Ver sözə ehya ki…

Ver sözə ehya ki…
17 fevral 2014
# 12:55

Ədəbiyyat və Əbədiyyət sözləri arasında təkcə söz oxşarlığı, forma yaxınlığı yox, həm də ciddi bir mahiyyət, məna oxşarlığı, linqvistik qohumluq axtarmaqdan özümü saxlaya bilmirəm. Əbədi olmayan hissin, duyğunun, obrazlı təfəkkürü ifadə edən sözün Ədəbiyyatın içində nə işi? Əbədi olmayan Ədəbiyyat da deyil-olsa, bu nonsensdir!

Ədəbiyyat bəzən illüzor, utopik xoşbəxtliklər vəd etsə də, hər halda cazibədar və cəzbedicidir. Çörçilsayağı yanaşsaq, axı ondan yaxşısı da yox hələ !

“Heç bir insanın ömrü Bodlerin bir misrasına dəyməz” deyib Akutaqava. Öz təlatümlü fiziki ömrünü poeziyayla harmoniyada keçirən Bodlerin bir misrası neçə-neçə obivatelin, ömrünü “zövqü-səfa” da keçirən meşşan xislətlilərin ömründən üstün deyilmi?

Ərəblərin bir sözü var: ”Məna arı bətin hinar” yəni hər bir şairin sözün içinə hopmayan, pünhan saxlanılası sirri də olmalıdır. Bir gün mən də özümə və yaxın çevrəmə söz verdim ki, daha şeirin daşını atacam. Bəzi sirlərimi özüm üçün saxlayacam. Ancaq şeirin “daşı” çox ağır imiş — onu atmağa gücüm çatmadı.

Bir sevgi şeirimdə deyildiyi kimi:

Nə yaxşı, unuda bilmədim səni-

Nə yaxşı, durmadım sözümün ustə,

“İfrat dərəcədə özümdən razı adam olmasam da heç təvazökar da deyiləm (ona görə yox ki, indi təvazökarlıq dəbdə deyil). Məncə sənət adamı daxilən saf, mükəmməl olmalıdırsa bu onun zahiri görünüşünə də nüfuz etməli, zahiri xoşluq daxili məmnunluq yaratmalıdır. “Sənət adamı kasıb olmalıdır” moizəsi Markeş demişkən əclafların fikridir (Necə ki, nasionalizim əclafların son sığınacaq yeridir).

Həyat kimi ölüm də poeziyanın əbədi mövzularındandır. Qədim Zen-buddist fəlsəfəsində belə bir fikir var: Bizim “həyatımız uzun ölümümüzdə qısa fasilədir”.

Yaradıcılıq bir az da öz gücünü ölümdən alır. Həyat insanın nazını çəkdiyi kimi insan da ölumün nazını çəksin gərək !

Qəribə səslənməsin: Fikrimcə insan elə bir həyat yaşamalı ki, ölümə layiq olsun! İnsan bəzən bu dünyada axtardığı sakitliyi, rahatlığı gedib ölümün ağuşunda tapır...Həm də ,axı Puşkin demiş: “Dünyada xoşbəxtlik yoxdur, azadlıq və rahatlıq var”. Bir də hələ 740 il əvvəl böyük Mövlanə deyirdi :”Onun adına ölüm deyib bizi qorxutmayın, onun ki, adı qovuşmaqdır;haqqa, Tanrıya qovuşmaq!”

Nəbadə, bu fani dünyaya bel bağlayasınız;

Dərdi dünya olanların

Dünya boyda dərdi var...

“Dahi şairlərin olması üçün dahi oxucular lazımdır”-unutmuşam bu kimin fikridir, amma hər halda müəlliflə mübahisə edərdim. Dahi oxucuların olması dahi əsərlərin yaranmasından sonrakı mərhələyə aiddir. Əslində ədəbiyyatın “Xam torpaq”larına elə bədii toxum əkmək lazımdır ki, yetişən məhsulun alıcısı (oxucusu) çox olsun. Həm də ədəbiyyat elə müqəddəs “qab”dır ki, ağzınacan dolu olsa belə (gözəl əsərlərlə) o qaba qiymətli nəsə qoymaq istəsən qabda mütləq yer tapılacaq !

Bayaq ölümdən danışdıq , təxminən “ölüm bir qadın kimi dünyaya sığal çəkir”—dedik, ədəbiyyat da insan ruhuna, hiss və duyğularına, əxlaqına sığal çəkən fövqəl və xariqüladə bir hadisədir, ilahi bir ştampdır.

...On beş yaşım olanda “Çörək” adlı ilk şeirim çap olundu. Elə o gündən”Çörək” adlı o ilk şeirimə and içdim ki, (çörəyə and içən kimi!) Sözə, şeirə xəyanət etməyəcəm. Etmədim də... Şöhrət piramidasına can atmadım, məşhurluq hissi məndə kompleks yaratdı. Sözün qulluğunda dayandım. Dərk etdim ki, Tanrının yanından gələn Sözün ayağına durmaq lazımdır! Mövlana demişkən;

Aqil odur yazıb qoya bir əsər,

Bir əsər qoymayanın yerində yellər əsər...

Hər bir insan öz ömrünün baş qəhrəmanıdır. Hər insan ömrünə poeziya meteor kimi düşür; bu meteor işığı yandırıcı deyil, nur səpəndir.

Şeir yazmaq, şeir nədir? Sualına cavab axtarmaq cəhdindən başqa bir şey deyil. “Şeir nədir?” sualına cavab tapılanda isə yəqin ki, bu dünyada bir şair də qalmayacaq...

Poeziya çığırtıdan yox, pıçıltıdan doğur. Poeziya kollektiv təsərrüfatın deyil, fərdi düşüncələrin, şəxsi kədərin məhsuludur. Mövlanənin daha bir fikri yadıma düşür: “Cahil yanında kitab kimi səssiz ol”. Bəli, əgər istedad varsa, bu istedadı hayqırmağa ehtiyac qalmır. O, kövrək təmasla da olsa, ağ varaqlarda mütləq göz və könül oxşayan “poeziya şırımı” açacaq... Ardınca isə anamız təhtəlşüur, atamız intuisiya öz sözünü deyəcək və sənin qəlbin də, ruhun da bütünlüklə yazdığın misralara hopmağa başlayacaq...

Hələ 18-ci əsrdə alman şairi Novalis əbəs yerə demirdi: “Yazdığın şeir sənə yox, sən yazdığın seirə məxsussan”

Bəli, “şeir tənhalığın poetik ifadəsidir” dedik. Şair hamının yanında da tənhadır. Bu tənhalığı, təkliyi ancaq onun öz tanrısıyla ruhi təmasda, ilahi rabitədə olduğu anlar poza bilər. Şairin tanrısız bir günü olmasın!...

Puşkin poeziya ”əxlaqdan ucadı” deyirdi. Amma bu, o demək deyildi ki, poeziya əxlaqsızdı. Əksinə poeziya bütün əxlaqi göstəricilərin, mənəvi dəyərlərin barometridir. Əxlaqdan kənar yerdə ədəbiyyat yoxdur! Yoxdur !...

Eşq uğrunda ölmək özü eşqdi!... Yox, mən sizi eşq uğrunda ölmək yox, yaşamaq üçün ədəbiyyatın kölgəsinə çağırıram...

P.S. Şeir ruhun qidasıdır. İnsanın ruhu da onun bədəni kimidir, bir gün də qidasız yaşaya bilməz. (Vovenarq)

# 1882 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #