İskəndər Pala: "Allahın xalis qulları üçün ölüm səadətdir" - Müsahibə

İskəndər Pala:  "Allahın xalis qulları üçün ölüm səadətdir" - Müsahibə
5 iyul 2023
# 16:00

Kulis.az Fərid Hüseynin türkiyəli yazıçı, professor İskəndər Pala ilə söhbətini təqdim edir.

İstanbulda olarkən dünyaşöhrətli türk yazıçısı, tanınmış tədqiqatçı İskəndər Pala ilə söhbətləşdik. İskəndər bəy bizi öz “iş yeri”ndə – “Pala yazıxanası”nda qarşıladı. Budəfəki söhbətimiz Məhəmməd Füzulinin Həzrəti Məhəmməd peyğəmbərə həsr etdiyi “Su” qəsidəsi haqqındadır. Qeyd edim ki, İskəndər bəyin “Su qəsidəsi” adlı ayrı kitabı var. Həmin kitabı oxumuşdum.

Müsahibəmizdə onun kitabında izah etdiyi məqamlardan deyil, həmin kitabdan doğan suallar ətrafında danışdıq:

– Adətən, klassik ədəbiyyatda peyğəmbəri gülə bənzədirlər, Füzuli isə “Su” qəsidəsində Onu suya oxşadır. Siz bu məsələni “Su qəsidəsi”nə həsr etdiyiniz eyniadlı kitabınızda sadəcə “Füzuli fərqi” adlandırırsınız, amma bu fərqin mahiyyətini əsərinizdə əsaslı şəkildə izah etmirsiniz. Sizcə, Füzuli nə səbəbdən belə bir fərqin yaranmasına ehtiyac duyub?

– Su - həyatdır. Həzrəti Füzulinin yaşadığı coğrafiyada isə su həyatdan da artıq bir nemətdir, elə həyatın özüdür. Hillədə, Dəclə ətrafında yaşamaq suyu bir çiçəkdən də daha gözəl və estetik görməyə dəlalət edir. Suya çatmaq, sudan ötrü darıxmaq, su əldə etmək, sudan ayrılmaq, suyun həsrətini çəkmək... Füzuli bu əsərində suyu ismin bütün halları ilə izah edir. Əks halda ən möhtac olduğu, ən sevdiyi, ən çox arzuladığı Həzrəti peyğəmbər arasında sudan daha mənalı təşbeh, bənzətmə, alleqoriya və ya məcaz istifadə etmək Füzuli şeirinin ümumi səviyyəsindən aşağı olardı. Rəsulullah, Füzuli ustadımız üçün həyat deməkdir və bütün qullarının Ona su qədər möhtac olduğunu bundan daha gözəl dəlili tapıla bilməz.

– Su halını dəyişib bir haldan başqa bir hala düşür. Maye halından buxara, yaxud buza çevrilir. Sizcə, suyun üç halını peyğəmbərin həyatındakı hansı dönəmlərlə müqayisə etmək olar?

– Mənə görə belə bir müqayisə aparmaq çətindir. Rəsulullahın möminlərə qarşı şəfqətli, mərhəmətli, qayğıkeş və səmimi təbiətini suyun axmasına bənzətmək mümkündür. Bu məntiqlə Onun müşriklərə qarşı münasibətini də, buz qədər sərt olduğunu da xatırlaya bilərik. Füzuli Rəsullulahın tutduğu yoldan dərs almaq, həmçinin onun verdiyi mesajları çatdırmaq üçün Onun ümməti olduğunu tez-tez xatırladır, həmçinin bu məqamı, yəni onun getdiyi yolla getməyi suyun həyat üçün vacibliyi ilə müqayisə edərək dönə-dönə vurğulayır.

– Füzulinin haqqında danışdığımız qəsidəsində suyun harada maddi, harada mənəvi məna kəsb etməsi bilinmir. Sizcə, bu qarışıqlığı şair nə üçün yaradıb, bu ziddiyyət suyun həm bu dünyada, həm də axirətdəki funksiyası, mahiyyəti ilə bağlıdır, yoxsa ayrı bir səbəb var?

– Füzuli suyun bütün hallarını maddi və mənəvi yöndən izah edib mücərrəd və əyani fikirlər ərtafında su ilə insan arasında bir əlaqə yaradır. O, insanı kimya laboratoriyasındakı birləşmiş qablar və ya “U” şəkilli çubuq kimi görür. “U” şəkilli çubuğun içinə su dolduranda iki tərəfdə səviyyə bərabərləşir. Allah insanı maddədən və mənadan yaradıb. Maddəmiz ətimiz, sümüyümüz, gözümüz, qaşımız kimi əllə toxunulması mümkün olan nəsnələrdir. Mənamız isə zehnimiz, könlümüz, ruhumuz, canımız, duyğularımız və s. kimi gözlə görünməyən tərəflərimizdir. İnsan yalnız maddi varlıq olsaydı, digər canlılardan fərqi qalmaz, nəticədə heyvana bərabər olardı. Necə ki, ağlını, könlünü, ruhunu düzgün istiqamətdə yönəltməyən insanın get-gedə heyvanlaşması qaçılmaz olur. Füzuli insanın maddi ilə mənəvi dünyası arasındakı suyu “U” şəkilli çubuğun gözlərindəki uyğunluq kimi qiymətləndirir və bu düşüncəni həyatın mahiyyəti hesab edir. “U” şəkilli çubuğun bir tərəfinə daha artıq təzyiq göstərsəniz, digər gözündəki səviyyənin artdığını görəcəksiniz. Yaxud da bir tərəfi yüksəltsəniz, o biri tərəf azalacaq. İnsan da maddi tərəfinə daha çox güc verdikcə, mənəvi tərəfi azalır. Materialist düşüncənin insanları saldığı vəziyyət budur. Əksini desək, əslində, insanın məna tərəfini yüksəldib maddi varlığına daha az bağlanması lazımdır. Sufilər sayaq. Füzuli “U” şəkilli çubuqdakı suyun bərabərliyinin vacibliyini ən yaxşı qavrayanlardan biridir və elə hey mənaya işarə edir, – könül, ruh deyir, sevgi, inanmaq söyləyir. Buna görə də onun bu qəsidəsində suyu gah maddi, gah mənəvi izahlar ilə həyatın mərkəzində olan varlıq kimi görürük.

– Füzuli nə üçün peyğəmbərin möhtəşəmliyini təbiətin möhtəşəmliyi fonunda əks etdirir?

– Əgər o, peyğəmbərin ehtişamını göylərin ehtişamı ilə müqayisə etsəydi, inanın, bunu da ən yüksək səviyyədə bacarardı. Rədifi su olan bir qəsidə üçün Rəsulullah məhəbbətinə aparan yolda bundan daha mükəmməl bir nəql üsulu seçilə bilməzdi. Zənnimcə, Füzuli internet və ya texnoloji dövrdə yaşasaydı, peyğəmbəri kibernetik aləmin içində də möhtəşəm bir şəkildə təsvir edə bilərdi. Nəhayətədə kainatın ehtişamını kainatın ən uca varlığının ehtişamıyla “Sən olmasaydın, sən olmasaydın, ey Məhəmməd, aləmləri yaratmazdım” hədis-i-qüdsisinə əsasən izah edərək, ümmət olmağın ən gözəl örnəklərindən birini yaratmışdır. Bax, əsl iman budur.

– Dini, irfani düşüncəyə görə, dünya yaranandan zaman axır, sanki Tanrıya doğru yol alan, yaxınlaşmaq eşqinə düşən hər şey əbədidir. Bu mənada su anlayışı qəsidədə həm də əbədiyyətin simvolu deyilmi?

– Zaman bir çaydır. Orada əzəl ilə əbəd bir-birinə qovuşaraq bütünləşir. Eynən quyruğunu ağzına salan bəzəkli əjdahalar kimi. Zaman belə halı ilə də daim bu cür fırlana-fırlana axır. Bəşər övladı zaman deyilən çayın içinə girir (doğulur), bir müddət çayda üzür (həyat) və ona verilən nəfəs tükənəndə çaydan çıxır (ölüm), sonra başqa bir qiyafədə yaşamağa davam edir. Buna görə də zaman çayı daim ölümə tərəf axır və onun içində qalan, əbədi olan heç nə və heç kəs yoxdur. Hər nəfəs canlını ölümə doğru daha da yaxınlaşdırır. Allahın xalis qulları üçün ölüm səadətdir. Sufilər üçün isə ölüm Allaha sarı yeriməkdir - Fənafillah məqamı. Zaman çayının əbədiliyi ilə suyun əbədiliyi arasında bir rabitə var. Allah-təala “Həyatı olan hər şeyi sudan yaratdıq” buyurur. Türk mifologiyasında və digər mifologiyalarda insanın yaradılışı su ilə bağlı təsvir olunur. Modern elmin qənətinə görə insanın bədəninin səksən faizi sudur. Kainat insansız hansısa bir məna daşımadığına və mahiyyətsiz olacağına görə, - həyat olmayan planetləri düşünün, - su insana kainatla birgə var olmağı reallaşdıran əsas ünsürdür. Buna görə də həyatı təşkil edən dörd ünsürdən biri olan su əvvəldə gəlir, torpaq, hava, od isə sudan sonra yaradılıb.

– Nizami Gəncəvi yazır ki, nə atəş bilir ki yandırıcıdır, nə də su bilir ki dirilik saçır, insanlara ölməzlik verir. Yəni, su və atəşin missiyasını onlara Tanrı verib. Təbiətin şüuru Allahın onlara verdiyi vəzifələrdədir. Amma Füzuli suyu bu əsərdə şüurlu varlıq kimi təsvir edib. Sizcə, şüurlu varlıq kimi təsvir edilən su Füzulinin nəzərində nəyin simvoludur?

– Mən də suyun şüurlu olduğuna inanıram. Bir yapon araşdırmaçısının su ilə bağlı apardığı eksperimenti xatırlayıram: Su ilə dolu iki qabdan birinin yanında gözəl musiqi səsləndirilir, digərinin yanında xaotik bir gurultu eşidilir və sonra həmin alim su molekullarının şəkillərini təhlil edir. Gözəl səsə yaxın suyun molekulunun hərəkəti nizamlı, estekik və fövqaladə dərəcədə sahmanlı ikən, qarışıq səsin yanındakı suyun molekulyar forması qarışıq, xaotik şəkil alır. Əgər bir qabdakı suya təkbir və ya salavat oxusanız, digər qabdakı suyun yanında söyüş söysəniz və ya pis sözlər işlətsəniz suyun molekulyar dəyişimini xüsusi cihazlar vasitəsilə görə bilərsiniz. İnsan adlı bədənin səksən faizi su olan varlığa da xeyir və şər eyni cür təsir edir. Zəhmət olmazsa, xeyirlə, gözəlliklərlə ruhu dolu bir insanı çirkin işlərlə məşğul olan insanla müayisə edin, görün hansı insan adlandırılmağa layiqdir, hansının insan kimi vəsf edilməyə haqqı çatır? Su şüurlu olmasaydı, sudan yaradılan insanın mənəvi və mücərrəd tərəfləri natamam olardı. Bu, Allahın qüdrətidir. Füzuli dövründə Bağdaddakı elm, çox güman, suyun şüurlu olduğu qənətində idi və ya ən azından sufilərin nəzərində belə bir inanc vardı. Suya şüurlu varlıq kimi yanaşanda onu Kainatın Fəxri, Varlığın Məhvəri olan Məhəmməd Mustafa ilə müqayisə etmək imkanınız da asanlaşır. Xüsusən də, Füzuli ustadımız kimi şairənəliyin zirvəsinə yüksəlmiş biri üçün...

– Füzuli bu qəsidə boyunca suya və peyğəmbərə ilahi nəzərlə baxır. Bircə “su yolun ol kuydən topraq olub tutsam gərək, Çün rəqibimdir, dəxi ol kuyə qoyman varə su.”, - deyərək sanki peyğəmbərə qarşı insani qısqanclıq məsələsini qabardır. Mən düşünürəm ki, burada bir insan timsalında verilən bu fikir təriqətlər timsalındakı rəqabətlərə, mübahisələrə işarədir. Bəs bu barədə siz necə düşünürsünüz?

– Məncə, Həzrəti peyğəmbəri sevmək üçün insan olmaq kifayətdir. Əgər möminsinizsə, deməli, onu sevməyə təşnəsiniz. Zənn etmirəm ki, bundan əlavə hansısa bir təriqətin baxış bucağına ehtiyacınız olsun. Bununla belə, təriqət Həzrəti Peyğəmbərini sevməyin yollarını asanlaşdırır, lakin Onu sevmək, ümməti olduğunu bildirən hər kəs üçün vacib məsələdir. Aşiqin sevgilisini qısqanmağından daha təbii bir şey yoxdur. Ancaq İlahi eşqdən söhbət gedəndə qısqanmaq qədər paylaşmaq da vacibdir. Çünki Allaha gedən yollar minlərlədir. Bu bir çayın bir qoldan minlərlə qola ayrılması kimidir, bütün qollar axırda dənizə, Allaha qovuşur. Ədəbiyyatımızda da Həzrəti peyğəmbərə yazılmış minlərlə nət var və onların hamısında O bir sevgilidir və onu qısqanırlar. Nazimin (XVII əsr) dediyi kimi:

Rəh-i eşqindən bi-səbr-i şəkîbəm, ya Rasulallah.
Səni hər kimi sevərsə mən rəqibəm, ya Rasulallah.

Amma digər tərəfdən də Füzulinin müasiri olan başqa bir aşiq – Daşlıcalı Yəhya isə belə deyir:

Kaş ki, sevdiyimi sevsə qamu-xəlqi cəhan
Sözümüz cümlə həman qissə-i cəhan olsa.

Füzuli pirimiz də suyu rəqib kimi görürsə, niyə Sevdiyinə ondan daha əvvəl qovuşmaq istəməsin? Ondakı bu eşqə eşq olsun, İnşallah ki, torpaq olandan sonra Onun yanına sulardan əvvəl çatıb!..

– “İstə peykanın, könül, hicrində şövqüm sakin et, Susuzam bir gəz bu səhradə mənimçün arə su”. Bu beytdə “istə”, “ara” kimi feillər bir qədər əmr formasında çıxır. Sizcə, peyğəmbərə xitabən yazılan bu əsərdə Füzuli bu tonda danışardımı, yoxsa bu məqamdakı kontekst başqadır?

– Burada əmr olunan peyğəmbər yox, Füzulinin qəlbidir. O, öz ürəyinə xitabən əmrlər verir. Digər tərəfdən Füzuli anlayır ki, sudan üstün varlıq olaraq yaradılıb. Allah kainatdakı hər şeyi, bütün kainatı insan üçün, insanı da özü üçün yaratdığını deyir. Bəşərin əşrəfi olan insanın könlünə əmr etməsində təəccüblü bir məqam görmürəm. Xüsusən də, Füzuli kimi əngin könül dünyasına sahib bir ustad üçün. Ruhu şad olsun.

“Qafqazinfo”

# 1710 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #