Sən özün nə yazmısan ki guya?!

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

14 oktyabr 2024
# 16:55

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Fikir vermişəm, hansısa gənc yazıçı yaşlı, ya dünyasını dəyişmiş bir yazıçını tənqid edəndə, hamı tökülüşür üstünə ki...

“Məhşurlaşmaq üçün eləyirsən!”

“Sən hələ bir onun yazdıqlarının yarısını yaz, sonra danışarsan!”

“Sən özün nə yazmısan ki guya?!”

Bütün bunlara bənzər iradları maddə-maddə açacam, cavablandırmağa çalışacam. Amma bundan qabaq istəyirəm, öz başıma gələn bir hadisəni sizə danışım.

Gənc yazıçı dostlarla, yəni öz tay-tuşlarımla bir məclisdə idik. Yeyib-içirdik, şeir oxuyurduq... Dostlardan biri şeir səsləndirdi. Heç öz şeiri də deyildi. Yaşlı şairlərimizdən birinin şeiri idi.

Dostum şeiri oxuyandan sonra dedim ki, bu şeirdə heç nə yoxdu, çox zəifdi.

Düşündüyümü dedim.

Dostum əsəbiləşdi. Özü də xeyli əsəbiləşdi. Cümləbəcümlə nə dediyini də xatırlayıram:

"Mən elə bilirdim ki, sən təkcə şeir yaza bilmirsən, sən demə, sən heç şeiri duymursan da, şeir necə olur bilmirsən!”

Cavab vermədiyimi görüb əlavə elədi: “Sənin filan yerin (ayıq oxucu “filan yerin” hansı yer olduğunu, yəqin ki, bilir – U.A.) üçün deyil belə şeir yazmaq!”

Hə, beləcə dedi: “Sənin filan yerin üçün deyil belə şeir yazmaq!”

Gülə-gülə cavab verdim:

”Mənim filan yerim nə vaxtdan sənin üçün poeziyada, ədəbiyyatda etalon olub?”

Yəni mən o cür şeir yaza bilmirəmsə, deməli, o şeir möhtəşəmdi? Deməli, o şeiri tənqid edə bilmərəm?

Çox absurd yanaşmadır.

Onda heç birimiz hansısa heykəlin yaxşı, ya pis olduğunu da deməyək. Axı biz heykəltəraş deyilik.

Ya da hansısa mahnıya, müğənniyə bayağı deməyək. Axı biz nə mahnı bəstələyirik, nə mahnı sözü yazırıq, nə də oxumağa səsimiz var.

Yemək bişirə bilmiriksə, hansısa restoranda qabağımıza qoyulan yeməyin çiy olduğunu da deməyək?

Hə... Başıma gəlmiş bu hadisə ilə bəlli bir həqiqətə vardıq, məncə.

Yaşlı, ya ölmüş yazıçıları tənqid edən gənc yazıçılara “Sən hələ onun yazdığının yarısını yaz!”, “Sən özün nə yazmısan ki, guya?!” kimi cümlələrlə hücum etmək çox gülməlidir.

Bir şeyi tənqid etmək üçün həmin şeydən daha əlasını yaratmağa ehtiyac yoxdur. Yuxarıda nümunələr çəkdim.

Keçək digər ittihama: “Məhşurlaşmaq üçün eləyirsən!”

Əvvəlcədən onu deyim ki, indiyə kimi hansısa yazıçını tənqid eləməmişəm. Nə yaşlı, nə ölmüş, nə klassik, nə də gənc... Gənclərə, yəni öz tay-tuşlarıma şəxsi müstəvidə məsləhətlər vermişəm dostyana, o heç...

Amma bircə dənə də yazımı göstərə bilməzsiniz ki, orda hansısa yaşlı yazıçımızı, ölmüş şairimizi, hansısa klassikimizi tənqid edim.

Yaxşı atalar sözümüz var: “Qırxında öyrənən, gorunda çalar”.

Qırxında...

Yəni atalarımız deyir ki, hətta qırx yaşında birinə də nəsə öyrətməyin adı yoxdu. Qaldı ki, yetmiş, səksən yaşında yazıçıya, şairə nəyisə irad tutasan...

Bunun yazdığı, yazacağı budur da.

Ölmüş bir yazıçının mətnini də niyə tənqid edəsən ki? Qəbirdən çıxıb yazdıqlarını redaktə etməyəcək ki...

Mənim bu məsələdə düşüncələrim belə olsa da, gənclərin yaşlı yazıçıları, klassikləri tənqid etməyinə də normal baxıram.

Fikirdi də... Fikrini deyir. Adam öldürmür ki...

Siz bəyənirsiniz, o bəyənmir. Nə var ki burda?

Nəyə əsəbiləşirsiniz?

Məsələn, mən Ramiz Rövşəni tənqid eləsəm, Ramiz Rövşəni sevən oxucular onun şeirlərini bəyənməyəcək?

Ya Ramiz Rövşəni tərifləsəm, onun şeirlərini bəyənməyənlər Ramiz Rövşəni sevəcək?

Ədəbiyyat zövq və təfəkkür (!) məsələsidir. Hamı öz arşınıyla ölçür, öz zövqünə, təfəkkürünə uyğun meyarlar müəyyənləşdirir.

“Məhşurlaşmaq üçün eləyirsən!” – ittihamı isə mənim pəncərəmdən baxanda, çox gülməli görünür.

Çünki azərbaycanlılar əvvəla qəbullanmalıdır ki, bizim ölkədə, bizim toplumda, bu cür cəmiyyətdə ədəbiyyat insanlar üçün heç bir əhəmiyyət kəsb eləmir və burda ağzınla quş tutsan da, populyarlaşmaq, məşhurlaşmaq mümkün deyil.

Barmağınızı qatlayıb öz-özünüzə sayın görək, bu ölkədə hansı kitab, hansı ədəbi hadisə, yazıçılar arasındakı hansı dava-dalaş, qalmaqal ölkə miqyasında müzakirəyə səbəb olub?

Özünüzü boşa yormayın, özüm cavab verim: heç biri!

Bir dənə Əkrəm Əylislinin “Daş yuxular” kitabı bir az müzakirə olundu, o da çox dar bir çərçivədə. Elə bu dəqiqə yanınızdakı hansısa adamdan Əkrəm Əylislinin kim olduğunu soruşun, bilməyəcək. Qaldı ki, onun hansısa qondarma romanını oxuyalar.

Özümüzü aldatmağa gərək yoxdur.

Özünüzü elə aparırsınız ki, elə bil, kitabla yatıb-duran, ədəbiyyatla nəfəs alan adamlarsınız.

Yadıma Bakının düz mərkəzində keçirilən o məşhur küçə sorğusu düşdü.

Bir nəfərə mikrofon uzadıb soruşdular: “Cəfər Cabbarlı kimdir?”

Adam zərrə də tərəddüdsüz, qətiyyətlə cavab verdi: “HEYKƏL!”

Belə...

Ramiz Rövşən demiş:

Sən də daşlamağa özgəsini tap!
Məni ömür boyu daşlayan adam
Gilası mürəbbə, quzunu kabab,
Şairi heykəl tək xoşlayan adam...

Əl çəkin bu yazıçıları, şairləri, sənətkarları heykəl kimi görmək eşqinizdən, heykəl sevdanızdan. Hamıdan bir heykəl düzəltməyin. Doldurmusunuz bu qısa ömrümüzü, bu balaca ölkəni heykəllərlə, elə bil, bütpərəstlik dövrüdü. Hamını bir bütə çevirmişik, öz ölkəmizdə qonaq uşağı kimi yaşayırıq, hara əl uzadırıqsa, anamız hirslənir:

”Əl vurma! Sındırarsan!”

İmkan verin, əl vuraq hər şeyə. Toxunaq, hiss edək, duyaq. Sınan şey onsuz da sınacaq, biz toxunmasaq da...

# 3913 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #