Özünə hörmət etməyən müəlliflər

Özünə hörmət etməyən müəlliflər
27 avqust 2024
# 15:00

Kulis.az Həmid Piriyevin "Məccanilər, yaxud Davudun dərdi" köşəsini təqdim edir.

Uzaq 2016-cı ildə birinci kitabım, 2017-ci ildə isə ikinci kitabımı çap etdirmişdim. Əlbəttə, cavanlıq həvəsi ilə tələsik qərarlar idi o kitabların çapı. Amma söhbət bundan getmir.

Hərəsi 200 tiraj idi, öz hesabıma çap etdirmişdim. Satış-zad marağında deyildim, istəyirdim, oxunsunlar. Ona görə kitabları kimə gəldi - verməyə başladım.

Adını bilmədiyin, sadəcə, bir-iki dəfə salamlaşdığın adam sənə toy dəvətnaməsi verir ha, bax, elə. İndi fikirləşəndə özümə də gülməli gəlir.

Həm də artıq başqa tərəfdən yanaşıram.

Əziyyət çəkib yazdığım, işləyib qazandığım pulla çap etdirdiyim kitabları nə üçün pulsuz paylayırdım ki? Bu, ən azı özümə və öz əməyimə hörmətsizlik idi. Bunu sonralar başa düşdüm.

İkincisi, satış marağında olmasam da, hər halda, kitabların bir hissəsini satışa qoymuşdum. Düzdür, sonra neçəsinin satıldığını, neçəsinin it-bata düşdüyünü bilmədim.
Bilirsiniz də, bizdəki kitab bazarının vəziyyətini. Nadir nəşriyyatlar və kitab dükanları müəllifə hesabat verir, qalanları allahapənah fəaliyyət göstərməkdədir (nəşriyyatlar və kitab bazarı haqqında ayrıca yazmaq lazımdır). Amma güman edirəm ki, hər kitabımdan beş-on dənə də olsa, satılmışdı. Bax, mən özümdən əlavə, həmin beş-on nəfərə də hörmətsizlik etmişdim. Çünki onlar da işləyib əziyyətlə qazandığı puldan bir hissəni ayırıb mənim kitabımı almışdı.

Başqalarına pulsuz kitab verməyim onlara hörmətsizliyim idi. Bunu da sonralar başa düşdüm.

Və deyim ki, bunu edən tək mən deyildim. Tanıdığım bir çox yazarlar kitablarını, ən azı, dost-tanışa pulsuz verib və hələ də verməkdədir. (Əslində, adama elə ilk növbədə dost-tanışı dəstək olmalıdır, amma hər nəysə, bu başqa mövzudur.) Bir neçə il qabaq Ayxan Ayvazla indi xatırlamadığım bir gənc yazıçı da bulvarda aksiya keçirib, kitablarını pulsuz paylamışdı.

Amma görürəm ki, artıq əksəriyyət bunu qanunauyğunluq kimi qəbul edib. Səninlə beş-on kəlmə kəsən belə fikirləşir ki, bəs, borcundur ona kitab verəsən. Təxminən, belə fikirləşirlər ki, kimdi e o, minnəti olsun ki, onu oxuyuram. Hətta kitab sərgilərində də pulsuz kitab istəyən “oxucular” görmüşəm. Və bu onlara çox normal gəlir. Necə yəni, kitaba da pul verərlər?

Peşmansan, təzə kitabının üz qabığını-zadı paylaşmağa. Təbrik edənlərlə bir yerdə mütləq bir neçə nəfər yazır ki, hədiyyə edərsən də. Soruşmur ha, satışa haçan çıxacaq, hardan almaq olar? Deyir, hədiyyə elə.

Ataş/anaş, xeyir ola? Sən dükana gedib hədiyyə çörək istəyirsən? Ya bəlkə, meyvə-tərəvəz dükanında kartof-soğanı hədiyyə verirlər sənə? Yəqin, toyuğu-yumurtanı da hədiyyə istəyirsən, deyirsən ki, oxuyub, ee, yeyib, fikrimi deyərəm sənə.

Kitab da, kobud şəkildə desək, yazıçının/şairin əmtəəsidi. Əziyyət çəkib üstündə, vaxtını sərf edib. Nə üçün kiməsə pulsuz hədiyyə etməlidir?

Fikrimi düz başa düşün, söhbət puldan getmir. Onsuz da Azərbaycanda heç bir yazıçı tək ədəbiyyatla dolana bilmir, o ki qalmışdı, kitab satışından gələn gəlirlə ola.

Söhbət, Davud qədeş demiş, vnimatelni olmaqdan gedir. Həm də əməyə qiymət verməkdən.

Müəllifdən pulsuz kitab istəyən oxucular sonra ədəbiyyatımızın inkişaf etmədiyini deyəndə başımdan tüstü çıxır da. Ataş/anaş, sən beş-on manat verib kitab almayandan sonra necə inkişaf etsin, neyçün inkişaf etsin? Özü də fikir vermişəm, ölkədəki kitab bazarından, ədəbiyyat səviyyəsindən şikayətlənənlərin çoxusu elə müəllifdən pulsuz kitab istəyənlərdi.

Sosial şəbəkələr doludu yanında qəhvə fincanlı kitab şəkilləriylə.

Yəqin, fikir vermisiniz, şəhərdə gündə bir qəhvəlik açılır və kitab dükanları sürətlə azalır... Adını deməyə dilinizin dönmədiyi qəhvələrin fincanına on-on beş manat verib, müəllifdən pulsuz kitab istəyəndə, belə də olmalıydı.

Məncə, qanunauyğun təzaddır.

P.S: Yeri gəlmişkən, sünnət toyunu xatırladan kitab təqdimatlarını da yığışdırsalar, əla olar.

# 2105 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur ifaçı cərimə olunacaq

Məşhur ifaçı cərimə olunacaq

19:00 13 sentyabr 2024
"The Cure"dən on altı ildən sonra yeni albom

"The Cure"dən on altı ildən sonra yeni albom

18:21 13 sentyabr 2024
"Avroviziya" seçimlərinin bitməsinə 3 gün qaldı

"Avroviziya" seçimlərinin bitməsinə 3 gün qaldı

17:43 13 sentyabr 2024
"Məmməd Araz dünyası”  kitabı işıq üzü gördü

"Məmməd Araz dünyası” kitabı işıq üzü gördü

17:05 13 sentyabr 2024
Koppola ona böhtan atan jurnalı məhkəməyə verdi

Koppola ona böhtan atan jurnalı məhkəməyə verdi

16:41 13 sentyabr 2024
“16 qız yetişdirdim, heç biri qapımı açmır” - Xalq artisti

“16 qız yetişdirdim, heç biri qapımı açmır” - Xalq artisti

16:22 13 sentyabr 2024
# # #