Saxta münasibətlərin səbəbi - Şəfiqə Şəfa

Saxta münasibətlərin səbəbi - Şəfiqə Şəfa
28 avqust 2024
# 12:00

Kulis.az Şəfiqə Şəfanın boşluq haqqında yazısını təqdim edir.



Damdan yıxılanlar…

Zaman-zaman hamının yaşadığı, daha doğrusu, düşdüyü bir durum var – boşluq! Yox, bu, depressiya deyil, onun törəməsi ola bilər, amma ondan fərqlənir. Depressiya çox vaxt keçid yaşlarında, situasiya ilə əlaqədar, hər hansı xəstəlikdən, itkidən, ayrılıqdan sonra gəlir. Boşluq isə heçlikdən.

Belə baxanda, depressiya boşluqdan urvatlıdı. Ən azı, mənfi hal olsa da, özündə nəsə daşıyır. Depressiyanın nədən qaynaqlandığını bilirsən, səbəbi aydındı. Amma boşluq... adı üstündə! Sanki nəhəng qabarcığın içindəsən, əlini atsan, çıxa bilərsən, ancaq əlin qalxmır. Qalxırsa da, boşluqdakı çəkisizlik onu hərəkət etməyə qoymur. Dünyadan kənar bir halda özünün qeyri-ixtiyari təyin elədiyin ölçü daxilində - trayektoriya üzrə süzürsən.

İşin pis tərəfi odur ki, insanın ən təhlükəli zamanı məhz bu boşluqda olan zamandı. Yenə depressiya ilə müqayisə edəcəm. Depressiya, həm də, özü özünlə baş-başa qalmaq halıdı. Heç bir şey etmək istəmirsən, salondan mətbəxə keçməyə belə həvəsin olmur, sanki komadasan: bütün günü yataqda, gözlərin tavana zillənmiş...

Daha doğrusu, yaşamırsan, sadəcə, mövcud olursan. Yaxşı tərəfi odur ki, uzun-uzadı düşünməyə vaxtın olur. Həyatını kənardan müşahidə edib, baş verənləri saf-çürük edirsən, nəticə çıxarırsan. Praktiki heç nə etməsən də, nəzəri olaraq hər şeyi yerbəyer eləmək olur.

Amma boşluq affekt vəziyyəti kimi bir şeydir. Hər an, gözlənilmədən özünə ya qarşısındakı insana zərər verəcək hərəkətlər edə bilərsən. Çünki boşluğun özüylə gətirdiyi bir bezginlik var. Yəni pik nöqtədə – qabarcığı, nəhayət, yara bildikdən sonra düşdüyün boşluğu doldurmaq üçün əlaltı, ağıla gələn bütün vasitələrdən istifadə edə bilirsən. “Ağıla nə gəldi”lərin içində təəssüf ki, “ağlasızmaz”lar üstünlük təşkil edir. Ən lazımsız münasibətlər, heç vaxt etmədiyin hərəkətlər, demədiyin sözlər, xəyanətlər, zərərli vərdişlər, faydasız qərarlar, artıq xərclər... hamısı bu boşluqda yaranır.

Boşluğun bir fəsadlı tərəfi də özünü bu durumdan çıxarmaq üçün başqasından istifadə etməkdir. Elə ki qabarcıqdan çıxdın, ilk gözünə sataşan ətrafındakı insanlar olur. Onlar boşluğu doldurmaq üçün ən əlverişli adamlardı. Çünki hələ üfüqləri genişləndirəcək qədər güclü deyilsən, ciyərlərin bol oksigeni qəbul etmir, uzaq gedə bilməzsən. Belə hal yaşayan insanların xarici görkəmi də namünasib olur. Məsələn, baxışları ifadəsiz, üzü solğun, göz bəbəkləri bir nöqtəyə zillənən, üzü asıq və s. Bu da yeni tanışlıq üçün uyğun maska deyil. Etik təbəssümlər, süni heyran baxışlar, yalançı təqdirlər kimi yeni tanışlıq taktikalarını tətbiq edə bilmirsən. Kəsəsi, o halda deyilsən. Qarşındakı insan da bunu açıq-aydın hiss edir və ayağının birini qaçaraq qoyur. O zaman əl altındakı Məmmədə, Fatmaya nə gəlib?!

İşin lap zay yanı da odur ki, qarşı tərəf, əslində, sənin nə etdiyini bilir. Amma ya sənə olan hörmətindən, ya üzü gəlmədiyindən bir söz demir. Ya da fürsət düşüb, – çoxdandı kobud desək, sənə yanıqmış… və daha betəri elə onun özü də boşluqdaysa?! Bah! Fısqırıq! Qarşılıqlı oynamalar, həm də, ən mənasız ssenari üzrə… Guya bir-birinizə ehtiyacınız varmış, təəssüf ki, bir-birinizin fərqində olmamısınız. Ta ikilidən biri, özünü toparlayıb bu oyundan çıxana qədər belə davam edəcək. Axırda da “Bəyin oğurlanması” filmindəki rejissor Əsəd müəllim kimi “Öz ssenarimiz ssenaridi ki!” deyib başqasının toyunu çəkməyə (bizim vəziyyətimizdə təəssüflə baxmağa) gedəcək.

Verdiyim bu nümunə hələ ən məsumu, daha az fəsadlısıdı.
Şəxsi münasibətlər insanları daha yaxından maraqlandırdığı və gec-tez hamının da işinə yarayacağı üçün bu misalı çəkdim.

Yuxarıda sadaladığım digər fəsadlardan Tanrı qorusun. Əslində, günümüzdə əksər adamlar bu vəziyyətdə olduğu üçün yalnız empatik dəstək vermək olar.
Yəni damdan yıxılanın halını elə damdan yıxılan anlayar. Qalanı peşəkar dəstəkçilərindi.

# 1089 dəfə oxunub

Oxşar xəbərlər

Şekspirin Şekspir üçün tikdiyi teatr - QLOBUS

Şekspirin Şekspir üçün tikdiyi teatr - QLOBUS

15:00 10 sentyabr 2024
Təəssüf ki, təriflədikləri kimi deyil... – Mübariz Örənin yeni hekayəsi haqqında

Təəssüf ki, təriflədikləri kimi deyil... – Mübariz Örənin yeni hekayəsi haqqında

12:00 10 sentyabr 2024
Ədəbsiz, aşağı səviyyəli əyləncə - Tolstoy Şekspirə niyə nifrət edirdi?

Ədəbsiz, aşağı səviyyəli əyləncə - Tolstoy Şekspirə niyə nifrət edirdi?

21:00 9 sentyabr 2024
"Oğulsan, azlığı tənqid elə!" - Bəhram Bağırzadəyə açıq məktub

"Oğulsan, azlığı tənqid elə!" - Bəhram Bağırzadəyə açıq məktub

14:29 9 sentyabr 2024
Humay - Günel Natiqin hekayəsi

Humay - Günel Natiqin hekayəsi

15:00 8 sentyabr 2024
Çinar yazıları - Mübariz Örənin yeni hekayəsi

Çinar yazıları - Mübariz Örənin yeni hekayəsi

11:33 8 sentyabr 2024
#
#
# # #