Biz hamımız parovozuq

Biz hamımız parovozuq
28 mart 2014
# 13:44

Kulis.Az Saday Budaqlının tərcüməsində məşhur yapon yazıçısı Rünoske Akutaqavanın “Parovoza baxanda” hekayəsini təqdim edir

Uşaqlarımız çox vaxt özlərini parovoza bənzədirlər. Əlbəttə ki, bir yerdə dayanan parovoza yox. Fısıldaya-fısıldaya əl-qollarını tərpədib, sürətlə irəli gedən parovozu yamsılayırlar. Bunu təkcə mənim uşaqlarım etmirlər. Axı niyə onlar parovoza bənzəmək istəyirlər? Yəqin onda güc-qüvvə hiss eləyirlər. Ya istəyirlər ki, onlar da parovoz kimi coşqun həyat sürsünlər. Bu cür arzular yalnız uşaqlara xas deyil.

Ancaq böyüklərin parovozu – sözün həqiqi mənasında parovoz deyil. Doğrudu, sürətlə irəli getdiyinə, yolunun düzlüyünə görə parovoza oxşayır. Bu yol isə – ya pula aparır, ya şöhrətə, ya da qadına. Uşaq, ya böyük – fərqi yoxdu, biz sürətlə irəli getmək istəyilə alışıb yanırıq, ancaq elə bunu istəməyimiz azadlığın itirilməsi deməkdi. Bu, paradoks deyil. Bu, paradoksal həyat gerçəkliyidi. Ancaq qan yaddaşımızla hiss etdiyimiz saysız-hesabsız əcdadlarımız, müəyyən ölkənin müəyyən dövrdəki sosial şəraiti bu və ya başqa dərəcədə istəklərimizi tormozlayır. İntəhası, bu istəklər içimizdə hələ qədim zamanlardan kök salıb.

Hündür qum təpəsinin üstündə dayanıb, ora-bura qaçışan uşaqlara, yanımdan keçib-gedən parovozlara baxanda bu haqda düşünməyə bilmədim. Dayandığım qum təpəsinin qarşısında bir təpə də varıydı və onun üstündə artıq qurumağa başlamış əyri şabalıd ağacı bitmişdi. Bax o 32-71 parovozu isə Mussolinidi. Onun sürətlə getdiyi yol indi par-par parıldayır. Ancaq yada salsaq ki, qatarların getmədiyi istənilən yol axırda paslanır, onda yəqin Mussolininin də həyatı biz adi adamların həyatı kimi sona çatacaq. Bundan başqa…

Bundan başqa, biz özümüz üçün heç nəyə qadağa qoymadan irəli şütümək istəyilə alışıb yanırıq və eyni zamanda yol ilə hərəkət eləyirik. Bu ziddiyyəti heç vaxt yaddan çıxartmaq olmaz. Bax bizim faciəmiz də onda yaranır. Heç şübhə yoxdu ki, Maqbet, hətta Koxara və Dzixey (Tikamatsu Mondzazmonun «Sevgililərin səma toru adasında intiharı» pyesinin qəhrəmanları. Bir-birlərinə qovuşa bilmədiklərindən birlikdə intihar edirlər). kimi personajlar da axırda parovoza çevriliblər. Bəlkə Koxara və Dzixey Maqbet kimi güclü xarakterə malik olmayıblar. Ancaq eşq yolunda başılovlu irəli cumublar. (Faciənin Qərbdə qəbul olunan prinsipləri, nə qədər kədərli olsa da, burda tətbiq oluna bilməz. Faciəni insanlar yaradır, estetiklər yox.) Bu faciə qəhrəmanların əsaslandığı səbəblərin aydın olmamasındadı (istisna deyil ki, səbəblərin aydın olması faciənin bilavasitə iştirakçıları üçün də arzuolunmazdır), kənar adamların nəzərində onlar məzə üçün irəli cumurlar, məzə xatirinə dayanırlar, qəzaya uğrayırlar. Onda faciə komediyaya çevrilir. Ona görə komediya, kənar adamlarda mərhəmət oyatmayan faciədir.

Ümumiyyətlə, biz hamımız - uşaqlar və böyüklər istisnasız olaraq parovozuq. Misal üçün, mən özümü hündür trubası olan köhnə 32-36 parovozu hiss eləyirəm. Döndərici dairədə duran 32-36 parovozu.

Ancaq bu parovozların hərəkətini cəmiyyət və bizim əcdadlarımız müəyyən ölkənin müəyyən dövrlərində necə tormozlayıblar? Mən hər vaxt tormozu hiss eləyirəm və eyni zamanda maşının odluğundakı alovun gurultusunu duymaya bilmirəm. Biz heç də özbaşına deyilik. Biz də parovozlar kimi özümüzdə çoxəsrlik tarixi yaşadırıq. Üstəlik də, saysız-hesabsız porşenlərdən və dişli çarxlardanibarətik. Sürətlə irəli şütüyümüz yol isə parovoz kimi bizə də məlum deyil. Ola bilsin, bu yol tunellərdən, körpülərdən keçəcək. Yol bizə sərbəstliyi, hətta azacıq kənara çıxmağı da qadağan eləyir. Bu fakt çox dəhşətlidi. Biz istəsək də, istəməsək də, o, heç şübhəsiz, mövcuddu.

Maşinist nə qədər qətiyyətli də olsa, parovoza sərbəstlik verə bilməz. Hansı maşinisti hansı parovoza oturtmaq Allahların öz kefindən asılıdı. Ancaq parovozların hamısı tamam paslanana qədər sürətlə irəli şütüməkdə davam eləyirlər. Parovozun zahiri əzaməti də elə bundadır.

Biz hamımız parovozuq. Bizim işimiz vur-tut göyə atdığımız tüstü və qığılcımdı. Dəmiryolunun yanı ilə gedən adamlar tüstü və qığılcımdan parovoz gəldiyini, ya indicə keçib getdiyini bilirlər. Tüstü və qığılcımı, əgər söhbət elektrovozdan gedirsə, gurultu ilə əvəz etmək olar. Bax ona görə Floberin sözləri mənə doğmadı: «İnsan – heç nədi, iş – hər şey». Parovoz görəndə özünü parovoz hiss etmək yəqin tək mənə xas deyil. Sayto Ryöku Xakone dağını tövşüyə-tövşüyə aşan parovoz haqqında yazmışdı: «Vay, belə də dağ olar, vay, belə də dağ olar». Usiutoqe sıldırımından aşağı enən parovoz isə sevinir. O, həvəslə oxuyur: «Nə hündürdü Takasaki, nə hündürdü Takasaki». Əgər birinci – faciə parovozudusa, ikinci parovoz yəqin ki, komediya parovozudu.

iyul 1927

# 3398 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #