Qarlı dağlar darıxırmı? - Bəsti Əlibəyli yazır...

Qarlı dağlar darıxırmı? - Bəsti Əlibəyli yazır...
4 iyul 2022
# 13:20

Kulis.az tənqidçi Bəsti Əlibəylinin Azər Abdullanın yaradıcılığı ilə bağlı yazısını təqdim edir.

Azər Abdullanın işıqlı xatirəsinə

Şair, nasir, publisist, böyük ürəkli ədəbiyyat və sənət adamı Azər Abdullanın əbədiyyətə qovuşmasından bir il ötür. Son üç ildə bütün bəşəriyyətin kabusuna çevrilən pandemiyanın sıralarımızdan alıb apardığı bu nəcib, işıqlı insan uzun illər xiffətini çəkdiyi doğma duracağa çatmadan qəfil bir gedişlə ömür qatarını tərk etdi.

***

Ədəbi mühitdə Azər müəllim çox sakit, təvazökar, iddiasız, intriqalardan, söz-söhbətdən, tərəf tutmaqdan uzaq bir adam idi. Bəlkə də, belə müdrik mövqe onda təbiətcə sakit, səbirli insan olması ilə yanaşı, ömrünün uşaqlıq və yeniyetməlik çağlarını zaman-zaman Ermənistan ərazisinə qatılmış Qərbi Azərbaycanda, etnik azlıq və aqressiv, şovinist şərtlərdə yaşamasına bağlı həyati əhəmiyyətli bir keyfiyyət idi. Və nə gözəl ki, beləydi. Ömrünü mənasız, boş işlərə xərcləmədən, ilahi təqdirlə boynuna biçilən missiyanı yorulub darılmadan, tükənməz səbirlə yerinə yetirərək sözün, sənətin ilk pilləsindən üst fəlsəfəsinə qədər uzun bir yol keçərək müasir poeziya, nəsr və publisistikamıza işıqlı əsərlər bəxş elədi.

Xalq Yazıçısı Anarın şəxsi layihəsi və baş redaktoru olduğu “Qobustan” incəsənət toplusu 60-70-ci illərin ədəbiyyat və sənət mühitinə ciddi təsir göstərən yüksək reytinqli ədəbi nəşrlərdən olmaqla, həm də müxtəlif vaxtlarda burada çalışan Vidadi Paşayev, Vaqif Nəsib, Yusif Əliyev, Tofiq Abdin, Azər Abdulla kimi istedadlı yazarların ədəbi bioqrafiyasında xüsusi bir yer tutur.

Ömrünün iyirmi ilini “Qobustan”a həsr edən və məsul olduğu işi cani-dildən yerinə yetirməklə, dərginin profilinə uyğun yazılara köklənən Azər Abdullanın burada çalışdığı dövr onun həyatında incəsənətin müxtəlif yönlərinə, xüsusən də təsviri sənətə maraq və sevgisinin dərinləşib bütünləşdiyi bir dövrdür. Elə bu sevgiylə də illərcə ədəbi publisistika ilə məşğul olmuş, çoxsaylı məqalələr, sənət oçerkləri, esselər, resenziyalarla bərabər, heyranı olduğu dahi fırça ustası Səttar Bəhlulzadə haqqında “ Qapıları bir- bir döydüm” adlı maraqlı bir kitab da ortaya qoymuşdur ki, həmin kitab əsasında sonralar Azərbaycanfilm böyük rəssam haqqında bir film çəkmişdir.

***
Yaşca 60-cı illər ədəbi nəslinə mənsub olan Azər Abdulla nəsildaşlarından illər sonra ədəbiyyata gəlmişdir və yəqin, bu səbəbdəndir ki, onun yaradıcılığında 60-lardan çox, 80-90-cı illər ədəbi mühitinin ab-havası hiss olunur.
Bədii yaradıcılığa şeirlə başlayan yazar bir neçə şeir kitabının (“Bir durna qatarıyıq”, “Səni gözləyirəm”, “Bəyaz çiçəklər”, “Havalı sular, sevdalı sular”, “Kəpənək bayramı”) müəllifidir.

Böyük türk şairi Nazim Hikmətdən və Rəsul Rza başda olmaqla Azərbaycan sərbəst şeirindən bəhrələnən, yön baxımından ədəbiyyatın ictimai-siyasi ritorikadan arınıb əzəli-əbədi mövzulara və onun əbədi qəhrəmanı İnsana qayıtdığı dövrün stixiyası ilə yazılan, hay-güy, gurultu və bəlağətdən uzaq olan bu sakit, səmimi şeirlər milli məkandakı pafosla mütənasib olmadığından, zamanında düzgün ədəbi qiymətini almasa da, çox illər sonra yada düşüb təqdirlə xatırlanmağa başladı. Lakin bu “sevgi etirafları” o zaman eşidilməyə başladı ki, artıq o zaman Azər Abdulla, şeirlə vidalaşmasa da, əsas etibarilə nəsrə keçmişdi və “Qəmərlidən keçən qatar”, “Gül yağışı”, “Solfecio dərsi”, “Söz havası”, “Çavuş”, “Yellər”, “Şedevrin oğurlanması, ”“Sarı tağ”, “Çat” kimi ciddi əsərləri ilə tanınırdı.

Ədibin nəsr yaradıcılığında avtobioqrafik əsərlər üstünlük təşkil edir. “Qəmərlidən keçən qatar ”da milli-etnik zəmində baş verən cinayət xarakterli hadisə, “Gül yağışı” hekayəsində ölümdən sonra qəbirdə dirilmək fobiyası, “Solfecio dərsi”ndə xırda məişət problemləri ilə uğraşan gənc jurnalistin xəyal qırıqlığı, şirin, incə yumorlu “Şedevrin oğurlanması”nda sənət mühitində bir-birindən qidalanma və ideya doğuluşu, “Yellər” hekayəsində haqq-ədalətin keçmədiyi, patriarxal və təmənnalı münasibətlərin hakim olduğu bir mühitdə havalanıb küləklə savaşan Bəyazit müəllimin fəci taleyi,- bütün bu əsərlərdə müəllif prototip və ya müşahidəçi, canlı şahid olmaqla yaxından tanıyıb bildiyi, hansısa şəkildə əlaqəli olduğu mövzuları qələmə almışdır.

Müxtəlif vaxtlarda, fərqli məkanlarda baş vermiş hadisələrin bir araya gətirilib əsas dramaturji xəttə bağlandığı (Qarabağ müharibəsi, yazıçının doğulub, yaşadığı Zəngəzur mahalı və Bakı mühiti ) ”Çat, Üç Əbülfəz, Allaha qayıdış” romanı Azər Abdullanın son illərdə qələmə aldığı ən irihəçmli əsəridir.

Geniş nəsr təfəkkürü, ədəbi-bədii xüsusiyyətləri və janr baxımından ədibin yaradıcılığında yeni mərhələ olan bu romanda da müəllifin dədə-baba yurdu Zəngəzurla bağlı xatirələrinin geniş lövhələri görünməkdədir.

Qeyd edilən faktlardan da göründüyü kimi, Azər Abdulla nəsrində sənədli ədəbiyyatla sırf bədii ədəbiyyat arasındakı sərhədlər simvolikdir. Ədəbi təmayülünə görə tamamən realist olan ədib həm də bir tale yazarıdır və bu sonuncu cəhət onu müasirlərindən çox fərqləndirən amillərdəndir.

Təbii ki, yuxarıda sadaladığımız əsərlərin hər biri mövzusu, dil və üslubu,bədii-estetik xüsusiyyətləri ilə geniş təhlil olunmağa layiqdir. Amma bu da faktdır ki, Azər Abdulla nəsri deyərkən ilk növbədə onun “Qəmərlidən keçən qatar” avtobioqrafik hekayəsi yada düşür. Yeri gəlmişkən qeyd edək ki, hekayənin bəzi hallarda, xüsusən sosial mediada povest kimi təqdim olunması janrın statusu ilə uzlaşmır. Əsərin adı köhnə, unudulmaz bir sevgi hekayəsi ilə bağlı olsa da, mətndən sadəcə bir epizod kimi keçən həmin əhvalat onun janr statusuna təsir etmir. Qeyd edilən fraqment istisna olmaqla, “Qəmərlidən keçən qatar” birxətli dramaturgiyası, həcm ölçüləri ilə tam bir hekayədir. Hansısa janr təsnifatı onun ədəbi-bədii dəyərinə qətiyyən kölgə salmır və bir çox yönləri ilə həm ədibin yaradıcılığında, həm də müasir hekayəçiliyimizdə mötəbər yer tutan qiymətli əsərlərdən biridir.

Hekayədə təsvir olunan hadisə bir payız günü Yerevan-Qafan qatarında baş verir. Ailəsi ilə birgə Qafan stansiyasından Zəngəzurun Mehri kəndinə gedən gənc bir müəllim (prototiplər yazıçı, onun atası və ailəsidir) erməni- faşist təbliğatı ilə beyinləri yuyulmuş gənc erməni xuliqanların cinayətkar və təhqiramiz hərəkətləri ilə üzləşir. Həmin real hadisəyə dayanan kəskin dramatik süjetli hekayədə elə ümumiləşdirici cəhətlər var ki, mətnin əvvəlində yazıçının “Olay Ermənistan zəlzələsindən on iki il öncə baş verib”,- xatırlatmasına baxmayaraq, oxucu hadisənin fərqli bir zamana aid olduğunu sezmir və bu baxımdan onu 88-ci ilin son köçü də daxil olmaqla, Qərbi Azərbaycan torpaqlarında istənilən dövrdə yaşanan şovinist-millətçi hərəkətlərə aid etmək olar.

“Qəmərlidən keçən qatar” olduqca cevik, hərəkətli bir dramaturgiyaya malikdir ki, bu xüsusiyyətinə görə də ədəbiyatımızda çox az rastlanan, qısametrajlı film və televiziya tamaşası üçün hazır ssenari kimi istifadə oluna bilən nadir mətnlərdəndir. Bu qənaətimi 2000-ci illərdə ilk dəfə hekayəni oxuyarkən müəllifin özünə də söyləmişdim. Sonralar məlum oldu ki, bu cür rəylərdən ürəklənən Azər müəllim hekayənin ekranlaşdırılması üçün yuxarı instansiyalara və əlaqədar təşkilatlara rəsmən müraciət etsə də, oxu biganə
bürokratların divarına dəyərək geri qayıdıb...

Lakin ədəbi əsərlərin, sənətin dəyərini tez-tez dəyişən yol işıqları deyil, böyük Zaman müəyyənləşdirir və mən əminəm ki, günlərin birində “Qəmərlidən keçən qatarı” görüb dəyərləndirən istedadlı, vicdanlı bir rejissor tapılacaq. Çünki, hekayə bədii, dramaturji məziyyətləri ilə bərabər, həm də bircə sözlə ifadə etsək, ermənilik haqqında, vaxtilə o torpaqlarda doğulub yaşamış, erməni şovininzminin və onun zəhər-zəmbərəyini dadmış canlı bir şahid qələmindən çıxdığı, ağrını imitasiya etməklə deyil, ağrını, fəlakəti öz canında duymaqla ərsəyə gəldiyi üçün qiymətlidir.

HAŞİYƏ

Ağrının doğmalığı və əsirlikdə qalan yurdlarımızda soydaşlarımızın üzləşdiyi fəlakətlərin real və səmimi ifadəsi Vedibasarlı yazıçı Məmməd Orucun yaradıcılığında da açıq-aydın hiss olunur. 1948-51-ci illərin Vedibasar köçü zamanı beş yaşında uşaq olan, ailəsiylə birgə aran bölgəmizdə məskunlaşan yazıçının yaddaşında ayna qırıqları kimi ilişib qalan o dəhşətlər çox sonralar “Köçürülmə ” povestində təcəssümünü tapdı.
90-cı illərdə “Karvan” jurnalında, sonra isə kitab şəklində kiril və latın əlifbasıyla nəşr olunan povest müəllifin bu mövzuda ilk və son əsəri deyil. Bundan daha oncə yazıçı “Köçürülmə”dəki hadisələrlə sıx bağlı olan və Rusiya mətbuatında işıqüzü görən “Şanqo” hekayəsini qələmə almışdır ki, sonradan həmin hekayəni ayrıca fəsil kimi povestə daxil etməklə əsər roman statusu qazanmış oldu.
Ümumiyyətlə, torpaq, yurd həsrəti, etnik-siyasi məqsədlərə dayanan Köç hadisələri Məmməd Orucun yaradıcılığında daimi prioritet mövzulardan biridir. ““Köçürülmə” mənim uşaqlığımın tarixçəsidir”, – deyən yazıçı bioqrafik səciyyəli bu əsərdən sonra mövzunu genişləndirərək “Qara güzgü”romanında ötən əsrin iyirminci illərinə, “Qısa qapanma” romanında isə günümüzə nəzər salmaqla uzun bir tarixə malik Ermənistan-Azərbaycan münaqişələrinin səbəb və nəticə kontekstində bədii həllini verməklə, sözügedən üç romanı trilogiya kimi bir-birinə bağlayaraq “Üç roman” adlı bir kitabda oxuculara təqdim etmişdir.

Yeri gəlmişkən, Vedibasarda doğulan məşhur bir imzanı, 60-70-ci illər nəsrimizin görkəmli nümayəndəsi, tarixi romanlar müəllifi, yazıçı, kinorejissor, ssenarist Fərman Kərimzadəni də xatırlamaq istərdim.

Azərbaycan nəsrinə “Qarlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, “Təbriz namusu”, “Qoca qartalın ölümü” kimi qiymətli romanlar bəxş edən və mövzularını uzaq tarixlərdən götürən yazıçı, nədənsə birbaşa canlı şahidi olub ağrı-acılarını öz dərisində, ailəsinin, el-obasının taleyində hiss etdiyi Vedibasar köçü barədə hansısa bir bədii əsər yazmamışdır. Halbuki, səksəninci illərin son köç havasında yazdığı və geniş əks-sada doğuran “Vedinin yanı dağlar” (Vedibasar bir də yazıçının ona böyük şöhrət qazandıran, otuzuncu illərin sovetləşmə və sinfi mübarizə dövründən bəhs edən “Qarlı aşırım” romanında görünür) adlı geniş, ədəbi-publisistik düşüncələri, ordakı yurd harayı, qovurucu yanğı deməyə əsas verir ki, uşaqlıq və gəncliyi Böyük Vedidə keçən, dədə-baba yurdlardan sürülərkən zorən köçürülmənin siyasi və şovinist mahiyyətini idrak edə biləcək yaşda olan, nəhayət, təxəyyül gücünə sanballı tarixi romanlar yaradan Fərman Kərimzadə canlı bir şahid kimi bu mövzuya müraciət etsəydi, daha bənzərsiz bir əsər ortaya qoya bilərdi.

Bəs o niyə sükut etdi və nəydi bu sükutun səbəbi? Müasirlərinin dediyi kimi, yazıçının ictimai-siyasi məsələlərdə çox tədbirli, ehtiyatlı davranmasımı, ömrün vəfa etməməsi, ya başqa bir səbəbmi?

Səksəninci illərin sonunda, o qarışıq, xaotik vəziyyətdə cərəyan edən hadisələrin mərkəzində olması, didərginlərlə bağlı bütün problemlərin həllinə qatılaraq nümayəndə heyətinin önündə Moskvaya qədər getməsi, nəhayət, 1989-cu ildə məlum problemlə bağlı odlu-alovlu çıxış edərkən tribunada ürək tutmasından vəfat etməsi göstərir ki, Fərman Kərimzadənin sükutu yazıçı cəsarəti, siyasi ehtiyatlılıq kimi amillərdən daha çox, əlahəzrət Vaxtla bağlıdır.Yəni, bu bir faktdır ki, Qarabağ müharibəsi də daxil olmaqla, Qərbi Azərbaycanla bağlı ictimai-siyasi problemlər SSRİ-nin sürətlə dağıldığı 90-cı illərdən etibarən geniş şəkildə ədəbiyyata gətirilməyə başlandı ki, həmin dövrdə Fərman Kərimzadə artıq həyatda yox idi.

***
Dərin, saf bir ziyalı entuziazmına sahib olan Azər Abdulla bütün varlığıyla səmimi bir ədəbiyyat adamı idi və bəlkə də özünün yazıçı imzasından daha çox ədəbiyyatımıza, ədəbi mühitə, sənətə xidmət edirdi ki, bu da təsadüfi deyildi.
70-ci illərin məşhur “yazmayan” yazıçıları ilə, özləri yazmaqdan çox, ədəbi mühiti qidalandıran, o dövrdə ədəbiyyata gələn bir çox görkəmli yazarların yaradıcılığında, püxtələşib kamilləşməsində, prosesin yeni ideyalarla qidalanmasında böyük rol oynayan Vidadi Paşayev, Vidadi Məmmədov, Natiq Səfərli, ...kimi ədəbi donorlarla bir mühitə mənsub idi Azər müəllim. Onun baş redaktoru olduğu və 1996-cı ildən son illərədək nəşrini davam etdirən “Yazıçı” xüsusi buraxılışı da ədəbi yaddaşın diriliyinə xidmət baxımından həmin nəcib işin davamı idi.

“Oğuz eli ” qəzetinin ayrıca əlavəsi kimi çıxan “Yazıçı”nın nömrələri müasir ədəbiyyatımızın görkəmli yazarlarının və onların varislərinin evində, kitab rəflərində şübhəsiz ki, vardır.

Şəxsən mənim arxivimdə “Yazıçı”nın 23 sayı mövcuddur və həmin buraxılışıların ilk sayı 1999-cu ildə Vaqif Səmədoğluya həsr olunan xüsusi buraxılışla başlayıb, 2014-cü ildə azərbaycançılıq və tükçülük düşüncəsinin fikir babası Əlibəy Hüseynzadənin 150 illiyinə həsr olunan buraxılışla bitir. Ədəbi mühitə qiymətli töhfə olan həmin buraxılışların həsr olunduğu yazarları diqqətə çatdırmaq istərdim;
Süleyman Rüstəm, Səməd Vurğun, Osman Sarıvəlli, Nigar Rəfibəyli, Əli Kərim, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Vaqif Səmədoğlu, Məmməd İsmayıl, Vaqif Bayatlı Odər, Əli Vəliyev, Süleyman Rəhimov, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, Mehdi Hüseyn, İsa Muğanna, İsmayıl Şıxlı, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, Şahmar..., Nazim Hikmət, Əlibəy Hüseynzadə...

Əlimdə olmayan, amma fürsət düşdükcə oxuduqlarımı da gözə alaraq deyə bilərəm ki, “Yazıçı”nın təxminən 20 illik nəşri dövründə 100-dən çox buraxılışı işığa çıxmış və o buraxılışlarda müasir ədəbiyyatımızın inkişafında mühüm xidmətləri olan, tanınıb sevilən əksər yazarlara yer ayrılmış, ümumi ədəbiyyatımızın, şerimizin və nəsrimizin mənzərəsi təqdim olunmuşdur.

Buraxılışlar əsasən doğum, anım və ya yubiley günlərinə bağlı olsa da, təkrar və statistik faktlar deyildi. Çox əhəmiyyətli müəyyən mətnlər bəlli mənbələrdən götürülsə də, təqdim olunan yazıların çoxunu müəlliflərə naşir şəxsən özü sifariş edir, sovet dövrü sterotiplərindən fərqli bir baxış, yeni yanaşma istəyirdi və nəticə etibarı ilə yazarların şəxsiyyət və yaradıcılığının obyektiv, ədəbi-estetik və ictimai dəyərləndirməsindən ibarət dolğun bir nəşr ortaya çıxırdı.
Bütün bunlar o deməkdir ki, yeni nəsil oxucular ədəbiyyatımızın böyük bir dövrünü və o dövrdə yazıb-yaradan yazarların bütün külliyyatlarını tapıb oxumadan da “Yazıçı”nın tam komplekti vasitəsilə yetərli bilgi və təsəvvür qazana bilərlər.
“Yazıçı” nəşri ilə bağlı çox mühüm faktlardan biri də budur ki, böyük ürəkli redaktor illərini xərclədiyi və özü öz boynuna biçdiyi bu nəcib və qiymətli missiyanı heç bir təmənna güdmədən, qonorar almadan yerinə yetirmişdir.
Bu gün haqq dünyasında olan mərhum qələm yoldaşımızın illərcə sevə-sevə gördüyü bu qiymətli işlərə dərin minnətdarlıq hissi ilə göz gəzdirərkən bir məqamda donub qaldım; 70-80-ci illərin gözəl hekayəçilərindən olan Şahmara (Hüseynov) həsr olunan buraxılışda (2000-ci il), “Baş redaktordan” adlı məqaləsində Azər müəllim yazırdı:
“Sag qalanlar bu dünyadan köçüb gedənlərə borcludur. İllahda ki, o adamlar sənin yaşıdın, həmkarın, yaxının, doğman ola. Bu dünyanı bizlərə beləcə qurulu, hazır qoyub gözütox gedənlərə- Füzulidən Sərdar Əsədəcən, Mirzə Fətəli Axundovdan, Mirzə Cəlildən Sabir Süleymanovacan, tanımadığımız daşyonana, yolçəkənə, qırsalanacan hamıya, hamıya borcluyuq.
Bəlkə bu dünyaya gələrkən kimisə qabaqladığımıza, kiminsə yerinə gəldiyimizə, kiminsə yerini tutduğumuza, bu dünyanın özündə bəzən bilə-bilə, bəzən bilməyərək kiməsə mane olduğumuza görə həm də suçluyuq bəlkə. Ölçüyəgəlməz uzaqlıqda aşağıda dayanıb Allahı ana-ana bunları yazdıqca Tanrının məni bağışlayacagına da ümid etmək istəyirəm.“
Hesab edirəm ki, bizlər də öz növbəmizdə Tanrını başının üstündə və qəlbində görən, həmişə ədəbiyyatımızın yanında olmaqla özünü hamımıza borclu bilən bu adil adama, nəcib ziyalıya borcluyuq. Layiq olduğu yazıçı haqqını bilməkdə, əsərlərini təhlillərə cəlb edib ədəbi-tənqidi dəyərini verməkdə, işıqlı xatirəsini anmaqda, bir sözlə, əlimizdən gələni etməkdə borcluyuq və onun ilahi təqdirlə qarşıma çıxan yuxarıdakı sözləri də gedənlərin qalanlara sirli bir mesajıdır.

“Bizlər gələnnən bəri
Qarlı dağlar darıxırmı,
Axar sular arxamızca
Dayanıbmı, axırmı?
Hər görəndə salam verib
Salavat çəkdiyim dağlar,
Küskün məzarlar başında
Kimsəsiz ruhlar ağlar”-
deyibən canının-ruhunun ağrısını şeirərə, hekayələrə tökən, ömürboyu həsrətini çəkdiyi dağlara qovuşmadan, qəfil bir ölümlə dünyadan gedən dəyərli yazarımızın işıqlı ruhu sərhədsiz, uca göylərdə bərqərar olsun.


# 2111 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #