Oda tüpürmək olmaz

Oda tüpürmək olmaz
4 mart 2014
# 14:43

Oda tüpürmək olmaz

Kulis.az Xalq Yazıçısı Mövlud Süleymanlının “Yer üzünə məktub” yazısından Torpaq və od çərşənbəsi hissələrini təqdim edir.

Yazının əvvəlki hissələri:

Yer üzünə məktub

“Suyu yalnız yuxuda görə bilərdik”

Torpaq çərşənbəsi...

Həmişə suyla bir yerdədir, heç kəs torpağı sudan ayrı bilməz. Təsəvvürə belə gələn deyil. Təsəvvürdə, yaddaşda yəni, ancaq bir şey var; sudan torpağa çıxmaq, torpağa, yəni yaşamağa... Sudan Oda çıxış yoxdu, ola da bilməz. Sudan Oda gedən yol məhvə, yox olmağa aparar. Suyla torpaq bir yerdə bətn kimidir, ana bətni kimi... Var olan hər şey bir-birinə bağlıdır, hər şey, əgər hərəkətdədirsə, öz yerini - nədən sonra nəyin gəldiyini bilir. Bununla da Yaranışın əbədi hərəkəti alınır. Bax, od indi gəlir, yalnız indi bu əbədi hərəkətə qatılır: ilıq-ilıq, gülümsəyə-gülümsəyə suyla torpağı-ana bətnini isitməyə, cücərtməyə gəlir... Bu cücərmə, yəni yerin, el diliylə desək, cücük çağı, əslində, suyla torpağın qovuşduğu vaxta deyilir. Bu vaxt ana bətnində olduğu kimi, torpağa düşən toxum zamanı gələndə suyla torpağın tərkibindəki istiliklə - odla mayalanır, cücərir və Günəşi içir... “Günəşi içənlərin şərqisi... ” Mənim düşüncəmə görə, insanların bu bayramla bağlı bildikləri də dediyim həmin əbədi hərəkətin - bu əbədi düzənin içindədir. Xalq bu əbədi düzənin içində olduğuna görə də bildiklərini hardan bildiyini anlamır, anlamaq da lazım olmur, təbiətə qarışıb yaşayır. Ona görə də, təbiətin qanunauyğunluğu kimi, insanlarımızın da bildikləri belə dəqiqdi, gözlə görünə biləcək, əllə toxunulacaq qədər gerçəkdir. Gecəylə Gündüzün bərabər olmağından böyük gerçəklik təsəvvür eləmək mümkündürmü?! Əgər bu Xalq bu böyük həqiqəti bilibsə və bildiklərini xırdalıqlarınacan qoruyub yadında saxlayıbsa, bununla da əhatəsində olduğu xalqlardan öz möhtəşəmliyiylə seçilib (bəlkə də, qorxudub desək düz olar) bayramını keçirirsə, elmi tədqiqatlar - araşdırmalar adına alimlik edib ona mane olmağımız nəyə lazım?! İndi qalxıb hərə bir söz deyir; biri deyir, dörd ünsürlə bağlı çərşənbələr olmayıb. Ola bilsin, elə bölgəmiz var ki, bu adətləri çoxdan unudub... Amma bütün hallarda Xalq elliklə suyun ilk və sayalı- sınaqlı olduğunu bilib; torpağı, odu, havanı da eləcə. Bu dörd ünsürün üstündə inanclarını yaşadıb, özü demiş: oğrun-doğrun bayramını keçirdib.

Dediyim kimi, torpaq çərşənbəsində əsas olan “Deşmə keçid”dir. Torpağın elə vaxtıdır ki, el diliylə desək, elə bil “dincə qoyulub”, indi gərnəşəcək, yəni torpağın suya açılan vaxtıdı, suyu içib üzünü Oda çevirəcək, isinib nəfəsini dərəcək... Bu ara həm də səməninin cücüyə qoyulması çağıdı. Ən çox da “Deyin səmənisi”...

Yeniyetmə (ərlik) qızlar bu vaxtlar bəxtlərinə səməni göyərdirlər.

Bu cür deyin səmənisi cücərdənlər, əllərində də səməni, “deşmə keçid”dən bu alxışlarla keçirlər: “Anam torpaq, ağırla-uğurla məni, suçumu-günahımı al, ağırlığımı-yağırlığımı götür, dilək səmənisi böyütdüm, bax, bağrıma basmışam, səməni kimi oğul böyüdüm, qız böyüdüm. Anam torpaq, ayağım üstündə, əlim ətəyindədi. Yeməyimi verdin, diləyimi də ver!

Böyük bacılarımın, böyük bibilərimin yeniyetmə çağlarında hərənin öz səmənisi olardı; deyin səmənisi... Deyin-niyyət eləyib səməni böyüdərdilər. Üç-dörd yaşım olardı, az-çox yadımdadı, dili dualı, alxışlı “Deşmə keçid”dən keçərdilər. Sonrakı nəsillərdə artıq bunları görmədim, beş - on ilin içində çox şey dəyişmişdi; “Deşmə keçid”i də su yuyub aparmışdı. Kolxoz işindən başı ayılan yox idi ki, yeni “deşmə” açsınlar. Amma evimizin yanından axan çay öz əbədi yürüşüylə hələ də axıb getməyindəydi; İlin-Ayın son gecələrində bizi yenə ağırlayır- uğurlayır, vaxtını keçirdib solub-saralmış səməniləri axıdıb aparırdı...

1970-ci illərin əvvəllərində “Bulaq” radio verilişinə gələn məktubların arasında “Deşmə keçid” haqda bir məktub vardı. Elə həmin vaxtlarda da işləyib verilişdə səsləndirdim. Amma bu keçidin Novruz bayramıyla heç bir əlaqəsi, bağlılığı yox idi... Keçid bir təpə ətəyində qazılır, əyrim-üyrüm yollarla gedib təpənin başqa bir yanından çıxır; bu keçidə el arasında “yenidən doğulma” keçidi də deyilirmiş...

El arasında bağışlanmaz suçu olanlar, günah işləyənlər; namusa toxunanlar, yurd satanlar, yurd batıranlar, kasıbdan, sahibsiz qadından oğurluq eləyənlər “eldən dışqarı” edilərdi, yəni bu cür adamları elliklə genəşiyə yığışıb verdikləri qərarla kənddən qovardılar. İndi də tez - tez işlədilən belə bir ifadə var: “filankəs eldən dışqarı adamdı”. “Kəndə qoyulası adam deyil”. Eldən getməyi istəməyənlər, bağışlanmağını istəyənlər o şərtlə bağışlanardı ki, “Deşmə keçid”dən keçsin, yəni yenidən doğulsun. “Deşmə keçid”dən keçənlər adını keçiddə qoyub çıxırdı, çoxunun paltarları da keçiddə qalırdı. Ona görə də çıxacaqda bürüncəklə gözləyirdilər ki, onu çağa kimi doğuzdursunlar, qundaq kimi də bələyib büksünlər... Əllərindən tutub dartıb çıxardırdılar, sonra da: -Ay camaat, - deyirdilər, - Əli (adlar təxminidir) yenidən doğuldu, indi adı Lətifdi, Əli kimi yaşayammadı, indən belə Lətif kimi yaşayacaq...

Yaddaşımıza qayıtsaq, belə maraqlı etnoqrafik qaynaqlardan, yəqin ki, çox tapa bilərik. Yuxarıda dedim ki, ola bilsin, bu adətin Novruz bayramıyla sıx bağlılığı yoxdur, amma torpağın ciddi səhvlər etmiş insanı yenidən doğmağı, yenidən həyata gətirməyi mənasında, məncə, bu günün özündə də çox xarakterikdir.

Od çərşənbəsi...

İlin-Ayın son çərşənbələrində Su, Torpaq kimi Od da adi od kimi, yəni yalnız qaladığımız ocaq kimi, əlimizi yandıran, yaxan istilik kimi xatırlanmır, sayalı, müqəddəs duyğularla anılır. Böyük alimimiz, mərhum prof. Məmmədhüseyn Təhmasibin dediyi kimi, Xalq odu atəşpərəstlikdən, zərdüştlükdən də öncələrdə qoruduğu, sirlərini, alxışlarını ifadə etdiyi, ən əsası, dualarını tapındığı vasitə kimi yaşadır... İl-Ay bayramında Od daha çox təmizlik vasitəsi kimi lazım olur. Bayram tonqalını həyətin girəcəyində qalayır ki, həyətə keçən özüylə ağırlıq gətirməsin, pis niyyətsiz, ağırlıqsız-yağırlıqsız keçsin. Xalqın özü məsəl çəkir: “Od yuduğunu su yumaz”. Ona görə də deyir, heç olmasa ildə bir kərə özünü təmizlə, canını oddan keçirt, atıl tonqalın üstündən... “Qara yerdən üstünə qonan görünməzlər var, oda ver, yandır”. Doğrudan da oddan sonra adam özündə yüngüllük hiss edir. Ola bilsin ki, sudan çıxdıqlarına görə də bayram tonqalının alovu hamıya rahatlıq, dinclik gətirir...

El arasında odla bağlı deyimlər çoxdur, amma bunları təsnif etmək lazımdır. Mənim fikrimcə, odla bağlı Novruz bayramı ərəfəsində deyilən ifadələr adi günlərdə deyilən ifadələrdən seçilir. Od çərşənbəsinə aid olan ifadələrdə birbaşalıq var, quraşdırma, əfsanə, nağıl yoxdur; yəni başqa - adi vaxtlarda od-ocaq səs eləyəndə közə-kösövə duz səpib “pisliyimizi danışan, gözün bu odda yansın” deyimini Od çərşənbəsində - İlin-Ayın son çərşənbəsində deməzlər. İlaxır çərşənbədə “Oda arxa çevirmə”, “Oda tüpürmə”, “Gorum ol, ocaq, gorumda yan” ifadələrini, deyimlərini işlətməzlər. Bəzi toy adətlərimizdə olduğu kimi, qız evinin adamları oğlan evindən “köz oğurlamağa” cəhd etməz. Novruz bayramı ərəfəsində elə bil Odun ilkinə-doğuluşuna qayıdılır; Oda tapınmağa, Odun böyüklüyünə sığınmaq istəyi yenidən yaranır, hardasa böyüklü-kiçikli özümüzdən asılı olmadan, hansısa bir təbii qüvvənin təsiriylə oda sığınırıq da, tapınırıq da. Eyni zamanda demək olar ki, Odun üstünə çıxırıq, Odun üstündən keçirik, başqa vaxtlarda nə olur-olsun Odu tapdamazdıq, heç arxamızı da çevirməzdik, amma İlin-Ayın son çərşənbəsində Odla ağırlığımzı-yağırlığımızı yuyuruq, keçən ildən qalma gərəksiz şeyləri yandırırıq, səhərəcən tonqallarımız yanıb bizim üçün iş görür, könlümüzə-ruhumuza ümidlər, uğurlar verə-verə bizi sabahlara göndərir. Suyla yuyunub-yaxalandığımız kimi, odla da yuyunuruq. Odun-ocağın bizdən aşağıda, ayağımızın altında olmağı lazım gəlir, üstündən atdanırıq, üstümüzün suyunu - ağırlığımızı Oda tökürük, yanımızı, arxamızı çeviririk... Başqa vaxt belə eləməzdik. Hamısı ona görədir ki, biz həmin Anda Başlanğıcı, böyük Doğuluşu, hər şeyin, əsasən də dörd ünsürün - Suyun, Torpağın, Odun, Havanın yenidən bir-birinə qovuşması, təmizlənməsi dönəmini yaşayırıq... Keçirdiyimiz həmin An - Od, yəni İlin-Ayın Od çərşənbəsində qaladığımız tonqallardakı alov yaşadığımız bütün zamanlardan bizə daha yaxın, daha səmimi, daha istiqanlıdır. Ona görə də bilməliyik ki, o an hər şey yaranışdan-doğuluşdan necə varsa, eləcədir; bütün başlanğıclarda, doğuluşlarda olduğu kimi təmiz, arı - durudur...

# 2471 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #