Hamiləlik etirafı

Hamiləlik etirafı
4 aprel 2014
# 12:03

Kulis.Az Azad Yaşarın tərcüməsində Gi de Mopassanın “Hamiləlik etirafı” hekayəsini təqdim edir.

Günorta günəşinin qızmar şüaları tarlaları yaxıb, qovurmaqdaydı. Fermaların ətrafında bitən ağacların arasıyla uzanan, qara və yumşaq torpağın çılpaqlığını dəymiş çovdarlar, sapsarı saralan buğdalar, yaşılımtıl-sarıya çalan yulaflar və tünd yaşıl rəngli yoncalar hərəsi öz rənginə uyğun zolaqlarla örtüb, bəzəmişdi.

Təpənin üstündəki inəklər, eynilə əsgərlər kimi, sıraya düzülmüşdülər: aralarında ayaq üstə dayananlar, yerdə ağnayanlar, yonca qırpıb, gövşək vuranlar da vardı. Geniş tarla boyu səpələnən bu zavallılar günəşin parlaqlığından öz iri gözlərini qıymağa məcbur idilər.

Yanlarını basa-basa, bir-birinin ardınca yeriyən iki qadın - ana və qız - zəminin arasıyla uzanan və tapdanmaqdan işləkləşən cığırla bu inək sürüsünə tərəf gedirdi.

Çiyinlərinə qoyduqları və çəllək çənbərindən hazırlanmış asqının hər iki ucundan sink hazırlanmış bir vedrə asılmışdı və qadınlar hər addım atanda günəşin parlaq şüası bu bəmbəyaz dəmirə düşərək, gözlərini qamaşdırırdı.

Heç dinib-danışmırdılar. İnəkləri sağmağa gedirdilər.

Heyvanlara çatıb, vedrələrini yerə qoydular, yerdə ağnayan bir cüt inəyə yanaşıb, taxtadan yonulmuş başmaqlarıyla onların böyrünü təpiklədilər.

İnəklər ağır-ağır yerdən qalxdılar, qabaq ayaqlarını dikəldəndən sonra çətinliklə də olsa, öz iri sağrılarını yerdən qaldıra bildilər. Görünən o idi ki, iri, sallaq və bəyaz yelinlərinin südlə dolu olması yerdən qalxmalarını lap müşkülə çeviribdir.

İnəklərin qarnının altda dizlərini yerə atan Malivuar xala və qızı var gücləriylə heyvanın şişkin əmcəklərini dartışdırmağa başladılar. Hər dəfə onları sıxanda qabaqlarındakı vedrəyə incə süd şırnağı cızğırırdı. Qabın kənarları boyunca sarımtıl köpük yüksəldikdə digər inəyi sağmağa girişirdilər, beləcə, növbə sonrakı heyvana yetişirdi. Sağdıqları inəyi qadınlar hər dəfə otlağın hələlik otlanmamış qisminə ötürürdülər.

Sağımdan döndükləri zaman çiyinlərində daşıdıqları vedrələr südlə dolu olduğundan addımları nisbətən ləngləşmişdi. Yenə ana öndə gedirdi, qız isə arxasınca gəlirdi.

Qəfildən ayaq saxlayan qız yükünü yerə qoyub, oturdu və hönkürdü.

Arxadan gələnin hənirtisini eşitməyən Malivuar xala geri qanrılınca, heyrətdən yerində quruyub qaldı və soruşdu:

- Nə olub sənə belə?

Selesta kürən saçlı, boylu-buxunlu bir qız idi. Saçları da, çillərlə dolu yanaqları da əsl atəş rəngdəydi: sanardın ki, günəşin altda saçlarını daradığı vaxt göydən yağan atəş cınqıları ona peşkəş edilmişdi.

Döyülmüş uşaq kimi içini çəkən qız pəsdən dedi:

- Daha bu cür süd daşımağa heyim qalmayıb.

Onu dərin şübhə ilə süzən anası soruşdu:

- Sənə nə olub, axı, belə?

Vedrələrin arasındakı torpağa uzanan Selesta önlüyü ilə üzünü qapayıb, dilləndi:

- Nəfəsim daralır. Dözə bilmirəm!

Anası üçüncü kərə xəbər aldı:

- Axı, sənə nə olub? Desənə?

Qız inildədi:

- Deyəsən... mən hamiləyəm!

Və hönkürtü vurdu.

Bunun ardınca qarı da vedrələri çiynindən endirdi, çünki nə deyəcəyini bilmədiyindən karıxıb, qalmışdı. Nəhayət, dili topallaya-topallaya soruşdu:

- Sən… sən… Ay yaramaz, sən hamiləsən?

Deyəsən başına at təpib sənin?

Malivuarlar bu mahalda zəngin, varlı-hallı, özünü tutmuş fermer ailəsi sayılırdı, yaxşı nüfuzları, izzətləri vardı və hiyləgər insanlar sayılırdılar.

Selesta mızıldandı:

- Qorxuram ki, bu, bir gerçəkdir.

Qarşısında yerə uzanıb, ağlayan qızını çaşqınlıqla süzən ana qəfildən onun üstünə çımxırdı:

- Deməli, sən hamiləsən? Hamiləsən sən? Ay qancıq, bu hoqqanı harada çıxartdın belə?!

Həyəcandan əndamını əsməcə bürüyən Selesta pıçıldadı:

- Yanılmıramsa, bu iş Politin arabasında baş verib.

İndi qarı başlarına gələn bu müsibətin səbəbini, sirrini və ən nəhayət, səbəbkarını tapmağa çalışırdı. Əgər bu işi tutan cavan zəngin və ad-san sahibi birisi olsaydı, yenə məsələni birtəhər yoluna qoymaq olardı və onda bu dərdə-müsibətə birtəhər qatlaşmaq mümkün idi, çünki cavan qızların başına bu cür işlər gəlir və Selesta da bu baxımdan nə birinciydi, nə də sonuncu. Ancaq hər şeyə rəğmən, bu mahalda adları bədnam olacaqdı, çünki bütün qonum-qonşu onlara aşkar şəkildə həsəd bəsləyirdi.

Qadın soruşdu:

- Ay yelbeyin, bəs bu hoqqanı kimlə durğuzmusan?..

Dili açılan Selesta hər şeyi anasına açmaq niyyətiylə pıçıldadı:

- Hər halda Politlə.

Bunu eşitcək, çılğınlıqla qızını döyməyə, şapatlamağa başlayan Malivuar xalanın ləçəyi başından sürüşüb, yerə düşdü. Yumruq zərbələrini hara gəldi - qızın başına, kürəyinə yağdırırdı, Selesta isə aralarında uzandığı vedrələrin onu qoruduğuna arxalandığından əlləriylə sadəcə üzünü qapamağı yetərli bilirdi.

Bu mərəkədən karıxan inəklər ot qırpmaqlarına ara verdilər və onsuz da iri olan gözlərini bir az da bərəldərək, bu ana-balaya baxmağa başladılar. Nisbətən aralıdakı heyvan isə üzünü qadınlara tərəf tutub, hələ bir ağız böyürdü də.

Malivuar xalanın taqəti kəsildi, rəngi qaraldı və bir az nəfəsini dərəndən sonra o, təkrar bu qəziyyəni araşdırmağa girişdi:

- Polit, hə?! İlahi, sən buna necə razı oldun, axı?! Necə buna yol verdin? Adi bir dilicans sürücüsünün altına yatdın, eləmi?! Deyəsən, sənin ağlın tamam çaşıb ha? Bəlkə o, haramzadə səni tovlayıb, başdan çıxarıbmış?

Üzü üstə torpaqda uzanan Selesta pəsdən dilləndi:

- Ona gediş haqqı ödəməmək üçün mən belə elədim.

Normandiyalı ağbirçək bu yerdə məsələnin məğzini anladı.

Həftədə iki dəfə, çərşənbə və şənbə günləri Selesta fermalarının məhsullarını – diri quşları, qaymağı və yumurtaları – şəhərə satmağa aparırdı.

Səhər saat yeddidə bir cüt iri səbətlə evdən çıxırdı qız: bunların birində süd-qatıq olurdu, digərində isə diri quşlar. Böyük yolun üstündə dayanaraq, o, İvetodan gələcək poçt karetasını gözləyirdi.

Zənbillərini yerə qoyan Selesta adətən keçib qanovun kənarında otururdu. Qısa və iti dimdikli toyuqlar, geniş və yastı qaqalı ördəklər isə səbətin hörüldüyü söyüd çubuqlarının arasından ona boylanır, mənasız baxan və heyrət dolu gözlərini qızdan ayırmırdılar.

Az sonra böyük kareta oraya yan alırdı və uzaqdan kənarları qara dəriylə üzlənmiş, sarı sandığı xatırladırdı. Karetanın arxa qismi onu çəkən bəyaz yabının yortma tempinə uyğun olaraq durmadan qalxıb-enirdi. Karetaçı Polit şən, bazburutlu və cavan yaşına rəğmən, artıq qarın bağlamış bir oğlan idi. Günəş şüalarının yaxıb-yandırdığı, dəli küləklərin qamçıladığı, leysan yağışlarının islatdığı boynunun və üzünün dərisi düşkünü olduğu içkinin təsiriylə əsl kərpic rəngi almışdı. Adətən o, hələ aralıda ikən qamçısını havada şaqqıldadır və qızla xoş-beşə başlayırdı:

- Salam, mamzel Selesta! Necəsiniz? İşlər necə gedir?

Qız səbətləri bir-bir ona uzadır, Polit isə onları alıb, baqaj yerinə düzürdü. Sonra Selesta paltarının ətəyini əllərinə yığırdı ki, yerdən xeyli hündürdə olan karetaya rahat çıxa bilsin və bu ara oğlan şorgöz baxışlarını onun göy corablı, toppuş baldırlarına zilləyirdi. Hər səfər də Polit eyni sarsaq atmacasından qalmırdı:

- O ayaqlar görən hər kəsin ağlını-huşunu başından çıxarar ha!

Selesta da bu məzəli komplimenti eşitcək, istər-istəməz gülümsünürdi.

Sonra oğlan: "Tərpən, gözünə döndüyüm!" – deyə atını haylayır və arıq yabı yola düzəlirdi.

Qoynundakı cibdən pulqabısını çıxaran Selesta özü üçün altı, səbətlər üçün isə dörd su, yəni cəmi on su pul ayırıb, çiyninin üstündən təmkinlə Politə uzadırdı. Pulu alan oğlan da deyirdi:

- Hə-ə, belə çıxır ki, səninlə əylənmək bu gün də mənə qismət olmayacaq!

Hər dəfə təkrarladığı bu zarafata qızın verdiyi reaksiyanı görməkdən ötrü oğlan gövdəsini tamamilə geri döndərir, bunun ardınca isə ürəkdən bir qəhqəhə çəkirdi.

Getdiyi hər üç kilometr başına sürücüyə yarım frank ödədiyi üçün hər dəfə qızın ürəyinə sancı dolurdu. Cibində xırda pulu olmayanda isə ürəyi lap betər sıxılırdı, çünki gümüş pulu xırdalamağa heç qıymırdı.

Bir gün yenə ödəmə vaxtı çatanda oğlana dedi:

- Yeri gəlmişkən, daimi müştəriniz olduğumdan siz məndən altı sudan çox pul almamalısınız, bəlkə elə deyil?

Oğlan güldü:

- Gözəlim, altı su nədir ki?! Əslində mənim gözümdə sənin dəyərin bundan qat-qat böyükdür.

Qız dediyindən dönmədi:

- Sizin gözünüzdə bu endirim ayda iki frankdan çox eləməz yəqin.

Yabısını qamçılayan sürücü olan səsiylə bağırdı:

- Üzüyola biri olduğumdan sənə güzəştə getməyə hazıram, yetər ki səninlə doyunca əylənə bilim!

Qız avam-avam soruşdu:

- Bununla nə demək istəyirsiniz ki?

Oğlan nə təhər uğunub getdisə, axırda onu öskürək tutdu:

- Əylənmək nə təhər olurmuş görəsən? Oğlanla qızın əylənməyi onların bir növ musiqisiz rəqsi, oynaşmasıdır da!

Onun nəyə eyham etdiyini artıq anladığı üçün qızın üzü rəng verib, rəng aldı:

- Yox, cənab Polit, siz deyən o əyləncələri mən özümə yaraşdırmaram.

Ancaq oğlanın dili-dilçəyi açılmışdı və məzə olsun deyə, dönə-dönə bu söhbətə qayıdırdı:

- Oğlanla qız arasındakı o əyləncə onsuz da gec-tez hər kəsin başına gəlməlidir.

O vaxtdan bəri hər dəfə qız yolpulu ödəyəndə oğlan həmişəki zarafatından qalmazdı:

- Hə-ə, belə çıxır ki, səninlə əylənmək bu gün də mənə qismət olmayacaq?

Bir dəfə isə qız ona zarafatla belə cavab verdi:

- Cənab Polit, bu gün olmaz, ancaq şənbə günü mütləq əylənərik.

Oğlan da həmişəki kimi sevincdən çığırardı:

- Razılaşdıq, gözəlim. Əyləncəmizi şənbə gününə ertələyək.

Hər şey bir yana dursun, qız hesablamışdı ki, son iki il boyu Politə nə az, nə çox, düz qırx səkkiz frank gediş haqqı ödəyibdir, halbuki kənd əhli üçün bu məbləğ elə də az sayılmaz. Qız onu da gözə almışdı ki, iki ildən sonra bu məbləğ haradasa yüz franka yaxınlaşacaq.

Bir yaz günü səfər vaxtı sürücü adəti üzrə ondan soruşdu:

- Hə-ə, səninlə əylənmək bu gün necə, mənə qismət olacaq görəsən?

Qız bu səfər fərqli cavab verdi:

- Özünüz bilən məsləhətdir, cənab Polit.

Oğlan bu cavabdan zərrəcə çaşmadı və arxasındakı oturacağın üstündən aşaraq, razılıqla mızıldandı:

- Bax, bu oldu başqa məsələ! Bilirdim ki, bu iş gec-tez baş tutacaq.

Yaşlı, ağ yabı o ara elə ağır yerişə keçdi ki, yeriyib-yerimədiyi ümumiyyətlə bəlli olmurdu. Hətta karetanın içindən sürücü oğlanın ara-sıra: "Haydı, gözünə döndüyüm! Hə-ə, gözünə döndüyüm!" nidaları gəlsə də, yabı bunlara əsla məhəl qoymurdu.

Aradan üç ay ötəndən sonra Selesta uşağa qaldığının fərqinə varır.

Bütün bunları qız bir az qabaq ağlayıb-sıtqayaraq anasına danışdı.

Ağbirçək qadının hiddətdən rəngi-ruhu kağız kimi ağardı və o, soruşdu:

- Yaxşı, bu sayədə nə qədər pula qənaət elədin ki?

Selesta dilləndi:

- Dörd ayda təxminən səkkiz franka.

Bunu eşidən kəndli qadının cin lap təpəsinə vurdu və o, təkrar qızının üstünə şığıyıb, onu bayaqkından betər necə döyməyə başladısa, az sonra özünün də nəfəsi təngləşdi. Əl saxlayıb, bir az nəfəsini dərən ana o ara qızdan soruşdu:

- Barı hamilə olduğunu ona söyləmisən?

- Əlbəttə ki, yox.

- Niyə deməmisən?

- Qorxdum ki, o, məni təkrar yolpulu ödəməyə məcbur eləyər.

Qarı dərin fikrə getdi. Sonra vedrələrini çiyninə alıb, qızına dedi:

- Nə isə, qalx ayağa və birtəhər də olsa, evə qədər getməyə çalış.

Bir az susub, əlavə elədi:

- Bax, özü hamiləliyini sezənə qədər ona heçcə nə söyləmə. Bəlkə bu yolla yeddinci, hətta bacarsan, doqquzuncu aya qədər də karetada pulsuz gedərsən.

Saçları pırtlaşan və ağlamaqdan gözləri şişən Selesta nıqqıldayaraq yerindən qalxdı. Yükünü çiyninə alıb, ağır-ağır yeriməyə başlayandan sonra burnunun altda bu sualı mızıldadı:

- Axmağam bu məsələni ona açıb söyləyim?!

https://www.facebook.com/azadyasharofficial

# 5251 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #