Oğurladığım kitabın avtoqrafı mənim adıma idi

Oğurladığım kitabın avtoqrafı mənim adıma idi
10 iyul 2023
# 15:55

Kulis.az Nadir Yalçının "Əfəndim, məni xatırladınızmı?" yazısını təqdim edir.

Mən onu heç vaxt, heç yerdə görməmişəm. Amma biz onunla nə vaxtsa, hardasa görüşmüşük. Nə səsi yadımdadır, nə qiyafəsi. Alnının iztirablı qırışlarından, çal saçlarından tanıyıram onu. Bilmirəm, ya Sahil bağında ya Əlyazmalar İnstitutunda, ya da Xəzərin sahilində qarşılaşmışıq. Yaxud bu yerlərdən, bu göylərdən uzaq, başqa bir planetdə, ayrı bir dünyada, rizsiz-izsiz bir məmləkətdə görüşmüşük. Bizim görüşümüzə beş-on nəfər şahidlik edibmi ya elə bir mən olmuşam, bir o olub, bir də kitablar, bilmirəm... Bir şahid ortaya çıxsa, bir iz tapa bilsəm, xoşbəxt olaram... Yox, elə mətləbin sehri bu pünhanlığın xumarında işıldayır. O işıq məni özüm də bilmədən böyük hadisənin, bənzərsiz görüşün iştirakçısına çevirib...
***
Kitab oğurluğuna uşaq vaxtı başlamışam. "Sovetski"də "Əbilov" klubu var idi, hələ də fəaliyyət göstərir, fəqət mənim üçün keçmişdə, ötən xatirələrimdə qərar tutub. İndiki dillə desək, mədəniyyət evində özfəaliyyət dərnəkləri məşq edib konsertlər verirdi. Çalğı alətləri ansamblları, rəqs ansamblları, qiraət dərnəkləri, teatr dərnəyi öz ətrafına həvəskar və istedadlı uşaqları toplamışdı. O corma-cocuğların içində mən də var idim, beşdə, altıda oxuyardım. Vurğun poeziya teatrı ilə bərabər, Ələsgər Ələkbərov adına xalq teatrına da üzv yazılmışdım. Bir məşğələdən çıxıb digərinə qoşulurdum. Məşğələlərin arasında 20-25 dəqiqə fasilə olurdu.
Mədəniyyət evinin ovaxtkı bədii rəhbəri, 48 il "Əbilov"da, sözün əsl mənasında, can qoymuş Mirəhməd Əsgərovun yığcam, bir o qədər də qiymətli kitabxanası 20-25 dəqiqəlik fasilə ərzində başımı qatmağa imkan verirdi.
Günlərin bir günü, kitab rəflərini ələk-vələk elədiyim vaxtda Hüseyn Cavidin 1958-ci ildə nəşr olunan "Seçilmiş əsərləri" əlimə keçdi. Demək olar ki, bütün pyesləri kitabda cəmlənmişdi. Həmin kitabı oğurlayıb evə aparmaq qərarına gəldim və böyük Cavidin yaradıcılığı ilə tanışlığım belə başladı.
Kitabdakı pyesləri indiyə qədər müxtəlif vaxtlarda, azı, üç-dörd dəfə oxumuşam. Hər oxuyanda ayrı bir mətləb nəzərimi cəlb edib, heç vaxt tanış olmayan duyğular, bənzətmələr, mənalar Cavid əfəndinin qələmini bir az da sevdirib mənə. Hər dəfə onun yaradıcılığı haqqında söhbət açılanda istər universitet auditoriyalarında, istərsə də masa arxasında dostlarla söhbətləşərkən həmin kitaba istinad eləmişəm. Bəlkə də o kitab bir az gec əlimə düşsəydi, ayrı bir məqamda qarşıma çıxsaydı, tamam başqa səmtə yönələ bilərdim, yaxud Cavid əfəndinin sözünün şəhdindən ürəyim istəyən qədər bəhrələnə bilməzdim.
Həmin kitabın halallığını Mirəhməd müəllimdən ala bilmədim. Hər dəfə zəng vurub hal-əhval tutanda istədim deyim, demədim və həyat yubanmağın mənəvi əzabını yaşatdı... Mirəhməd müəllimin ölüm xəbərini eşidəndə ilk xatirimə gələn Hüseyn Cavidin "Seçilmiş əsərləri" oldu.
***
Kitabın ilk səhifəsindəki avtoqrafı görəndə nitqim tutuldu. Zaman və məkan anlayışının beynimdə bulandığını, həyatın təsadüfünü, zərurətini, yaşadığım ili, ayı, günü xatırladım. Yaşa dolduqca bu fikirlər də mənimlə birgə yaşlandı, böyüdü, dərinləşdi və mən 10 il sonra da, yəni bu gün heyrətlə düşünürəm, götür-qoy edirəm.
Avtoqraf belə idi:
"Turan Caviddən Nadir bəyə..."
Görəsən, ikinci dəfə doğulmuşammı, bundan əvvəlki həyatım olubmu? Yaxud bu təsadüfdürsə, belə bir təsadüfə görə necə mütəşəkkir olmalıyam ki, layiqli olsun?
Amma istəmirəm bu avtoqraf bir təsadüfün ayağına yazılsın. Mən əsrin böyük mütəfəkkiri, zalımın zülmündən pay alan dühamızın etibar nişanəsini - Turan Cavidi görmədiyim üçün, onunla həmsöhbət ola bilmədiyim üçün həmişə təəssüflənmişəm. Dərhal həmin avtoqrafı yadıma salıb özümə təsəlli vermişəm ki, həmin Nadir bəy mənəm! Mən keçmişdə başqa bir cilddə var olmuşam və Turan Cavidlə ülfətimiz olub. O kitabı Turan xanım mənim üçün imzalayıb.
Xəyalımı göylərdən endirəndə, real düşüncələrə qapılanda adaşıma - Nadir bəyə paxıllıq eləmişəm, ona həsəd aparmışam. Daha sonra yenidən göylərə pərvaz edib özümü adaşımın yerinə qoymuşam, qürrələnmişəm.
İllərdi Cavid əfəndinin 1958-ci ildə nəşr olunan kitabını əzizləyə-əzizləyə saxlayıram. Hüseyn Cavidin yaradıcılığı ilə bağlı hansısa suala cavab axtaranda həmin kitabı vərəqləyirəm, ayrı bir ədəbiyyata, hansısa internet resursuna müraciət eləmirəm. Axı kitabı mənə Turan Cavid bağışlayıb...

Kaş... Arzu ədatları kədərli olur. "Kaş" isə lap kədərlidir... Reallaşmayacağını bilə-bilə hansısa arzunu dilə gətirəndə çox vaxt "kaş"dan istifadə edirik... Amma mən "kaş" ədatını o qaramatdan azad edib reallaşacağına inandığım arzumun əvvəlinə əlavə edirəm:
Kaş Turan Cavid bu dünyaya bir də gələrdi. Qarşısında dayanıb əllərini öpərək alnıma qoyardım. Kitabı göstərib asta səslə pıçıldayardım:
"Əfəndim, məni xatırladınızmı?"


Gəncə, 2023

# 1933 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #