No problem!

No problem!
2 oktyabr 2015
# 10:02

Köhnə bir lətifə var. Bir nəfər gəlir vəzifədə işləyən qohumunun yanına. İş istəyir. Qohumu da deyir ki, get şəhərdə gəz, hansı iş xoşuna gəlsə, gəl denən, sənə həmin işi verim. Adam şəhərdə gəzir. Ora gedir, bura gedir. Axırda bir konsert salonuna girir. Görür bir nəfər əlini aşağı-yuxarı qaldırır. Soruşur: “Bu adam kimdir?” Deyirlər bu dirijordur. Dirijorluq adama asan görünür. Gəlib qohumuna deyir ki, mən dirijor olmaq istəyirəm.

Bu lətifənin bir neçə versiyası var. Yuxarıda yazılanlar versiyalardan biridir. Başqa bir versiyada iş istəyən adam vəzifəli qohumunun evinə qonaq gəlir. Orda qalır. Qohumunu bezdirir. Bir gün bezən qohum arvadına deyir:

- Sən allah, bunu apar bir yerə, bir az başım dincəlsin.

Arvad da onu konsertə aparır və iş axtaran adam dirijoru orda görür. Dirijorun işi ona çox asan görünür.

Bu köhnə lətifənin mənası budur: İşi tanımayanda, işin məsuliyyətini anlamayanda iş kənardan hər bir kəsə asan görünür. Bəli, bilməyən adamın gözüylə baxanda dirijor əlini yuxarı qaldırıb aşağı endirir. Necə də asan bir işdir. Amma işlə tanış olduqda dirijor sənətinin necə ağır, necə gərgin zəhmət, bilik, emosiya tələb edən bir sənət olduğunu başa düşürsən. Hər şey bir tərəfə. Dirijorun qarşısında da adamlar oturur, arxasında da. Qarşısındakıları idarə etməlidir. Hər şey ondan asılıdır. Arxadakılar isə oturub nəticəni gözləyirlər.

Uzun müddətli bir proyektdə iştirak edirdim. Proyektin rəhbəri ingilis idi. Həmişə deyərdi:

- Qafqazlıların “No problem” sözündən qorxuram. Əgər qafqazlılar “No problem” sözünü işlədirlərsə, deməli mütləq problem var.

Sonradan məlum oldu ki, bu söz bir nəfərin sözü deyilmiş, bu söz əcnəbilərin arasında çox yayılıb. Nə deməkdir bu? Bu o deməkdir ki, adamlar öz işlərinə çox məsuliyyətsiz yanaşırlar. Hər şey onlara mümkün və asan görünür. Öz üzərlərində işləmirlər, özlərini təkmilləşdirmirlər.

Həkim tibbə aid kitablar oxumur. Jurnallar oxumur. Universitetdə nə oxuyubsa onunla kifayətlənməli olur. Ona görə də tibbdən danışmaq əvəzinə başlayır hədis danışmağa. Bilmirsən molladır, yoxsa həkim. Bəlkə də ağ xalatlı molladır. Bir çox sahələrdə belədir. Bu dəqiqə ölkəmizdə azı iki min adam şair və yazıçı adına iddialıdır. Bu iki min adamdan əllisi mütəmadi olaraq kitab oxuyursa böyük işdir.

Rejissorlar da belədir. Aktyorlar da. İşləri-gücləri bütün günü ölüb getmiş aktyorlar və rejissorlar haqqında çeynənmiş lətifələr danışmaqdır. Lətifə danışmaq cinayət deyil. Nəzərə alaq ki, bizdə kitab yazan adam az olub. Yazı mədəniyyəti hələ gəlib bizə çatmayıb. Oxumağı və yazmağı bacarmaq o demək deyil ki, bizim cəmiyyətdə yazı mədəniyyəti formalaşıb. Xeyr. Kitab çox azdir. Kitabsızlıq hökm sürür. Ona görə də sənətkarlarımızın həyatında baş vermiş hadisələrin çoxu folklor formasında qalıb. Ağızdan-ağıza ötürülüb. Hərə də bir detal əlavə edib.

Bütün işi-gücü lətifə danışmağa çevirmək artıq boşboğazlıqdır. Avaraçılıqdır. Ona görə də bizim rejissor və aktyorlar dəhşətli dərəcədə savadsızdırlar. Ustalar da belədir. Bu dəqiqə ölkəmiz Usta Zeynallarla doludur. İş görmək əvəzinə oturub boş-boş danışırlar. Ümumilikdə götürəndə “Tutar qatıq, tutmaz ayran”, “Ya xan ölər, ya da eşşək” çoxluğun həyat fəlsəfəsinə çevrilib. Əsas iş tapmaqdır, sonrası nə olar-olar. Bacaracaqmı-bacarmayacaqmı, düzəldə biləcəkmi-düzəldə bilməyəcəkmi, bu haqda düşünmür.

Dostların qəribə xasiyyəti var. Hardasa otururlar. Yüz vurandan sonra ürəkləri açılır. Zəng edirlər. Çağırırlar məclisə. Deyirsən a kişi, bunu heç olmasa iki saat əvvəl deyərdin, işimi bilərdim. Toxam. Yemişəm. İşim var. Xeyri yoxdu. Başqası zəng edir. Məcbur qalıb razılaşırsan. Əl çəkməyəcəklərini bilirsən. İkinciyə də yox desən, üçüncü zəng edəcək. Beləliklə səni qoyacaqlar növbəyə. Rahatlıq verməyəcəklər. Ən yaxşısı bəri-başdan üzüsulu razılaşmaqdır.

Mənə belə bir zəng gəldi. Məclisə dəvət etdilər. Yox deyə bilmədim. Dedilər təzə oturmuşuq. Hələ yemək gəlməyib stolun üstünə. Otur bir taksiyə gəl bura. Səni qarşılayarıq. Yəni narahat olma, taksinin pulunu özümüz verəcəyik. Rəşid Behbudov küçəsində tıxac vardı. Bir az piyada getdim. Nisbətən açıq yerdə, yolun kənarında bir taksi dayanmışdı. Yaxınlaşdım taksiyə. Dedim filan yerə getməliyəm, neçəyə aparırsan? Dedi nə verərsən-verərsən. Dedim yox, gəl şərti şumda kəsək, xırmanda yabalaşmayaq.

Xasiyyətlərini bilirəm. Gərək əvvəlcədən dəqiq qiyməti öyrənəsən. Nə etməli, qorxulu adamların arasında yaşayırıq. Nə desən gözləmək olar. Qiyməti danışıb razılaşdıq. Oturdum maşına. Bir az getdik, məlum oldu ki, adam getdiyimiz yeri tanımır. Yolu məndən soruşur. Deyirəm a kişi, niyə yolu tanımırsan? Tanımırdınsa niyə bunu əvvəldən demirdin? Mən niyə sənə yol göstərməliyəm? Mən sərnişinəm, sən də sürücü. Sənin işin məni mənzil başına çatdırmaqdı.

Baxıram sözlərim xətrinə dəyir. Bilirsiniz niyə? Çünki çoxluq bir-birini belə yola verir. Sən də durub bu nizamı pozanda, nəsə narazılığını bildirəndə sanki müsəlmançılıqdan çıxmış kimi görünürsən. Yəni nə olub yolu tanımıram-tanımıram, dünya dağılmadı ki, birtəhər gedib çıxacağıq da. Elə belə də cavab verdi.

Qayıdıb deyəsən ki, inşallah birtəhər gedib çıxarıq, Allah kərimdi. Elə bil başıma bir vedrə qaynar su tökdülər. Deyirəm kişi, Kərimin quyusu dərindi. Ora düşən çətin çıxır. Bilmirəm mömin idi, yoxsa saqqalıma baxıb damarımı tutmaq istəyirdi. İnşallah kəlməsi dilindən düşmürdü. Adətən maşın tıxaca düşəndə danışdığımız qiymətə bir manat əlavə edirəm. Amma bu yolu tanımayan adama yolu göstərmədim. Dedim qoy özü soruşub öyrənsin.

Qərəz, birtəhər gəlib mənzil başına çatdıq. Bütün ovqatım korlanmışdı. Adam yolu tanımamağını heç cürə qəbahət kimi qəbul etmirdi. Guya belə də olmalıdır. Ona heç cürə başa sala bilmədim ki, sən sürücüsənsə yolu tanımalısan.

Bu əhvalatın üstündən hardasa bir həftə keçmişdi. Küçəylə gedirdim. Bir də gördüm siqnal səsi gəlir. Düzdü, siqnal səsinə dönüb baxan oğlanlardan deyiləm, amma nədənsə hiss etdim ki, bu siqnal mənim üçün verilir. Çevrilib baxanda gördüm həmən yolu tanımayan sürücü. Başını mənə tərəf uzadıb dedi: “Qardaş, salam, necəsən?”

Təəccübümdən əlim üzümdə qaldı. Nə bilim, hər şeyin bir sərhədi olmalıdır. Heç nəyə baxmayaraq necə də rahat yaşayan adamlar var.

# 2030 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #