Tanrının ölümünü arzulayanlar

Tanrının ölümünü arzulayanlar
7 iyul 2015
# 10:56

Kulis Elnarə Akimovanın “Çağdaş Azərbaycan postmodern şeirində Tanrıya münasibət” məqaləsinin ikinci hissəsini təqdim edir.

Birinci hissə

Tənqidçi Əsəd Cahangir məqalələrinin birində yazır: “Çağdaş şeirdəki düşüklük şairin dünyaya tabe olması, onun axarına düşməsidir.

Çünki o, dünyanın kor gedişinə qarşı dayanmaq üçün söykənəcək nöqtəsindən məhrumdur. ...O, xırıltılı səsini dünyanın mənəvi tənəzzül ritminə kökləyir, ona züy tutur, onun havasına oynayır. O, tarixi enişin əlində əsirdir, kor əsasına möhtac olduğu kimi”. R.Rövşənin “çətini dünyayla barışmaq imiş” fikrini təqib etsək, bəli, tutacaq bir nəsnə, dirənəcək bir arxa hiss etməyən insan depressiyaya düşür, dünyaya qarşı dirəniş-duruş əzmini itirir və öz “mən”indən çıxış edən şair poeziyanın ritmini də dəyişməyə müvəffəq olur. Bu mənada, tənqidçinin bu fikirləri də uyar səslənir: “İnsan düşüncəsindəki gedən çürümə, tənəzzül, deqradasiyanın mənbəyində Allahdan uzaqlaşma durur”.

Hərçənd bu fikri 70-80-ci illər şeirinin ümumi mənzərəsinə şamil etmək o qədər də özünü doğrultmur. Nədən ki, bu şeirlərdə Allah son istinadgah, son mənəvi sığınacaq kimi dominant müstəvidədir. Bəlkə də bu istinad şairlərin sonucu - tənəzzülü dərk edib də ondan qaçmaq üçün başlanğıca – Tanrı məqamına qayıtmaq istəyindən doğurdu. Əsrin sonlarının poeziya mənzərəsini isə tənqidçinin fikirləri yetərincə qapsayır. 90-cı illərdən başlayaraq poeziyada güclənən modernist dalğanın təsiri ilə bədii fiqur nəinki insandan, cəmiyyətdən, hətta son (bəlkə də ilk) tutunma səbəbi sayılan Allahdan belə imtina etdi, ondan uzaqlaşdı, bütün bağları qırmağa çalışdı. Hətta bəzi şeir nümunələrində boy göstərən ilahi başlanğıca, “İlkin təkan” - Allaha (Aristotel) inamın varlığına rəğmən, məsələn, Şərif Ağayarın aşağıdakı şeirində olduğu kimi:

axşam olar...

yerə çökər göylər elə bil

axşam olar...

pıçıltılar səni dinşəyər

bu nə nurdu misqal-misqal dolar könlümə

bu nə nurdu bir İlahim yoxsansa əgər?...

- bu, 90-cı illər postmodernist şeirindəki Allahla bağlı nihilist yanaşmanı pərdələyə bilmədi.

Postmodernist gənclər yaşadıqları cəmiyyətin neqativ tərəflərini göstərməklə kifayətlənməyib, Tanrıya münasibətdə belə müqəddəslik pərdəsini yırtmağa cəhd etdilər, “yer üzünün əşrəfi insandır!” modelini yenidən, bu dəfə fərdi duyğularının qanadında poeziyaya gətirməyə, tətbiq etməyə başladılar. Həmin fərdi duyğuların, yaşanılan acıların arasında isə Tanrıya ayrılan yer çox cüzi idi. O yeri də şairlərin dua, tapınma xüsusiyyətlərindən daha çox ironik, nihilist, yad yanaşmaları istila eləyirdi. Ötən əsrin 60-cı illərində E.Fromm (1900–1980) yazırdı: “XIX yüzildə problem bu idi: “Tanrı öldü!”. XX yüzilin problemi isə budur: “İnsan öldü”... Dünənki təhlükə insanların kölələşdirilməsi idisə, sabahın təhlükəsi insanların robotlaşmasıdır. Doğrusu, robotlar baş qaldırmaz, üsyan etməzlər. Amma insan fitrəti daşıyan robotlar laqeyd də qala bilməzlər. Çünki anlamsız bir həyata çox dayanıb-dözmək olmaz”. Amma bu kontekstdə bir məsələ də özünü doğruldur. Tanrı-insan ölümünün labüdləşməsində başqa səbəblər aramağa lüzum qalmır. Onlardan biri digərini yetirən əsas səbəb kimi çıxış edir. Tanrısını öldürən, ona lüzum görməyən, uşaqlaşan cəmiyyət özü-özünü məhvə sürükləşmiş olur. Çünki insan Tanrıdan üz çevirdiyi kimi Tanrı da ondan üz çevirir. Allahın yolundan çıxdıqca insan da onun yadından çıxır, insan Allahdan qopduğu, onu yad sandığı kimi Allah da nəzərlərini onun üstündən çəkir və kosmik nizamsızlıq başlayır. Postmodern epoxasının özü ilə gətirdiyi yeni dünya modelindəki nizamsızlığın əsas nədəni bu amillə bağlı idi ki, düşüncədə, əxlaqda, sənət meyarlarının dərkində çaşqınlıqlar yaratması ilə sonuclandı.

Problemlər ondan qaynaqlandı ki, postmodern düşüncə İnsan amilini gücləndirib onu bütün başlanğıcların adı elan edərkən bu vacib məqamı unutdu. Məsələn, 90-cı illərin əvvələrində yazdığı “Qardaşlar” şeirində Murad Köhnəqala öz nəsildaşlarının acınacaqlı taleyini canlandıraraq Tanrıya üz tutsa da, bu müraciət öz pafosu ilə fərqlənir, “Tanrıya əl qaldırmaq” dərəcəsinə gəlib çatmış insanlığın tarixi faciəsini şeirə gətirirdi: “....niyə dizinə çırpır əllərini bu dəniz?/ Bu dəli , zəmanənin hansı üzündə qalıb?- /Tanrım, geriyə çəkil, əl qaldırar bəndəniz!”.

90-cı illərdə bu münasibət postmodernist təmayülün şərtlərindən doğurdu. Klassiklərə, özündən əvvəlki ədəbi-mədəni irsə, keçmiş mətnlərə münasibətdə ironik mövqedə dayanan müəlliflər ən ali dəyəri - Tanrı dəyərini vurub keçməkdə belə israrlı görünürdülər. Postmodernistər Tanrıya əl qaldıracaq qədər dəyərləri əzib keçir, hər cür metafizik qatdan imtina manifestini sərgiləyirdilər. Onlara görə əsl postmodernistin heç bir istinad nöqtəsi olmamalı, bütün ali dəyərlərin önündə İnsan amili dayanmalı idi. Bu şeirlərdə ən yaxşı halda Tanrı insan səviyyəsinə endirilir, ona hökm oxumaq, ittiham səsləndirmək kimi “cəsarətli” avanqard jestlərdən çıxış edilirdi.

Bağışla - deyəcək, qızım

bağışla ki,

sənə yaxşı tale vermədim

təəssüflər içində keçir ömrün

bağışla...

... bəsdir, onu sakitləşdirməyə çalışacağam,

bundan daha pis həyatlar var

narahat olma, yaxşıdır hər şey-deyib

gözlərimi siləcəyəm

Allahı əhv edəcəyəm. (N.Kamal)

yaxud Tanrının ölümünü arzulayacaq qədər metafizik qiyamçı qismində qərarlaşırdılar:

yaşadığıma görə

sevə bilərəm tanrını

amma bu vəd etdiyi

əbədiyyəti istəmirəm

qarşılıq istəyəcəksə

və hesab soracaqsa

bütün müqəddəslər öldü

qiyamət günü

tanrı da intihar edəcək. (S.Pərvanə)

90-cı illərin sonlarında meydana çıxan bu tendensiyanın rüşeymləri dünya konteksti ilə birbaşa əlaqələnirdi, ideya qaynağı Qərb cərəyanlarının manifestləri idi. Bir zamanlar Nitsşe özünün həyat fəlsəfəsi ilə “Allahın öldüyünü” bəyan edir, bununla da bəşəriyyətin irəliyə doğru hərəkətində revanşist dönüm yaratdığını düşünürdü. Birinci Dünya müharibəsindən sonra bütün bəşəriyyəti sarmış dekadans ovqatın yetişməsini şərtləndirən məqamlardan biri də məhz, həmin dünyabaxışın güclənməsi ilə əlaqədar idi. “Allah ölmüşdür” - bu artıq yeni dövr reallığında bütün fəlsəfə və humanitar fikrinin istinad etdiyi Nitsşe sindromu idi. Fransız yazıçısı A.Malro 1927-ci ildə yazırdı ki, “insanın hər şeyi əhatə edən, zəbt edən intəhasız ehtiras və həvəsi əvvəllər daxilində Allah üçün ayırdığı yeri belə ələ keçirir.” Əslində, Nitsşenin “həyat fəlsəfəsi”nin əsasında fövqəl-insan amili dayanmış, o, insanların “şeyə” çevrilməsinə, mədəniyyətin, tarixin perspektivlərinin tükənməsinə qarşı durmuş, “Çoban yoxdur, təkcə sürüdür ki, vardır! Hamı eyniyyətə can atır, birdir hamısı: başqa cür düşünən könüllü olaraq dəlixanaya gedir”,- kimi fikirlərlə “kütlə”yə çevrilən insana alternativ olaraq fövqəl-insanı təqdim etmişdi. “Zərdüşt belə demişdir” əsərində o, yazırdı: Mən insanlara, onlara onların varlığının mənasını anlatmaq istəyirəm: bu məna fövqəl-insandır, insan adlı qara buluddan çıxan şimşəkdir fövqəl-insan”. Bu yanaşma postmodernistlərin baxışlarında da var. “Hamının eyni düşündüyü yerdə heç kəs düşünmür” fikrini təqib qılan postmodernistlərin bəzi gözlənilməz addımları şüurdakı ətaləti, eyniyyəti aradan qaldırmaq, düşüncəni hərəkətə gətirmək səciyyəsi daşıyırdı. Fəqət onların problemi bunda idi ki, insanların əsrlər boyu kökləndiyi, tutunma səbəbləri olan dəyərlərə qarşı çıxmaqla şüurda inqilaba can atacaqlarına ümid edirdilər. Bu isə müəyyən formalarda təsirini göstərmiş olsa da, ümumən tutalğası olmadığından özünə yer eləmir, eləcə bir iz, dalğa olaraq gəlib keçirdi. Amma hər bir halda bu, 90-cı illərdən başlayaraq milli poeziyada qabaran tendensiyalardan biri kimi diqqət çəkiləsi mövzudur və özü ilə birlikdə, həm də “niyə məhz ateizm” sualını də gətirir. Çünki “Tanrıya belə əl uzatmaq” məsələsi varsa, özünə qarşı səbəblər incələməyi tələb edir.

“...XX yüzilliyin böyük alman filosoflarından M.Haydegger modern texnologiyanın arxasında dayanan ideologiyanın gücünü və həyatımızı necə öz əsarətinə aldığını görüncə: “Bizi yalnız Allah qurtara bilər” deməkdən özünü saxlaya bilməmişdi. “Əgər Tanrı yoxdursa ona söykənən əxlaqi dəyərlər də yoxdur” və “əgər Tanrı yoxsa insan da yoxdur”. Bir çox əski mədəniyyətlər əxlaqi dəyərləri itirdiyi üçün dünya səhnəsindən silinibdi... Roma əxlaqa məhəl qoymadığıyçün dağıldı” (C.Bəydili). 1990-cı illərdə bu mövzunun poeziyada işlənmə səbəbi insanların əzablardan, keçdikləri xaotik proseslər burulğanından müvazinəti itirmək, mənəvi depressiyaya qapılmaq səbəblərindən qaynaqlanırdı. Bu çöküş prosesində bir çox milli-əxlaqi, mənəvi-ruhsal dəyərlərin deqradasiyaya uğradılması təhlükəsi yaşanır, yaşadığı və içindən keçdiyi ağrıların qurtuluşu kimi Tanrısına boylanan və nicatını görməyən insanda asilik duyğusu formalaşırdı. Milli şeirimizdə ateizmə yol alan tendensiya belə başlayırdı: “Ateizm kainatın Yaradıcı tərəfindən var olmasının, geniş mənada hətta bütün fövqəlqüvvələrin varlığının inkar edilməsi deməkdir. ... Bu halda “əgər varsa, onda niyə bəşəriyyətin həyatına müdaxilə etmir? Niyə insanlara daha yaxşı həyat bəxş etmir?” – deyə suallar altında əzilən aqnostikin əzablı axtarışları onu düşüncələrini, hiss və duyğularını nəzmə çəkməyə məcbur edir.” (Mətanət Vahid)

...Nə günahı acından ölən körpələrin,
balası qucağında can verən anaların?
Nasıl çıxacaqsan o yükün
altından, necə ödəyəcəksən
o göz yaşlarının bahasını?
Qurtar ağalıq-qulluq davasını!
Harda gizlənmisən
çıx üzə!
Çıx ağam, yaradanım,
başımın tacı, ayağımın tozu!
Pozulur artıq sən yazan yazı,
dinlərin allahı,
minlərin allahı,
Çıx, gözləyə bilmirəm sabahı!
(Şəlalə Göytürk)

Əslində, 90-cı illər poeziyasında Tanrını inkardan deyil, ona yanaşmanın dəyişməsindən bəhs eləmək daha dəqiq olardı. Bu dəyişmələrin içində təbii ki, inkar məqamları da vardı, onunla barışmazlıq məqamı da. Amma qabarıq görünən, həm də ironik yanaşmanın önə çıxması idi. “Postmodernizm Modernizmin bütün müəlliflərinin yaradıcılığını yenidən dəyərləndirib suallara tuş qoydu. Məsələn, F.Nitşenin Modernizmə xas inkarçı “Tanrı ölüb” tezisini çağdaş rus postmodernisti V.Pelevin yenidən dəyərləndirdi: “Əgər o ölübsə, ümumiyyətlə, Tanrı deyilmiş!” (N.Kamal). Həmin ironik modusun başlanğıc götürdüyü məqam isə, qəlblərdən Allah xofunun çəkilib getməsi ilə əlaqədar idi. Bütün sonrakı dəyərlər sisteminin çöküşü və ölümünü şərtləndirən ilkin amil bundan başlanğıc götürürdü. “Dinsiz-imansız meşşan sivilizasiya ... əski mübarək mədəniyyət üzərində zəfər çalmışdı...” (N.Berdyayev)”. Bu mənada, hətta poeziyanın “Tanrını sevmək” mesajlarının alt qatında əslində, “mifi” dağıtmaq, parçalamaq niyyətinin özü dururdu.

tanrıdan qorxmağı deyil,

sevməyi anlatsaq...

ibadət əvəzi

cənnət vəd etməsək

tanrının adından...

təmənnasız sevməyi öyrətsək insanlara

olmazmı?

tanrı belə, əvəzsiz sevməyi bacarmadı... (S. Pərvanə)

Bu halda, qəribə bir antiteza yaranırdı: mənəvi çaşqınlıqda özünü itirən sosial fərdin Tanrıya asi çıxması əslində, içindəki “uman yerdən küsərlər” inamının yaşarılığının göstəricisi idi. Digər tərəfdən, “Allaha, yaratdıqlarına, “törətdiklərinə” üsyan edən, qarşı çıxan müəllif onun varlığını inkar etmiş olmur, əksinə, müraciət edirsə, deməli, mövcudiyyətini qəbul edir”di. Şairlər hər məsələdə Ali varlığa müraciət etmək, hər şeyi ona nəzərən müqayisəyə çəkməklə bir növ onlar üçün “heç bir istinad nöqtəsi olmadığına” özlərini inandırmağa çalışır, Tanrı obrazını bir qədər kənara sıxışdırdıqlarını sərgiləyir, yaxud bu müqəddəsliyi insana “köçürməklə” bir növ acıq çıxırdılar:

Bədəninə toxunduqca kədərlənirəm,
Kədərlənirəm ki, bu gözəllik bir gün həyatda olmayacaq.
Öləcəyəmsə, bu gözəlliyin yerini Tanrıdan soruşmaq üçün öləcəyəm.
Tanrıya – insanı palçıqdan, sevgini ayrılıqdan,
Ayrılığı ölümdən yaratmış bu tanrısıza sübut etmək istəyirəm ki,
Səni tapmaqdan ötrü, yoxa çıxmaqdan belə qorxmuram.
Yaşayıb səni itirməkdənsə,
Ölüb səni tapmaqdı sevgi – mənim üçün.
Mən Tanrının yox, sənin yoxluğunun ateistiyəm.
(Aqşin)

Bəşəriyyəti sarmış olan çoxyönlü problemlərin kökündə bu amilin – Tanrıdan uzaqlaşmanın, Allah ideyasının aradan çıxmasının və insanın öz məntiqinə həddən ziyadə arxalanmasının rolu böyükdür. Bu güvənc onda müvazinətsizlik yaradır, səmti itirən karvanbaşı kimi hara istiqamətlənəcəyini müəyyən edə bilmir. 90-cı illər postmodern şeirində mövcud “mərkəzdənqaçma tendensiyaları” da həmin qlobal miqyaslı insan çaşğınlığının nəticəsi idi.

# 1665 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #