Stalinin bığlarına lağ edən yazıçı

Stalinin bığlarına lağ edən yazıçı
24 dekabr 2012
# 12:51

Andrey Platonov rus nəsrində ən çox sevdiyim yazıçılardandır. Yadımdadır, bir neçə il bundan öncə “Xəzər” jurnalında bu böyük yazıçının haqqında yazılmış donosları oxumuşdum və uzun müddət özümə gələ bilməmişdim.

Onu hekayələrindən sevmişəm, sirli-sehrli realizmi ilə adamı ovsunlayan hekayələrin təsirindən çıxmaq mümkün deyil. Platonovu ilk dəfə oxuduğum vaxtdan uzun illər keçməsinə baxmayaraq, o hekayələrin havası hələ də mənim içimdə uşaqlığımın doğma, uzaq işığı kimi ip-isti qalıb.

Amma içimdən hələ onun nəsri haqda yox, həyatı, taleyi haqda yazmaq istəyi keçir. Hamının tanıdığı yazıçı Platonov haqda yox, öz əqidəsini, vicdanını satmayan qürurlu insan, güclü şəxsiyyət barədə danışmaq istəyirəm.

Arxiv materiallarına göz atdıqda yazıçının yan-yörəsindən çuğulçuların, donosbazların heç vaxt əskik olmadığını görürük. Kimlərsə, Platonovu “tərbiyələndirmək” istəyirmiş, onun isə bir cümləlik cavabı dövrün ümumi mənzərəsini açıq-aydın göstərir:

“Mən tərbiyələndirməyin əleyhinə deyiləm, amma bizdə adama başını bədənindən qoparmaqla tərbiyə verirlər”.

Stalin onun haqqında “axmaq, sarsaq, yaramaz” ifadəsini işlətmişdi. Sovet quruluşunun bütün mənfi cəhətlərini açıb göstərən yazıçı məqsədli şəkildə sovet cəmiyyətindən kənarlaşdırılmışdı, ona qarşı sözün əsl mənasında mənəvi terror həyata keçirilirdi.

Bir dəfə hansısa toplantıda Platonov deyib: “Rəhbər hamı ola bilər. Bunun üçün gürcü bığı becərib alovlu nitqlər söyləmək kifayətdir”. Məncə, yazıçının kimi nəzərdə tutduğunu izah etməyə ehtiyac yoxdur. Təbii ki, o, bu sözlərin cəzasını alırdı, cəsarətinin bədəlini ödəyirdi. Əsərləri yasaq olunmuşdu, maddi məhrumiyyətlər, mənəvi qadağalar onu məngənə kimi sıxırdı. Amma Platonov əqidəsinə, ədəbi vicdanına heç vaxt xəyanət etmədi. Ölənəcən Stalinin bayrağı altından keçmədi.

1935-ci ildə yazıçı “Aleksandr Makedonskinin zabiti” adlı bir roman yazırmış. Özü əsərin çap edilib-edilməyəcəyi haqda suala belə cavab verir:

“Çap nədi, axı bu əsər istibdada qarşı yönəlib. O dəqiqə indi bizdə baş verənlərlə müqayisələr aparıb təzədən üzərində işləməyə başlayacaqlar”.

Amma Platonovun ailəsinə bir qarın çörək pulu tapa bilməməsi haqda şikayəti ürək göynədən bir faktdır. O, deyirmiş ki, “səhərdən axşamacan işləyirəm, amma bununla belə yenə də ailəmə hardan bir qarın çörəkpulu tapacağım haqda fikirləşməli oluram”.

Sadəcə, dəhşətdir! Təsəvvür edin, bu sözləri dünya nəsrinə “Çevenqur”, “Can” kimi nəhəng əsərlər bəxş etmiş böyük yazıçı deyir! Yadımdadır, bu cümlələri oxuduqdan sonra ədəbiyyat haqqında xəyallarım yerlə bir olmuşdu, düşünürdüm ki, o boyda nəhəng yazıçı gör nə gündə yaşayıb?! Bu adamı cəmiyyətdən təcrid edib bir küçəyə qısnayıblar, o, acından ölməmək üçün dalandar işləmək məcburiyyətində qalıb... Yenə də iradəsi sarsılmayıb bu adamın!

Bu günlərdə “Can” povestini oxudum və bir daha belə qənaətə gəldim ki, “Can” rus nəsrinin şah əsərlərindir. Güclü tufan, qasırğa dənizin dibini üstünə qaldırdığı kimi xalqların həyatında baş verən sarsıdıcı, təlatümlü, hər şeyi kökündən dəyişməyə qadir hadisələr də onun tarixinin, həyatının çox-çox dərin qatlarına sirayət edir və çoxdan unudulmuş dərdi, kədəri də üzə çıxarır. Can – xoşbəxtlik axtaran ruh deməkdir. Sarı-Qamış, Üst-Yurd rayonunda, Amudəryanın deltasında müxtəlif xalqlardan ibarət azsaylı köçəri xalq gəzib-dolaşır, o xalq ehtiyac içindədir. Onların arasında türkmənlər, qaraqalpaqlar, özbəklər, qazaxlar, farslar, kürdlər, bəluclar, kim olduqlarını unudanlar var. Əvvəllər həmin xalq Sarı Qamış çökəkliyində yaşayırdı. O xalqın adı yox idi, onlar özlərinə ad qoymuşdular – Can.

Partiya Nəzər Cağatayevi həmin yerə yollayır və ona deyirlər ki, get, həmin xalqı tap, onları çətin vəziyyətdən çıxart. Cağatayev soruşur ki, orda işim nə olacaq? Sosializm?

Katib isə deyir: - Bəs özgə nə olmalıdır? Sənin xalqın artıq cəhənnəmdə olub, indi qoy cənnətdə yaşasın.

Cağatayev həmin cəhənnəmə yollanır və aclıqdan qumu çeynəyib yeyən xalqla birgə həyat uğrunda mübarizə aparır. Can xalqının yaşamaq istəyi, həyat eşqi psixoloji dəqiqliklə, canlı boyalarla təsvir edilib. Əsər oxucunu ekstaza gətirir. Bol həyat fakturası, dolğun obrazlar, nəqqaş incəliyi ilə işlənmiş cümlələr, axıcı təhkiyə oxucunu həyəcanlandırır, əsəri birnəfəsə oxumağa sövq edir.

Əsərdə bir məqam diqqətimi çəkdi. Cağatayev səhrada bir qocayla rastlaşır, ona deyir Lenini tanıyırsan? Qoca cavab verir ki, tanımıram, mən bu sözü bir dəfə yol adamından eşitdim, deyirdi, o, yaxşıdır. Amma mən fikirləşirəm, yox. Əgər yaxşıdırsa, qoy Sarı-Qamışa gəlsin, bütün dünyanın cəhənnəmi burdadır, mən burada hamıdan pis yaşayıram.

Əlbəttə, Leninə pis deyən əsər heç vaxt işıq üzü görə bilməzdi. Məhz buna görə “Can” povesti, eləcə də digər əsərləri yazıçının ölümündən sonra işıq üzü gördü.

“Çevenqur” romanına Maksim Qorki mənfi rəy verdi və əsərin çapı qadağan olundu. Roman 1972-ci ildə Fransada, 1988-ci ildə isə SSRİ-də nəşr olundu.

Yazıçının 15 yaşlı oğlu Platonu heç bir əsas olmadan həbs edib 10 il cəza verirlər. Onun oğlunda qulaq xəstəliyi vardı, kəllə sümüyündə iki dəfə əməliyyat aparılmışdı. Oğlunun həbs edilməsi Platonovu sarsıdır. O, məşhur yazıçı M. Şoloxovdan kömək istəyir. Stalinə yazdığı məktubları rəhbərə çatdırmağı ondan xahiş edir. Oğlunun harda olması haqda yazıçıya heç bir məlumat verilmir. Bu, Platonovun səhhətinə ağır zərbə vurur. Yazıçı oğlunun həbsxanada öldüyünü güman edir. Şoloxov məktubları Stalinə yox, Yejova verirmiş, Yejov isə onları oxumadan zibil qutusuna atırmış...

1943-cü ildə onun oğlu həbsxanada vərəm xəstəliyindən dünyasını dəyişir. O, bu xəstəliyə həbs düşərgəsində yoluxubmuş.

A. Platonov oğlunun ölümündən sarsılsa da sınmadı. O, SSRİ XDİK İdarəsinin məxfi işçisiylə söhbətində deyirmiş:

“Hamı elə fikirləşir ki, mən kommunistlərə qarşıyam. Yox, mən bizim ölkəni məhvə sürükləyənlərə, ürəyimdə müqəddəs bilib qoruduğum şeyləri tapdalayanlara qarşıyam”. Yazıçı daha sonra qeyd edir ki, mən hələ bundan sonra da yazacağam!

“Rus xalqı senzuranın mənim yazdıqlarımdan kəsib çıxardığı, üstündən xətt çəkdiyi, haqqında danışmağa imkan vermədiyi, başı çox əziyyətlər çəkmiş xalqdı”. Bu sözlər də Platonova məxsusdur.

O, çox ağır şəraitdə yaşayırdı. Ömrünün son illərində dalandar işləməyə məcbur olan yazıçı deyirdi: “Mən yazıçıyam və son nəfəsimə qədər, istənilən şəraitdə - komada, çardaqda – harda oldu yazacam”.

O, Stalinin ölümünü və öz əsərlərinin çapını görmədi və cəmi 52 il yaşadı. 1951-ci ilin yanvarın 5-də dünyadan köçdü.

# 2551 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #