Çox oxuyan adamın sayıqlamaları

Çox oxuyan adamın sayıqlamaları
27 iyun 2014
# 14:53

Jan RYBOWİCZ (Yan Riboviç, 1949 - 1990) tanınmış Polşa şairi və yazarıdır. Cəmi 41 il ömür sürsə də, özündən sonra xeyli şeir və hekayə qoyub, haqlı olaraq XX əsr Polşa ədəbiyyatının ən orijinal düşüncə və üsluba malik qələm sahiblərindən biri sayılır. Bir şeirindən seçdiyimiz aşağıdakı misralar onun ironik dünyagörüşü və üslubu üçün son dərəcə xarakterikdir:

Başdanxarablar – bəxtəvərdirlər, çünki hələ bu dünyada ikən özlərini cənnətdə hiss edirlər.

Kulis.Azın təqdim etdiyi “Özünənəzarət” əsəri Yan Rıboviçin dilimizə çevrilən ilk hekayəsidir.

Bu lənətə gəlmiş Yunqun, Ziqmund Freydin sayıqlamalarının, Bilikeviçin, Kempinskinin və o pozitiv dezinteqrasiya üzrə mütəxəssis Dombrovskinin yazdıqlarını, alkoqolu pisləyən bütün broşuraları dalbadal oxudum… Bütün bu mənbələri, o cümlədən müxtəlif psixi pozuqluqlarla bağlı bədii ədəbiyyatı necə dərindən mənimsəmişdimsə, hərdənbir öz-özümdən xəbər alırdım: "Görəsən mən dəli-zad deyiləm ki?"

İlahi pərvərdigara, bu qiraət məni nə kökə salmışdı?! Məsələn, avtobus dayanacağında dayananda gözümün ucuyla digər insanlara göz qoyub, düşünürdüm: "Görəsən mən bunlardan çoxmu seçilirəm?"

Baxaq, görək. Böyrümdəki kişi zahirən xeyli sakit görünür. Əllərini yanlara salıb. Nisbətən irəli qoyduğu sol ayağı yana əyilib, yəni kişi "farağat" komandasında, sərbəst durub… Mən də tez özümü yığışdırıram. Bayaqdan bəri aralı və ağayana qoyduğum ayaqlarımı bir-birinə yaxınlaşdırır, sol ayağımı, eynilə qonşum kimi, sola tərəf olmaqla, bir az irəli uzadıram. Yumruq şəklində düyümlənmiş əllərimi şalvarımın ciblərindən çıxarıb, yanlara salır, boş tuturam. Deyəsən, belə daha yaxşıdır. Əslində isə… Belə iddiasız bir pozaya keçməklə mən görəsən özümü son dərəcə üzüyola və üzüyumşaq, iradəsiz göstərmədim ki? Özüdür ki var! Yox, məndən solda duran bu hərifin duruşu mənə daha çox uyğun gəlir… O, sol ayağını nisbətən irəli qoyub, sol əli yarıyacan pencəyinin cibinə gömülüb, sağ qolu isə dirsəkdən bükülüb və həmin əlinin barmaqları arasında siqaret tüstülənir.

Mən də tez bir siqaret çıxarıb yandırır və qonşumun tutduğu pozanı yamsılayıram. Elə bu an növbəti şübhələr içimi gəmirməyə başlayır. Haradasa oxumuşdum ki, nisbətən yuxarı qaldırılan əl şizofreniyanın hansısa formasının xarakterik əlamətidir. İlahi, yəni doğrudanmı bu xəstəliyə tutulmaq ehtimalım var? Təcili qaydada əlimi aşağı salır, ətrafıma baxınıram. Nə bilmək olar, bəlkə elə bu ətrafımda duranlardan kimsə şizofreniya barədə oxuduqlarına əsaslanaraq, məni bu tip şəxsiyyət ikiləşməsindən əziyyət çəkənlərə aid edib artıq? Üstəlik, hələ siqaret də tüstülədirəm!

Digər qorxunc xəstəliklər hələ bir yana dursun, axı, bu zərərli vərdiş ağciyər xərçəngini də qaçılmaz qılır! Axı, nə vaxt mən bu tütünə düşkünlüyümdən yaxamı qurtaracağam görəsən? Hələlik isə mən… əlimdə közərən siqaretdən yaxa qurtarıram…

Bu vaxt avtobus özünü yetirir. Başqalarıyla itələşməkdən çəkinirəm, axı, hər necə olsa, mən kitablar arasında böyümüşəm. Qapının böyrünü kəsdirib, ədəbi-kamalla hamıya yol verirəm. Bir az da beləcə ləngisəydim, sürücü qapıları üzümə bağlayacaqdı. Son anda imkan tapıb, özümü içəri dürtürəm. İndi də gərək qapıların arasında ilişib qalan pencəyimin ətəyini oradan çəkib çıxarım.

Təxminən qırx yaşlarındakı sarışın bir xanımın yanbızlarına sıxılıb, qalmışam. Bu cazibədar qadının saçlarına vurduğu lakın sərt qoxusu burnumu qıcıqlandırır. İçimdə şəhvət qığılcımlarının yarandığını sezdiyimdən ondan nisbətən aralanmağı, onunla aramda bəlli bir məsafə saxlamağı uyğun bilirəm. Bu yerdə beynimdə bir assosiasiya doğur: Modilyani isə az-çox cazibədar sayılan hər qadınla yatıb-qalxmağa can atırmış!...

Geri çəkilməmə heç bir imkan yoxdur, arxamdakı içkili kişi buna heç cür imkan vermir. Bəlkə o da pedofildir!

Qadından aralanmağa cəhd göstərdiyim üçün vicdanım sakitdir, odur ki, mən çarəsiz qalıb, təkrar qarşımdakı qadına söykənirəm və o ara qabağımdakı şişir. Qadın özünü elə aparır ki, guya bunun heç fərqində deyil. Mən də özümü onun kimi göstərməyə çalışıram!

Avtobus iri bir müəssisənin önündə dayanır. Avtobus boşalır. Aşağı enən qadın məni cəld və mənalı baxışlarla süzür. Üzündə ikrah hissi oxunur. Bunu gözümün ucuyla sezirəm və özümü elə aparıram ki, guya oturmaq üçün bir yer axtarıram, halbuki avtobus artıq tamamilə boşdur. Keçib, ən arxa oturacaqda əyləşirəm. İndi arxamda heç kəs yoxdur, hamı önümdədir. Bu cür təhlükəsiz durumları sevirəm mən!

Az sonra fərqinə varıram ki, dua oxuyan ksendz (katolik rahib – A.Y.) kimi əllərimi bir-birinə çataqlamışam, boş barmaqlarımı isə qarşılıqlı toxunmasınlar deyə, dairəvi hərəkət etdirirəm. Əlüstü digər sərnişinlərə nəzər yetirirəm. Onların heç biri əllərini mənim kimi tutmayıb! Yəqin mənə göz qoyanlar düşünür ki, fanatik dərəcədə dindar olduğumdan artıq mən ictimai yerlərdə də dualar oxumaqdan çəkinmirəm!

Əgər ahıl yaşda, şikəst və ya dini qiyafədə birisi olsaydım, bəlkə bu hərəkətimə birtəhər haqq qazandırmaq mümkün idi. Ancaq bunların heç biri mənim üçün keçərli deyil. İyirmi səkkiz yaşında və buğa kimi sağlam bir kişi xeylağıyam. Qiyafəm də başqalarınınkından sən deyən fərqlənmir…

Bəli, buradakı heç kəs əlini mənim kimi tutmayıb! Bir saniyə də keçsə, mən bunu ucadan deyəcəyəm!

Yaxşı, bəs onlar əllərini necə tutub, axı? Kim isə bir əliylə digərini tutub. Buna görə mən də belə edirəm.

Ancaq bunun nəyi əvvəlkindən yaxşıdır ki? Kim isə əliylə oturacağa dayaq verib. Mən də elə edirəm… Bir başqası əllərini qoynunda çarpazlayıb. Mən də belə edir və növbə ilə hamını birbəbir yamsılayıram…

Durğuzduğum bütün bu hoqqalar sayəsində, ən nəhayət, mən sərnişinlərin (hamısının olmasa da) böyük qisminin diqqətini özümə cəlb edirəm. İndi də bilmirəm ki, gözlərimi haraya zilləyim. Mənə dikilən sırtıq baxışlardan canımı qurtarmaq üçün bütün diqqətimi pəncərənin o üzündəki mənzərələrə kökləməyə başladım. Buna rəğmən, çevrəmdəkilərin xısın-xısın, istehza dolu hırıldamaları diqqətimdən yayınmırdı! Qəfildən fərqinə vardım ki, dodaqaltı nə isə mızıldanıram və deyəsən, bunu bayaqdan bəri edirmişəm. Görəsən bu hərəkətimi də çevrədəkilər sezibmi?

Ətrafıma nəzər salım, ya yox? Yox, heç hara baxmayacağam! Əgər əvvəlki kimi gözlərini mənə zilləyiblərsə, guya buna qarşı əlimdən nə gələcək ki? Gərək özümü tox tutum, guya heç nə olmayıb, guya heç nə olmayıb, guya heç nə… Guya ki, mən fikir-xəyal aləminə dalmışam, öz hisslərimə qapılmışam, hansısa cəncəl bir işdən baş çıxarmağa can atıram, lənət şeytana! Yaxşı, bəs elə isə niyə sağ əlimin barmaqlarıyla diz qapağımı döyəcləyirəm?...

Bəxtimdən dayanacağa çatırıq. Heç nəyə məhəl qoymadan özümü avtobusdan dışarı atmağa tələsirəm və deyəsən, o sırada qarşıma çıxan ahıl bir kişini də yıxıram. Geriyə qanrılmadan, qanıqara halda, dəlici baxışlarımı səkiyə zilləyərək, avtobusun hərəkət istiqamətinə paralel şəkildə evimizə tərəf yönəlirəm. İrəlidə hələ beş dayanacaqlıq yolu qət etməm gərəkdiyi də vecimə deyil! Əsas məsələ – avtobusdan enmək idi! Çünki oradakılar artıq mənə havalanmış biri kimi baxırdılar…

Guya bu çevrəmdəkilər mənə elə baxmır ki? Ehtiyatla gözlərimi yerdən qaldırıb, şübhə ilə böyür-başımdan keçənlərə, onların üz ifadələrinə nəzər salıram… Bu cavan oğlan öz iyrənc gözlərini niyə mənə zilləyib görəsən? Baxışlarımı endirirəm. Daha üç addım atıb, geri qanrılıram ki, görüm, o yaramaz dönüb, arxamca baxacaq, ya yox? Ta qələbəliyə qarışana qədər durub, ona göz qoyuram. Yox, heç geri qanrılmır o. Bəs onda bayaq mənə niyə elə baxırdı?

Yoldan keçənlər məni itələyirlər. Səksənərək, yoluma davam edirəm. Bəs o cavan oğlan məni niyə elə süzürdü, axı? Sanki qarşısındakı başdanxarabın biriydi?

Mənzilimə girib, qapını arxadan açarla bağlayır, pencəyimi divanın üstünə atıb, uca səslə deyirəm:

- Salamlar! Yəqin məndən ötrü yamanca qəribsəmişdiniz?

Bunu kimə və niyə dediyimi heç özüm də bilmirəm.

Kimə deyəcəyəm ey: masaya, stullara, kitablarıma, çay dəmlədiyim çaydana… Hər şeyə!

Bəs onda niyə deyirəm?

Elə belə. Bəlkə öz evimdə bunu etmək üçün də kimdənsə izn-zad almalıyam?!

İçimdəki o başqasını sakitləşdirməkdən ötrü özümə deyirəm: "Sakit ol! Sakit ol!" İçimdə uyuyan o dılğır varlıq daima beynimin altını-üstünə gətirir, keçmiş günlərimi lent kimi elə hey gözümün qabağına gətirir, şeirlər, hekayələr, cürbəcür şeylər uydurur, yazacağım kitablarla bağlı xəyallar qurur.

Otağın tən ortasında dayanıb, karıxmışam: "Axı, mən neyləmək istəyirdim?" Yaddaşımı canlandırmağa çalışarkən, əlimi havada yelləyir, sanki bu yolla onu, o başqasını sakitləşdirməyə çalışıram. Tapdım: çay içmək istəyirdim!

Görən hər gün mən neçə stəkan çay içirəm? İyirmi, ya otuz? Elə stəkanı-stəkana, siqareti-siqaretə calayıram. Hələ də diri olmam isə əsl möcüzədir. Ancaq onu da hələ dəqiq bilmək olmaz: bəlkə də böyrəklərimdə xeyli daş yığılıb, ya da xərçəng və ya başqa bir xəstəlik artıq canımın qəsdinə durub? Haradan bilim ki, ey bunu?!

https://www.facebook.com/azadyasharofficial

# 4841 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #