Şeyin şey etdiyim şey… çıxdı yenə

Şeyin şey etdiyim şey… çıxdı yenə
10 aprel 2014
# 13:03

Bu gün şair, tərcüməçi Azad Yaşarın doğum günüdür. O, 10 aprel 1961-ci ildə Bakıda anadan olub. Əli Bayramlı şəhərində böyüyüb, orada orta təhsilini başa vurub. Ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsində alıb. 1976-cı ildən bədii yaradıcılıqla və tərcümə işi ilə məşğul olur.

Dünya ədəbiyyatını təmsil edən 150-dən çox yazarın ən müxtəlif janrlardakı əsərlərini uğurla dilimizə çevirib. Bunların təxminən yarısı ilə Azərbaycan oxucusu ilk dəfə tanış olub. 2001-ci ildən fəaliyyətə başlayan Azad Yazarlar Ocağının (AYO) və onun mətbu orqanı "Alatoran" dərgisinin təsisçilərindəndir. 6 dilə çevrilən şeirləri Moskvada, İstanbulda, Kiyevdə və Bişkekdə çıxan aparıcı ədəbi-bədii jurnallarda işıq üzü görüb.

Kulis.Az Azad Yaşarın konseptual şeirlərini təqdim edir.

Taxtabaşın intiharı

Gicgahına sıxdığı

güllənin

girdiyi dəlikdən

qan və ilik əvəzinə

taxta ovuntusu və talaşa töküldü dışarı.

Ömrü boyu başqalarının

ona taxdığı ayamanın

doğruluğunu

ölümüylə

bir daha isbatlamışdı o.

Dayanar, ya dayanmaz?

Yox,

ürəyim bu dərdə

dayanmaz...

və dayanar...

İnsult

Nahaq danışdığını

və nəyi niyə dediyini,

hansı ləkəni kimə və niyə yaxdığını bilməyən adamın

günlərin bir günü

daha nə danışdığını özünün də bilməməsi

tamamilə haqqdır,

müstəhəqdir.

Senzuraya etiraz

Qısqanc senzor

yoxladığı bu yazının

“O, gözəl insandır” başlığındakı

“gözəl” sözünün üstündən

qırmızı qələmlə və aşkar qısqanclıqla

qalın bir xətt çəkib.

Daha bu cümlədən geriyə nə qaldı ki?!

Barı o,

“insan” sözünün

böyük hərflə yazılmasına izn verəydi?..

Lazım gəlsə...

Əgər Lazım gəlsə,

ona qoşulub, hamıdan qisasımızı alacağam.

İşdir, Lazım gəlməsə,

onda mənlik bir iş qalmayacaq.

Qoy hər kəs

başının çarəsini özü qılsın

və məndən daha heç nə ummasın.

Qarğışdakı alqış

Hal əhli bir dostuma:

“Səni görüm, ölmədən... öləsən!” dedim gülümsəyərək.

O da razılıqla başını tərpədib, mənə təşəkkür elədi.

Yanımızdakı üçüncü

və... qafil adam buna heyrətləndi:

“Sənə qarğış yağdırana necə minnətdarlıq edirsən?!”

Sufi dostum yenə gülümsünərək:

“O deyim sizlərə görə qarğışdır.

Ariflərə görə isə...

ən böyük alqışdır” dedi.

Kopyalama makinası

Üç dəfə ərdə olan bu qadın

birinci kişidən üç,

ikincidən iki,

axırıncıdan isə bir uşaq doğub.

Görünən odur ki,

yaşlandıqca

verdiyi balaların da sayı azalıb.

Ancaq olaydakı önəmli məqam bu deyil,

odur ki,

fərqli kişilərdən doğduğu övladların hamısı

- inkubatordan çıxan cücələr kimi -

ancaq özünə bənzəyir.

Sanki qadın

öz-özünü klonlamaqla girinc imiş.

Eynilə kseroks makinası kimi çalışırmış –

bədənindəki “Doğ” düyməsinə

basanın kimliyindən asılı olmayaraq,

ancaq öz surətini çıxarırmış...

Rübai

Bülbül saydıqlarım ley çıxdı yenə,

Su gəzdim, qarşıma mey çıxdı yenə.

Fanidə hər kimə bel bağladımsa,

Şeyin şey etdiyim şey… çıxdı yenə.

https://www.facebook.com/azadyasharofficial

# 5805 dəfə oxunub

Oxşar xəbərlər

İsveçrədə yazıçı olmaq çətindir, yoxsa Azərbaycanda?- Əli Zərbəli

İsveçrədə yazıçı olmaq çətindir, yoxsa Azərbaycanda?- Əli Zərbəli

12:00 3 aprel 2026
Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

14:30 2 aprel 2026
"Qadın yazıçılarımız bu mövzulardan yazmalıdır!" - Ulucay Akif

"Qadın yazıçılarımız bu mövzulardan yazmalıdır!" - Ulucay Akif

14:15 2 aprel 2026
Unudulmuş Nobel mükafatçısı - Onun yaradıcılığı hansı kriteriya üzrə qiymətləndirilmişdi?

Unudulmuş Nobel mükafatçısı - Onun yaradıcılığı hansı kriteriya üzrə qiymətləndirilmişdi?

14:00 2 aprel 2026
Rəssam olmaq istəyən,  ali təhsilsiz məşhur yazıçı - O, hansı romanı  üçün mədənlərdə fəhlələrlə görüşmüşdü?

Rəssam olmaq istəyən, ali təhsilsiz məşhur yazıçı - O, hansı romanı üçün mədənlərdə fəhlələrlə görüşmüşdü?

12:00 2 aprel 2026
"Bu insan mənə tanışdır..." - İnandıra bilərsinizmi, Nigarı üçün bənövşə yığmağa getməyib Rəsul Rza?

"Bu insan mənə tanışdır..." - İnandıra bilərsinizmi, Nigarı üçün bənövşə yığmağa getməyib Rəsul Rza?

15:00 1 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər