Anamın atama palto almağı

Anamın atama palto almağı
7 yanvar 2015
# 13:28

Şahın valideynləri

hekayə

Yadımdadır, 1995-ci ilin payızıydı. İyirmi il bundan əvvəl. Atamın inadla iş axtardığı vaxtlar. Ac idik, evdə çörək yox idi, adi yavan çörəyi deyirəm ey...

9 yaşlı mən və məndən bir neçə yaş böyük olan iki bacım axşamlar ümidlə atamızın iş tapması xəbəri, bir də dolu torbayla gələcəyi saatı gözləyirdik.

Qürurumuzdan səbirlə atamızı gözlərdik. Mənim rəngli, bəzəkli, böyük xəyal dünyamsa get-gedə ağarırdı. Məhlədəki mağaza sahibinin nisyə dəftərinə tərs mütənasib.

Kimsə də səsini çıxarmırdı... Hətta mənim “ana, acmışam” deyə ağladığım ilk gecədən 10-15 gecə keçmiş... Həyat mənə susmağı öyrətmişdi. Nə verirdilərsə, onunla kifayətlənirdim.

Otağımda divarları yazırdım, xəritələr çəkirdim, özümdən əyri-üyrü... Dövlətləri yıxırdım, ölkəmi böyüdürdüm... Axı niyə gizlədim? Ac-yalavac bir uşaq öz xəyallarında şahlıq edirdi. Amma artıq yorulmuşdu bu gün şah, ordu da əldən düşmüş, döyüşlər ləng gedirdi...

Elə o xəyalla yuxu apardı.

Səhər anam yeməyə çağırırdı.

Atam isə “siz yeyin, mənim işim var” dedi... Yerimdən boynumu uzatdım, onun tələm-tələsik qapıya getdiyini gördüm.

- Yaxşı, bəs.... Pencəyin hanı sənin?

- Təzə iş yerimdə yadımdan çıxıb... Gələndə götürərəm.

- Yaxşı... Özünü qoru.

- Ona denən, divarları az yazsın...

Axşam qayıdanda yenə də pencəksizdi. Amma üzü gülürdü.

- İlk maaşdan sənə atlas alacam. Özünçün rəngləyərsən.

- Rəngli karandaşlar da?

- Hə, nə istəsən, oğlum...

Və dəhlizdən səs gəldi.

- Pencəyə də pul saxla!

Atam əsəbiləşdi:

- Axı dedim, pencəyim işdə qalıb.

Anam gülümsündü. Yanımıza gəlib onun saçını qarışdırdı:

- Bilirəm, istəyirəm, özünə təzə pencək alasan... Düzdür, o da təzə sayılardı, amma olsun, daha təzəsini al...

Atam üzünü turşutdu.

- Qabaqdan qış gəlir, ən yaxşısı palto alaram...

Səhər evdəki köhnə pencəklərindən birini əyninə keçirib işə getdi. O biri pencək isə unuduldu. Bahalı pencək idi, bir neçə ay əvvəl özü Türkiyədən almışdı. Amma sonra...

Atam sözünü tutdu, ilk maaşından mənə rəngli karandaşlar, atlas və bir neçə maraqlı kitab aldı. Amma özünə heç nə almamışdı. Borclarımız çox idi, atam bir sexdə fəhləlik edə-edə əlinə düşən pulu borclara və yeməyimizə xərcləyirdi. Bizim üst-başımızı da unutmurdu, sinif yoldaşlarımızın yanında utanmağa qoymurdu. Hər şeyimiz olmasa da, heçnəsiz qalmamışdıq.

“Palto gözləyər, hələ çovğunlar düşməyib” deyirdi. Payız bitdi, qış gəldi, onu təzə palto ilə ancaq yeni il gecəsi gördük. Anam bir pullu aspirant üçün dissertasiya yazmış, ərinə palto hədiyyə almışdı.

Həmin axşam anamın əlavə işlə paltoya pul tapdığını eşidən atam əsəbiləşdi:

- Nəyə lazım idi, niyə belə etdin ki?

Anamsa gülümsündü:

- Bəs sən niyə məni aspiranturada oxutdurdun?

- Mən oxutdurmadım, özün oxudun...

Mən və bacılarım bayram süfrəsində nəfəsimizi saxlayıb onların dialoquna qulaq asırdıq.

Anam sağ əlini ehmalca onun çiyninə toxundurdu.

- Eh! Sən olmasaydın, biz nə edərdik? Uşaqlar, başlayın...

Beləcə, 1996-cı ili toxqarına, kefikök qarşıladıq. Ondan sonra hər şey düzəlmədi, amma hələ heç nə itirilmiş sayılmazdı. Şahın xəyalları da.

# 674 dəfə oxunub

Oxşar xəbərlər

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..."  - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..." - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

10:52 12 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər