Həyatın bakirə dövrü

Həyatın bakirə dövrü
3 iyun 2014
# 15:08

İlqar Rəsulun hekayəsi

Qızların ən qəşəngi idi. Hərdən görüşürdük. Yatmırdıq. Sadəcə ayaqüstü sevişmək. Əslində o vaxt bizim üçün yatmaq yalnız yuxu anlamında idi. Yəni əsnəyib yatırdıq. Öpüşüb yatmaq yaşımıza hələ bir qədər vardı. Uşaqlıqla yeniyetməliyin arasında bir zaman kəsiyi...

Doğrudan qəşəng idi. Bir dəfə yaşca məndən böyük olan bir dostum onu mənə tərəf gələn gördü. Baxdı, baxdı və dedi ki, "biz də deyirik qız, görmüşük. Qız belə olar ey..."

Çox qəşəng idi. Olmayan kimi. Mənə yaxınlaşdı. Ayaqüstü danışdıq. Xəlvətcə ovcuma məktub basıb getdi. Küçənin tinini burulanda ani olaraq mənə baxıb əlini qulağına apardı. Sonra hasar uddu onu.

Anladım. “Məktubu oxuyandan sonra mənə zəng elə”-deyirdi. Bilmirəm o necə baxdı, ya mən necə, amma məndən böyük olan dostum, təcrübəsinə söykənib aramızda nələrsə baş verdiyini anladı. O gedəndən sonra əlini astaca kürəyimə çəkib gülümsünən bir heyranlıqla "dəhşətsən də" -dedi. Dinmədim. Belə şeylərdən danışmağı xoşlamırdım. Mənə özünü etibar edən birinin sirrini başqasına heç vaxt vermədim. Hətta o başqası yaxın dostum olsa belə...

Elə o da məndən həm də bu xasiyyətimə görə xoşlandığını deyirdi. Sevmirdik biz bir-birimizi. Əslində bir-birimizin adamı da deyildik. Tutmazdı bizimki. Doğulub-yaşadığımız mühitdən tutmuş məişətimizə, düşüncəmizə qədər çox fərqli dünyaların adamları idik. Amma görüşmək ikimizə də xoş idi. Sonralar bildim ki, o mənimlə görüşməyini həm də qızlardan kimlərəsə danışıb qürrələnirmiş. Xüsusilə də məndən xoşu gələn qızlara bu barədə danışmaqdan zövq alırmış. Bir qız dedi bunu mənə illər sonra. Onu da dedi ki, bizim görüşməyimizə çox pis olurmuş... Heç nə, uşaqlıq...

Çox qəşəng idi. O qədər qəşəng ki, keçmədiyi könül buraxmamışdı ətrafda.

Elə mən də belə bir qəşəng qızla görüşməyimi pis göstərici saymırdım özümçün. Amma onun haqqında heç kimlə danışmazdım. Gəlib yanımızdan keçdiyində yaşından - başından asılı olmayaraq hər kəs arxasınca qəşəngliyindən, onu arzulamağından danışar, mənsə sakitcə dayanıb dinməzdim. Guya heç maraqlı deyil mənimçün. Əslində haqqında nə danışılması doğrudan da maraqlı deyildi mənə. Məni onda daha çox cəlb edən qəşəngliyi idi. Bir də ikimiz olanda yanaqlarının həddən çox qızarması...

Eşitmişdim ki, məndən başqa bir nəfərlə də görüşür. Çox imkanlı bir ailədən olan oğlanla. Amma narahat deyildim buna görə. Dedim axı, sevmirdim onu. Sevə də bilməzdim. Hətta qarşımı kimsə kəsib desəydi ki, bir də onunla görüşmə, görüşməzdim. Ciddi bir itki olmayacaqdı yəni mənimçün. O özü də bunu bilirdi. Aldatmırdım. Sevmədiyimi dəfələrlə demişdim.

Amma doğrudan qəşəng idi. O qədər qəşəng ki, yekəqarın varlı kişilərin də onda gözü vardı.

Onu xalası saxlamışdı. Bir gün elə həmin xalası da onun bəkarətini imkanlı adamlardan birinə satdı. Yayda. Gürcüstanın hansısa istirahət şəhərlərindən birində.

Mən heç bilmirdim. Özü dedi. Münasibətimiz səngimişdi artıq. Daha görüşmürdük. Bir dəfə rastlaşanda söz salıb dedi ki, deyirlər biz filan yerdə istirahətdə olanda guya filankəs çoxlu pula mənim bəkarətimi pozub.

- Sən də eşitmisən bu barədə?

- Yox - dedim-eşitməmişəm.

Tələsirdim. Sağollaşıb ayrıldım ondan. Amma danışığından belə başa düşdüm ki, deyilənlər düzdü. Doğrudan da filankəs bu işdən ötrü nə qədər lazımdı pul verərdi. Təkcə filankəs yox, əlbəttə, imkanı və həvəsi olan hər kəs. Xalası da onu yaxşı pula sata biləcək biri idi. Ən azı sonradan bəkarətini bərpa etdirəcəyini söz verməklə...

Xalası gəzəyən idi. Fahişə yəni. Deyilənə görə özü ərə gedəndə artıq qız deyilmiş. Amma getdiyi oğlan nədənsə bunu hiss etməyib. Ona görə də çox vaxt daldada deyirdilər ki, "əslində bu ərə getməyib, əri ona ərə gəlib"...

Nə isə... Yeri gələndə xalası bəkarətin bərpası məsələsində kimlərəsə kömək də edirdi. O vaxt belə əməliyyatlar barədə hamı danışırdı. Elə o özü də, xalası deyəndən sonra buna gedərdi. Getmişdi də.

Amma onun ərə getdiyi oğlan deyəsən təcrübəli çıxmışdı. Toy gecəsi bakirə olmadığını deyib onu geri qaytarmışdı...

Mən bütün bunları hərbi xidmətdən qayıdandan sonra eşitdim. Onu da eşitdim ki, bu hadisədən üç gün sonra qızın doğma anasının ürəyi partlayıb ölüb. Hər şeyi anladım, bircə o qadının ölməsini yox. Çünki, onun özü də cavanlıqda yetərincə gəzmişdi. Özü də təkcə subay vaxtı yox, həm də evli vaxtı. Ta ki, gözəlliyi kişilərin gözlərindən düşənədək. İndi öz gəzdiyi ağacın budağında qızını görüb niyə ürəyi partlasın ki, anlamırdım...

Görünür bacısının onun yolunu illərdi getməsinə dözüb, qızında bacarmayıb. Çox da ki, özü saxlamayıb. Balasıdı axı. Yəqin ona ayrıca ümidləri varmış. Bəlkə də özünün düzgün ailə, ev-eşik ola bilməməsinin dərdini balaca qızının xoşbəxtliyi ilə ovundurmaq istəyirmiş qadın. Amma insan öz dövrünü öz qanunları ilə yaşayınca bilməlidir ki, həyatın da öz qanunları olmamış deyil. Və əgər bu qanunlar insanın qanunları sıradan çıxandan sonra işə düşürsə...

Məncə istənilən fahişə, fahişəlikdən sonrakı ömründə fahişəlik etdiyi dövrün işgəncəsini yaşayır. Kimisi tənhalıq, kimisi hər kişinin altına atdığı keçmiş, kimisi də sadəcə sayğısızlıq olaraq...

Anası bəlkə istəməyib bu qəşənglikdə qız da yaşlaşanda onun həyatını yaşasın. Amma sən istəməklə deyil ki, həyat bilir kimin nəyini hara qoyacaq.

Əslində mənimçün fahişə də istisnasız olaraq qadındır. Könlünə yatdı sevə bilərsən. Sevdin evlənə bilərsən. Oğul-uşaq sahibi edə bilərsən. Peşəsini davam etdirsə, ayrılmaq da olar. Amma öldürmək, incitmək olmaz. Axı o insandır. Və daha məsum insan. Çünki günahı çoxdur. Özü də insanın qadın variantı. İçində nələr yaşadığını yalnız fahişələr bilən bir qadın...

Sonralar onu hərdən görürdüm. Qucağında uşaq gedirdi. Sonra yanında uşaq getməyə başladı. Bir kişi saxlayırdı onu. Ailəsini atıb onu tutmuşdu o kişi. Amma bəlli idi ki, bu da müvəqqətidir. Hər dəfə onu görəndə düşünürdüm ki, başqalarının həyatında müvəqqəti olmaq üçün doğulan insanlar var bu dünyada. Ömrü boyu atılmağa məhkum olan qadınlar yəni. Onların öz həyatları olmur əslində. Olur, amma müvəqqəti insanlardan ibarət bir həyat. Və bu həyat haqqında gələcəkdə danışılası çox şey olsa da heç nə danışmaq olmur. Məncə qadınların özlərindən ağız dolusu əsas danışmaq vaxtı onların nənə dövrünə düşür əslində. Nəvələr sadəlövh olurlar axı. Amma elə şeylər var ki, onları ən sadəlövh uşaqlara belə danışmaq olmur. Heç cür olmur. Çünki olmaz. Fahişə nənələr nəvələrinə ya nəsə uydura, ya da öz uşaqlıq dövrlərindən danışa bilirlər. Yəni bütün mənalarda bakirə vaxtlarından. Bakirə uşaqlara da bakirə uşaqlıq dövrü barədə nağıllar maraqlı gəlmir. Çünki onlar özləri həmin dövrün içində olurlar. Həyatın bakirə dövrünün...

Bizim həyatımızın bakirə dövründə bir qız vardı. Və o qız çox qəşəng idi...

İlqar R.

Bakı-29.04.2014

# 6574 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #