyə bilmirsən. Uzun-uzadı cümlələr onlara yaraşmır. Qısa, konkret bir-iki cümlə. Amma nə desən də yarım qalır, fikir tamamlanmır, deyilməmiş nə isə dilinin ucundaymış kimi üç nöqtələrlə qalırsan. Fuad Poladov belə insanlardan idi. Aydın, qəti, mərd, əyilməz, məğrur... Baxışları qədər dərin və əmin...

“Onunla söhbət etmək arzumdu, bir gün mütləq , müsahibə alacağam Fuad Poladovdan” deyirdim. Amma o “bir gün” bugün təəssüf və peşmanlıqla dolu misralara çevrildi.

10 il öncə idi. İçəri şəhər metrostansiyasında eskalatorda Fuad Poladovu gördüm. O qalxırdı, mən enirdim. Dimdik dayanmışdı, sakit, həlim və dərin baxırdı. Bəzən səhnədəki, efirdəki rollarına heyran olduğumuz birini adi həyatda görmək təəccübləndirir. Çünki, düşünclərimizdə o, sanki, orada yaşayır... Səhnədə... İndiki kimi yadımdadı o gün. 20 yaşlı qız üçün heyran olduğu bir aktyoru görmək bu deməkdir yəqin ki...

Bir dəfə də Axundov bağı ətrafında üz-üzə gəldik sənətkarla. Uzaqdan gördüm, içimdə dialoq başladı: ”Görəsən yaxınlaşım? Nə deyim? Bəlkə, bu sualı verim? Yox, əvvəlcə salam verim. Yox... Yolla gedən insanı narahat edə bilərəm görəsən?”. O, isə yenə də başını dik tutub, harasa uzaqlara baxa-baxa, dərin fikirlərlə astaca ötüb keçdi. Dönüb arxasıyca baxdım. Bacarmadım. “Kaş, heç olmaya, salam verəydim”... 20 yaşlı qız... O, onsuz da bir gün müsahibə alacaqdı ondan, bu səfər olmasa da başqa bir vaxt mütləq!

Bəlkə mükəmməliyyətçilik, bəlkə də heyranlıqdan o “bir gün” heç yetişmədi. “Onunla söhbət etmək üçün daha böyük peşəkarlıq lazımdır”. Bəli bu belə idi. Belə müdrik bir insana bəsit suallar vermək olmazdı. Amma kaş ki, indi onunla sadə, fəlsəfi olmayan, adi bir söhbətim olaydı. İndi həmin xatirələri paylaşaydım. Verdiyim mənasız suala güləydim, onun cavablarından danışaydım. Onsuz, onunla hər söhbət mənalı olacaqdı. Kaş ki,...

Elə o günki kimi bu gün o sakitcə, təmkinlə, dərin düşüncələri ilə, astaca aramızdan getdi...

Oynadığı rollar onun xarakteri idi. Bəzən düşünürsən, görəsən Azərbaycanda doğulmasaydı... Al Paçino qədər məşhur olacaqdı. Əminəm. Hərçənd, bu an üçün bir tanqo rəqsi, bir sənətkarlıq, bir də tamaşaçı sevgisi onları birləşdirir.

Bir aktyor üçün mühit çox vacibdir. O mühit vardı, yoxdu bilmirəm. Amma Fuad bəy etdiklərindən daha artığına qadir idi və qazandığından daha çoxuna layiq idi. Təəssüf ki, biz onu - səhnəmizin korifeyini, xarizma, istedad, mərdliyi özündə birləşdirən insan kimi nadir insanı itirdik.

Qacar, Napaleon, Kardinal, Lord Avqust, Yuli Sezar, Səlim, Ayaz, Malik... Bütün bu və onlarla digər obrazlarda bir Fuad Poladov vardı. Amma onların heç biri Fuad Poladovun özü qədər mərd, məğrur, igid, dərin, mənalı deyildi. İndi o, özündən sonra heç kimin canlandıra bilməyəcəyi bir obraz qoyub getdi... Fuad Poladov obrazı...

Allah rəhmət etsin!

Gizli bir heyranından...

# 1253 dəfə oxunub

Oxşar xəbərlər

“Beyrək” pyesində postmodernlə antik mətnlərin dialoqu - Elnarə Qaragözova

“Beyrək” pyesində postmodernlə antik mətnlərin dialoqu - Elnarə Qaragözova

16:40 16 aprel 2025
"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

09:00 16 aprel 2025
"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

14:00 15 aprel 2025
On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

12:00 15 aprel 2025
Labroides - Nahid Hacıyevin yeni hekayəsi

Labroides - Nahid Hacıyevin yeni hekayəsi

09:00 15 aprel 2025
Əsgər özbaşınalığı, üç oğlanın bir sevgilisi, şəhər və itlər

Əsgər özbaşınalığı, üç oğlanın bir sevgilisi, şəhər və itlər

17:00 14 aprel 2025
# # #