Tolstoyun sperması satışdadır

Tolstoyun sperması satışdadır
1 dekabr 2012
# 08:15

“Bütün xoşbəxt ailələr bir-birinə oxşayır, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir”. “Anna Karenina”nın birinci cümləsi heç şübhəsiz ədəbiyyat tarixinin ən yaxşılarındandır. Əsərin müəllifi, dahi yazıçı Lev Tolstoyun ailə və evlilik baxımından bəxtinin gətirib-gətirmədiyini müəyyənləşdirmək bir az çətindir.

Hazırda 300-dən çox insan məhz Tolstoy və Sofiyanın qanını daşıyır və bu il onların evliliyinin 150-ci il dönümüdür.

Bu il yazıçının dünyanın dörd bir yanında yaşayan nəticələri, kötücələri Yasnaya Polyanaya – Tolstoyun evinə yığışıblar. Hazırda həmin ev muzey kimi fəaliyyət göstərir. 1994-cü ildən muzeyə rəhbərlik edən kötücə Dmitri Tolstoy bu il prezident Putinin mədəni məsələlər üzrə məsləhətçisi vəzifəsinə təyin edilib və muzey Mədəniyyət Nazirliyinin əmri ilə onun həyat yoldaşı Yekaterina Tolstayaya həvalə edilib.

Sofiya Bers kim idi?

Tolstoyun həyat yoldaşı Sofiya Bers həyatını tamamilə ərinin yaradıcılığına və övladlarına həsr etmişdi; o, yazıçının köməkçisi, katibəsi idi. 13 övlad dünyaya gətirmişdi. Bəziləri onu Tolstoyun yaradıcılığına maneçilik törətməkdə günahlandırsalar da Sofiyanın xidmətlərini heç cür unutmaq olmaz; “Hərb və sülh” əsərini 6 dəfə üzündən köçürmək həqiqətən ağır və məsuliyyətli iş idi.

Tolstoyun rus dilini bilməyən nəticəsi

Hazırda Tolstoy ailəsinin 370-ə yaxın üzvü var. Nəslin ən balaca nümayəndəsinin – Tolstoyun yadicəsi (7-ci nəsil) Diana Aminatanın 5 yaşı var.

Yazıçının 13 övladından 7-si dünyasını heç bir iz qoymadan dəyişib, digər 6-sı isə nəslin əsas davamçılarıdır. Tolstoy irsinin birləşməyində ən çox əməyi olan kötücəsi Dmitri Tolstoydur. O, ailə üzvlərini bəzilərini Facebook vasitəsilə, bəzilərini də uzun axtarışlardan sonra tapıb.

Məlum olub ki, Tolstoyun Amerika, İtaliya, Uruqvay, Fransa, Serbiyada davamçıları var. Kötücə Tolstoy qohumlarını tapmaqdan məmnun olduğunu vurğulamaqdan yorulmur: “Bu yaxınlarda Argentinada festivalda idim. Uruqvaydan əmim Saşa Tolstoy gəlib iki gün mənimlə qaldı. İki aydır ki, Amerikada yaşayan bibim Tatyana Pinkrat Yasnaya Polyanaya gəlib. Ailə şəcərəmiz haqqında kitab yazır. Təzəlikcə italyan bibim Marta Albertini köhnə çemodanından anasının və nənəsinin rusca məktublarını tapıb.

İndi rus dilini öyrənir ki, məktubu oxusun. İtalyan bibim qızı isə Oksford Universitetində rus dili fakültəsinə qəbul olunub, Yeroslavlda rus dilini öyrənir. Fransada olanda ordakı qohumlarımızla da görüşdüm. Görüşə bilmədiklərimlə Facebookda danışıram. Bütün ailəmiz birləşib. İldə ən azı iki dəfə - Tolstoyun doğum və ölüm günlərində Yasnaya Polyanada görüşürük. Maraqlı hadisələr danışır, kitab oxuyur, oyunlar oynayırıq. Tolstoy bizi belə görsəydi, çox şad olardı”.

Dmitri Tolstoy maraqlı bir hadisə də danışır: “Ulu babamın qardaşı Nikolay özündən bir “yaşıl çubuq” əfsanəsi uydurmuşdu. Guya bu çubuğun üzərində xoşbəxtliyin sirri yazılıb, özü də hansısa dərədə basdırılıb. Bu çubuğu tapan ömrünün axırınacan xoşbəxt olacaq və bütün müharibələri dayandıracaq. Tolstoy da bu əfsanəyə inanırdı. Hətta belə bir hekayəsi də var. Deyilənə görə, özünün bu çubuğun yerində basdırılmağını istəyirmiş”.

Dmitri Tolstoyun babası İlya və babasının qardaşı Oleq II Dünya Müharibəsindən sonra Serbiyadan Rusiyaya qayıdıblar. Qayıtmasaydılar, yəqin ki Tolstoy irsi əriyib gedəcək və Yasnaya Polyanadakı ev sahibsiz qalacaqdı. İndi onun ailəsi muzey yaxınlığında yaşayır. Onun birinci evlilikdən iki qızı – Anastasiya (28 yaş) və Yekaterina (25 yaş), ikinci evliliyindən iki oğlu – Andrey (16 yaş) və İvan (14 yaş) var. Qızlarından Anastasiya hazırda İngiltərədə yaşayır, Oksford Universitetində Rus ədəbiyyatı üzrə doktorluq təhsili alır. Yekaterina isə “İncəsənət tarixi” faküləsini bitirib, Moskvada yaşayır. Oğlanları isə hələ məktəbdə oxuyur.

Yazıçının digər məşhur davamçıları:

Televiziya aparıcısı – Fyokla Tolstaya

“Xalq artisti”, “Xəbərlər” verilişlərinin aparıcısı olmuş Fyokla Tolstayanın əsl adı Annadır. Fyokla uzun müddətdir ki, tanınmış rus soyadlarının daşıyıcıları haqqında “Böyük sülalər” adlı filmin çəkilişləri ilə məşğuldur: “Tolstoylar filmdə yoxdur, onlar üçün ayrıca film çəkmək lazımdır. Elə adı da “Tolstoylar” olsun. Çoxdandır ki, belə bir ssenari üzərində düşünürəm”.

Fyoklanın dediyinə görə, babası İlya (Tolstoyun nəvəsi – G.Ə.) müharibədən qayıdandan sonra Yasnaya Polyanadakı evlərindən “lazımsız” əşyaların atıldığını görüb: “Gedib zibilxanadan evin köhnə qazan, stəkan, kreslolarını yığıb gətirib. Elə o vaxtdan evdə ancaq o qablar istifadə olunur”.

Fyokladan başqa Tolstoylar nəslində daha bir teleaparıcı var. Bu, “Xəbərlər” verilişinin aparıcısı Pyotr Tolstoydur.

Sənətşünas Tolstoy

Sənətşünas Andrey Tolstoy 100-dən çox almanax, elmi məqalə, albom və kataloqun müəllifidir. Rus incəsənətinin öyrənilməsinə, xaricdə yaşayan rus rəssamların tanınması, onların ehtiyaclarının qarşılanması üçün əlindən gələni edir: “Həmişə bu məsuliyyəti hiss etmişəm; Tolstoy olmaq - əməkdir, borcdur. Mən pis qiymət alanda mənə həmişə “Sən ki Tolstoysan” deyə irad bildirirdilər. Həmişə nümunə olmağa çalışmışam».

“KQB”də işləyən qardaşoğlu

Yazıçının qardaşı nəticəsi Lev Nikolayeviç Tolstoy hazırda Krımda yaşayır. Krımın Təhlükəsizlik Nazirliyindəki 30 illik iş təcrübəsindən yadında bunlar qalıb: “Adımı eşidən kimi hamı sual verirdi ki, təsadüfən qohumluğunuz çatmır Tolstoya? “Çatır” deyən kimi üzlərindəki ifadə dəyişirdi”. Fyoklaya məktub yazan krımlı Tolstoy teleaparıcının cavabından çox məyus olub: “Siz əsl Tolstoy deyilsiniz. Bizi maraqlandırmırsınız”. Lev Tolstoy ailəyə yaxın buraxılmamağını “KQB”-də işləməyi ilə əlaqələndirir.

Sperma satan Tolstoy

Tarixçilərin də bildirdiyi kimi, Tolstoyun çoxlu sayda qulluqçuları olub və subay vaxtlarında xeyli sayda qadınla əlaqədə olub. Genadi Murıqin-Tolstoy bir növ “qeyri-rəsmi” nəticədir, çünki onun ulu nənəsi ilə Tolstoy 1857-ci ildə cəmi bir neçə gecə yaşayıb və bu münasibətdən qız uşağı dünyaya gəlib. Genadinin dediyinə görə, onun nənəsi “qeyri-rəsmi” olsa da, Tolstoy onu çox sevərmiş. Çünki nənəsi yazıçının ölmüş qızı Mariyaya (qızın ölümünə Tolstoy səbəb olub – G.Ə.) çox bənzəyirmiş. Yazıçının balaca qızına – Genadinin nənəsinə yazdığı məktublar hələ də qalır. Bəs Genadi başqa Tolstoylardan nə ilə fərqlənir? Cavab sadədir – o yeganə Tolstoydur ki, spermasını satmağa razılıq verib.

Bir amerikan qadın ondan spermasını satmağı xahiş etməsi ilə başlayıb hər şey. Hansı ölkədə nə qədər uşağı var, heç özü də bilmir. 20 ildir spermasını satır. Onun spermasını hətta xarici universitetlər alaraq başqa arzu edənlər üçün saxlayır. Genadi öz soyunu, irsini çox yaxşı bilir: təkcə Tolstoylar haqqında 6 kitabın müəllifidir. Hazırda Novosbirskdə yaşayır.

Fermer Tolstoy

Tolstoyun nəvələri arasında təkcə filosof, sənətşünas, yazıçı, rəssamlar yox, adi fermerlər də var. Andrey Tolstoy neçə illərdir ki, Skandinaviyada maral saxlamaqla məşğuldur. Tulaya bir neçə il bundan əvvəl gəlib və fermer təsərrüfatı ilə məşğul olmaq qərarını verib. Andrey məktəb vaxtı heç cür “Hərb və sülh”ü oxuya bilmirmiş, nəhayət qarşısına məqsəd qoyub və əsəri bitirib: “Məncə, möhtəşəm romandır, oxumağa dəyər. Bir dəfə isveç qonağım gəlmişdi, dedi ki, babanın bir əsərini ver oxuyum. Mən də “Hərb və sülh”ü verdim, amma inanmırdım ki, oxuyub qurtara bilə. Bir həftədən sonra görüşdük, mən artıq kitab verdiyimi unutmuşdum, onun isə ilk sözü belə oldu: “Hamısını oxudum. Sənin baban dahi olub, özü də ən böyüyündən”. Mənsə: “Bilirəm, bilirəm” deyib güldüm”.

İngilis Aleksandra

Aleksandranın babası Dmitri Mixayloviç Tolstoy 1920-ci ildə İngiltərəyə köçüb. Atası Nikolay da burada doğulub və ingilis qızla evlənib. Amma uşaqlarına rus adları qoyub: “Atam bizim təkcə rus dilini yox, rus mədəniyyətini, ədəbiyyatını bilməyimizi istəyirdi. 1989-cu ildə 18 yaşım oldu və atam: “Vaxtıdır!”,- deyib məni Moskvaya rus dilini öyrənməyə göndərdi” – deyən Aleksadradan başqa daha 3 uşaq var; onlardan Anastasiya BBC-də işləyir, Dmitri tarixçidir, Kseniya isə tələbədir.

Tolstoyun nəvə, nəticə və kötücələri arasında məşhur rus blogeri, dizayner, biznesmen Artemi Lebedev, həmçinin onun anası yazıçı Tatyana Tolstaya da var. Bundan başqa isveçli, məşhur caz ifaçısı Viktoriya Tolstaya da yazıçının nəticədir.

# 4997 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #