Uşaqlar yatandan sonra…

Uşaqlar yatandan sonra…
3 iyun 2014
# 10:18

Kulis.Az gənc yazar Fərid Hüseynin “Uşaqlar yatandan sonra…” hekayəsini təqdim edir.

Rüzgarın ruzi gətirən vaxtında da, qışın oğlan çağında da, yayın nəfəs kəsən istisində də gecə yarı Elşəngilin bizə bitişik otaqlarından bu sözləri eşidərdim:

“Uşaqlar yatsın soora...” Bu sözlər dəyişərdi bəzən: “Eləmə, əlüü çək, ayıbdı, uşaqlar yatsın soora...” Yaxud: “Tələsmə, qoy uşaqlar yatsın...”

Bir həyət evində bitişik otaqlarda kirayə qalırdıq, onların otağının nəfəsliyi mən qalan otağa açılırdı, istədim, istəmədim nə danışsalar qulağım alırdı. Bayaq dediyim “Uşaqlar yatsın soora” kimi söhbətlərdən az keçmiş, adətən, Elman durub oğlanlarına təpinirdi:

– Dərsinizi oxumusuuuz? – Uşaqlara, görəsən, təəccüblü gəlmirdi ki, atamla anam bir-birinə yavuqlaşan kimi atamı elə bil cin buyurur ki, dur bunlardan dərsini soruş?!

Bu məşum sualdan sonra İlqarla İlkinin səsi gəlmir, bütün günü küçədə onun-bunun velosipedini sürən, həyətlərə top tolazlayıb, sonra da top düşən həyətlərdə “ay xala”, ya da “dayı, dayı, topumuz düşüb e, götürmək olar” deyə zarıyan bu uşaqların dərs oxumaqla qəti arası yox idi, kitab görəndə elə bil qutuda ilan görürdülər. Uşaqların dərs oxumadığı üzə çıxanda Leninin “oxumaq, oxumaq, yenə də oxumaq” kəlamını Elşən ucadan uşaqların yadına salır, sonra da özünü çoxbilmiş göstərmək üçün deyirdi:

– Leninin o sözü var ha, onu peyğəmbərimizdən götürüb də, peyğəmbər də deyib ki, “beşikdən qəbrədək elm öyrənin”. – Uşaqlar Lenini tanımırlar deyə, heç nə demir, ancaq peyğəmbərin adını eşidən kimi, dillənirdilər ki, o fikri bilirik, məktəbdə hansı mərtəbədəsə divara yazıb vurublar. Təsvir etdiyim səhnə o qədər tanışdır ki, sol əllə də, sağ əllə də yazsam demək istədiyim mətləbdən sapmaram. Beləcə, dərs məsələsi evdə haqq-hesab olunan kimi, uşaqların yuxusu gəlir, o dəqiqə başlarını atıb yatırdılar. Vələdüzzinalar üzü divara paltarların çıxardanda Elşənin səsindəki şənlik qulağıma çatırdı: “Südabə, dəymə, qoy yatsınlar, ancaq tezdən ikisini də durğuzub dərslərini soruşacam”.

Yəqin ər-arvad bir-birinə him edirdilər. Uşaqların səsi kəsilən kimi köhnə taxtlarının “xırçıltı” səsi eşidilirdi. Südabəylə Elşənin sevişməsinin səsini bu sınıq-salxaq yataq elə ağrıyla ifadə edirdi ki... Hərdən də eşidirdim: “Oy, yavaş, uşaqlar oyanacağ, bu dəyqə”. Gecənin səssizliyi və yazı masamın onların otaqlarının nəfəsliyinə yaxın olması qonşularımın bütün yataq macəralarını eşitməyimə gen-bol imkan yaradırdı. Nədənsə mənə elə gəlirdi ki, bir yataqda ayaq-baş yatan (axşamlar çay içməyə keçəndə görmüşdüm) İlkinlə İlqar bu səsləri eşitdikcə yerlərində qımışırlar, ancaq heç biri gözünü açmır və İlqara elə gəlir, İlkin, İlkinə elə gəlir, İlqar yatıb. Beləcə illər keçib...

Bu cür gecələrdə yataq ləhləşməsindən sonra qapının əzablı səsindən bilirdim ki, Elşən küçəyə çıxır siqaret çəkməyə. Mən də siqaret qutusunu götürüb küçəyə çıxırdım ki, guya yuxum ərşə çəkilib. Salamlaşandan sonra üz-gözündə ehtirasın yorğun rahatlığı olan, həyat suyu içmiş Xızırtək arxayın görünən, ancaq alın qırışlarında fələyin gərdişindən izlər qalan idman geyimli Elşənlə küçədəki qaz trubasının üstündə oturub dərdləşirdik. Ən çox verdiyi sual da bu idi:

– Bu ayın kirəsini vermisən?

“Yox” deyəndə sevinirdi, düşünürdü ki, bu göyün altında, yerin üstündə ondan da bədbəxt bir adam var və bircə adamlıq evin kirayəsini də vaxtlı-vaxtında ödəyə bilmir. Aldığı cavabdan bir az “oxqay” deyiləsi rahatlıq keçirəndən sonra gözə gəlməkdən qorxan adamlar kimi gileyinin üstünü düzəldirdi:

– Sənə nə var e, bir şeyindi, bir boğazın. Biz dörd nəfər sığınmışıq bir darısqal otağa, uşaqların yanında paltarlı yatmaqdan bezmişəm, günü-gündən böyüyürlər, bir də görəcəm boyları boyuma çatıb, ortada da bir şey yox! Erməninin var-yoxuna lənət! O boydana ev-eşiyimiz vardı! – Suçəkən kağızın üstünə dağılmış mürəkkəb kimi onun canına hopmuş bu ağrı-acı ancaq tapdığın vaxt qiymətli görünən əşya təki məni bir anlıq təsirləndirir, sonra da gəncliyə xas laqeydliyimin içində əriyib itirdi. Mən qaçqınlıq görməmişəm, o ağrılar mənə televizorun rəngli ekranındakı köhnə kadrlardan çatıb. O dərdləri öz dərim sayaq hiss eləməmişəm.

Elşən “Mirzəhüseyn segahı” ahəngində dərdini-qəmini siqaret tüstüsü kimi havaya buraxdığı belə gecələrdə bəzən 2-3 saat söhbətləşər, axırda eyni cür ayrılardıq: Elşənin telefonuna “vızov” gələrdi, o da “Arvad trevoqa verir” – deyib, şalvarının arxasını çırpa-çırpa sağollaşırdı. Səhər tezdən uşaqlar oyanmamış yuxudan kal qalxan Elşən gözlərini ovxalaya-ovxalaya işə gedir, bir də axşam qayıdırdı.

***

...Rayona toya getmişdim. Toy təzə başlamışdı, amma qonaqlar başını yuxarı qaldırmadan Allah verəndən eşirdilər:

– Ə... o ləpəni bəri gətir, subayların yanına qoyma. – Ofisiant toyun şirin yerində gülüş səsinin ahəngindən qızara-qızara ləpəni qonşu Ələddinin yanına qoydu. Ələddin ofisiantın qolundan tutub bir az da ucadan gülə-gülə dedi:

– Bizim evdə köhnə də olsa arvad var, ləpədən yeyib canımızı qoymağa bir yer tapacoğ. Subaylara ləpə yedizdirib üzü axşama buları dağa-daşa salma! – Süfrə başında əyləşənlər bu sözlərə güləndə Ələddin ağzına kişmiş atıb iri göbəyini yellədə-yellədə güldü, iri qarnı dama-dama göy köynəyini daha da tarım çəkdi, yenə dilini dinc qoymadı:

– Ay bala, bu ləpənin kişmiş olan tərəfini niyə mənə sarı qoyursan, iranlıyam bəyəm? Ofisiant ləpə tökülmüş qabın qoz-fındıqlı tərəfini Ələddinə səmt çevirəndə mən oynayan kök xanımlara baxırdım. Ələddin araq rumkasını başına çəkib limon dilimini ağzına qoyanda nədənsə gözünə xoş dəymədim:

– Qardaşoğlu, gözün hamısını görə bilir? Görmürsənsə uşağı yollayım kabinetdən lupanı gətirsin? – Ələddin kimya müəllimi idi. Deyilənə görə, dərsi bilməyən qızlara kürəyini ovdurar, oğlanlarasa siqaret aldırarmış. Yekə başındakı bütün tüklər ağ idi, üz-gözü qırışmamışdı, qocalığı, müdrikliyi ancaq saçlarında idi.

Hamının başı yeməyə, oynayanlara qarışmışdı. Bir də gördük, tamada qonşuları tərifləyə-tərifləyə oynamağa, xeyir-dua verməyə çağırır. Hamılıqla qalxıb musiqiçilərin yanına getdik, Ələddin mikrofonu götürüb bəs deyincə danışdı, iri cüssəsiylə müqayisədə mikrofon əlində diş çöpü kimi görünürdü. Ələddinin xeyir-duasından sonra türk sazının sədaları altında “Yanıq Kərəmi” mahnısına oynayıb qurdumuzu öldürdük. Qayıdanda gördük, ofisiantlar yemək-içməyimizi yığışdırır. Ələddinin gözü kəlləsinə çıxdı:

– Ə... biz gedən kimi nə daraşmısınız süfrəyə? Ay əzrail aparsın sizi! Dədəmin adı haqqı bu dəyğə qan salaram burda. – Ofisiantlar gülüşə-gülüşə getdilər, bir azdan dolu boşqablarla qayıtdılar və yeməyi Ələddin oturan tərəfdən paylamağa başladılar. Ələddin ağzına basdığı çörəyi çeynəyə-çeynəyə Tok Musanın arvadının oynamağına baxdı. Sonra yenə gülməli bir söz tapıb kefimizi açdı:

– Musa ingilislərin yanında işə girəndən arvadın dalı yekəlib!

Doğrudan da, rayonda məşhur montyor kimi tanınan Tok Musanın arvadının yanı çox biədəb görünürdü. Biz qonşular gülüşüb dayanan kimi yanımda əyləşən iki qonşu icazə istəyib qalxdı. Adətən, Ələddin müəllim olan süfrədə heç kəs danışmır, çünki hamı onun məzəli söhbətlərindən ləzzət aparır. Bir azdan Tok Musa restoranın qapısından məzlum-məzlum içəri girdi, saçları tamam ağarmışdı. Ələddin söz tapdı yenə:

– Bədbəxt oğlu nə günə qalıb ə... Bunu saçı ağardıqca arvadının da dalı şişir. – Mən qonşu Razidən siqaret istəyəndə bu dəfə də Ələddinin qəzəbinə tuş gəldim:

– Qardaşoğlu, Bakıda səni görən olmur, amma rayona gələndə, cəhənnəm cibinə siqaret qoy, heç çəkmə, gedəndə apar dükana qaytar, ancaq qoy sənin də siqaretini görən olsun. – Ələddinin əzilə-büzülə dediyi sözlərə qonşular güldülər, onsuz da, bayaqdan sağa-sola söz sancan Ələddinin məni də sancacağı gözlənilən idi. Bu dəm telefonuma “xazayka”dan zəng gəldi, çölə çıxıb “alo” deyən kimi salamsız-kalamsız telefonun o başından qışqırdı:

– Üzünə xeyir xəbər, Elşənin uşaqları yol keçəndə maşın vurub. Durma, gəl, bizdən başqa heç kimləri yoxdu, çadır-filan quraq küçədə. – İlqarla İlkinin həmişə əl-ələ tutub yolu keçmələri gözümün qabağına gəldi...

Dəli kimi avtovağzala qaçdım.

***

Tüpürüm ömrün-günün vəfasına!

İlqarla İlkinin ölümündən üç il keçib, ancaq üç il adamın dilində dünən kimi səslənir. Elşəni heç vaxt kasıblıqdan indiki kimi sınıq gəzən görməmişdim, görünür, torpağın soyuq üzü onun canındakı bütün istiliyi çəkib aparıb. Elşən damarı boş adam deyildi, ancaq dərdin ağırlığına veriləsi çiyni yox idi. Hərdənbir danışıb-güləndə gözlərinə baxırdım, bir vaxtlar gözünün içindəki parıltıdan nəsə qalmışdı, ancaq o nəsə onunla üzbəüz dayanan mənə göylər qədər uzaq görünürdü. Özü də üzündəki dərd pünhan dərd deyildi, elə bil dərd özü dilə gəlir, adamla sinə-döş olub deyirdi: “Allahdan gizlin olmayanı səndən nə gizlədim”.

Elşən dərdini susurdu, danışmaqla xoşu yox idi, ancaq fikirləri başından qovmaq da istəmirdi. Elə bilirdi ki, bu dərdi onun əlindən alsalar o dəqiqə ölər. Bəzən Südabə evdə olmayanda otaqlarına girib görürdüm ki, dizlərini uşaq kimi qucaqlayıb, miləmil yorğanı da üstündən yerə atıb, gözlərini də möhkəm yumub... Daş kimi yatsa da, bircə çağırışıma oyanırdı.

Südabə Elşəni tək qoymamağı tapşırardı mənə, harasa gedəndə otağımın qapısını döyüb yavaş səslə deyərdi ki, fikirli olur, bəzən ağlayır, bizə keç, həyan ol mən gələnəcən.

Uşaqlar öləndən sonra ayağımı onlardan heç kəsmədim. Ancaq görkəmlərindəki naümidlikdən, gözlərində itkin düşən həyat eşqindən başa düşürdüm ki, onlar “Niyə belə oldu” deyə özlərinə cavabsız bir sual verir, o sual tüstü kimi burula-burula bütün sinələrini göynədir və ən əsası, dərdlərinə qarşı günü-gündən barışmaz olurdular. Onların dərdinə təsəlliylə yaxın düşmək olmazdı. Bunları belə görəndə yadıma dostum öləndə atasının dediyi sözlər düşürdü: “Adam oğraşlığı da boynuna alar, ancaq bala dağı ilə barışa bilmir...”.

İndi onların gönüqalın, dişbatmaz dərdlərinin qarşısında mənim sözlərim cığara kağızı kimi nazik və yararsız görünürdü. Münasibətlərindən hiss edirdim ki, onlar bir-birinə ağrı verməmək üçün hərəsi öz qəlbinin dəyirmanında ağrısını üyüdür və dinməz olduqca biri-birindən zəmin-asiman qədər uzaqlaşırlar. Bəzən Elşən işdə olanda Südabə uşaqların paltarların yuyub sərərdi, paltar yuya-yuya dilinin altında elə qüssəylə zümzümə edərdi ki, Yəzid eşitsəydi qılıncı salardı.

Heç nə dəyişmir, ötən günlər ananın ağrısını azaltmır. Südabə gecə də, gündüz də taxtda oturub ağlayır:

– Körpə İlqarım lay-lay, körpə İlkinim lay-lay… – Südabə ağladıqca istər-istəməz tərpənir, taxtın “Xırçıltı” səsi yenə eşidilir. Bütün günü işləyib evə yorğun gələn Elşən Südabənin ağlaşmasından, ağlamaqdan batmış səsindən ona yavuqlaşa bilmir, çörəyini yeyəndən sonra əksər vaxt məni çağırır – nərd oynayırıq. İlqarla İlkinin yatağı boşdur, ancaq döşəklər hündürdür deyə, nədənsə mənə elə gəlir ki, yatıblar. Elşən məni ona görə çağırır ki, Südabə mən onlarda olanda ağlaya bilmir, utanır. Biz bir-iki oyundan sonra bütün dünyanı unuduruq, səs-küyümüz aləmi bürüyür, udan şaqqanaq çəkir, uduzan deyinir. Bilmirik, səsimiz Südabənin başına düşür deyə, yoxsa gülüşməyimizdən paxıllanırmı-nədi qəfil elə söz deyir, ağzımızda dilimiz yanır:

- “Nədi, yavaş çırpın o zibili, uşaqlar yatıb! – Əslində, Südabənin dediyi cümlədə “uşaqlar yatıb” sözləri yoxdu, ancaq biz eşidirik.

# 4413 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #